Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzuları, həzrət İmam Zamanla (ə) bağlı təlim və maarifi yaymaq məqsədi ilə siz dəyərli və ziyalı oxucuların xidmətinə təqdim olunur.
Qeybət dövründə ən əsas və mühüm məsələlərdən biri müsəlmanların idarəçiliyi və rəhbərliyidir.
Aydın olduğu kimi, İslamın ilk dövrlərindən bəri ümmətin rəhbər və başçısı olmuşdur. Peyğəmbərimiz (s) və ondan sonra məsum İmamlar (ə) yalnız dini və şəriəti izah etməklə kifayətlənməyib, eyni zamanda ümmətin rəhbər və başçısı olmuşlar. Fərdi və ictimai məsələlərdə bütün müsəlmanlara vacibdir ki, onlara itaət etsin. Ümumiyyətlə heç bir şiə bu məsələdə şübhə etmir.
Belə bir sual ortaya çıxır: On ikinci İmamın (ə) qeybindən sonra ümmətin rəhbərliyi və imaməti kimin üzərinə düşür? Ümmət üzərində yalnız bir fərd, yoxsa bir neçə şəxsin rəhbərliyi mövcuddur? Əgər rəhbərlik varsa, onun əhatə dairəsi və səlahiyyətləri nədən ibarətdir?
Bu əsas sualın cavabında, uzun zamandan bəri “vilayəti-fəqih” məsələsi müzakirə olunur.
Vilayəti-fəqih anlayışı
“Vilayət ” sözü “vəli” sözünün kökündən yaranıb və əsas mənası bir şeyin digər şeyin yanında 1 yerləşməsi və aralarında müəyyən əlaqənin olması mənasına gəlir. Bu mənada həm dostluq, həm yardım, həm də ardıcıl mənalarında işlədilir.
Ən önəmli mənalarından biri isə digər işlərin idarəçiliyi və təşkili ilə bağlıdır. Bu mənaya görə “vəli” o kəsdir ki, başqalarının işlərini üzərinə götürür və onları idarə edir. Eyni anlayış “vilayəti-fəqihdə” də nəzərdə tutulur.
“Fəqih” sözü “fəqəhə” kökündən götürülüb və bilik, anlayış mənasını verir, xüsusilə dini biliklər üçün istifadə olunur 2. Fəqih, İslamın bilik və hökmlərinə tam hakim olan və bu sahədə mütəxəssis olan şəxsə deyilir. Yəni, geniş elmi biliklərə malik olaraq fərdi və ictimai məsələlərdə Allahın hökmlərini Quran və hədislərdən çıxara bilən şəxsdir.
Vilayəti-fəqih nəzəriyyəsinin tarixi
Bəziləri düşünür ki, “vilayəti-fəqih ” yeni bir anlayışdır, İslam fiqhində heç bir əsası yoxdur və yalnız İmam Xomeyninin (r) siyasi düşüncəsindən qaynaqlanır. Lakin bu, böyük bir səhvdir. Bu həm fıqh, həm də məsumların (ə) hədislərindən xəbərsiz olmağa əsaslanır.
Vilayəti-fəqih məsumların (ə) sözlərinə əsaslanır. Onlar dini və sosial zərurətlər səbəbindən fəqihlərə müəyyən rəhbərlik və səlahiyyətlər vermişlər və onlardan sonra böyük İslam fəqihləri arasında vilayəti-fəqih daim müzakirə mövzusu olmuşdur. Bu haqda bir neçə nümunəni qeyd edirik:
Şiələrin ən böyük fəqihlərindən biri olan Şeyx Müfid (413 hicri-qəməri) deyib:
Ədalətli hökmdar yəni məsum İmam vilayət məqamında olmadığı zaman, haqqı tanıyan, ədaləti ilə seçilən, yüksək ağıl və fəzilət sahibi olan fəqihlər bu məsuliyyəti öz üzərlərinə götürməlidirlər. 3
Mühəqiqiq Kərəki kimi məşhur olan Mühəqqiq Sani (940 hicri-qəməri) deyib:
İnsanlar arasında hökm çıxarmaq, vəzifələri müəyyən etmək və mübahisə edənlər arasında hökm vermək yalnız Allah vəlisindən (məsum İmamdan) icazə almış kimsəyə icazə verilir. Bu işlər, imamların özü bunu həyata keçirə bilmədiyi zaman, şübhəsiz ki, şiə fəqihlərinə həvalə edilmişdir. 4
Şiə alimləri fətva vermək üçün bütün şərtlərə malik olan ədalətli şiə fəqihi, qeybət dövründə rəhbərliyi əhatə edən bütün işlərdə İmamların (ə) vilayəti-fəqih nümayəndəsi olduğu barədə ittifaq etmişlər. 5
Molla Əhməd Nəraqi məşhur Fazil Nəraqi (1244 h.q) deyir:
Peyğəmbər (s) və İmam (ə) üzərində olan vilayət və səlahiyyətlər, İslamın hökmdarları və qoruyucuları olan onların, fəqih tərəfindən də eyni şəkildə həyata keçirilir, yalnız bunun əksini göstərən bir sübut varsa istisna olmaqla ədalətli hökmdarın üzərinə düşən vilayəti öz üzərinə götürməsi lazımdır. 6
Müasir şiə fəqihlərinin böyük nümayəndələrindən biri olan Ayətullah Gülpayqani (r) deyir:
Fəqihlərin səlahiyyət dairəsi ümumi bir sahədir… Şərtlərə malik vilayət-fəqihin icra dairəsi icma başçılığı və idarəçilik məsələlərində İmamların (ə) səlahiyyət dairəsi ilə eynidir, yalnız buna qarşı dəlil mövcud olduqda istisna edilir. 7
Bunlar, müxtəlif əsrlərdə şiə fəqihlərinin sözlərinə verilən yalnız bir neçə nümunədir. Yüzlərlə digər açıq nümunələr mövcuddur ki, vilayət-fəqih məsələsi daim şiə alimlərinin düşüncəsində və nitqində mövcud olmuş və ümumiyyətlə qəbul edilmişdir.
Böyük çağdaş fəqih və İslam İnqilabının böyük rəhbəri, İmam Xomeyni (r), nadir hikmət və zaman anlayışı ilə bu İslam və dini nəzəriyyəni açıq şəkildə təqdim etmiş və İslam dövlətini onun əsasında qurmuşdur. Yəni vilayət-fəqih məsələsini müsəlman icmasının sosial həyatında həyata keçirmiş və onu qeybət dövründə tam bir dini hakimiyyət forması kimi təqdim etmişdir.
Bu mövzuların ardı var…
Mənbə: Ayətullah Safi Gülpayqaninin “imamət mövzusu haqqında on sualın cavabı” adlı kitabdan götürülmüşdür (müəyyən dəyişikliklə)
1. Müfərdat Rağib, “vəli” sözünün mənası
2. Lisənul-ərəb, cild 13, “fəqih”sözünün mənası
3. Əl-məqnəə, səh. 675
4. Noktə-nəhayə, cild 2, səh. 17
5. Rəsail, Əl-mühəqqiq əl-Kərəki, cild 1, səh. 142.
6. Əvaidil-əyyam, səh. 187-188
7. Əl-hidəyətu ilə mən ləhul-vilayə, səh. 46-47.
Rəyiniz