Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ayətullah Əlirza Ərafi, İndoneziyalı alimlər və Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyinə həsr olunmuş beynəlxalq konfransın qonaqları ilə görüşdə çıxış edərək elmi hövzələrin tarixi və beynəlxalq genişlənməsi haqqında danışıb. O bildirib: Bu gün dünyanın 100-dən artıq ölkəsində ilahi maarifə maraq göstərən gənclər önə çıxıblar. Onlar Qum Elmi Hövzəsində qazandıqları biliklərdən istifadə edərək müxtəlif ölkələrdə İslam və humanitar elmlər üzrə mərkəzlər təsis ediblər.
Ayətullah Ərafi əlavə edib: İslam İnqilabından sonra İslam elmləri sahəsində bütün qapılar qadınlara açıldı. Bu gün qardaşlar üçün fəaliyyət göstərən elmi mərkəzlərin sayı qədər qadınlar üçün də məktəb və tədris ocaqları yaradılıb. Qadınlar üçün fəaliyyət göstərən elmi hövzə bu gün İslam, humanitar və əxlaqi elmlərin inkişafı üçün böyük bir mərkəzə çevrilmişdir.
Ayətullah Ərafi qeyd edib ki: Hazırda Qum və İranın müxtəlif bölgələrində qadınlar üçün təqribən 500 elmi hövzə fəaliyyət göstərir. Xarici ölkələrdə də bu qəbildən olan tədris mərkəzləri yaradılmışdır və bu hərəkat Qum Elmi Hövzəsinin təsiri ilə baş vermişdir.
Ölkə hövzələrinin rəhbəri daha sonra vurğulayıb: Qum Elmi Hövzəsinin beynəlxalq miqyasda təsir dairəsi əhəmiyyətli bir məsələdir. Bu elmi mərkəz İslam elmlərinin nurunu bütün dünyaya yayaraq bir çox ölkədə mövcudluq qazanmışdır.
Ayətullah Ərafi Qumun elmi düşüncə sisteminin digər xüsusiyyətlərinə də toxunaraq deyib: Qum Elmi Hövzəsinin xalqla yaxın təması və onlara arxalanması onun əsas sütunlarından biridir. Əgər xalq dəstəyi olmasaydı, bu hövzə formalaşmazdı. Xalq hər zaman dini elmlərin daşıyıcısı və bu institutun əsas dayağı olmuşdur. Məhz bu gücə söykənən İmam Xomeyni İslam İnqilabını həyata keçirdi. Deməli, bizim kimliyimiz və mənəvi köklərimiz xalqa bağlılıqla formalaşır.
Sonda Ayətullah Ərafi vurğulayıb ki: Qum Elmi Hövzəsinin yenidən təsisinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans bir neçə il əvvəl başlamışdı. Lakin təşkilatçılığın kamilliyi və elmi əsərlərin tam şəkildə təqdim olunması üçün tədbirin yekun mərasiminin bu il keçirilməsinə qərar verildi.
Xəbərin sonu.
Rəyiniz