Höccətül-İslam vəl-müslimin Məhəmmədhəsən Əxtəri paytaxt Tehranda Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib ki, İslam İnqilabı sionist düşmənə məğlubiyyət yaşatdıqdan sonra əvvəlkindən daha qürurlu və başıuca şəkildə yoluna davam edir. O vurğulayıb ki, son müharibənin taleyinə qarşı müqavimət cəbhəsinin tərəfdarlarının diqqəti yönəlmişdi və İran İslam Respublikasının nümayiş etdirdiyi qüdrət onların qəlbini şad, ruhunu isə daha da gücləndirdi.
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının sədri Ayətullah üzma Xameneinin 12 günlük müharibədəki müdrik rəhbərliyinə toxunaraq deyib:
Silahlı qüvvələr Ali Rəhbərin uzaqgörən göstərişləri ilə təcavüzkar sionist rejimi ağır şəkildə cəzalandırdı. Əgər bu təcavüz təkrarlanarsa ikinci cavab daha sərt və sarsıdıcı olacaqdır.
O əlavə edib:
İran İslam Respublikasının qətiyyətli cavabı və ABŞ-ın cəzalandırılması ölkədə ictimai kapitalı və milli özünəinamı daha da artırdı. Bu müharibənin əsas nailiyyəti olan bu dəyərli kapitalı qorumaq və gücləndirmək üçün hər kəs çalışmalıdır.
Höccətül-İslam vəl-müslimin Əxtəri daha sonra qeyd edib:
Qəsbkar sionist rejimin başçıları İran xalqı üçün həmişə nifrət obyektləri olublar. Onların sonuncu vəhşi təcavüzündən sonra bu nifrət daha da dərinləşdi. ABŞ Prezidenti Donald Trampın ölkəmizə qarşı törətdiyi təcavüzü və İnqilabın Ali Rəhbəri haqqında təhqiramiz bəyanatları xalq arasında daha da nifrətə səbəb oldu. Xalqımız şəhid Hacı Qasım Süleymaninin qətli ilə bağlı Trampın törətdiyi böyük cinayəti heç vaxt unutmayacaqdır.
O sonda vurğulayıb:
İslam İnqilabı, Ali Rəhbərin müdrik rəhbərliyi ilə gündən-günə daha da güclənir və möhkəmlənir. Onun nüfuzu və beynəlxalq mövqeyi, xüsusilə də müsəlman xalqlar və müqavimət cəbhəsi arasında getdikcə yüksəlir. Xarici siyasət sahəsində məsuliyyət daşıyan şəxslər öz davranış və mövqelərinə diqqətli olmalıdırlar ki, bu dəyərli strateji kapital zərərə uğramasın.
Rəyiniz