şənbə 23 avqust 2025 - 19:58
İslam Peyğəmbərinin  (s) ailə münaqişələrinin qarşısını almaq üçün göstərdiyi üsullar və yanaşmalar

Hövzə / İslam Elmləri və Mədəniyyətinin Araşdırmaları İnstitutunun elmi heyət üzvü bildirib ki, məsumların (ə) kəlamlarında ər-arvadın qarşılıqlı hüquqlarının önəminə xüsusi diqqət çəkilmişdir. Onun sözlərinə görə, şəri hüquq və vəzifələrlə yanaşı, ailə həyatını aramlıq və səadətə qovuşduran əsas amillər həmrəylik, çətinliklərə dözümlülük və ixtilafların düzgün idarə edilməsidir. Məsumlar (ə) isə bu məsələlərin qarşısını almaq üçün aydın və dəqiq göstərişlər təqdim etmişlər.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, İslam Elmləri və Mədəniyyətinin Araşdırmaları İnstitutunun elmi heyət üzvü Hüseyn Qazixani cümə günü avqustun 22-də, onlayn şəkildə keçirilən «insanlıq üçün gözəl nümunə olan rəhmət peyğəmbəri» adlı silsiləli mühazirələrin davamında «evlilik məsələsində Peyğəmbərin (s) önləyici tövsiyələrində ər-arvadın qarşılıqlı hüquqları» mövzusunda çıxış etmişdir. O, söhbətinə belə başlamışdır:Bu gün müzakirə edəcəyimiz mövzu evlilik məsələsində Peyğəmbərin (s) buyurduğu göstərişlərində ər-arvadın qarşılıqlı hüquqlarıdır. Bildiyimiz kimi məsumların (ə) kəlamlarında xüsusi vurğulanan məsələlərdən biri də həyat yoldaşlarının bir-birinin üzərində olan hüquqlarıdır.

O, çıxışının davamında qeyd etmişdir ki, bu mövzu ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur və həmin rəvayətlərdə ər-arvad hüquqları xüsusi şəkildə vurğulanmışdır. İlk hədis mənbələrimizə nəzər saldıqda görürük ki, bu rəvayətlər üçün ayrıca fəsillər ayrılmışdır. Məsələn, «Kafi» adlı mötəbər kitabın «nikah» bölməsində «kişinin qadın üzərində olan haqqı» və «qadının kişi üzərində olan haqqı» barəsində xüsusi fəsillər mövcuddur.

Qazixani vurğulamışdır ki, ailə həyatında münasibətlər təkcə fiqhi və hüquqi çərçivələrlə məhdudlaşmır. Bu məsələlər daha çox münaqişə və ixtilaf zamanı özünü göstərir. Adətən ailə həyatında kişilər çalışırlar ki, ailənin əsas ehtiyaclarını təmin etsinlər və onları çətinlik içində qoymasınlar.

Eyni zamanda qadınlar da evdəki əsas vəzifələrinin hüquqi əsasına baxmadan, ailənin işlərini qaydaya salmağa çalışır və çox zaman çətinliklərə və məhrumiyyətlərə dözərək ailəni aramlıq və rahatlığa doğru çıxarmağa səy göstərirlər.

Elmi heyətin üzvü bildirib ki, ümumiyyətlə hüquq və vəzifələrin hüdudundan kənarda, ailə həyatını səadət və aramlığa çatdıran amil qarşılıqlı həmrəylik və anlayışlı olmalıdır. Kişi və qadın birgə çətinliklərə sinə gərərək ailə ocağını qoruyurlar və bu yolda bütün güclərini sərf etməlidirlər ki, münaqişə və ixtilafların yaranmasının qarşısını alsınlar.

O əlavə etmişdir: Əgər ixtilaf baş verərsə, əsas məsələ onun düzgün idarə olunmasıdır. Münaqişələrin qarşısını almaq, yaxud onlar baş verdikdə onları doğru şəkildə idarə etmək üçün məsumların evlilik sahəsində ortaya çıxan problemlərin həllinə dair müxtəlif göstərişləri vardır. Bu təlimlərə diqqət yetirmək bizim üçün olduqca faydalı ola bilər. Başqa sözlə desək, bu göstərişlər ailə həyatının yolunu işıqlandıran bir məşəldir.

Düşünülmüş şəkildə həyat yoldaşı seçmək ailə münaqişələrinin qarşısını almağın ən mühüm yoludur

İslam Elmləri və Mədəniyyətinin Araşdırmaları İnstitutunun elmi heyət üzvü, Peyğəmbər (s) dövründə ər-arvad arasında ixtilaf yaradan amillərə işarə edərək bildirmişdir ki, məsumların (ə)  evlilik məsələsində ortaya çıxan problemlərin həllinə dair tövsiyələrinə riayət etmək, ailə həyatının uğurlu olması üçün əsas şərtdir. Əgər bu prinsiplərə etinasız yanaşılsa, qarşılıqlı hüquqlara riayət etməkdə də ciddi çətinliklər meydana çıxacaqdır.

Elmi heyətin üzvü əlavə etmişdir: Ədalətli hüquq münasibətlərinə əsaslanan və münaqişələrin qarşısının alına bildiyi bir ailə həyatına çatmağın yolu, İslam Peyğəmbərinin (s) və məsumların (ə) sünnəsində qeyd olunan qabaqcıl göstərişlərə diqqət yetirməkdir. Bu göstərişlərə həm nişan və evlənmə mərhələsində, həm də birgə həyatın davamı prosesində əməl olunmalıdır ki, ər-arvad münasibətləri sağlam təməllər üzərində formalaşaraq uğurlu həyata gətirib çıxarsın.

O, vurğulamışdır ki, bu göstərişlərə əməl edilmədikdə, qarşılıqlı hüquqların qorunması da çətinləşəcək. Məhz bu səbəbdən müzakirənin əsas mövzusu budur ki, ailə hüquqları ilə bağlı təqdim edilən bu önləyici qaydalar əgər diqqətlə dəyərləndirilsə (yalnız hüquqların qorunmasına deyil) ər-arvad arasında daha dərin və möhkəm münasibətlərin yaranmasına da zəmin hazırlayır.

Qazixani qeyd etmişdir: Əgər bu prinsiplərə məhəl qoyulmasa, qarşılıqlı hüquqlar da düzgün şəkildə qorunmayacaq. Buna görə də öncə Peyğəmbər (s) dövründə ər-arvad arasında ixtilaf yaradan amillərə nəzər salmaq lazımdır ki, həmin zəmin üzərində Rəsulullahın (s) tövsiyə etdiyi önləyici göstərişləri daha yaxşı anlamaq və dəyərləndirmək mümkün olsun.

O, ixtilafların amillərini qruplaşdıraraq demişdir: Birinci və ən mühüm amil həyat yoldaşı seçimi məsələsidir. Başqa sözlə, tərəflərin bir-birini sevməsi və birgə yaşamağı qəbul etməsidir. Ailə həyatının başlanğıcında ilk şərt budur ki, ər-arvad bir-birinə dözümlü ola bilsin və aralarında sevgi və məhəbbət hökm sürsün. Uğurlu həyat yalnız o zaman mümkün olur ki, seçim düşünərək düzgün şəkildə və məhəbbət əsasında edilsin. Təcrübəyə əsasən məcburi seçim ilə ailə quranlar adətən  mübahisəli və münaqişəli həyat sürürlər.

Elmi heyətin üzvü əlavə etmişdir: Bu məsələdə ailələrin və yaxınların da rolu var. Hərçənd ki, övladlar evlənərkən valideynlərinin və böyüklərinin rəyinə hörmət etməlidirlər. Lakin buda nəzərə alınmalıdır ki, axırda birgə yaşayacaq olanlar qız və oğlandır. Buna görə də həyat yoldaşı seçimi onların istək və meyli əsasında həyata keçirilməlidir. Tarixi təcrübə göstərir ki, bu mövzu hətta Peyğəmbərin (s) dövründə də xüsusi həssasiyyət kəsb etmişdir. İmam Həsən Müctəbanın (ə) davranışları da bu mövzuda diqqətəlayiq nümunə kimi nəql olunmuşdur.

O belə qeyd etmişdir: “Beləliklə, ixtilafların ilk zəmini həyat yoldaşı seçimi məsələsidir. Əgər ailələr övladlarının seçiminə dözümlülük göstərməsələr, yaxud övladlar valideynlərinin fikrinə qarşı müqavimət göstərsələr, bu zaman ziddiyyət və qarşıdurma meydana çıxır. Belə halların qarşısını almaq üçün isə Rəsulullahdan (s) nəql olunan önləyici göstərişlərə ciddi diqqət yetirmək lazımdır.

Qazixani sözünə davam edərək bildirmişdir: Ər-arvad arasında münaqişəyə səbəb olan digər amil fərdi xüsusiyyətlərdir. Bu xüsusiyyətləri həm fiziki, həm də əxlaqi baxımdan nəzərə almaq olar. Hədislərdə daha çox əxlaqi xüsusiyyətlər vurğulansa da bu, fiziki xüsusiyyətlərə etinasız yanaşmaq demək deyildir. Hərçənd ki, fiziki xüsusiyyətlər həyat yoldaşı seçiminin həlledici meyarı kimi ön plana çıxmır, lakin onların tamamilə nəzərə alınmaması da münasib nəticə verməz.

O əlavə etmişdir: İslamın ilkin dövrlərində nəql olunmuşdur ki, bir qadın Peyğəmbərin (s) hüzuruna gələrək ərinin sifətinə baxmağa tab gətirmədiyini, onun görkəminin xoşagəlməz olduğunu və hər dəfə üzünə baxanda narahatlıq keçirdiyini söyləmişdir. Bu kimi hadisələr göstərir ki, əgər evliliyin başlanğıcında belə məsələlərə diqqət yetirilsə, gələcəkdə ciddi problemlərin yaranmasının qarşısı alınar. Əks halda İslam Peyğəmbəri (s) bu kimi hallara dair sonradan həll yolları təqdim etməli olurdu.


İslam Peyğəmbərinin ailə münaqişələrinin qarşısını almaq üçün verdiyi tövsiyələri

İslam Elmləri və Mədəniyyətinin Araşdırmaları İnstitutunun elmi heyət üzvü, İslam Peyğəmbərinin (s) həyat tərzinə işarə edərək demişdir: Əksər ailədaxili münaqişələr evlilikdə həyat yoldaşlarının bir-birinə uyğunluğu prinsipinə laqeydlikdən, rabitənin düzgün qurulmamasından, qarşılıqlı sevgi və mərhəmət münasibətlərinin zəifliyindən, maliyyə vəzifələrinin icrasına etinasızlıqdan qaynaqlanır. Halbuki, Peyğəmbər (s) bu məsələlərin idarə olunması və qarşısının alınması üçün aydın və əsaslı göstərişlər təqdim etmişdir.

Elmi heyət üzvü daha sonra belə vurğulamışdır: Ər-arvad arasında ixtilafların mühüm səbəblərindən biri də evlilikdə uyğunluq məsələsidir. İslam rəvayətlərində qeyd olunmuşdur ki, həyat yoldaşı seçimində dini, əqidəvi, əxlaqi və ictimai baxımdan uyğunluğa diqqət göstərilməsi bir çox ixtilafların qarşısını alır. Bu isə onu göstərir ki, həyat yoldaşı seçimini yalnız zahiri və ya maddi meyarlara əsaslandırmaq kifayət deyildir. Əksinə dini və əxlaqi baxımdan da uyğunluq olmalıdır ki, həyat birgə anlayış və qarşılıqlı anlaşma üzərində möhkəm təməllər qazansın.

O, daha sonra ər-arvad münasibətlərində ünsiyyətin roluna toxunaraq demişdir: Qadınla kişinin düzgün ünsiyyəti ailədə aramlıq yaradan və ixtilafları azaldan mühüm amildir. Bir çox ailələrdə ər-arvad bir-birini anlamadıqlarından və ya demək istədikləri məna düzgün ötürülmədiyindən şikayətlənirlər. Bu isə ailədə rabitə bacarıqlarının zəif olduğunu, sağlam dialoqun formalaşmadığını göstərir. Əgər mesaj düzgün vaxtda və münasib mühitdə çatdırılmasa, həmrəylik və anlayış əvəzinə, ixtilaf və gərginliyə yol açacaqdır.

Qazixani bir tarixi nümunəni izah edərək demişdir: İslam Peyğəmbərinin (s) həyat tərzində belə nəql olunur ki, bir qadın öz övladını itirmişdi. Əri işindən evə qayıtdığı zaman qadın dərhal bu acı xəbəri ona demədi. Əksinə əvvəlcə evdə sakit və rahat bir mühit yaratdı, yeməyi hazırladı, sonra münasib bir vaxtda bu xəbəri ərinə bildirdi. Peyğəmbər (s) bu davranışı təsdiqləmiş və bunu sağlam düşüncənin, müdrikliyin və qarşılıqlı anlayışın nümunəsi hesab etmişdir. Bu tarixi hadisə göstərir ki, məsələlərin açıqlanması üçün doğru vaxtın seçilməsi, çoxsaylı qarşıdurmaların qarşısını ala bilər.

O, vurğulamışdır ki, mesajın düzgün zamanda ötürülməsi, bir-birini dinləmək bacarığı və qarşılıqlı anlayış, ər-arvad arasında ixtilafları azaldan ən mühüm amillərdəndir.

Hövzə və universitet müəllimi cənab Qazixani Quran ayəsinə istinad edərək əlavə etmişdir: Allahın nişanələrindən biri də budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları yaratdı ki, onların yanında aramlıq tapasınız. Sonra qeyd etmişdir: Evliliyin əsas məqsədi ruhi və psixoloji aramlığa nail olmaqdır. Bununla belə, bəzi ailələrdə həyat yoldaşlarının meyllərinə etinasız yanaşmaq və ya həddindən artıq gözləntilər bu aramlığı pozur. İslamın ilk dövrlərində də bu tip hadisələr baş vermişdir. Peyğəmbər (s) belə problemləri düzgün istiqamətləndirməklə ixtilafların dərinləşməsinin qarşısını almışdır.

Qazixani sözünə davam edərək bildirmişdir: Tarixi mənbələrdə qeyd olunur ki, bəzi kişilər həddən artıq zahidlik göstərərək, halal ailə nemətlərindən uzaq qalmağa çalışırdılar. İslam Peyğəmbəri (s) bu yanaşmanı qətiyyətlə rədd edir, ailə həyatının əhəmiyyətini və ər-arvad arasında məhəbbətin zəruriliyini vurğulayırdı. Digər tərəfdən, bəzən qadınların uzun-uzadı ibadətlərə üz tutaraq həyat yoldaşı qarşısındakı vəzifələrindən yayınmaq istədikləri hallar da olmuşdur. Bu mövqe də Peyğəmbərin nəzərində qəbuledilməz idi.

Hövzə və universitet müəllimi maliyyə məsələlərinə də toxunaraq demişdir: Ər-arvad arasında ixtilafların başlıca səbəblərindən biri maliyyə məsələləridir. İslamın başlanğıcından bəri elə hallar olmuşdur ki, bəzi kişilər mehr və ya ailə xərclərinin ödənilməsində səhlənkarlıq etmiş, yaxud qadınların mülkiyyətinə və miraslarına əsassız müdaxilə etmişlər. İslam Peyğəmbəri (s) bu hallara qarşı çıxmış və qadınların maliyyə hüquqlarının tam şəkildə qorunmasının vacibliyini vurğulamışdır. Bununla belə bəzən qadınlar əsas zəruri tələblər təmin olunduqdan sonra əlavə rifah və daha çox xərclər tələb edirlər ki, bu da əgər ər iqtisadi baxımdan imkanı zəifdirsə bu zaman münaqişələrə yol açılacaqdır.

O, ailə daxili işlərin idarə olunmasına işarə edərək əlavə etmişdir: Əhli-beyt (ə) həyat tərzində ailə işlərinin bölüşdürülməsi və qarşılıqlı əməkdaşlığın aydın nümunələri mövcuddur. Həzrət Əli (ə) ilə Həzrət Zəhra (s) arasında ev işlərindəki əməkdaşlıq, bu gün üçün də dəyərli bir örnəkdir. Bu əməkdaşlıq göstərir ki, ev işlərinin bölüşdürülməsi və birgə idarəçilik, ailənin təməllərini möhkəmləndirir və çoxsaylı ixtilafların qarşısını alır.


313/17

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha