bazar 14 iyun 2026 - 22:39

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzusları İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.

Sünni və şiə məzhəbləri arasında məhdəviyyət mövzusunda ortaq məqamlar

Sünni məzhəbinin alimləri və rəvayətçiləri çoxsaylı hədislərdə “məhdəviyyət düşüncəsi”nin həqiqətinə işarə etmişlər. Bəzi məsələlərdə şiə etiqadı ilə müəyyən fərqlər mövcud olsa da, iki məzhəb arasında bu mövzuda çoxsaylı ortaq məqamlar da vardır.

Həzrət Məhdinin (ə.f) zühur və qiyamının qəti olması

Şiə və sünni məzhəbləri arasında yekdilliklə qəbul edilən ilk məsələ həzrət Məhdinin (ə.f) zühur və qiyamının qəti olmasıdır. Bu məsələ hər iki məzhəbin əsas etiqadi prinsiplərindən biri hesab olunur. Belə ki, onların hədis və rəvayət mənbələrində bu mövzu ilə bağlı onlarla, hətta yüzlərlə rəvayət nəql edilmişdir.

Həzrət Məhdinin (ə.f) nəsəbi

Şiə və sünni arasında müəyyən dərəcədə ortaq baxışın mövcud olduğu məsələlərdən biri də Həzrət Məhdinin (ə.f) nəsəbi və mənşəyidir. Şiə məzhəbi həzrət Məhdinin (ə.f) nəsəbini mübarək atasına qədər tam aydınlıqla bəyan etmişdir. Sünni mənbələrində də bu məsələ ilə bağlı bir sıra rəvayətlər nəql olunmuşdur ki, onlardan bəziləri aşağıdakılardır:

Həzrət Məhdinin (ə.f) Əhli-beytdən (ə) və Peyğəmbərin (s) övladlarından olması

İbn Macə “Sünən” əsərində nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur:

«الْمَهْدِی مِنَّا أَهْلَ الْبَیتِ یصْلِحُهُ اللَّهُ عَزَّ وَ جَلَّ فِی لَیلَةٍ.»؛ (ابن‌ماجه، سنن، ج۲، ح۴۰۸۵؛ کشف الغمة، ج۲، ص۴۷۷؛ دلائل الامامة، ص۲۴۷)

“Məhdi (ə.f) biz Əhli-beytdəndir (ə) və Allah-Taala bir gecədə onun işlərini sahmana salacaqdır.”

İbn Macə, “Sünən”, cild 2, hədis 4085; “Kəşf əl-Ğummə”, cild 2, səh. 477; “Dəlail əl-İmamə”, səh. 247.

Rəsuli-Əkrəm (s) buyurmuşdur:

«یخرج رجل من أهل بیتی عِنْدَ انْقِطَاعٍ مِنَ الزَّمَانِ وَ ظُهُورٍ مِنَ الْفِتَن یکُونُ عَطَاؤُهُ حثیاً.»؛ (ابن ابی شیبه، الکتاب المصنف، ح ۳۷۶۳۹؛ کشف الغمة، ج۲، ص۴۸۳)

“Zamanın sonlarında və fitnələrin aşkar olduğu bir dövrdə mənim Əhli-beytimdən bir kişi zühur edəcəkdir ki, onun bəxşişi olduqca bol olacaqdır.”

İbn Əbi Şeybə, “əl-Kitab əl-Müsənnəf”, hədis 37639; “Kəşf əl-Ğummə”, cild 2, səh. 483.

Sənani “əl-Müsənnəf” əsərində Peyğəmbəri-Əkrəmdən (s) nəql edir:

«...فَیبْعَثُ اللَّهُ رَجُلًا مِنْ عِتْرَتِی من أَهْلِ بَیتِی...»؛ (صنعانی، المصنف، ج۱۱، ح۲۰۷۷۰؛ طبرانی، معجم الکبیر، ج۱۰، ح۱۰۲۱۳)

“Allah mənim itrətimdən və Əhli-beytimdən olan bir kişini göndərəcəkdir.”

Sənani, “əl-Müsənnəf”, cild 11, hədis 20770; Təbərani, “əl-Mucəm əl-Kəbir”, cild 10, hədis 10213.

Həzrət Məhdinin (ə.f) İmam Əlinin (ə) nəslindən olması

Şiə və sünni mənbələrində ortaq şəkildə qeyd olunan məsələlərdən biri də Həzrət Məhdinin (ə.f) İmam Əlinin (ə) nəslindən olmasıdır. Cəlaləddin Süyuti “Əl-Urf əl-Vərdi” əsərində nəql edir ki, Rəsulullah (s) İmam Əlinin (ə) əlindən tutaraq buyurmuşdur:

«سیخرج من صلب هذا فتی یمْلأ الأَرْضَ قِسْطاً وَ عَدْلاً.»؛ (جلال‌الدین سیوطی، الحاوی للفتاوی، کتاب: العرف الوردی، ص ۷۴ و ص۸۸)

“Bu şəxsin nəslindən bir gənc çıxacaq və yer üzünü ədalət və insafla dolduracaqdır.”

Cəlaləddin Süyuti, “əl-Havilil-Fətava”, “Əl-Urf əl-Vərdi”, səh. 74 və 88.

Cüveyni Şafei “Fəraid əs-Səmtəyn” əsərində İbn Abbasdan nəql edir ki, Rəsulullah (s) buyurmuşdur:

«إِنَّ عَلِی بْنَ أَبِی طَالِبٍ علیه‌السلام إِمَامُ أُمَّتِی وَ خَلِیفَتِی عَلَیهَا بَعْدِی وَ مِنْ وُلْدِهِ الْقَائِمُ الْمُنْتَظَرُ الَّذِی یملا الله به الارض عدلا و قسطا کَمَا مُلِئَتْ ظُلْماً وَ جَوْراً...»؛ (جوینی شافعی، فرائد السمطین، ج ۲، ۳۲۷، ح ۵۸۹؛ کمال الدین و تمام النعمة، ج۱، ص۲۸۷، باب ۲۵، ح۷)

“Həqiqətən, Əli ibn Əbi Talib (ə) mənim ümmətimin imamı və məndən sonra onların xəlifəsidir. Onun övladlarından İmam Məhdidir (ə.f) ki, Allah yer üzünü onun vasitəsilə ədalət və rifaha bürüyəcək. Necə ki, bundan əvvəl yer üzü zülm və haqsızlıqla dolmuşdur.”

Cüveyni Şafei, “Fəraid əs-Səmtəyn”, cild 2, səh. 327, hədis 589; “Kəmalüddin və Təmamu Nimə”, cild 1, səh. 287, bab 25, hədis 7.

Həzrət Məhdinin (ə.f) həzrət Fatimənin (s.ə) nəslindən olması

Əhli-sünnə mənbələrində nəql olunmuş çoxsaylı rəvayətlərdə açıq şəkildə vurğulanır ki, həzrət Məhdi (ə.f) həzrət Fatimənin (s.ə) nəslindəndir. İbn Macə Ümmü Sələmədən nəql edir ki, o, Rəsulullahdan (s) belə eşitmişdir:

«الْمَهْدِی مِنْ وُلْدِ فَاطِمَةَ.»؛ (سنن ابن ماجه، ح ۴۰۸۶؛ ابی داود، سنن ابی داود، ج۴، ح۴۲۸۴؛ نعیم بن حماد، الفتن، ص۳۷۵؛ حاکم، المستدرک، ج۴، ص۵۵۷)

“Məhdi həzrət Fatimənin (s.ə) övladlarındandır.”

İbn Macə, “Sünən”, hədis 4086; Əbu Davud, “Sünən Əbu Davud”, cild 4, hədis 4284; Nüəym ibn Həmmad, “əl-Fitən”, səh. 375; Hakim, “əl-Müstədrək”, cild 4, səh. 557.

Həzrət Məhdinin (ə.f) Peyğəmbərlə (s) eyni adı daşıması

Əhli-sünnə və şiə məzhəbləri arasında ittifaq olunan məsələlərdən biri də həzrət Məhdinin (ə.f) adının Rəsulullahın (s) adı ilə eyni olmasıdır.

Məqdisi Şafei, “Əqd əd-Dürər”, səh. 45 və 55.

Zühurun zəminələri

Zühurdan öncə baş verəcək bəzi ictimai hadisələr və dəyişikliklər həm şiə, həm də əhli-sünnə mənbələrində qeyd olunmuşdur.

İnsanların tam ümidsizliyə qapılması

Davud ibn Kəsir ər-Rəqqi deyir: İmam Sadiqə (ə) ərz etdim: “Bu məsələ (zühur) o qədər uzanmışdır ki, qəlbimiz ümidsizliyə qapılmışdır...”

Həzrət (ə) buyurdu:

«هنگامی که ناامیدی از فرج ما بیش از همه چیز شد ... منادی از آسمان به اسم قائم ندا خواهد داد.»؛ (نعمانی، الغیبة، ص۱۸۶، ح۲۹)

“Bizim fərəcimizdən ümidin hər zamankından daha çox kəsildiyi bir vaxtda səmadan bir nidaçı Qaimin adı ilə nida edəcəkdir.”

Nömani, “əl-Ğeybə”, səh. 186, hədis 29.

Məhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur:

«ای علی! ظهور مهدی هنگامی خواهد بود که شهرها دگرگون شده، بندگان خدا ضعیف و از فرج و ظهور مهدی مأیوس گردند؛ در این هنگام، مهدیِ قائم از فرزندان من ظاهر گردد». (قندوزی، ینابیع المودة، ص۵۲۸؛ و نیز ر. ک: البیان فی اخبار صاحب الزمان، ص۴۲، ح۲۱؛ الحاوی للفتاوی، ص۹۲)

“Ey Əli! Məhdinin zühuru o zaman baş verəcək ki, şəhərlərin siması dəyişəcək, Allahın bəndələri zəifləyəcək və insanlar nicatdan, eləcə də Məhdinin zühurundan ümidsiz olacaqlar. Həmin vaxt mənim nəslimdən olan Qaim zühur edəcəkdir.”

Qonduzi, “Yənabi əl-Məvəddə”, səh. 528; həmçinin bax: “əl-Bəyan fi Əxbari Sahib əz-Zaman”, səh. 42, hədis 21; “əl-Havi lil-Fətava”, səh. 92.

Zülmün geniş yayılması

Rəsulullah (s) bu barədə buyurmuşdur:

«لَوْ لَمْ یبْقَ مِنَ الدُّنْیا إِلَّا یوْمٌ لَطَوَّلَ اللَّهُ ذَلِکَ الْیوْمَ حَتَّی یبْعَثَ رَجُلًا مِنْ أَهْلِ بَیتِی یمْلَأُ الْأَرْضَ عَدْلًا وَ قِسْطاً کَمَا مُلِئَتْ ظُلْماً وَ جَوْراً...»؛ (أبو داود، سنن أبی داود, hədis 4282)

“Əgər dünyadan yalnız bir gün belə qalsa, Allah-Taala həmin günü uzadacaq ki, nəticədə Əhli-Beytimdən bir şəxs göndərilsin və o, yer üzünü ədalət və insafla doldursun, necə ki, zülm və haqsızlıqla dolmuşdur.”

Əbu Davud, “Sünən Əbu Davud”, hədis 4282.

Zühur əlamətləri

Rəvayət mənbələrində gələcəkdə baş verəcək bəzi hadisələr “zühur əlamətləri” kimi qeyd olunmuşdur. Bu əlamətlər qəti və qeyri-qəti olmaqla iki yerə bölünür və onların bir qismi həm şiə, həm də əhli-sünnə mənbələrində zikr edilmişdir.

Səmavi nida

Rəsulullah (s) buyurmuşdur:

“Ramazan ayında səmadan bir nida eşidiləcək və deyiləcək ki, Allahın seçilmiş bəndəsi filankəsdir (Məhdi). Ona qulaq asın və ona itaət edin.”

(Nüəym ibn Həmmad, “əl-Fitən”, səh. 93; Məqdisi Şafei, “Əqd əd-Dürər”, səh. 79, 83; həmçinin bax: “Fəraid əs-Səmtəyn”, cild 2, səh. 316; “əl-Havi lil-Fətava”, səh. 73)

İmam Əli ibn Əbi Talib (ə) buyurmuşdur:

“Göydən bir nida səslənəcək ki, haqq Məhəmməd ailəsindədir. Həmin vaxt Məhdi zühur edəcəkdir.”

(Cəfər ibn Məhəmməd İbn əl-Münadi, “əl-Məlahim”, səh. 196, hədis 143)

İmam Sadiq (ə) buyurmuşdur:

«النِّدَاءُ مِنَ الْمَحْتُوم...»؛ (Nömani, “əl-Ğeybə”, hədis 11)

“Nida qəti əlamətlərdəndir.”

Süfyani

Zühur əlamətlərindən biri də Süfyani adlı şəxsin qiyam etməsidir. Şiə hədislərində bu hadisənin qəti olmasına dair çoxsaylı rəvayətlər mövcuddur.

(Nömani, “əl-Ğeybə”, səh. 257, hədis 15; səh. 264, hədis 26; Şeyx Səduq, “Kəmaləddin və Təmam ən-Ni’mə”, cild 2, səh. 650, hədis 5; Tusi, “əl-Ğeybə”, səh. 435)

Eyni zamanda bəzi əhli-sünnə mənbələrində də Süfyani Həzrət Məhdinin (ə.f) zühur əlamətlərindən biri kimi qeyd edilmişdir.

(“əl-Havi lil-Fətava”, səh. 80; “Əqd əd-Dürər”, səh. 76; həmçinin bax: Müttəqi Hindi, “Kənz əl-Ummal”, cild 11, səh. 273)

Beyda çölündə yerin batması

“Xəsf” sözü yerə batma, torpağa çökərək yox olma mənasını ifadə edir. “Beyda” isə Məkkə ilə Mədinə arasında yerləşən bir bölgənin adıdır. Rəvayətlərə əsasən, Süfyani böyük bir ordu ilə Həzrət Məhdiyə (ə.f) qarşı hərəkət edərək Məkkəyə doğru istiqamətlənir. Lakin həmin ordu Məkkə ilə Mədinə arasında yerləşən “Beyda” bölgəsinə çatdıqda möcüzəvi şəkildə yerə batır.

Rəsulullah (s) bu barədə buyurmuşdur:

«...فَیبْعَثُ إِلَیهِ جَیشٌ من الشام حَتَّی إِذَا کَانُوا بِالْبَیدَاءِ خُسِفَ بِهِمْ...»؛ 

“Şam tərəfdən ona qarşı bir ordu göndəriləcək. Onlar Beyda bölgəsinə çatdıqda yerə batırılacaqlar.”

Sənani, “əl-Müsənnəf”, cild 11, səh. 371; həmçinin bax: Təbərani, “əl-Mu’cəm əl-Əvsat”, cild 2, səh. 35; Müttəqi Hindi, “Kənz əl-Ummal”, cild 11, səh. 277, hədis 31513; “əl-Bəyan fi əxbari Sahib əz-Zaman”, səh. 44, hədis 23; “Əqd əd-Dürər”, səh. 80; “əl-Havilil-Fətava”, səh. 71.

Nəfsi Zəkiyyənin qətli

Zühur əlamətlərindən biri də “Nəfsi Zəkiyyə” adlanan pak və günahsız bir şəxsin Rükn ilə Məqam arasında şəhid edilməsidir. Bu hadisə həm şiə, həm də bəzi əhli-sünnə mənbələrində qəti zühur əlamətləri sırasında qeyd olunmuşdur.

(İbn Əbi Şeybə, “əl-Müsənnəf”, cild 8, səh. 679; Müttəqi Hindi, “Kənz əl-Ummal”, cild 11, səh. 277; Cəlaləddin Süyuti, “əl-Havilil-Fətava”, səh. 78)

Həzrət Məhdinin (ə.f) zühuruna aid məsələlər

Zühur işinin bir gecədə hazırlanması

Rəvayətlərə əsasən Həzrət Məhdinin (ə.f) zühuruna aid bütün işlər bir gecə ərzində ilahi iradə ilə hazırlanaraq tam şəkildə formalaşdırılır. Bu məzmun həm şiə, həm də əhli-sünnə mənbələrində qeyd edilmişdir.

(“əl-Bəyan fi əxbari Sahib əz-Zaman”, səh. 31, hədis 11; “əl-Havilil-Fətava”, səh. 69; “Əqd əd-Dürər”, səh. 210)

Zühur yeri

Həzrət Məhdinin (ə.f) zühurunun başlanğıcı ilə bağlı rəvayətlərdə ortaq məqam budur ki, o həzrətin qiyamı Məkkə şəhərindən başlayacaqdır.

(Nömani, “əl-Ğeybə”, səh. 313, hədis 4; səh. 315, hədis 9; Məqdisi Şafei, “Əqd əd-Dürər”, bab 2, səh. 56)

Rəvayətlərdə həmçinin bildirilir ki, zühur Kəbə ətrafında baş verəcəkdir.

Rəsulullah (s) buyurmuşdur:

“İraqdan bir qrup və Şamdan böyük şəxslər həzrət Məhdinin (ə.f) yanına gələcək və rükn ilə məqam arasında ona beyət edəcəklər.”

(Nəim ibn Həmmad, “əl-Fitən”, dördüncü bölmə, səh. 242, hədis 950)

Eyni məzmun başqa bir rəvayətdə də qeyd edilmişdir:

“Onunla rükn ilə məqam arasında beyət ediləcəkdir.”

(“Əqd əd-Dürər”, bab 2, səh. 56)

Mələklərin həzrət Məhdiyə (ə.f) yardıma enməsi

Şiə və sünni mənbələrində ortaq şəkildə qeyd olunan mövzulardan biri də həzrət Məhdinin (ə.f) zühuru zamanı mələklərin ona yardım məqsədilə enməsidir.

(“Əqd əd-Dürər”, səh. 46, 117, 185; “əl-Havilil-Fətava”, səh. 88; “əl-Bəyan”, səh. 84, hədis 53)

Həzrət İsa (ə)-ın zühuru və həzrət Məhdiyə (ə.f) iqtida etməsi

Zühur dövrünün ən mühüm hadisələrindən biri həzrət İsa (ə)-ın yenidən yer üzünə enməsidir. Bu hadisə çoxsaylı rəvayətlərdə geniş şəkildə qeyd edilmişdir.

Rəsulullah (s) buyurmuşdur:

«یلتفت المهدی و قد نزل عیسی بن مریم کانما یقطر من شعره الماء، فیقول المهدی: تقدم، وَصلِّ بالناس فیقول عیسی بن مریم: انما اقیمت الصَّلاة لک فیصلی عیسی خلف رجل من ولدی...»؛ (Məqdisi Şafei, “Əqd əd-Dürər”, səh. 292; Əli ibn İsa Ərbili, “Kəşf əl-Ğummə”, cild 3, səh. 278)

“Həzrət Məhdi (ə.f) görəcək ki, həzrət İsa (ə) yerə enmişdir və sanki saçından su damır. Məhdi (ə.f) ona deyəcək: ‘Önə keç və insanlara imamlıq et.’ Həzrət İsa (ə) isə deyəcək: ‘Namaz sənin üçün qılınmışdır.’ Və o, Həzrət Məhdinin (ə.f) arxasında namaz qılacaqdır.”

Peyğəmbər (s) həmçinin buyurmuşdur:

“Cəbrail mənim yanıma gəlib dedi: Ey Məhəmməd! Allah-Taala Bəni-Haşimdən yeddi üstün xüsusiyyət seçmişdir… və onlardan biri də budur ki, İsa ibn Məryəm onun arxasında namaz qılacaqdır.”

(“əl-Kafi”, cild 8, səh. 50, hədis 10)

İmam Sadiq (ə) buyurmuşdur:

«...وَ ینْزِلُ رُوحُ اللَّهِ عِیسَی ابْنُ مَرْیمَ فَیصَلِّی خَلْفَهُ...»؛ (Şeyx Səduq, “Kəmaləddin və Təmam ən-Ni’mə”, cild 2, səh. 330, hədis 16)

“Allahın ruhu İsa ibn Məryəm yerə enəcək və həzrət Məhdinin (ə.f) arxasında namaz qılacaqdır.”

Həzrət Məhdinin (ə.f) hökumətinin xüsusiyyətləri

Ədalətin bərqərar olunması

Rəvayətlərə əsasən, ədalət və qəsd (insaf) həzrət Məhdinin (ə.f) qiyamının əsas hədəflərindən biridir. Bu mövzu təkcə şiə mənbələrində deyil, həm də çoxsaylı əhli-sünnə hədislərində geniş şəkildə qeyd olunmuşdur.

(İbn Əbi Şeybə, “əl-Müsənnəf”, hədis 19484; Əbu Davud, “Sünən Əbu Davud”, hədis 4282; Təbərani, “əl-Mucəm əl-Kəbir”, hədis 10219 və 10220)

Ümumi rifah və rifah səviyyəsinin yüksəlməsi

Həzrət Məhdinin (ə.f) hökumətinin digər mühüm xüsusiyyətlərindən biri də ümumi rifah və sosial firavanlıqdır. Bu xüsusiyyət həm şiə, həm də sünni mənbələrində qeyd edilmişdir.

(“əl-Bəyan”, səh. 43, hədis 22; “əl-Havilil-Fətava”, səh. 71; “Əqd əd-Dürər”, səh. 195)

Rəsulullah (s) buyurmuşdur:

«یکون فی امتی المهدی ... تعیش امتی فی زمانه عیشاً لم تعشه قبل ذلک.»

(İbn Əbi Şeybə, “əl-Müsənnəf”, cild 7, hədis 19484)

“Mənim ümmətimdə Məhdi olacaq… onun dövründə ümmətim elə bir həyat yaşayacaq ki, ondan əvvəl heç vaxt belə yaşamamışdır.”

Həmçinin buyurmuşdur:

«یکُونُ فِی أُمَّتِی الْمَهْدِی ... یتَنَعَّمُ فِیهِ أُمَّتِی نِعْمَةً لَمْ یتَنَعَّمُوا مِثْلَهَا قَطُّ.»

(İbn Macə, “Sünən”, hədis 4083; Əli ibn İsa Ərbili, “Kəşf əl-Ğummə”, cild 3, səh. 257)

“Mənim ümmətimdə Məhdi olacaq… onun dövründə insanlar elə nemətlərdən bəhrələnəcəklər ki, ondan əvvəl heç vaxt belə nemət görməmişlər.”

Həzrət Məhdinin (ə.f) hökumətindən ümumi razılıq

Rəvayətlərə əsasən, həzrət Məhdinin (ə.f) zühurundan sonra bütün insanlar onun ədalətli hakimiyyətindən razı qalacaqlar. Bu məzmun həm şiə, həm də əhli-sünnə mənbələrində qeyd olunmuşdur.

(Sənani, “əl-Müsənnəf”, hədis 20770; “əl-Bəyan”, səh. 42, hədis 21; “əl-Havilil-Fətava”, səh. 69; “Əqd əd-Dürər”, səh. 73; “Fəraid əs-Səmtəyn”, cild 2, səh. 310, hədis 561)

Ümumi təhlükəsizlik və ictimai sabitlik

Zühur dövrünün ən mühüm xüsusiyyətlərindən biri yer üzündə tam və hərtərəfli təhlükəsizliyin bərqərar olmasıdır. Bu məzmun bəzi əhli-sünnə mənbələrində də qeyd edilmişdir.

(Məqdisi Şafei, “Əqd əd-Dürər”, səh. 207)

İmam Baqir (ə) bu barədə buyurmuşdur:

“Vallah, (Məhdinin (ə.f) tərəfdarları) o qədər mübarizə aparacaqlar ki, yer üzündə Allahın birliyi qəbul ediləcək və ona şərik qoşulmayacaq. Hətta yaşlı və zəif bir qadın dünyanın bir tərəfindən digər tərəfinə səfər edəcək, lakin heç kim ona toxunmayacaq.”

(Təbərani, “əl-Mucəm əl-Kəbir”, cild 8, səh. 179)

Cəmiyyətdə ehtiyac hissinin aradan qalxması

Zühur dövrünün digər xüsusiyyəti insanların daxilən tam mənəvi və maddi rahatlıq və ehtiyacsızlıq hissi yaşamasıdır. Rəsulullah (s) bu barədə buyurmuşdur:

«أُبَشِّرُکُمْ بِالْمَهْدِی ... وَ یمْلَأُ اللَّهُ قُلُوبَ أُمَّةِ مُحَمَّدٍ غِنًى...»

(Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 3, səh. 37; Məqdisi Şafei, “Əqd əd-Dürər”, bab 8, səh. 219)

“Sizə Məhdi ilə müjdə verirəm… Allah Məhdi vasitəsilə Məhəmməd ümmətinin qəlblərini ehtiyacsızlıqla dolduracaqdır.”

(Həmçinin bax: “əl-Bəyan”, səh. 61, hədis 38; “əl-Havi lil-Fətava”, səh. 76)

İslamın digər dinlər üzərində üstünlüyü

Zühur dövrünün ortaq qəbul edilən xüsusiyyətlərindən biri də İslam dininin digər bütün dinlər üzərində üstünlük qazanmasıdır.

(“Əqd əd-Dürər”, səh. 95)

Həzrət Məhdinin (ə.f) ümumbəşəri hakimiyyəti

Çoxsaylı rəvayətlərdə həzrət Məhdinin (ə.f) hakimiyyətinin qlobal xarakter daşıdığı bildirilmişdir. Rəsulullah (s) buyurmuşdur:

«... یبایع له الناس بین الرکن و المقام، یرد الله به الدین و یفتح له فتوحاً، فلا یبقی علی وجه الارض إلا من یقول: لا إله إلا الله.»

(Məqdisi Şafei, “Əqd əd-Dürər”, bab 2, son hədislərdən)

“İnsanlar onunla rükn və məqam arasında beyət edəcəklər. Allah onun vasitəsilə dini bərpa edəcək və fəthlər açacaq. Nəhayət yer üzündə ‘La ilahə illəllah’ deyənlərdən başqa kimsə qalmayacaq.”

İmam Sadiq (ə) buyurmuşdur:

«إِذَا قَامَ الْقَائِمُ لا تَبْقَی أَرْضٌ إِلا نُودِی فِیهَا شَهَادَةُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ»

(Əyyasi, “Təfsir əl-Əyyasi”, cild 1, səh. 207, hədis 81)

“Qaim (ə.f) qiyam etdikdə elə bir yer qalmayacaq ki, orada ‘La ilahə illəllah və Məhəmmədən Rəsulullah’ şəhadəti səsləndirilməsin.”

Qeyd etmək lazımdır ki, həzrət Məhdinin (ə.f) cismani xüsusiyyətləri barədə də həm şiə, həm də əhli-sünnə mənbələrində çoxsaylı ortaq rəvayətlər mövcuddur.

Bu mövzuların ardı var …

Mənbə: “Dərsnamei-Məhdəviyyət” kitabından müəyyən dəyişiklərlə

Müəllif: Xudamurad Səlimiyan

Rəyiniz

You are replying to: .
captcha