Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, sionizmi dəstəkləyən qlobal şirkətlərin məhsullarına qarşı boykot kampaniyaları Fələstin xalqının hüquqlarını müdafiə etmək məqsədilə vətəndaş cəmiyyəti fəaliyyətlərinin mühüm və təsirli mübarizə vasitələrindən birinə çevrilib. Bu çərçivədə Tunisdəki fəallar da Fələstin xalqı ilə geniş həmrəylik əsasında sionist rejimi dəstəkləməkdə və ya onunla əməkdaşlıq etməkdə ittiham olunan şirkət və qurumları hədəfə alan qlobal kampaniyaya qoşulublar.
Boykot strateji təzyiq vasitəsi kimi
Bu barədə danışan Tunisin Fələstin Hüquqlarını Müdafiə Koalisiyasının rəhbəri Sadiq Əmmar «Əl-Əhd» xəbər portalına müsahibəsində boykotun mahiyyətini, onun tarixi və mübarizəvi ölçülərini təhlil edib və vurğulayıb ki, bu hərəkat dünyanın müxtəlif bölgələrində hələ də davam edir.
O izah edib ki, boykot müasir dövrdə meydana çıxmış bir vasitə deyil, əksinə müstəmləkəçilik dövründən istifadə olunan mübarizə irsinin bir hissəsidir. Əmmar Mahatma Qandinin ingilis müstəmləkəçilərinə qarşı toxuculuq şirkətlərinin boykotundan istifadə etməklə ciddi iqtisadi zərbələr vurduğunu və nəticədə həmin şirkətlərin əksəriyyətinin İngiltərəyə qayıtmağa məcbur olduğunu xatırladıb.
Əmmar qeyd edib ki, boykot bu gün siyasət, fikir və mədəniyyət də daxil olmaqla müxtəlif müqavimət vasitələrindən biridir və onların hamısı azadlıq uğrunda mübarizə kimi ortaq məqsəd ətrafında birləşir.
O bildirib ki, Tunisin Fələstin Hüquqlarını Müdafiə Koalisiyası ötən ilin oktyabrında müharibə başlayandan bəri sionist rejimi dəstəkləyən şirkətlərə qarşı şüarlar səsləndirmək məqsədilə çoxsaylı mitinq və meydan aksiyalarının təşkilində iştirak edib. Koalisiya Tunis xalqını və digər ərəb xalqlarını bu yolun çətinliyini dərk etmələrinə baxmayaraq, boykotu Fələstin hüquqlarının müdafiəsinin bir forması kimi qəbul etməyə çağırıb.
Xalqların silahı
Tunisdə boykot artıq sadəcə istehlak davranışı olmaqdan çıxaraq, Fələstin məsələsinə dəstəkdən qaynaqlanan ictimai şüurun ayrılmaz hissəsinə və mənəvi-siyasi mövqeyə çevrilib. Son illərdə boykot tunisli vətəndaşların İsrail rejimi ilə hər hansı normallaşmaya və ya işğalçılığın dəstəklənməsinə qarşı etirazını ifadə edən dinc təzyiq vasitəsinə çevrilib.
Tunisdəki fəallar hesab edirlər ki, boykot yalnız məhsulları hədəfə almır. Onun məqsədi düşmənin həm maddi, həm də mənəvi mühasirəyə alınması və istehlakçının maarifləndirilməsidir. Belə ki, xərclənən hər bir dinarın ictimai vicdanın rədd etdiyi siyasətlərin maliyyələşdirilməsində rol oynaya biləcəyi barədə cəmiyyətdə şüur formalaşdırılır.
Tunisdə hədəf alınan şirkətlər
Tunisdəki boykot kampaniyaları əsasən işğalçı rejimi dəstəkləməkdə ittiham olunan və ya onunla birbaşa investisiya əlaqələri olan beynəlxalq brendlərlə françayzinq (kommersiya imtiyazı) müqavilələri bağlamış şirkətləri hədəf alır. Son dövrlərdə boykot çağırışlarının ünvanlandığı ən məşhur adlardan biri “Karfur” mağazalar şəbəkəsidir. Kampaniya iştirakçıları bu şirkəti işğalçı rejimi dəstəkləyən qruplarla əlaqədə olmaqda ittiham edirlər. Bununla belə, şirkətin Tunisdəki filialları işçilərinin və rəhbərliyinin tunisli olduğunu vurğulayaraq ana şirkətin mövqeyindən uzaq olduqlarını göstərməyə çalışırlar.
Hədəfə çevrilən şirkətlər ictimai qəzəbi azaltmaq və bazardakı paylarını qorumaq məqsədilə çox vaxt izahlı bəyanatlar yaymağa və ya Qəzzaya humanitar yardımlar göndərilməsi ilə bağlı kampaniyalar həyata keçirməyə məcbur olurlar. Bu isə boykot kampaniyalarının onların gəlirlərinə real təsir göstərdiyini nümayiş etdirir.
Tunis bazarını izləyən iqtisadi hesabatlar göstərir ki, boykot kampaniyaları nəzərəçarpacaq nəticələr verib və satışların azalmasına səbəb olub. Belə ki, bəzi beynəlxalq brendlər ticarət dövriyyəsində ciddi geriləmə ilə üzləşiblər. Bu azalma bəzi dövrlərdə diqqətçəkən faiz göstəricilərinə çatıb və həmin şirkətləri müdafiə xarakterli tədbirlər görməyə vadar edib.
Eyni zamanda, yerli alternativ məhsullara və Tunis sənayesinin istehsal etdiyi mallara maraq artıb. İstehlak bazarı üzrə mütəxəssislər bunu milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirirlər.
Hazırda boykot məsələsi Tunis cəmiyyətində ictimai rəyə çevrilmiş bir mövzudur. Fəallar şirkətlərin işğalçılarla əlaqələrini sənədləşdirir, həmçinin sionist rejimlə normallaşmanı cinayət hesab edən qanunların tətbiq olunmasını tələb edirlər.

Tunis
Rəyiniz