Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, müasir dünyada siyasi, mədəni, ictimai və hərbi sahələrə dair bir çox hadisə və proseslərin düzgün təhlili onların sivilizasiya (mədəni-ümumbəşəri) ölçüsünün dərk edilmədən mümkün deyil. Eyni yanaşma İran İslam İnqilabının əsas göstəricilərinin təhlilinə də aiddir. Çünki İran İslam İnqilabı yalnız siyasi dəyişiklik və ya bir ölkədə hakimiyyətin əvəzlənməsi kimi qiymətləndirilə bilməz. Əksinə, o, yeni bir sivilizasiya modelinin formalaşdırılması istiqamətində ciddi bir tarixi cəhd kimi dəyərləndirilməlidir. Bu səbəbdən inqilabdan sonra meydana gələn qarşıdurmalar da sırf siyasi münaqişə çərçivəsini aşaraq, sivilizasiya müstəvisində təhlil olunmalıdır.
Tarixdə sivilizasiyanın formalaşma mərkəzləri
Tehran Universitetinin professoru, tanınmış sosioloq doktor İbrahim Fəyyazın dediyinə əsasən, 8 illik İran-İraq müharibəsi də məhz bu prizmadan təhlil edilməlidir. Onun sözlərinə görə, zahiri baxışda bu müharibə iki ölkə arasında regional qarşıdurma kimi görünsə də daha dərin qatlarda sivilizasiya qarşıdurmasının izləri açıq şəkildə müşahidə olunur.
Doktor Fəyyaz bildirib ki, İran tarix boyu sivilizasiyanın formalaşmasında mühüm mərkəzlərdən biri olub. O qeyd edib ki, qədim İran sivilizasiyalarından İslam dövrünə, Səfəvilər dövründən müasir dövrə qədər bu coğrafiya mədəni və sivilizasiya modellərinin yaradılması və yayılmasında mühüm rol oynayıb. Bu tarixi irs İran cəmiyyətinin kollektiv yaddaşında “sivilizasiya” anlayışını xüsusi və mühüm mövqeyə yüksəldib.
Pəhləvi rejimin yalançı sivilizasiya iddiası
O əlavə edib ki, hətta inqilabdan əvvəl Pəhləvi rejimi də “böyük sivilizasiyanın qapıları” şüarı ilə özünü bir sivilizasiya layihəsi kimi təqdim etməyə çalışırdı. Həmin dövrdə bu məzmunlu kitablar və nəşrlər yayımlanaraq İranın yeni sivilizasiya mərhələsinə daxil olduğu iddia edilirdi. Lakin əhalinin böyük bir hissəsi bu iddiaları dövrün sosial və siyasi reallıqları ilə uyğun hesab etmirdi.
Sosioloqun vurğulamasına görə, monarxik idarəetmə sistemi, geniş yayılmış korrupsiya, xarici asılılıq və dövlətlə cəmiyyət arasında dərin uçurum bu iddiaların ictimaiyyət tərəfindən qəbul edilməsinə imkan vermirdi.
Şərq və Qərbdən asılı olmayan sivilizasiya modeli
İbrahim Fəyyaz bildirib ki, belə bir tarixi şəraitdə İran İslam İnqilabı “nə Şərq, nə Qərb” şüarı ilə meydana çıxaraq müstəqil sivilizasiya xəttini elan etdi. Onun sözlərinə görə, bu şüar həm Şərq, həm də Qərb modellərindən kənar yeni bir İslam sivilizasiyasının qurulması məqsədini ifadə edirdi və bu ideya daha sonra İran İslam Respublikası sistemi çərçivəsində həyata keçirilməyə başladı.
Göstəriş xarakterli sivilizasiya modeli
O, həmçinin regiondakı bəzi ölkələrə toxunaraq qeyd edib ki, bəzi dövlətlər dərin tarixi sivilizasiya əsaslarına malik olmadan, daha çox müasir şəhər görüntüsü, göydələnlər və iri infrastruktur layihələri vasitəsilə inkişaf imici formalaşdırmağa çalışırlar. Bu yanaşma “görünüş sivilizasiyası” kimi xarakterizə oluna bilər.
Onun sözlərinə görə, bu model əsasən zahiri inkişaf elementlərinə söykənir və dərin mədəni, sosial və tarixi əsaslardan məhrum olduğu üçün iqtisadi və siyasi böhranlar qarşısında daha həssas olur.
İbrahim Fəyyaz son illərdə bəzi Qərb nəzəriyyəçiləri tərəfindən irəli sürülən “sivilizasiyalar savaşı” konsepsiyasının yenidən qlobal hadisələrin təhlilində diqqət mərkəzinə gəldiyini bildirib. Bu yanaşmaya əsasən, gələcək dünya nizamında rəqabət artıq yalnız dövlətlər arasında deyil, müxtəlif sivilizasiya məkanları arasında formalaşacaq. Bu çərçivədə İslam sivilizasiyası da əsas aktorlardan biri kimi qiymətləndirilir.
O qeyd edib ki, bəzi Qərb mütəfəkkirləri gələcəkdə Qərb sivilizasiyasının əsas çağırışının siyasi və iqtisadi güclərdən deyil, fərqli mədəni və mənəvi modellər təqdim edən sivilizasiyalardan qaynaqlanacağını vurğulayırlar. Bu baxımdan müstəqil İslam sivilizasiyasının formalaşması qlobal rəqabətin əsas mehvərlərindən biri hesab olunur.
Qlobal nizamın dəyişməsi fonunda sivilizasiya yanaşması
Tehran Universitetinin professoru bildirib ki, bir çox filosofların fikrincə, İran İslam Respublikası İslam dünyasında yeni bir modelin formalaşmasında mühüm rol oynaya bilər. Onun sözlərinə görə, İrana yönələn təzyiqlər və son dövrdə baş verən qarşıdurmalar da məhz bu kontekstdə təhlil edilməlidir. Yeni sivilizasiya modeli formalaşdıran hər bir ölkənin təbii olaraq ciddi müqavimətlə üzləşməsi qaçılmazdır. Çünki yeni sivilizasiyanın meydana çıxması mövcud qlobal balansı dəyişdirir.
O əlavə edib ki, İran cəmiyyəti hazırda sivilizasiya transformasiyasının bir mərhələsini yaşayır. Müxtəlif sahələrdə ictimai aktivlik, milli tədbirlərdə geniş iştirak və dini-mədəni dəyərlər ətrafında formalaşan kollektiv kimlik bu prosesin əsas göstəriciləri kimi qiymətləndirilir.
Müasir dövrdə sivilizasiya qarşıdurmasının əsas meyarları
Qum Elmi Hövzəsinin tədqiqatçısı Nərgiz Şəkərzadə sivilizasiya qarşıdurmasının əsas göstəricilərinə toxunaraq fərqli dünyagörüşləri və mənəvi sistemlər arasındakı ziddiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, bu qarşıdurma insan, azadlıq, güc, din və dövlətin rolu kimi fundamental anlayışların fərqli interpretasiyaları üzərində formalaşıb.
O bildirib ki, bu mübarizədə hər tərəf özünü tarixi bir missiyanın davamçısı kimi təqdim edir, qarşı tərəfi isə alternativ tarixi narrativin daşıyıcısı kimi görür. Bu baxımdan sivilizasiya qarşıdurması təkcə xarici siyasət çərçivəsində deyil, ideoloji və mədəni mübarizə xarakteri daşıyır. Şəkərzadə qeyd edib ki, bu proses media, elm, texnologiya, mədəniyyət və kimlik sahələrini əhatə edən tammiqyaslı rəqabət formasıdır.
İlahi və ateist sivilizasiyalarının qarşıdurması
Tədqiqatçı mövcud vəziyyəti siyasi münaqişə deyil, iki fərqli sivilizasiya modeli arasında fundamental ziddiyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qarşıdurma İslamın tövhid əsaslı sivilizasiyası ilə Qərbin sekulyar və materialist modeli arasında baş verir.
O əlavə edib ki, bu mübarizə nəticə etibarilə yeni bir sivilizasiya mərhələsinin formalaşmasına gətirib çıxara bilər və İran bu prosesdə mühüm rol oynaya bilər. Onun fikrincə, bu qarşıdurma artıq qlobal səviyyədə açıq və aydın xarakter alıb və dünyanın müxtəlif bölgələrində bu mövqe üzrə yeni siyasi və ictimai qütbləşmə müşahidə olunur.
Hazırladı: Seyid Məhəmmədhadi Musəvi
Rəyiniz