Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Höccətül-İslam vəl-müslimin Əli Abbasi Banqladeşdən olan bir qrup sünni alimlə görüş zamanı onları səmimiyyətlə salamlayaraq qeyd edib:
İslam İnqilabı İslam məzhəblərinin ardıcılları arasında birlik yaratmağa çalışır. Çünki inanır ki, əgər müsəlmanlar izzət və şövkətlərini bərpa etmək istəyirlərsə bir-birinin yanında dayanmalı, birləşməli və qardaş olmalıdırlar. Bu strategiyanın nümunələrindən biri də müsəlmanların yaxınlaşması və qardaşlığına yardım məqsədilə İran İslam Respublikası tərəfindən təsis edilmiş Dünya İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatının yaradılmasıdır.
O, İran İslam Respublikası tərəfindən hər il keçirilən İslam Vəhdəti Konfransına toxunaraq xatırladıb ki, bu beynəlxalq konfrans müxtəlif İslam məzhəblərinə mənsub təsirli şəxsiyyətlərin iştirakı ilə təşkil olunur ki, bir araya gələrək dialoq aparsınlar və İslam dünyasının problemləri qarşısında həmrəy şəkildə fikir mübadiləsi aparıb mövqe müəyyən etsinlər.
Beynəlxalq Əl-Mustafa Universitetinin direktoru çıxışının davamında bu beynəlxalq elmi qurumu təqdim edərək dedi: Əl-Mustafa Universitetni beynəlxalq İslam universiteti olaraq, tələbələrinin 97 faizindən çoxunu 135 müxtəlif millətə mənsub qeyri-iranlı tələbələr təşkil edir. Bu yaxınlaşma strategiyasına əsaslanaraq universitet öz qapılarını müxtəlif İslam məzhəblərinin ardıcıllarına açmışdır ki, onlar öz məzhəblərinin təlimlərinə və müqayisəli baxışa əsaslanaraq dini elmləri öyrənsinlər.
O, İran İslam Respublikasının zülm altında olan Fələstin xalqına və digər müsəlman xalqlara qarşı zalımlar qarşısında hərtərəfli dəstəyini vurğulayaraq bildirdi: Fələstin əhalisinin əksəriyyətini sünnilər təşkil etməsinə baxmayaraq demək olar ki, İran İslam Respublikası İslam ölkələri arasında Fələstin xalqının hüquqlarını müdafiə edən yeganə bayraqdar dövlətdir. İslam İnqilabı inanır ki, müsəlmanların izzət və şövkəti, İslam məzhəbləri və xalqları arasında birlik və əməkdaşlıqdan asılıdır. Onlar birgə hərəkət etməklə İslamın izzətini yenidən dirçəldə bilərlər.
Xubriqan Məclisinin üzvü etiraf etdi: İslam sistemi bu missiyanı yerinə yetirmək üçün çoxsaylı bədəl ödəyib, o cümlədən siyasi təzyiqlərə, sanksiyalara və digər çətinliklərə dözüb. Lakin təəssüf ki, bir çox İslam hökumətləri saxta sionist rejimlə siyasi və iqtisadi əlaqələrə malikdirlər və hətta bir gün belə bu əlaqələri kəsməyə və bu saxta rejimin həyati ehtiyaclarını təmin etməyə son qoymağa hazır deyillər. Digər tərəfdən, elə həmin dövlətlər öz dini və məzhəbi mərkəzlərində İslam dünyasında daimi şəkildə təfriqə (ixtilaf) və təkfirçilik (başqalarını kafir saymaq) ideyalarını yaymaqla məşğuldurlar.
O, hakimiyyət sisteminə xidmət edən media orqanlarının gecə-gündüz müsəlmanlar arasında ixtilaf, bədbinlik və şayiə yaymaq üçün apardığı fəaliyyətə toxunaraq bildirdi: Bu genişmiqyaslı təbliğat təbii olaraq müsəlman xalqlar arasında yanlış və bədbin bir təsəvvür yaradıb. Lakin müsəlman alimlərdən gözlənilir ki, şəxsən meydana girsinlər və öz xalqlarını maarifləndirsinlər. Təəssüf doğurur ki, bəziləri əsassız və tarixi kökü olmayan bəzi yalanlara inanır və onları yayırlar elə bil ki, bu fikirlər onların zehninə yeriyib və heç cür həqiqətə göz açmaq istəmirlər.
Beynəlxalq Əl-Mustafa Universitetinin direktoru Qurani-Kərimin müxtəlif İlahi dinlərin ardıcıllarını dini ortaq nöqtələr ətrafında əməkdaşlıq və birliyə çağırmasına işarə edərək vurğuladı: Quranın göstərişinə baxdıqda bir Allaha, bir peyğəmbərə, eyni kitaba və eyni qibləyə inanan İslam məzhəbləri bəzi məsələlərdə fikir ayrılığına görə ayrılığa və ixtilafa yol verməməlidirlər.
Qurani Kərim bizə münaqişə etməməyi tövsiyə edir. Çünki belə olduqda müsəlmanların izzəti, qüdrəti və şövkəti aradan qalxar. Bu gün elə bir vəziyyətdə yaşayırıq ki, İslam birliyini itirdiyimiz üçün bir neçə milyon sionistin təqribən iki milyard müsəlman üzərində hökmranlıq etməsinə şərait yaranıb.
O, müstəmləkəçiliyin xalqlar üzərində hökmranlıq strategiyasının onların arasında ixtilaf yaratmaq olduğunu bildirdi və dedi: İslam dünyasında şahid olduğumuz faciəli vəziyyət, hər gün gözümüzün önündə cinayətkar sionist rejim tərəfindən onlarla, yüzlərlə günahsız qadın, uşaq və insanın qətl edilməsidir ki, bu da bizim zəifliyimizin və parçalanmağımızın göstəricisidir. Biz İslam ölkələrindən bu rejimə qarşı hərbi müdaxilə gözləmirik, lakin heç olmasa iqtisadi və siyasi əlaqələri kəsərək bu saxta rejimin həyati damarlarını kəsmələrini tələb edirik. Lakin bu dövlətlər, hətta bir gün belə bu əlaqələri kəsməyə hazır deyillər.
Höccətül-İslam vəl-müslimin Abbasi əlavə etdi: Yəməndə bir qrup cəsur və mücahid gənc qəhrəmanlıqla cinayətkar rejimin dəniz yolunu kəsib. Lakin təəssüf doğurur ki, bölgədə görünüşcə müsəlman olan bəzi dövlətlər işğalçı rejim üçün alternativ yollar açıblar. Müsəlmanların izzət və şərəfinin yolu birlik və qardaşlıqdır, və siz alimlər bu sahədə qabaqcıl mövqedəsiniz.
Beynəlxalq Əl-Mustafa Universitetinin direktoru çıxışının sonunda alimləri peyğəmbərlərin varisləri adlandıraraq dedi: Alimlərin vəzifəsi xalqlarını ixtilaf alovuna qarşı maarifləndirməkdir. O, vurğuladı: Bu gün müsəlmanlar arasında mövcud olan mühüm ortaq məsələlər fonunda biz xırda fikir ayrılıqlarına vaxt itirməməli və əsas düşmənlərimizə qarşı diqqətsiz qalmamalıyıq. Ümid edirik ki, İslam alimləri bu sahədə tarixi məsuliyyətlərini yerinə yetirə biləcəklər.
Xəbərin sonu
Rəyiniz