Hövzə Xəbər Agentliyinin məlumatına görə, “İdeal cəmiyyətə doğru” adlı Məhdəviyyət mövzuları silsiləsi, İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) şəxsiyyəti ilə bağlı təlim və maarifin yayılması məqsədilə siz hörmətli oxuculara təqdim olunur.
İmam Mehdinin (ə.f) hökumətinin məqsədləri
İmam Mehdinin (ə) hökumətinin məqsədləri gerçək və həqiqi məqsədlərdir. Onların kökü bəşəri vicdanın dərinliklərinə uzanır və insanlıq tarix boyu həmin məqsədlərə çatmağı arzulamışdır.
 Bu hökumətin proqramları Qurani-Kərimin təlimləri və məsumların (ə) sünnəsi əsasında tənzimlənmiş, bütün sahələr üzrə icra təminatı ilə möhkəmləndirilmişdir.
 Buna görə də bu böyük inqilabın nəticə və nailiyyətləri son dərəcə möhkəm, dəyərli və diqqətəlayiqdir.
 Qısa desək, İmam Məhdi (ə.f) hökumətinin nailiyyətləri, uca Allahın insanın varlığında əmanət olaraq yerləşdirdiyi bütün mənəvi və maddi ehtiyaclara cavab verir.
 1. Ümumbəşəri ədalət
Rəvayətlərdə İmam Məhdinin (ə.f) qiyam və inqilabının ən mühüm bəhrəsi, dünyanın ədalət və haqqaniyyətlə dolması kimi təqdim olunur.
 İmam Məhdinin (ə.f) hakimiyyəti dövründə ədalət cəmiyyətin bütün təbəqələrində axar bir axın kimi yayılacaq, heç bir qurum və ya kiçik-böyük icma ədalətdən kənarda qalmayacaq.
 İnsanlararası münasibətlər bütövlükdə ədalət prinsipləri əsasında formalaşacaq.
İmam Sadiq (ə) bu barədə buyurur:
«أَمَا وَ اَللَّهِ لَیَدْخُلَنَّ عَلَیْهِمْ عَدْلُهُ جَوْفَ بُیُوتِهِمْ کَمَا یَدْخُلُ اَلْحَرُّ وَ اَلْقُرُّ.» (غیبت نعمانی، ج ۱، ص ۲۹۶)
And olsun Allaha soyuq və isti havanın evlərə daxil olduğu kimi onun (İmam Məhdinin) ədaləti də insanların evlərinin içinə qədər daxil olacaqdır.
 (Ğeybəti Nemani, c.1, s.296)
2. Zəka, əxlaq və iman baxımından inkişaf
Rəvayətlərdə İmam Məhdinin (ə.f) hakimiyyəti dövründə insanların zehni, əxlaqi və imani baxımdan kamilləşəcəyi açıq şəkildə vurğulanmışdır.
İmam Baqir (ə) buyurur:
 «إِذَا قَامَ قَائِمُنَا وَضَعَ اَللَّهُ یَدَهُ عَلَی رُءُوسِ اَلْعِبَادِ فَجَمَعَ بِهَا عُقُولَهُمْ وَ کَمَلَتْ بِهِ أَحْلاَمُهُمْ.» (کافی، ج ۱، ص ۲۵)
 “Bizim Qaimimiz (ə.f) zühur etdikdə, Allahın öz mərhəməti insanların üzərində olacaqdır. Beləliklə onların ağlını toplayacaq (ki, nəfsin ardınca getməsinlər və ixtilafa düşməsinlər) və bu sayədə onların düşüncələri kamala çatacaq.”
 (Kafi, c.1, s.25)
Bildirilməlidir ki, bütün xeyir və gözəlliklər insan ağlının kamilliyi ilə hasil olur. Çünki ağıl insanın daxili peyğəmbəridir.
 Əgər ağıl insanın bədən və ruh aləminə hakim olsa, onun düşüncə və əməli islah yoluna yönələr, qulluq və səadətə aparan yol asanlaşar.
3. Birlik və həmrəylik
Rəvayətlərə əsasən, İmam Məhdinin (ə.f) qlobal hakimiyyəti dövründə yaşayan insanlar birlik və səmimiyyət ruhu ilə yaşayacaqlar. O dövrdə Allah bəndələrinin qəlbində kin və ədavətə yer qalmayacaq, insanlar arasında mehribanlıq və qardaşlıq tam mənada bərqərar olacaq.
İmam Əli (ə) bu barədə buyurur:
«وَلَوْ قَدْ قامَ قائمُنا... لَذَهَبْتِ الشَّحْناءُ، مِنْ قُلُوبِ الْعِبادِ...» (بحارالانوار، ج ۵۲، ص ۳۱۶)
 “Əgər bizim Qaimimiz (ə.f) qiyam etsə... bəndələrin qəlbindən kin aradan qalxacaq.”
 (Biharul-ənvar, c. 52, s. 316)
İmam Sadiq (ə) isə İmam Məhdi (ə.f) dövrünün xüsusiyyətlərini belə təsvir edir:
 «... وَ یَجْمَعَ اَللَّهُ اَلْکَلِمَةَ وَ یُؤَلِّفَ بَیْنَ قُلُوبٍ مُخْتَلِفَةٍ...» (کمال الدین، ج ۲، ص ۶۴۵)
“O zaman Allah insanların sözlərini birləşdirəcək və müxtəlif qəlblər arasında ülfət yaradacaq.”
 (Kəmalud-din, c. 2, s. 645)
4. Bədən və ruhun sağlamlığı
İmam Məhdinin (ə.f) ədalətə əsaslanan, fəzilət və gözəlliklərlə dolu bərəkətli hökuməti dövründə insanlar arasında qardaşlıq və bərabərlik hökm sürəcək. Bu dövrdə bütün bədən və ruh xəstəlikləri aradan qalxacaq, insanın fiziki və mənəvi qüvvələri möcüzəvi şəkildə güclənəcək.
İmam Səccad (ə) buyurur:
 «إِذَا قَامَ الْقَائِمُ أَذْهَبَ اللَّهُ عَنْ کُلِّ مُؤْمِنٍ الْعَاهَةَ وَ رَدَّ إِلَیْهِ قُوَّتَهُ.» (غیبت نعمانی، ج ۱، ص ۳۱۷)
“İmam Zaman (ə.f) qiyam etdikdə, Allah hər bir mömindən xəstəliyi uzaqlaşdıracaq və ona sağlamlığını qaytaracaq.”
 (Ğeybəti Nemani, c. 1, s. 317)
O dövrdə elm və biliklərdə möhtəşəm tərəqqi baş verəcək, müalicəsi olmayan heç bir xəstəlik qalmayacaq, tibb və səhiyyə sahəsi misilsiz inkişaf göstərəcək. İmam Məhdinin (ə.f) mübarək varlığı bərəkət səbəbi olacaq və bir çox xəstələr şəfa tapacaq.
 5. Bol ruzi və bərəkət
İmam Məhdi (ə.f) hökumətinin ən böyük nailiyyətlərindən biri misilsiz rifah və bərəkət bolluğudur.
 Onun mübarək dövlətinin baharında dünya dirçələcək, yer və göy canlanacaq, sevinc və həyat hər yeri bürüyəcək.
 Göydən bol yağış yağacaq, torpaq öz məhsulunu bol-bol verəcək və ilahi bərəkətlər saysız-hesabsız olacaq.
İmam Sadiq (ə) buyurur:
«یَسُوقُ اللَّهُ تَعَالَی بِهِ بَرَکَاتِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَیُنْزِلُ السَّمَاءُ قَطْرَهَا وَ یُخْرِجُ الْأَرْضُ بَذْرَهَا.» (غیبت شیخ طوسی، ج ۱، ص ۱۸۸)
“Allah-Taala onun (İmam Məhdinin) vasitəsilə göyün və yerin bərəkətlərini göndərəcək. Göy yağışını göndərəcək, yer isə toxumunu cücərdəcək.”
 (Ğeybəti Şeyx Tusi, c. 1, s. 188)
 6. Fəqirliyin tamamilə aradan qalxması
İmam Məhdinin (ə.f) dövründə yerin bütün sərvətləri üzə çıxacaq, göy və yer bərəkətləri bərabər şəkildə insanlar arasında bölünəcək, nəticədə fəqirlik və ehtiyac tamamilə aradan qalxacaq.
 Bəşəriyyət İmam Məhdinin (ə.f) hökuməti dövründə yoxsulluq və ehtiyacın əsarətindən birdəfəlik xilas olacaq.
O dövrdə iqtisadi münasibətlər qardaşlıq və bərabərlik prinsipləri əsasında qurulacaq.
 Şəxsi mənfəətçilik və tamah hissi yerini mehribanlıq, paylaşma və qarşılıqlı yardımlaşmaya verəcək.
 İnsanlar bir-birinə bir ailənin üzvləri kimi baxacaq, birlik və həmrəylik ruhu cəmiyyətin bütün sahələrində hiss olunacaq.
İmam Baqir (ə) bu barədə buyurur:
«وَ یُعْطِی اَلنَّاسَ عَطَایَا مَرَّتَیْنِ فِی اَلسَّنَةِ وَ یَرْزُقُهُمْ فِی اَلشَّهْرِ رِزْقَیْنِ وَ یُسَوِّی بَیْنَ اَلنَّاسِ حَتَّی لاَ تَرَی مُحْتَاجاً إِلَی اَلزَّکَاةِ.» (بحارالانوار، ج ۵۲، ص ۳۹۰)
“İmam Məhdi (ə.f) hər il iki dəfə camaata pay verəcək, hər ay isə iki dəfə ruzilər göndərəcək. Bütün insanlarla eyni davranacaq, o qədər ki, artıq heç kəs zəkat almağa ehtiyac duymayacaq.”
 (Biharul-ənvar, c. 52, s. 390)
 7. İslamın hakimiyyəti və küfrün məhvi
Qurani-Kərimin üç ayəsində Uca Allahın İslam dinini bütün dünyaya yayacağı vədəsi verilmişdir:
«هُوَالَّذی اَرْسَلَ رَسُولَهُ بِالْهُدی وَ دِینِ الْحَقِّ لِیظْهِرَهُ عَلَی الدِّینِ کُلِّهِ.» (سوره توبه، آیه ۳۳؛ سوره فتح، آیه ۲۸ و سوره صف، آیه ۹)
 Peyğəmbərini hidayət yolu və haqq din ilə göndərən Odur.
(Tövbə surəsi, ayə 33; Fəth surəsi, ayə 28; Saff surəsi, ayə 9)
Bu ayələr açıq şəkildə bildirir ki, İslam dininin qələbəsi və qlobal yayılması Allah-Taalanın dəyişməz vədəsidir.
 Şübhə yoxdur ki, Allahın vədi mütləq gerçəkləşəcəkdir, necə ki, Quranda buyurulur:
«إِنَّ اللّٰهَ لَا يُخْلِفُ الْمِيعَادَ»
Allah öz vədəsindən əsla dönməz!
(Ali-İmran surəsi, 9)
Lakin aydındır ki, Peyğəmbərin (s) və Allah övliyalarının (ə) bütün səylərinə baxmayaraq, bu böyük ilahi vəd demək olar ki, tam şəkildə aydınlaşmayıb. Bütün müsəlmanlar o mübarək günün gəlişini ümidlə gözləyirlər.
Beləliklə, Allahın Höccəti İmam Məhdinin (ə.f) hakimiyyəti dövründə “Əşhədu ən lə iləhə illallah” sədası tövhidin bayrağı, və “Əşhədu ənnə Muhammədən rəsulullah” nidası İslamın rəmzi bütün dünyanı bürüyəcək, şirk və küfrün əsəri belə qalmayacaq.
Bu İslamın qlobal hakimiyyəti, onun haqq və həqiqət üzərində qurulmasından qaynaqlanır və İmam Məhdinin (ə.f) dövründə bu həqiqətlər tam parlaq şəkildə aşkar olacaq, bütün bəşəriyyəti özünə cəlb edəcəkdir.
 8. Ümumi təhlükəsizlik
İmam Məhdinin (ə.f) hakimiyyəti bütün gözəlliklərin və fəzilətlərin həyatın hər sahəsinə yayıldığı dövr olacaq.
 Bu dövrdə təhlükəsizlik və əmin-amanlıq, yəni insan üçün ən böyük ilahi nemətlərdən və ən yüksək arzularından biri, tam şəkildə təmin ediləcəkdir.
İmam Əli (ə) bu barədə buyurur:
 «وَ لَوْ قَدْ قَامَ قَائِمُنَا ... لَذَهَبَتِ الشَّحْنَاءُ مِنْ قُلُوبِ الْعِبَادِ وَ اصْطَلَحَتِ السِّبَاعُ وَ الْبَهَائِمُ حَتَّی تَمْشِیَ الْمَرْأَةُ بَیْنَ الْعِرَاقِ إِلَی الشَّامِ لَا تَضَعُ قَدَمَیْهَا إِلَّا عَلَی النَّبَاتِ وَ عَلَی رَأْسِهَا زِینَتُهَا لَا یُهَیِّجُهَا سَبُعٌ وَ لَا تَخَافُهُ.» (خصال، ج ۲، ص ۶۲۶)
“Əgər bizim Qaimimiz (ə.f) qiyam etsə, insanların qəlbindən kin və ədavət aradan qalxar, vəhşi heyvanlarla ev heyvanları bir-biri ilə barış içində olar.
 O qədər ki, bir qadın İraqdan Şama qədər yol gedər, yalnız otlu-yaşıl çəmənliklər üzərində addımlar və başında zinətləri olduğu halda, nə bir vəhşi heyvandan qorxar, nə də ona zərər toxunar.”
 (Xisal, c. 2, s. 626)
Bu hədis, İmam Məhdinin (ə.f) dövründə həm cəmiyyət daxilində, həm də təbiət aləmində tam harmoniya və sülhün hökm sürəcəyini göstərir.
9. Elmin və biliklərin inkişafı
İmam Məhdinin (ə.f) hökuməti dövründə elm və biliklərdə misilsiz tərəqqi baş verəcək.
 İslam və insan elmlərinin dərin sirləri aşkar olacaq, və bəşər idrakı təsəvvürolunmaz bir səviyyəyə çatacaq.
İmam Sadiq (ə) buyurur:
«اَلْعِلْمُ سَبْعَةٌ وَ عِشْرُونَ حَرْفاً فَجَمِیعُ مَا جَاءَتْ بِهِ اَلرُّسُلُ حَرْفَانِ فَلَمْ یَعْرِفِ اَلنَّاسُ حَتَّی اَلْیَوْمِ غَیْرَ اَلْحَرْفَیْنِ فَإِذَا قَامَ قَائِمُنَا أَخْرَجَ اَلْخَمْسَةَ وَ اَلْعِشْرِینَ حَرْفاً فَبَثَّهَا فِی اَلنَّاسِ وَ ضَمَّ إِلَیْهَا اَلْحَرْفَیْنِ حَتَّی یَبُثَّهَا سَبْعَةً وَ عِشْرِینَ حَرْفاً.» (بحارالانوار، ج ۵۲، ص ۳۳۶)
 “Elm iyirmi yeddi hissədən ibarətdir. Bütün peyğəmbərlər indiyədək insanlara yalnız iki hissəsini gətirmişlər. İnsanlar bu günədək yalnız həmin iki hissəni bilirlər.
 Qaimimiz (ə.f) zühur etdikdə, qalan iyirmi beş hissəni də ortaya çıxaracaq, onları insanların arasında yayacaq və əvvəlki iki hissə ilə birləşdirərək elmin bütün iyirmi yeddi hissəsini bəşəriyyətə çatdıracaq.”
 (Biharul-ənvar, c. 52, s. 336)
Bu hədis, İmam Məhdinin (ə.f) dövründə insan ağlının və elminin kamilliyə çatacağını, biliklərin universal bir səviyyəyə yüksələcəyini ifadə edir.
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
 
             
                
Rəyiniz