Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Mehdi Mirbaqiri Məhərrəm ayının üçüncü gecəsi Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində çıxış edərək deyib: Fəcr surəsi yüksək mənəvi məfhumlara malikdir və rəvayətə əsasən kim bu surəni nafilə və vacib namazlarda oxuyarsa Qiyamət günü İmam Hüseyn (ə) ilə birlikdə yüksək məqamda olub onunla məhşur olacaqdır.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Bu surəni tilavət etmək ona diqqət yetirmək və onun maarifini dərk etmək Seyyidüş-şühəda İmam Hüseynin (ə) aşiqləri üçün çox önəmlidir. Çünki bu surə batini bir həqiqətə malikdir və böyük aləmdən nazil olmuşdur.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi vurğuladı. Quranın həqiqəti Məsum İmamların qəlblərindədir və insanlar isə paklıq əldə etmək üçün öz mövqeləri miqdarında Quran maarifindən bəhrələnə bilərlər.
O bildirib ki, Fəcr surəsi bir neçə andla başlayır və Quranda Allah-Təalanın and içdiyi mövzular insanın diqqətini çəkmək və məsələnin əhəmiyyətini göstərmək üçündür. O vurğulayıb: Allah-Təala əvvəlcə fəcrə (sübhə və şəfəqə), sonra isə on gecəyə ki, bəzi rəvayətlərdə bu gecələr Məhərrəmin ilk on gecəsi kimi təfsir olunub. Daha sonra “şəf’” (cüt), “vitr” (tək) və gecənin çəkilib getməsinə and içir. Ümumilikdə bu ayələrdə 5 and zikr olunmuşdur.
Höccətül-İslam vəl-müslimin MirBaqiri bildirib ki, Allahın ümməti paklamaq üçün verdiyi fürsət və imkanlardan istifadə etmədən Peyğəmbərlə (s) birlikdə irəliləmək mümkün deyil. O, xatırladıb ki, bu andlar əsasən ağıllı insanlara aiddir və həmin şəxslər Peyğəmbərimizin (s) yanında olan və onunla bu dünyada birlikdə olanlardır.
O əlavə edib: Hər bir peyğəmbərin zamanında, istər insanlardan, istərsə də cinlərdən olan şeytanlar şəklində düşmənlər olub və onlar Allah Rəsulunun (s) İlahi göstərişlərini həyata keçməsinə maneələr törədiblər. Buna görə də ayənin davamında Allah-Taala üç azğın qövm Ad, Səmud və Firon haqqında danışır ki, onlar İlahi qüdrətlə məhv ediliblər.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi qeyd edib: Allah-Taala ümmətin qurulması üçün Rəsulullaha (s) xüsusi imkanlar bəxş etmişdir. Lakin bunun qarşısında İslam ümmətini azdırmaq üçün çoxlu sayda düşmən də mövcuddur. Bu səbəbdən Rəsulullah (s) bu məsələ ilə bağlı çox narahat olmuşdur. Nəticədə Cəbrail (ə) “Qədr” surəsinin ayələrini İslam ümmətinə nazil etmişdir ki, ümmət bu xüsusi yollar vasitəsilə mənəviyyat zirvəsinə yetişə bilsin və meydanda qalib gəlsin.
O əlavə edib: Ümmətin qurulması üçün mütləq şəkildə təhlükəsiz bir ev, amanda olan bir mərkəz mövcud olmalıdır. Həzrət İbrahim (ə) də Kəbəni inşa etməklə öz ümməti üçün belə bir təhlükəsiz və əmniyyətli pak məkanın əsasını qoydu. Həzrət İbrahimdən (ə) sonra isə bütün imkanlar kamil şəkildə Allah tərəfindən İslam Peyğəmbərinə (s) ümmət qurmaq üçün əta olunmuşdur.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü bildirib ki, Təkəbbürlü dünyanın şeytanları da insanları cəlb etmək və özlərinə tabe bir ümmət formalaşdırmaq üçün müxtəlif imkanlar yaradırlar. O deyib: Dünya sevdasına uyanlar maddi bir cəmiyyət qurmaq məqsədilə insanları azdırır, onları mənəvi cəhətdən çirkləndirirlər və dünyanın müxtəlif bölgələrində xüsusi imkanlar yaradaraq insanları müxtəlif növ günah və haramlara cəlb edib məşğul edirlər.
Qum Elmi Hövzəsinin ustadı sonda bildirib: Rəvayətlərə əsasən, İslam ümmətinin həqiqi fəcri və şəfəqi İmam Zamanın (ə.f) zühurudur və “şəf’ və vitr” ifadələri də Həzrət Əli (ə) və Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək varlıqlarına işarə edir. Bu da Allahın Rəsuluna (s) ümmət quruculuğu üçün bəxş etdiyi imkanların bir nümunəsidir.
Xəbərin sonu
Rəyiniz