Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Məhərrəm ayı münasibətilə İnqilabın Ali Məqamlı Rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin (r) Aşura qiyamının mahiyyəti, səbəbləri və məqsədlərinin təhlilinə dair bəyanatlarından seçilmiş hissələr “Aşiqlik Şövqü” adlı xüsusi sənəd çərçivəsində dəyərli oxuculara təqdim olunur.

Din və Allah yolunda fəda olmaq dərsi
Aşuranın ilk böyük dərsi din və Allah yolunda, hətta ən çətin şəraitdə belə fəda olmaq dərsidir. Bu, Aşuranın ən aydın dərsidir. İmam Hüseyn (ə) bütün müsəlmanlara, hətta müsəlman olmasalar belə, dünyanın bütün azad insanlarına bu dərsi verdi ki, əgər insanın şərəfi, azadlığı və idealları, müsəlmanlar üçün isə dini təhlükə qarşısında qalarsa, dini müdafiə etmək ən çətin şəraitdə və ən ağır müqəddimələrlə belə dini və insani bir vəzifədir. Heç kim deməsin ki, şərait ağırdır, heç kim deməsin ki, mümkün deyil, mümkündür. Dini hər zaman müdafiə etmək mümkündür. Bu möhkəm iradə, fədakarlıq ruhu və şəhadətsevərliklə mümkündür.
İmam Hüseyn (ə) bu müdafiəni elə bir şəraitdə həyata keçirdi ki, o gün dünyada tək idi. Bəni-Haşimin böyükləri, Qüreyşin nüfuzlu şəxsləri və İslamın tanınmış ailələrinin övladları İmam Hüseynə (ə) qoşulmadılar. Məkkədə Abdullah ibn Zübeyr, Mədinədə Abdullah ibn Cəfər, Abdullah ibn Ömər və ataları İslamın ilk dövrlərinin məşhur simalarından olan digər şəxslər xalqın ümid bəslədiyi insanlar idilər. Lakin onlar Yezidin zülmü qarşısında dayanmağa və Peyğəmbərin (s) əziz nəvəsinə kömək etməyə razı olmadılar.
Məgər İmam Hüseyn (ə) onların yardımını gözləyirdi? Məgər onların kömək etməməsi onun işini dayandırdı? Xeyr, dayandırmadı. Yolun ortasında Kufə əhalisinin ona yardım etməyəcəyini öyrəndikdə və tək qaldığını başa düşdükdə belə yolundan dönmədi. Kərbəla səhrasında bütün səhabələri şəhid olduqda və yanında yalnız qadınlar və uşaqlar qaldıqda da müdafiə və mübarizədən əl çəkmədi.
Son ana qədər müqavimət göstərdi. İmam Hüseyn (ə) təslim olsaydı, Yezid tərəfdarları onunla razılaşmağa hazır idilər. Lakin o, təslim olmadı. Bu, çox böyük bir dərs idi.
Bu gün biz dünyada İslam, İslam İnqilabı və İslam Respublikası ilə bütün varlığı ilə düşmən olan siyasətlərlə üz-üzəyik. Amerika hegemonizmi, Sovet hegemonizmi, bölgənin irticaçı qüvvələri və Amerika ilə Sovetin ardınca gedən hökumətlər İslam İnqilabını gözlərində bir tikan kimi görürlər. Buna görə də onu qəbul etməyə və dözməyə hazır deyillər.
İqtisadi təzyiqlər var, siyasi təzyiqlər var və hərbi təzyiqlər də səkkiz il davam etdi. Biz bu təzyiqlər qarşısında müqavimət göstərdik, göstərməli idik və bundan sonra da müqavimət göstərəcəyik. Heç kim düşünməsin ki, müharibənin başa çatması ilə bizim küfr və qlobal hegemonluqla mübarizəmiz də bitdi. Mübarizənin forması dəyişə bilər, lakin onun özü davam edəcək. Çünki qlobal küfr və hegemonluq İslamı qəbul etməyə hazır deyil və İslam Respublikası öz varlığını qorumaq üçün özünü müdafiə etməlidir. Bu davamlı müdafiə isə böyük İslam ümmətinin hazırlığını, ayıqlığını və fədakarlığını tələb edir.
Aşuranın siz gənclərə verdiyi dərs budur ki, hər bir şəraitdə hazırlığınızı qoruyub saxlayın.
Aşuranın digər dərsi: Düşməni tanımağa diqqət yetirmək
Aşuranın digər dərsi düşməni tanımaqdır. Düşməndən qafil olmamaq, onun hiylələrinə aldanmamaq. O gün çoxlu insanlar var idi ki, zahiri görüntülər onları kor etmişdi və hadisələrin mahiyyətini görə bilmirdilər. Çoxları elə düşünürdü ki, həmin vəziyyət qarşısında susmaq lazımdır, çünki zahirdə dinin qorunduğunu hesab edirdilər. Lakin İmam Hüseyn (ə) bütün bu zahiri görüntülərin arxasında gizlənən düşməni tanıdı.
Düşməni tanımaq çox mühüm məsələdir. Düşməni tanımaqda səhv etməmək.
İnqilabdan əvvəlki dövrdə mübarizlərin qarşılaşdığı problemlərdən biri yeni mübarizlərə saxta düşmənlərin təqdim olunması idi. Məqsəd həqiqi düşmənin başqa bir şeyi düşmən kimi göstərərək onları aldatmasının qarşısını almaq idi. O dövrdə həqiqi mübarizlər elə insanlar idilər ki, hakimiyyət aparatının yaratdığı toz-duman içərisində belə əsl düşmənin simasını tanıya bilirdilər. Bu gün də həmin ayıqlıq və uzaqgörənlik zəruridir.
Bu uzaqgörənlik İmam Hüseynin (ə) böyük dərsidir. O gün dünyada haqqın harada, batilin harada olduğunu anlayan insanların sayı çox az idi. İnsanlar zahiri görüntülərə aldanır, düzgün uzaqgörənliyə malik deyildilər. Lakin İmam Hüseyn (ə) bu bəsirətə sahib idi və öz əqidəsinə, imanına və baxışına elə möhkəm inanırdı ki, bu yolda öz canını, hətta ən əzizlərini, övladlarını və hətta kiçik Əli Əsğərini qurban verməyə, ailəsinin əsir düşməsinə razı oldu. Bundan daha böyük fədakarlıq ola bilərmi?
Rəhbərə tabe olmaq: Aşuradan bir mesaj
Deyirlər ki, Aşuranın mesajı rəhbərə mütləq şəkildə itaət etməkdir. Rəhbərin dediyini sözbəsöz yerinə yetirmək, hadisələr və proseslər zamanı rəhbərlik məqamının göstərişi ilə hərəkət etmək və rəhbər qarşısında təslim olmaqdır. Bəs hansı rəhbərə?
İnsanın şüurlu şəkildə seçdiyi və ona iman gətirdiyi rəhbərə.
Buna görə də siz imamların (ə) ziyarətlərində belə oxuyursunuz:
«سِلْمٌ لِمَنْ سَالَمَکُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَکُمْ»
“Sizinlə sülh içində olanlarla mən də sülh içindəyəm, sizinlə müharibə edənlərlə mən də müharibədəyəm.”
İslam rəhbərinin mənası da budur ki, qəlblərə nüfuz etməklə və insanlar üzərində hakimiyyət qurmaqla İslam cəmiyyətini idarə etsin.
Bu da Aşuranın başqa bir dərsidir. Əgər biz bu və Aşuranın digər çoxsaylı dərslərini mənimsəsək, cəmiyyətimiz düşmənlərin hiylələri qarşısında toxunulmazlıq qazanacaq. Belə bir toxunulmazlıq isə cəmiyyətimiz üçün son dərəcə vacib və zəruridir.
İmam Hüseyndən (ə) böyük bir dərs
İmam Hüseyn (ə) haqqında danışıldıqda, mərsiyələr oxunduqda, müsibətlər xatırlandıqda, növhələr söylənildikdə, sinə vurulduqda və həmçinin digər mərasimlər keçirildikdə həmişə yadda saxlayın ki, haqqında göz yaşı tökdüyünüz bu məzlum, qərib və şəhid şəxs Allah və din yolunda öz canından, əzizlərindən, övladlarından və ailəsindən keçdi və bizə dərs verdi.
İmam rəhbər deməkdir. O nə edibsə, biz də onu etməliyik. Bu fədakarlıq İmam Hüseynin (ə) bizə verdiyi böyük dərsdir.
Digər dərs: İnsanların həqiqi dəyərinin müəyyənləşdirilməsi
Aşura hadisəsi haqqında deməliyəm ki, bu hadisə çoxsaylı dərslərlə zəngindir. İnsan nə qədər düşünürsə, Aşuranın dərslərinin düşündüyündən daha çox olduğunu görür. Aşuranın mühüm dərslərindən biri də insanların iki cəbhəyə ayrılmasıdır. Aşura hadisəsi sayəsində insanların həqiqi dəyəri və mövqeyi müəyyənləşdi və bu, böyük bir dərs oldu.
Qan, şəhadət və fədakarlıq məsələsi ortaya çıxmamışdan, insanların çoxu İmam Hüseynin (ə) Mədinədən və ya Məkkədən hansı məqsədlə yola çıxdığını dəqiq bilmirdilər. Buna görə də çoxları onun tərəfdarlığından geri çəkilməmişdi. Çünki məsələ hələ rahat görünürdü.
Kufədə də şəhərin çoxlu başçıları və nüfuzlu şəxsləri İmam Hüseynə (ə) məktub yazaraq onu dəvət etmişdilər. Bu dəvətlər İmamın Mədinədən çıxmasından sonra göndərilmişdi. Onlar hələ məsələnin mahiyyətini bilmirdilər. Belə ağır və sarsıdıcı bir sınağın onları gözlədiyini düşünmürdülər.
Məkkədə də zahirdəki çətinliklərə baxmayaraq, çoxlu insanlar İmam Hüseynlə (ə) birlikdə yola çıxdılar. Çünki hadisələrin sonunun necə olacağı hələ məlum deyildi. Lakin hadisələr öz həqiqi simasını göstərən kimi haqq və həqiqətin tərəfdarları azalmağa başladı. Çətinliklər dünya əhlini uzaqlaşdırdı. Necə ki, İmam Hüseynin (ə) özü bir çıxışında buyurmuşdu...
«النَّاسُ عَبِیدُ الدُّنْیَا وَ الدِّینُ لَعِقٌ عَلَی أَلْسِنَتِهِمْ یَحُوطُونَهُ مَا دَرَّتْ مَعَایِشُهُمْ فَإِذَا مُحِّصُوا بِالْبَلاءِ قَلَّ الدَّیَّانُون»
“İnsanlar dünyanın qullarıdırlar. Din onların dillərinin ucundadır. Yaşayışları təmin olunduğu müddətdə dinin ətrafında dolanırlar. Lakin bəla və sınaqla üzləşdikdə həqiqi dindarların sayı azalır.”
Bu, reallığın təsviri idi. Çətinliklər ortaya çıxanda dindarların sayı azalır, rahatlıq və asayiş olduğu müddətdə isə iddiaçılar çox olur. O gün Məkkə, Mədinə, eləcədə Kufə və bütün İslam dünyasında özünü dinə bağlı və İslamın qeydsiz və şərtsiz davamçısı hesab edən insanlar çox idi. İmam Hüseyni (ə) Peyğəmbərin (s) övladı kimi tanıyan, qəbul edən və hətta ona məhəbbət bəsləyən insanlar da çox idi. Lakin elə həmin adamlar İmam Hüseyn (ə) Məkkədən hərəkət etmək istədiyi gün onunla birgə getməyə hazır olmadılar.
Siz düşünməməlisiniz ki, Abdullah ibn Cəfər və ya İmam Hüseynlə (ə) birlikdə yola çıxmayan digər Bəni-Haşim nümayəndələri onu qəbul etmirdilər. Xeyr. Onların hamısı İmam Hüseyni (ə) imam, Peyğəmbərin (s) övladı və böyük, uca bir şəxsiyyət kimi qəbul edirdilər. Amma çətin olduğuna görə onunla getmədilər.
Müslim ibn Əqilin şəhadəti xəbəri yolda İmam Hüseynə (ə) çatmamışdan əvvəl onunla birlikdə olanların sayı daha çox idi. Kufədən vəziyyətin ağır olduğu və Müslimin qətlə yetirildiyi xəbəri gələndən sonra bir qrup da ondan ayrıldı.
Kufənin özündə də Peyğəmbər övladının imamətinə inandıqlarını bildirən insanlar bir-iki nəfər deyildi. Onların sayı minlərlə idi. Hətta onların arasında şəhərin nüfuzlu başçıları və tanınmış simaları da var idi.
Əgər onların İmam Hüseynə (ə) yazdıqları məktublara diqqət etsəniz, problemin kökünü tapa bilərsiniz. İmam Hüseynə (ə) iki cür məktub yazılmışdı. Hər ikisi də dəvət məktubu idi.
Bir qrup belə yazırdı:
«إنه لیس علینا إمام فأقبل»
“Bizim rəhbərimiz yoxdur, gəl.”
Yəni onlar rəhbər istəyirdilər. Onlara rəhbərlik edəcək, əllərindən tutacaq və addım-addım irəli aparacaq bir imam axtarırdılar. Bu, düzgün baxış idi. Bu məktubları Həbib ibn Məzahir kimi şəxslər imzalamışdılar. Onlar Yezid haqqında, Əməvi hakimiyyəti haqqında yazırdılar.
Digər bir qrup da məktub yazıb dəvət etdi. Lakin onlar İmam Hüseyni (ə) imam və rəhbər kimi deyil, başqa cür çağırırdılar. Əlbəttə, onlar da imam istəyirdilər və onu qəbul edirdilər. Çünki şiə idilər və Kufə əhalisinin əksəriyyəti şiə idi. Amma məktublarının üslubu rəhbər dəvəti deyil, qonaq dəvəti üslubu idi.
Onlar İmam Hüseynə (ə) yazırdılar ki, burada çaylarımız axır, ağaclarımız yaşıldır, bağlarımız məhsuldardır. Sanki bir qonağı dəvət edirdilər! Yəni gəlin, burada maddi rifah və nemətlər çoxdur.
Halbuki İmam Hüseyn (ə) maddi rifah uğrunda mübarizəyə qalxmırdı. O, öz vəzifəsini yerinə yetirmək üçün hərəkət edirdi.
Bu ikinci növ məktubları isə Şəbəs ibn Ribi kimi şəxslər imzalamışdılar. Elə həmin şəxs sonradan İmam Hüseynin (ə) qatillərindən biri oldu.
İmam Hüseynin (ə) hərəkatına baxış iki cürdür: Bir qrup ona dünya gözü ilə baxır, digər qrup isə axirət gözü ilə. Bir qrup izzət, şöhrət, çörək və məqam əldə etmək üçün baxır, digər qrup isə vəzifə və ilahi məsuliyyət baxımından yanaşır.
Məqam, vəzifə, çörək və şöhrət naminə İmam Hüseynin (ə) ardınca gedən şəxs, bunların təhlükə altına düşdüyünü görən kimi deyir: “Xudahafiz, biz getdik!” Artıq onun üçün başqa heç nə önəm daşımır. O, çörək üçün gəlmişdi. Çörək yoxdursa, qalıb nə etsin? Məqam üçün gəlmişdi, məqam yoxdursa və qarşıda yalnız əziyyət və məşəqqət varsa, niyə qalsın? Ona görə də hər şeyi qoyub gedir.
Amma bir qrup insan öz ilahi vəzifəsini yerinə yetirmək üçün gəlmişdi. Onlar üçün fərqi yox idi ki, İmam Hüseyn (ə) şəhid olacaq, yoxsa hakimiyyətə çatacaq. Onlar deyirdilər: “Biz öz vəzifəmizi yerinə yetiririk.”
Onların düşüncəsinə görə vəzifə bundan ibarət idi ki, Peyğəmbərin (s) övladı haqqı bərpa etmək, insanları hidayət etmək və İslam cəmiyyətini idarə etmək üçün qiyam etdiyi zaman möminlər və müsəlmanlar onun arxasında dayanmalı və ona kömək etməlidirlər.
Onlar deyirdilər: “Biz bu vəzifəni yerinə yetirmək istəyirik. Bu yolda isə iki nəticədən biri mümkündür: Ya qələbə qazanıb məqsədə çatacağıq və hər şey əldə olunacaq, ya da öldürüləcəyik. Biz hər iki nəticəyə hazırıq.”
İmam Hüseynin (ə) özü də məhz bu ruhiyyə ilə hərəkət edirdi.
Məhz bunlar son ana qədər İmam Hüseynin (ə) yanında qalan insanlar idi. Onlar Aşura gecəsi də orada idilər, Aşura günü də. Hətta şəhid olmaq üçün bir-birləri ilə yarışır, zarafatlaşırdılar. Çünki ilahi görüşə qovuşacaqlarını və şəhid olacaqlarını bilirdilər.
İmam Hüseynin (ə) tətbiq etdiyi meyar və sınaq məhz bu idi.
Dövrümüzlə İmam Hüseyn (ə) dövrünün ortaq kimliyi və fərqləri
Bizim inqilabımız da həmin hərəkatın davamıdır. Bizim imamımız həmin Hüseynin (ə) övladıdır. İran xalqının və dünya müsəlmanlarının yolu da həmin yolun davamıdır.
Əlbəttə, bu günlə o gün arasında çoxlu fərqlər var. Lakin işin mahiyyəti və kimliyi eynidir.
Deməliyəm ki, o dövrdə zalım hakimiyyətlərin tərəfdarlarının həqiqi İslama və Peyğəmbər (s) Əhli-beytinə qarşı apardıqları təbliğat, fəsad və azğınlıq səbəbindən İmam Hüseynin (ə) tərəfdarları az idi.
Lakin bizim dövrümüzdə vəziyyət fərqlidir. Çünki min üç yüz il ərzində İmam Hüseynin (ə) dərsi və Aşura məktəbi təbliğ olunub, danışılıb, təkrar edilib və insanların yaddaşında yaşadılıb. Buna görə də haqq tərəfdarlarının sayı artıq o qədər az deyildi.
«فَإِذَا مُحِّصُوا بِالْبَلاءِ قَلَّ الدَّیَّانُون»
“İnsanlar bəla ilə sınağa çəkildikdə həqiqi dindarların sayı azalır.”
Bu söz İmam Hüseynin (ə) dövrünə aid idi. Bizim dövrümüzə isə aid deyil.
Bizim dövrümüzdə insanlar çox ağır sınaqlarla üzləşdilər, lakin dindarların sayı azalmadı. Əksinə, cəmiyyətimizin böyük əksəriyyəti möhkəm dayandı...
Rəyiniz