Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Rza (ə)-ın müqəddəs hərəminin zərihinin aşağı hissəsində, zərihin yaxınlığında yerləşən rövzeye münəvvərə adlı məkanda – şəhid Ayətullah Seyid Əli Xameneinin illər boyu böyük təvazö və ixlasla keçərək İmam Rzanın (ə) ziyarətinə yetişdiyi yol – bu gün şəhid Ayətullah Seyid Əli Xameneinin və onun şəhid ailə üzvlərinin pak nəşinin əbədi uyuduğu məkana çevrilmişdir.
İmam Rza (ə)-ın müqəddəs hərəmində yerləşən Darüz-Zikr rəvağı (üstüörtülü dəhliz), şəhid İnqilab rəhbərinin və onun şəhid ailə üzvlərinin dəfn olunduğu məkandır. Ziyarət yolunun mənasını bilənlər üçün bu rəvaq sadəcə bir məkan deyil, İmam Rza (ə)-ın müqəddəs hüzurunda ədəb və ehtiramın parlaq nişanəsidir.
Bu rəvaq zərihin aşağı hissəsində yerləşir. Bu, şəhid Ayətullah Seyid Əli Xameneinin Məşhəd ziyarətləri zamanı daim seçdiyi yol idi. O, bu yolu mənəvi incəlik və sonsuz təvazökarlıqla qət edirdi.
Onun ziyarət yolu özü ayrıca bir təvazökarlıq rəvayəti idi. Bu gün dəfn olunduğu məkanın adı çəkildikdə həmin rəvayət daha dərin məna qazanır.
Şəhid Ayətullah Seyid Əli Xamenei adətən Darüz-Zöhd dəhlizindən hərəmə daxil olardı. Lakin onun ziyarətini əbədi nümunəyə çevirən əsas xüsusiyyət İmamın (ə) zərihinin aşağı hissəsində mənəvi dayanacağı idi. Onun üçün ziyarət yalnız zərihə çatmaq deyildi, eyni zamanda qəlbən bağlı olduğu xüsusi ədəbləri vardı.
O, hər şeydən əvvəl zərihin aşağı hissəsindən müqəddəs məkana daxil olurdu. Sanki əvvəlcə ədəb məqamında dayanır, sonra qəlbin izni ilə nur hərəminə qədəm qoyurdu. Ardınca Darüz-Zikr rəvağından keçərək giriş izni alır, daha sonra Darüs-Sürur rəvağına daxil olurdu. Burada tam bir mənəvi dayanacaq edir, dərin hüzur hissi ilə qalırdı.
Məhz həmin anda "izni duxul" (daxil olma) duasını tam şəkildə oxuyurdu. Bu an onu müşayiət edənlər və hərəm xidmətçiləri üçün sadəcə dini bir davranış deyil, qüdrətlə bəndəlik arasındakı münasibətin canlı dərsi idi.
İslam ümmətinin rəhbəri müqəddəs məkana daxil olmamışdan əvvəl ziyarətdə ədəb, təvazö və mərifətin rəmzi olan bu məkanda dayanırdı. Bu gün isə ilahi təqdir həmin yolu onun əbədi məzarına çevirmişdir.
Bəlkə də bundan sonra bu yoldan keçən hər bir zəvvar vilayət astanasında təvazökarlığın mənasını daha dərindən anlayacaq, ən yüksək məqam sahibi olsan belə, ziyarətə İmam Rzanın (ə) zərihinin aşağı hissəsindən başlamağın və sonda da elə həmin yolda İmam Rzanın (ə) mərhəmət kölgəsində əbədi rahatlıq tapmağın mümkün olduğunu xatırlayacaq.
Rəyiniz