çərşənbə 3 sentyabr 2025 - 20:17
Din alimləri İran xalqının izzətinə xələl gəlməsin deyə özlərini fəda etməyə hazırdırlar

Hövzə / Həzrət Ayətullah Nuri Həmədani vurğulamışdır: Qeybət dövründən bu günə qədər din alimləri xalqın inanc və dinini qorumaq naminə böyük zəhmət və məşəqqətlərə və çətinliklərə qatlanmış, bəzən isə şəhadət həddinədək irəliləmiş, müxtəlif azğınlıqların qarşısını almış və insanların etiqadlarına yönələn hücumlara mane olmuşlar.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Nuri Həmədani Rudsər və Aşkuratda din alimləri və ruhani şəhidlərin xatirəsinə həsr olunmuş möhtəşəm tədbirə göndərdiyi müraciətində vurğulamışdır ki, Gilan vilayəti alimlər və fəqihlər yetişdirməkdə qədim və zəngin bir keçmişə malikdir. Böyük İslam alimləri vasitəsilə, xüsusilə də Ali-Buvəyh dövründən bizə qədər gəlib çatan İslam irsinin bir hissəsi məhz həmin diyardan qaynaqlanır.

Həzrət Ayətullah Nuri Həmədaninin müraciət mətni:

بسم الله الرحمن الرحیم
الحمد لله ربّ العالمین، و الصلاة و السلام علی سیدنا و نبیّنا أبی‌القاسم المصطفی محمد، و علی أهل بیته الطیّبین الطاهرین، سیّما بقیّة الله فی الأرضین


Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam olsun hidayət rəhbəri və sevimli peyğəmbərimiz Əbul-Qasim Məhəmmədə (s) və onun pak, müqəddəs Əhli-beytinə, xüsusilə də yer üzündə olan höccətinə (ə.f)

Elmin və alimin məqamını uca tutmaq məqsədilə təşkil olunmuş bu dəyərli məclisi salamlayır və təbrik edirəm. Belə yerdə təşəkkür və minnətdarlıq həm zəruri həm də olduqca lazımlı bir işdir.

Hər bir cəmiyyət yalnız elmə və alima dəyər verdiyi təqdirdə tərəqqi, kamillik və səadət yolunu qət edə bilər. Uca Allah Qurani-Kərimdə səksəndən çox ayədə elm və alimləri tərifləmiş, onları xüsusi ilə vurğulamışdır. Həzrət Peyğəmbərdən (s) olan bir hədisdə deyilir: «إِنَّ العُلَماءَ وَرَثَةُ الأَنبِیاءِ» “Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridirlər”, və bundan sonrakı ifadəsi: «اللَّهُمَّ ارْحَمْ خُلَفائی» “İlahi! mənim canişinlərimə rəhm et!”. Həmçinin Əmirəl-möminin Əli (ə) nurlu kəlamında buyurub: “Alimlər insanlar arasında səmanın parlaq ayı kimidirlər”. Bütün bunlar mövzunun əhəmiyyətini daha da aydın göstərir.

Qeybət dövründən bu günə qədər din alimləri xalqın etiqad və dinini müdafiə etmək üçün böyük zəhmətlər çəkmiş, çətinliklərə sinə gərmiş, bəzən isə şəhadət həddinədək irəliləmişlər. Onlar azğınlıqların qarşısını almış, insanların inancına yönələn hücumlara sipər olmuşlar. Saleh alimlərin bütün səyləri həmişə bu yolda olmuşdur. Onlar özlərinin əsas vəzifəsini xalqın etiqadlarını qorumaqda bilmiş və bilməkdədirlər.

İmam Sadiq (ə) buyurmuşdur: Bizim şiə alimlərimiz sərhəd keşikçilərinə bənzəyirlər. Onlar elə bir məqamda dayanmışlar ki, o tayında İblis və şeytanlar dayanıbdır. Bu alimlər şeytanların hücum etməsinin və bizim şiələrimiz üzərində hakimiyyət qurmasının qarşısını alırlar. Agah olun! Hər kəs bu vəzifəni öhdəsinə götürərsə, onun savabı milyon dəfə İslam düşmənlərinə qarşı Rum və Xəzər torpaqlarında cihad edən mücahiddən üstündür. Çünki o, bizim dostlarımızın dinini müdafiə edir, mücahid isə yalnız onların canını müdafiə edir.

Bu gün də alimlərin məsuliyyəti son dərəcə ağırdır. Özünü xalqdan uzaq tutan, onların vəziyyətinə biganə qalan, zülm qarşısında sükut edən, insanların dini dəyərlərinə laqeyd yanaşan, dünyəvi məsələlərinə əhəmiyyət verməyən şəxs həqiqi alim sayıla bilməz. Bizim borcumuz xalqın problemlərini həll etməkdir. Əgər buna gücümüz çatmasa, heç olmasa etiraz etməli, onların səsi-sədası olmalıyıq. Əks təqdirdə varlığımızın heç bir faydası olmayacaq.

Bütün peyğəmbərlər, övliyalar və haqq alimləri bu əqidə ilə yaşamışlar. Bu yolun ən bariz nümunəsi məhz  İmam Xomeyni (r) olmuşdur. O, bu yolda həbs, məhbusluq və sürgün əzablarına qatlanmış, xalqın həqiqi səsinə çevrilmişdir. Allah-Təalanın inayəti və xalqın dəstəyi ilə möhtəşəm bir inqilab qurmuş, zülm və istibdadın kökünü kəsmiş, dünya güclərinin qarşısında boyun əyməmişdir. O, İran xalqının izzətinə xələl gəlməsin deyə, özünü fəda etməyə hazır idi.

Bu gün də İslam İnqilabının Ali Rəhbər eyni yolu davam etdirir. İslamın və İranın izzətini qorumaq, zülm və istibdadın geri dönməsinin qarşısını almaq üçün bütün varlığını ortaya qoymuşdur.

Gilan vilayəti daim alimlər və fəqihlər yetişdirməkdə qədim bir ənənəyə malikdir. İslam irsinin bir hissəsi xüsusilə də alimlər üçün nisbətən azad mühit yaradan Ali-Buvəyh dövründən etibarən bizə qədər gəlib çatan mədəniyyət  məhz həmin diyardan qaynaqlanır. Bu bölgədə daim tanınmış fəqihlər mövcud olmuşdur.

Mən özüm də müasir dövrdə həmin bölgədə və Qumda bəzi şəxsiyyətlərlə görüşmüşəm ki, onlar çox hörmətli və təsirli simalar idilər. Məsələn, Rəşt şəhərindən olan mərhum Ziyabəri, Rudsər şəhərindən olan mərhum Ruhani və  mərhum Ziyayi kimi dahi şəxsiyyətlər tələbələrin tərbiyəsi və xalqa xidmət sahəsində böyük fədakarlıqlar göstəriblər.

Eyni zamanda, dövrümüzün böyük fəqihlərindən olan mərhum Ayətullah Bəhcət (Allah ona rəhmət eləsin) eləcə də Məhfuzi, Feyz Lahici, Məhəmmədi Gilani, Ehsanbəxş, Şərifi və digər görkəmli şəxsiyyətlər vardır ki, mən onlarla Qumda və şahın istibdadı dövründəki mübarizələrdə görüşmüşəm. Habelə, həmin bölgədən şəhadətə yetişmiş tələbələr də vardır ki, onların xatirəsi daim yaşadılmalıdır.

Tarixi mənbələrdə adı çəkilən görkəmli məkanlardan biri də Aşkurat bölgəsidir. Aşkurat bölgəsi müxtəlif elmi sahələrdə çoxlu alim və şəxsiyyət yetişdirmiş, Nəcəf və Qum elm ocaqlarında tanınmışdır. Bu barədə ciddi bir tədqiqat aparılmalıdır. Necə oldu ki, belə şəraiti olan bir bölgə bu qədər seçkin ruhaniləri yetişdirdi və bu parlaq irsə sahib oldu? Şübhəsiz ki, bu nailiyyətlərin əsas səbəblərindən biri həmin diyarın dindar və imanlı xalqıdır.

Sonda, bu bölgənin Vəliyyi-fəqihin nümayəndəsinə, tədbirin təşkilatçılarına, bölgənin cümə imamıarına və məntəqənin sakinlərinə, icra orqanlarının məsul şəxslərinə, xüsusilə də Gilan vilayətinin, Rudsər və Rəhimabad şəhərlərinin inqilabçı və inanclı xalqına səmimi təşəkkür və minnətdarlığımı bildirirəm. Hamınıza uca Allahdan müvəffəqiyyət diləyirəm.

Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha