bazar ertəsi 4 may 2026 - 14:12
Yeni dünya nizamında Elmi hövzələrin missiyasının yenidən müəyyənləşdirilməsinin zəruriliyi

Hövzə / Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Ramazan ayında baş vermiş müharibədən qaynaqlanan dəyişikliklərə toxunaraq bildirib ki, bu hadisədən sonra dünya tamamilə fərqli bir mərhələyə daxil olub. Belə bir şəraitdə dini elmi hövzələr yeni formalaşan regional və qlobal nizamı nəzərə alaraq strateji yanaşmalarını yenidən gözdən keçirməli, eyni zamanda öz rol və missiyalarını müasir tələblərə uyğun şəkildə yenidən müəyyənləşdirməlidirlər.

Hövzə Xəbər Agentliyinin Məşhəd üzrə müxbirinin verdiyi məlumata görə, Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari “Ramazan ayında baş vermiş müharibədən sonra regiondakı dəyişikliklər və gələcək perspektivlər” mövzusunda keçirilən ixtisaslaşmış iclasda çıxış edərək, müharibədən sonrakı regional və beynəlxalq prosesləri təhlil edib. Sözügedən toplantı hövzə alimləri və tədqiqatçılarının iştirakı ilə “Cəbəl əs-Səbr” beynəlxalq institutunda və ixtisaslaşmış hövzə mərkəzində baş tutub.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari çıxışının əvvəlində Həzrət İmam Rzanın (ə) mübarək mövludunu təbrik və eyni zamanda şəhid Mürtəza Mütəhhərinin şəhadət ildönümünü və müəllimlər gününü yad edərək bildirib ki, Ramazan ayında baş vermiş müharibədən əvvəlki dünya ilə sonrakı dünya arasında köklü fərq mövcuddur.

O qeyd edib ki, müharibə tam şəkildə başa çatmasa da, artıq post-müharibə mərhələsinə daxil olunub. Yeni mərhələnin mahiyyəti fərqlidir və bu gün yeni regional nizamın bəzi hissələri artıq reallaşıb, digər hissələri isə gələcəkdə formalaşacaq.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bildirib ki, bu dəyişikliklər yeddi coğrafi istiqamət üzrə, o cümlədən Fars körfəzi regionu, müqavimət cəbhəsi, sionist rejim, Amerika Birləşmiş Ştatları, İslam ölkələri, Avropa və digər bölgələr çərçivəsində araşdırılıb. Bu təhlillər əvvəlki nizam, dəyişikliklərin hərəkətverici qüvvələri və yeni nizamın xüsusiyyətlərini əhatə edir.

Hövsələrdə və intellektual mühitdə strategiyaların yenidən nəzərdən keçirilməsinin zəruriliyi

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Elmi hövzə  mühitində yeni şəraitə uyğun yanaşma dəyişikliyinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu dəyişiklik yalnız beynəlxalq fəaliyyət sahəsi ilə məhdudlaşmır. Bununla yanaşı hövzənin bütün strukturları, sivilizasiya və qlobal baxış prizmasından öz strategiyalarını yenidən nəzərdən keçirməlidir. O əlavə edib ki, ölkənin elmi, akademik və hətta ictimai mühiti də yeni fəaliyyət mərhələsinə daxil olmalıdır.

O, ötən ilin 4 noyabr (13 aban) tarixində səsləndirilmiş çıxışlara istinad edərək bildirib ki, yeni mərhələdə hegemon sistemə qarşı mübarizədə yalnız dövlətlər deyil, şagirdlər, tələbələr, ruhani tələbələr, sənətkarlar və mədəniyyət xadimləri də qlobal səviyyədə fəal olmalıdırlar.

Hüseyni Kuhsari şəhid Ayətullah Seyid Əli Xameneinin çıxışları əsasında aparılmış geniş araşdırmaya istinad edərək qeyd edib ki, hegemon sistemə qarşı mübarizə dörd əsas istiqamət üzərində qurulub: ABŞ-ın regiondan çıxarılması, sionist rejimin süqutu, təkqütblü dünya sisteminin sona çatması və Qərb sivilizasiyasının zəifləməsi.

O vurğulayıb ki, Ramazan ayında baş vermiş müharibə bu dörd istiqamətin hamısında ciddi dəyişikliklərə səbəb olub və hazırda ABŞ regiondan çıxarılma prosesində, sionist rejim zəifləmə mərhələsində, təkqütblü sistem dağılmaq üzrə, Qərb sivilizasiyası isə etik və etibar böhranı içindədir.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari əlavə edib ki, Fars körfəzi ölkələri artıq təhlükəsizlik baxımından əvvəlki ABŞ-dan asılılığa əsaslanan regional nizamdan uzaqlaşaraq yeni mərhələyə daxil olublar. Bu mərhələni ABŞ və sionist rejimə qarşı daha müstəqil və balanslaşdırılmış siyasət kimi xarakterizə etmək olar.

O, bu dəyişikliklərin nəticələrinə toxunaraq bildirib ki, Qərb yönümlü beynəlxalq təşkilatların struktur baxımından zəifliyinin sübut olunması, ABŞ-la müharibədə əməkdaşlığın ağır xərcləri və turizm, maliyyə iqtisadiyyatı və tranzit sahələrinə ciddi zərbə bu dəyişikliklərin əsas nəticələrindəndir.

O əlavə edib ki, kapitalın kütləvi şəkildə Sinqapur, Avropa və Türkiyəyə axını, Türkiyənin geniş təşviq proqramları ilə regional sərmayələri cəlb etməyə çalışması və müharibə dövründə region ölkələrinin media baxımından fərqli mövqelər sərgiləməsi də bu prosesin digər nəticələridir.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb ki, Ramazan ayında baş vermiş müharibədən sonra nə Fars körfəzi regionunda əvvəlki təhlükəsizlik alyansı qalacaq, nə də ABŞ və sionist rejimlə əvvəlki səviyyədə əməkdaşlıq davam edəcək.

Müqavimət cəbhəsinin təsirli rolu

O davam edərək bildirib ki, müqavimət cəbhəsi artıq sadəcə çəkindirici şəbəkə deyil, qərarverici gücə malik əsas aktora çevrilib.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari Ramazan ayında baş vermiş müharibədə beş mühüm transformasiyaya işarə edərək qeyd edib ki, müqavimət vahid idarəetmə və mərkəzləşdirilmiş strategiya ilə hərəkət edib və əməliyyat baxımından yüksək səviyyəli koordinasiyaya nail olub.

O bildirib ki, müharibə artıq yalnız hərbi hədəflərlə məhdudlaşmır, neft, infrastruktur və strateji sahələri də əhatə edir. Bu isə öz növbəsində müdafiədən hücuma keçidin göstəricisidir.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini müharibənin çoxqatlı xarakter almasını digər mühüm dəyişiklik kimi qiymətləndirərək deyib ki, müharibə eyni zamanda hərbi, media, idrak (kognitiv), iqtisadi və təhlükəsizlik sahələrində aparılır.

O əlavə edib ki, İran, İraq, Livan və Yəməndə müşahidə olunan misilsiz ictimai birlik və müqavimətə geniş xalq dəstəyi bu dəyişikliklərin mühüm göstəricisidir.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari müqavimətin qloballaşmasına da diqqət çəkərək bildirib ki, ona dəstək artıq Qərbi Asiyadan kənara çıxaraq Avropa və ABŞ-a qədər yayılıb.

O, sionist rejimlə bağlı təsəvvürlərin dəyişdiyini və onun “məğlubedilməzlik” mifinin artıq arxada qaldığını qeyd edərək bildirib ki, bu rejim mütləq üstünlük iddiasından çıxaraq mövcudluq böhranı mərhələsinə daxil olub və geri dönüşü olmayan tənəzzül yolundadır.

O, son müharibədə sionist rejimin uğursuzluqlarına da toxunaraq bildirib ki, müdafiə doktrinasının tam iflası, rejimə qarşı bütün cəbhələrin aktivləşməsi, dünya miqyasında bu rejimə qarşı nifrət dalğasının formalaşması, daxili siyasi böhranın dərinləşməsi və normallaşma layihələrinin dayanması bu uğursuzluqlara nümunədir.

ABŞ-ın idarə olunan geri çəkilməsi və hegemoniyanın zəifləməsi

Hövzələrin beynəlxalq məsələlər üzrə müavini vurğulayıb ki, bir zamanlar regionda maksimum hərbi və təhlükəsizlik mövcudluğuna malik olan ABŞ bu gün idarə olunan geri çəkilmə prosesinə daxil olub və Ramazan müharibəsi bu ölkənin hərbi və təhlükəsizlik nüfuzuna ciddi zərbə vurub.

O, ABŞ-ın hərbi məqsədlərinin tez-tez dəyişməsi, əməliyyat uğursuzluqları və son hadisələr fonunda siyasi təcridinin artmasına diqqət çəkərək əlavə edib ki, Pakistan, Hindistan, Banqladeş və digər ölkələrdə yeni İslam oyanışı dalğası formalaşır və ictimai rəy hökumətlərə və elitalara təzyiq göstərməkdədir.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini qeyd edib ki, bu gün müqavimət diskursu İslam dünyasının əsas gündəminə çevrilib, İslam ölkələri İranı və müqaviməti özləri ilə müqayisə edir və Əhli-beytə (ə) yönəlik maraq dalğası formalaşmaqdadır.

O vurğulayıb ki, İslam Respublikası İslam dünyasının ictimai rəyində izzət və qeyrət rəmzinə çevrilib.

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari bildirib ki, Ramazan ayında baş vermiş müharibə Avropa ilə ABŞ arasında yeni bir parçalanma yaradıb və Avropa ABŞ-la hərbi əməkdaşlıqdan imtina edib. Avropa ölkələri hətta ABŞ-ı dəstəkləmək üçün öz ərazilərindən, hava məkanından və ya texniki imkanlarından istifadə olunmasına icazə verməyiblər.

O əlavə edib ki, bu gün üç qlobal dalğa müşahidə olunur. Bunlar sionist rejimə qarşı nifrət dalğası, Qərbdə etik ifşalar dalğası və ABŞ siyasətlərinə qarşı narazılıq dalğasıdır. Bu dalğaların hər biri dünya siyasəti və cəmiyyətinə geniş təsir göstərməkdədir.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bildirib ki, bəzi qüvvələr son nailiyyətləri şiə-sünni qarşıdurması və ya millətçi layihələr çərçivəsində təqdim etməyə çalışır və bununla əsas istiqaməti dəyişdirmək niyyətindədirlər.

O, həmçinin proksi (vasitəçi) müharibələrin yenidən aktivləşməsi ehtimalına diqqət çəkərək, ərzaq və dərman təhlükəsizliyi ilə bağlı problemləri gələcək üçün ciddi narahatlıq kimi qiymətləndirib.

Diskursun din səviyyəsindən sivilizasiya səviyyəsinə yüksəldilməsi zərurəti

Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari vurğulayıb ki, inqilabın diskursu din və siyasi səviyyədən çıxaraq sivilizasiya səviyyəsinə yüksəldilməlidir. Media, elm, mədəniyyət, iqtisadiyyat, incəsənət və digər sahələrdə şəbəkələşmə genişləndirilməli və bu proses sivilizasiya layihəsi səviyyəsində inkişaf etdirilməlidir.

O qeyd edib ki, ölkənin bir çox potensialları hələ beynəlxalq səviyyəyə çıxarılmayıb, eləcə də İslam Respublikasının bir çox sənəd və təcrübələri nə tərcümə olunub, nə də xaricə təqdim edilib.

Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini bildirib ki, yeni dünya nizamının formalaşması ilə beynəlxalq fəaliyyət sahəsində çalışanlar yeni missiyalara hazır olmalıdırlar.

O, son olaraq vurğulayıb ki, qarşıda ciddi imkanlar və çağırışlar var və bunlara cavab vermək üçün sivilizasiya yönümlü diskurs və fəaliyyətlərə yönəlmək zəruridir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha