Ayətullahul-üzma Cavadi Amuli:
İslam fəlsəfəsinin Qərb fəlsəfəsi ilə əlaqəsi qorunaraq müqayisəli şəkildə tənqid və təhlil olunmalıdır
Hövzə / Ayətullahul-üzma Cavadi Amuli, mərhum Əllamə Təbatəbainin elmi və mənəvi şəxsiyyətini yüksək qiymətləndirərək bildirib ki, o, yalnız müdrik bir filosof və böyük bir fəqih deyil, həm də mənəvi süluk və xalis bəndəliklə kamilliyin üstün mərhələlərinə yüksəlmiş mükəmməl bir insan idi.
Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Cavadi Amuli Əllamə Təbatəbainin əsərlərini araşdıran tədqiqatçılarla görüşündə onun yüksək elmi və mənəvi nailiyyətlərini təqdir edərək vurğulayıb:
“Mərhum Əllamə Təbatəbai həm fəlsəfə, həm də fiqh sahəsində dərin biliyə malik olmaqla yanaşı, mənəvi süluk və ixlaslı ibadət sayəsində elə bir insani kamala çatmışdı ki, bu səviyyəyə çox az adam nail ola bilir.”
Ayətullahul-üzma Cavadi Amuli özünün mərhum Əllamə Təbatəbai ilə, həmçinin onun bəzi tələbə və övladları ilə yaxın münasibətlərindən bəhs edərək bildirib ki, bu böyük alimin həyat və yaradıcılığında araşdırmaçılar tərəfindən hələ də yetərincə araşdırılmamış məqamlar mövcuddur. O, vurğulayıb:
“Mərhum Əllamənin əsərlərində elə dəyərli fikirlər var ki, onları nə hövzə, nə də universitet dərsliklərində tapmaq mümkün deyil. O, rəsmi dini təhsil yolundan əlavə, mənəvi və şühudi bir yolu da seçmişdi.”
Ayətullahul-üzma Cavadi Amuli, Əllamə Təbatəbainin görkəmli tələbələri və böyük dini şəxsiyyətlərlə bağlı xatirələrini yada salaraq, onun “elmi və əməli iris”nin İslam elmləri hövzələrində yenidən canlandırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, İslam fəlsəfəsinin Qərb fəlsəfəsi ilə əlaqəsi qorunaraq müqayisəli şəkildə tənqid və təhlil olunmalıdır. Eyni zamanda, hövzə və universitetlər arasında yaxınlaşmanı təmin etmək üçün elmi və məntiqi həll yolları tərtib olunmalıdır.
Rəyiniz