Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Həzrət Abbasın (ə) müqəddəs Hərəminin rəhbərliyi bu gün, cümə günü hicri-qəməri tarixi ilə İraq təqviminə əsasən, 20 Səfər 1447 (İranda 21 Səfər), 15 avqust 2025-ci il tarixində verdiyi rəsmi bəyanatda bildirmişdir ki, bu il keçirilən İmam Hüseynin (ə) Ərbəin ziyarətində 21.103.524 zəvvar iştirak edib.
Məlumata əsasən, zəvvarların Kərbəla şəhərinə daxil olmasının dəqiq qeydə alınması üçün süni intellektə əsaslanan müasir elektron hesablama sistemi tətbiq olunub. Bu sistem zəvvarların hərəkət marşrutlarında və müqəddəs Hərəmin giriş qapılarında quraşdırılmışdır.
Bəyanatda, həmçinin bu fikirlərə yer verilmişdir:
“Biz Ərbəin günlərinin matəmini İmam Zaman (ə.f), böyük mərcəyi-təqlidlərə və bütün İslam aləminə xüsusən də peyğəmbərlər, övliyalar və salehlər diyarı olan İraq xalqına təbrik və başsağlığı veririk. Uca Allahdan İslam torpaqlarının qorunmasını, zəvvarların isə sağ salamat şəkildə öz şəhər və ölkələrinə qayıtmasını diləyirik.
Müqəddəs Kərbəla on üç əsrdən artıqdır ki, İmam Hüseynin (ə) və onun əziz qardaşı Həzrət Əbülfəzl-Abbasın (ə) hərəmi Ərbəin mərasimlərində milyonlarla zəvvara şərait yaradır. Bu il də müqəddəs Hərəmlər tərəfindən zəvvarlara tibbi, xidmət və mərsiyə proqramları da daxil olmaqla müxtəlif xidmətlər göstərilmişdir.
Qeyd edək ki, zəvvarların giriş statistikasının elektron hesablama sistemi vasitəsilə sənədləşdirilməsi ardıcıl olaraq onuncu ildir ki, Həzrət Abbasın (ə) müqəddəs Hərəminin Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Şöbəsi tərəfindən həyata keçirilir. Eyni zamanda, Kəfil İnformasiya və Statistik Araşdırmalar Mərkəzi Kərbəla şəhərində təqdim olunan digər xidmətlərin analitik sənədləşdirilməsini öz üzərinə götürmüşdür.
Elektron hesablama sisteminin məlumatına əsasən, bu il Kərbəlanın beş əsas giriş yolunda (Bağdad–Kərbəla, Bağdad–Cəmaliyyə, Nəcəf–Kərbəla, Babil–Kərbəla və Hüseyniyyə–Kərbəla yolları) aparılan hesablamalara görə, 1 Səfərdən 20 Səfər saat 18:00-dək Kərbəlaya daxil olan zəvvarların ümumi sayı 21.103.524 nəfər olmuşdur.
Bəyanatın sonunda əvvəlki illərin statistikası ilə müqayisəli cədvəl də təqdim olunmuşdur.
Rəyiniz