cümə axşamı 25 iyun 2026 - 15:56
Aşura gününün əməlləri

Hövzə / İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin şəhadət günü olan Aşura günü Əhli-beyt İmamlarının (ə) və onları sevənlərin hüzn, qəm və müsibət günüdür. Bu gündə müəyyən əməllərin yerinə yetirilməsi və bəzi qaydalara riayət olunması xüsusi tövsiyə edilmişdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Aşura günü İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin şəhadət günü olduğundan, Əhli-beyt İmamları (ə) və həmin böyük şəxsiyyətlərin sevənləri üçün hüzn, qəm və müsibət günüdür. Bu gündə bəzi əməllərin yerinə yetirilməsi və müəyyən məsələlərə riayət olunması tövsiyə edilmişdir. Onlardan bəziləri bunlardır:

1. Ticarət və gündəlik işlərdən çəkinmək

İmam Hüseynin (ə) sevənlərinə layiqdir ki, bu gün maddi qazanc və işlərdən əl çəksinlər, ev ehtiyaclarını həmin gün üçün tədarük edib toplamasınlar, əzadarlıq və növhə məclisləri keçirsinlər, ən əziz yaxınlarını itirmiş insanlar kimi qəmli və kədərli olsunlar.

İmam Əli ibn Musa ər-Rza (ə) bu barədə buyurmuşdur:

“Kim Aşura günü dünya işləri üçün çalışmaqdan əl çəkərsə, Allah onun dünya və axirət ehtiyaclarını təmin edər. Hər hansı bir kəs üçün Aşura günü qəm, hüzn və ağlama günü olarsa, Allah Qiyamət gününü onun üçün sevinc və şadlıq gününə çevirər və Cənnətdə bizimlə görüşməklə gözünü nurlandırar. Hər kəs Aşura gününü özü üçün bərəkət günü hesab edib həmin gün evinə mal-dövlət toplayarsa, o mallarda onun üçün heç bir bərəkət olmaz.”

2. Bir-birinə başsağlığı vermək

İmam Baqir (ə) buyurmuşdur:

“Şiələr bu gündə bir-birlərinə başsağlığı versinlər. Daha yaxşı olar ki, bunu bu sözlərlə ifadə etsinlər:

«عَظَّمَ اللّهُ أُجُورَنا بِمُصابِنا بِالْحُسَینِ عَلَیهِ السَّلامُ، وَ جَعَلَنا وَ إِیاکُمْ مِنَ الطّالِبِینَ بِثارِهِ، مَعَ وَلِیهِ الاِْمامِ الْمَهْدِیِّ مِنْ آلِ مُحَمَّد عَلَیهِمُ السَّلامُ.»

Mənası:

“Allah İmam Hüseynin (ə) müsibətinə görə bizə verdiyi mükafatı böyük etsin və bizi də, sizi də onun qanının intiqamını alanlardan, Məhəmməd (ə) nəslindən olan vəlisi İmam Məhdi (ə.f) ilə birlikdə qərar versin.”

3. İmam Hüseynin (ə) qəbrini ziyarət etmək

Mərhum İbn Quləveyh (r) bir rəvayətə əsasən yazır:

“Kim Aşura günü İmam Hüseynin (ə) qəbrinin yanında olar, zəvvarlara kömək edər və onlara su verərsə, sanki İmam Hüseynin (ə) ordusunu su ilə sirab etmiş və Kərbəlada onun yanında olan şəxs kimidir.”

4. İmam Hüseynin (ə) qatillərinə min dəfə lənət göndərmək

Bu gün min dəfə belə demək tövsiyə edilmişdir:

«اَللّهُمَّ الْعَنْ قَتَلَةَ الْحُسَینِ (علیه السلام)»

“Mənası: İlahi! İmam Hüseynin (ə) qatillərinə lənət et.”

5. Min dəfə “Tövhid” surəsini oxumaq

Bu gün min dəfə “İxlas” (“Tövhid”) surəsini oxumağın böyük fəziləti vardır.

İmam Sadiq (ə) buyurmuşdur:

“Kim Aşura günü min dəfə ‘Tövhid’ surəsini oxuyarsa, Rəhman Allah ona rəhmət nəzəri ilə baxar. Allahın rəhmət nəzəri ilə baxdığı şəxs isə əzaba düçar olmaz.”

6. Yemək və içməkdən çəkinmək

Aşura günü oruc niyyəti etmədən yemək və içməkdən çəkinmək, günortadan sonra isə müsibət sahiblərinin istifadə etdiyi qədər az miqdarda su və yeməklə kifayətlənmək tövsiyə olunur.

Mərhum Əllamə Məclisi “Zadül-Məad” kitabında qeyd edir ki, Məhərrəm ayının doqquzuncu və onuncu günlərini oruc tutmamaq  münasib deyildir. Çünki Bəni-Üməyyə İmam Hüseynin (ə) qətlinə görə zahirdə şükür və bərəkət məqsədilə həmin iki günü oruc tuturdu. Əhli-beytdən (ə) nəql olunan çoxsaylı hədislərdə bu iki günün, xüsusilə də Aşura gününün orucunun məzəmmət edildiyi bildirilmişdir.

Həmçinin bu gün zarafatdan, gülüşdən və insanı sevindirən digər dünyəvi əyləncələrdən uzaq durmaq tövsiyə edilir.

7. Gün batarkən Əhli-beyt hərəminin müsibətlərini xatırlamaq

Əhli-beytin (ə) sevənlərinə yaraşar ki, Aşura gününün günbatımı zamanı İmam Hüseynin (ə) övladlarının, uşaqlarının və hərəmdəki xanımların çəkdiyi müsibətləri yada salsınlar. Çünki həmin anlar Peyğəmbər (s) ailəsinin hərəmi üçün ən ağır məqamlardan biri olmuşdur.

Düşmənlər qələbə sərxoşluğu içində ikən şəhidlərin cəsədləri Kərbəla torpağında qalmış, qadınlar və uşaqlar isə fəryad çəkərək pərişan halda idilər. Elə həmin vaxt çadırların qarət edilməsi və yandırılması əmri verildi.

Yetim uşaqlar, himayəsiz qadınlar və susuz körpələr hərəsi bir tərəfə qaçırdı. Bu müsibətlər arasında Həzrət Zeynəb (s.ə), İmam Səccad (ə) və Ümmi-Külsum (s.ə) bu dərdli insanların sığınacağı olmuş, bütün ağrı-acıları öz canlarına qəbul edərək başqalarını sakitləşdirməyə çalışmışdılar.

Həmin qürub vaxtı Peyğəmbər (s) ailəsinin başına elə müsibətlər gəldi və elə kədər çökdü ki, onu təsəvvür etmək və sözlə ifadə etmək mümkün deyil. Bu müsibətlər insanın gözlərindən yaş axıdır, ruhunun və qəlbinin dərinliklərini sızladır.

8. Peyğəmbərə (s) və digər məsumlara salam göndərmək

Aşura günü İmam Hüseynin (ə) məktəbinin aşiq və tərəfdarlarına layiqdir ki, ayağa qalxaraq Allahın Rəsuluna (s), İmam Əliyə (ə), həzrət Zəhraya (s.ə), İmam Həsən Müctəbaya (ə) və həmin nəslin digər imamlarına salam göndərsinlər.

Həmçinin bu böyük müsibət münasibətilə yanğılı qəlb və axan göz yaşları ilə onlara başsağlığı versinlər və “Ziyarəti-Varis” oxusunlar.

9. Aşura ziyarətini oxumaq

Bu gün İmam Hüseynin (ə) məşhur “Aşura ziyarəti”nin oxunmasının böyük savabı vardır. Bu ziyarət uzaqdan və ya yaxından oxuna bilər. O, çox fəzilətli olub səadət xəzinələrinin ən qiymətlilərindən hesab edilir.

10. Məqtəl oxumaq

Bu gün İmam Hüseynin (ə) sevənlərinə tövsiyə olunur ki, məqtəl oxusunlar və bir-birlərini ağlatsınlar.

Rəvayət olunur ki, həzrət Musa (ə) həzrət Xızrla (ə) görüşmək və ondan elm öyrənmək üçün vəzifələndirildikdə, onların ilk görüşündə danışdıqları ilk mövzulardan biri Məhəmməd (s) ailəsinin müsibətləri olmuş və onlar bu müsibətləri yad edərək çox ağlamışlar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha