Həzrət İmam Rzanın (ə) həyat və imamət dövrünə aid 8 mühüm suala müxtəsər cavablar
Hövzə Xəbər Agentliyinin məlumatına görə, İmam Rzanın (ə) şəhadəti ildönümü münasibətilə onun həyat və imamət dövrü ilə bağlı səkkiz mühüm suala müxtəsər cavablar hazırlanmışdır. Beləliklə, o həzrətin misilsiz məqamını daha yaxşı tanımış olarıq.
Birinci sual: Məmun nə üçün İmam Rzanı (ə) Mərvə dəvət etməkdə israr edirdi?
198-ci hicri-qəməri ilində qardaşı Əmin üzərində qələbə qazandıqdan sonra Məmun, Ələvilərlə bağlı məsələləri həll etmək və şiə hərəkatını nəzarətə almaq üçün özündən əvvəlki xəlifələrdən fərqli siyasət seçdi. O, təzyiq və zorakılıq əvəzinə İmam Rzaya (ə) vəliəhdlik təklif edərək şiə hərəkatını cəlb etməyi və eyni zamanda nəzarət altına almağı planlaşdırırdı.
Məmunun bu addımdakı əsas məqsədləri isə aşağıdakılardan ibarət idi:
- Şiələrin inqilabi mübarizəsini zərərsizləşdirmək: İmamı (ə) hakimiyyət strukturuna daxil etməklə, şiələrin mübarizəsini “məzlumluq və müqəddəslik”dən məhrum edib onu formal və az təhlükəli siyasi fəaliyyətə çevirmək.
- Şiənin əqidə əsaslarını sual altına almaq: İmam Rzanın (ə) vəliəhdliyi qəbul etməsi, Abbasilərin xilafətini dolayı yolla təsdiq etmək və şiə məzhəbinin “xilafətin qəsb olunması”na dair baxışlarını zəiflətmək anlamına gələ bilərdi.
- İmam Rzanı (ə) daimi nəzarət altında saxlamaq: İmamın (ə) xilafət aparatında iştirakı, həm onun üzərində nəzarəti gücləndirir, həm də digər nüfuzlu şiə alim və şəxsiyyətlərin fəaliyyətini məhdudlaşdırırdı.
- İmamın (ə) xalqla təmasını zəiflətmək: Saraya gətirilən İmam (ə) xalqdan uzaq düşür və beləliklə, ictimai nüfuzunun azalması məqsədi güdülürdü.
- Xilafət üçün dini legitimlik qazanmaq: Məsum bir İmamın vəliəhd elan edilməsi, Məmunun hakimiyyətinə dini etibar və legitimlik qazandırmaq üçün əla vasitə ola bilərdi.
- İmamı (ə) xilafətin təbliğat vasitəsinə çevirmək məqsədi: Məmun ümid edirdi ki, İmam Rzanın (ə) elmi və mənəvi nüfuzu, onun hakimiyyət siyasətlərini əsaslandırmaq və möhkəmləndirmək üçün istifadə olunacaq.
Bütün bu hədəflər, Məmunun planının nə qədər dərin və hesablanmış olduğunu göstərirdi. Hətta onun yaxın çevrəsi belə bu siyasətin bütün təfərrüatlarından xəbərsiz idi.
İkinci sual: İmam Rzanın (ə) Məmunun vəliəhdlik planına reaksiyası necə oldu?
İmam Rza (ə) Mədinədən Xorasana dəvət edildikdə, açıq şəkildə bu səfərdən narazılığını ifadə etdi. Onun Mədinəni tərk edərk Həzrət Peyğəmbərlə (s), ailəsi ilə və Kəbə ilə vidalaşması göz yaşları və dualarla müşayiət olunurdu. Bu hal, İmamın (ə) şəhadətlə nəticələnəcək taleyini bildiyinə dəlalət edirdi və xalqın qəlbində Məmunun əleyhinə dərin kin oyatdı.
Mərvdə Məmun vəliəhdlik təklifini irəli sürdükdə, İmam Rza (ə) bu təklifi qətiyyətlə rədd etdi! Yalnız açıq-aşkar ölümlə təhdid olunduqdan sonra qəbul etməyə məcbur oldu. Bu həqiqət tezliklə camaat arasında yayıldı və İmam (ə) da müxtəlif məclislərdə bu məcburiyyəti açıq şəkildə bəyan etmişdir.
İmam, vəliəhdliyi yalnız bir şərtlə qəbul etdi: dövlət işlərinə qarışmamaq. Məmun üzdə bu şərti qəbul etsə də, əslində gələcəkdə İmamı (ə) siyasət meydanına çəkmək niyyətində idi. Çünki bu şərtin icrası, Məmunun əsas məqsədlərini tamamilə puça çıxarırdı.
İmam Rza (ə) vəliəhd elan edilsə də, o, xəlifəlik aparatından tamamilə müstəqil mövqe nümayiş etdirir, hakimiyyət strukturu ilə əməkdaşlıqdan qəti surətdə imtina edirdi. Bununla belə, İmam (ə) bu tarixi fürsətdən misilsiz şəkildə istifadə etmişdir. O, vəliəhd kürsüsündə əyləşərək, on illərlə təqiyyə şəraitində gizli saxlanılan şiə imamətini açıq şəkildə ictimaiyyətə bəyan etdi. Beləcə, Əhli-beyt (ə) məktəbinin dərin məfhumlarını xilafət tribunasından ilk dəfə 150 ildən sonra uca səslə bütün İslam aləminə çatdırdı.
Üçüncü sual: Məmun niyə qara bayraqları yaşıl bayraqlarla əvəz etdi?
Hicri-qəməri tarixlə 201-ci ildə Məmun Abbasi, İmam Rzanın (ə) vəliəhd elan edilməsi ilə eyni vaxtda, dövlətin rəsmi bayraq və libaslarının rəngini qaradan yaşıl rəngə dəyişdirilməsini əmr etdi.
Qara rəng Abbasilərin hakimiyyət simvolu sayılırdı, halbuki yaşıl rəng İslam mədəniyyətində, xüsusilə də şiələr arasında Əhli-beyt (ə) və imamətlə bağlılığı ifadə edirdi. Bu dəyişiklik, zahirdə Məmunun dini legitimlik qazanmaq və şiələr ilə Ələvilərin dəstəyini cəlb etmək üçün atdığı ağıllı bir addım idi.
Lakin bu qərar Bağdaddakı Abbasi xanədanının sərt etirazı ilə qarşılandı və geniş narazılıq dalğası yaratdı. Məmun Bağdada qayıtdıqdan sonra qara rəngi yenidən bərpa etməyə məcbur oldu.
Bu hadisə göstərdi ki, Məmun dini rəmzlərdən öz hakimiyyətini möhkəmləndirmək üçün siyasi bir alət kimi istifadə edirdi. Bayrağın rənginin dəyişdirilməsi sadəcə simvolik bir addım deyildi, əksinə Abbasi xilafəti ilə imamət cərəyanı arasındakı mürəkkəb rəqabətin bir hissəsi idi. (1)
Dördüncü sual: Məmun şiə idimi?
Məmunun şəxsiyyəti mürəkkəb və ikili xarakter daşıyırdı. Onun İmam Rzanı (ə) vəliəhd seçməkdə əsas niyyətinin nə olduğu isə 13 əsrdən artıqdır ki, tarixçilərin müzakirə mövzusu olaraq qalır.
Şəhid Mütəhhəriyə görə, Məmun şiə deyildi, lakin şiəliyə mənəvi və intellektual meyli vardı. Çünki özü elmə bağlı, məntiqi mübahisələrə maraqlı bir şəxs idi və şiəlik də əsasən ağıl və dəlilə söykənmişdir.
Bəzi tədqiqatçılar Məmunu digər Abbasi xəlifələri kimi sünni məzhəbinə aid hesab edirlər. Müasir tarixçilərin bir qismi isə onun xilafətdə İmam Əlinin (ə) üstünlüyünü qəbul etdiyini iddia edir. Lakin bu meyllər daha çox şəxsi etiqad səviyyəsində qalmış, tam dini bağlılığa çevrilməmişdi.
Məmunun Əlinin (ə) fəzilətini sübut etmək üçün fəqihlər məclisi təşkil etməsi, şiələrin dövlət idarəetməsində iştirakına imkan verməsi və İmam Əlinin (ə) digər səhabələrdən üstün olduğunu rəsmi şəkildə elan etməsi bu meylin nümunəsi kimi göstərilir. Bununla belə, ehtimal olunur ki, bu addımlar səmimi deyil, əsasən hakimiyyətini qorumaq və siyasi legitimlik qazanmaq məqsədilə atılmışdır.
Beşinci sual: İmam Cavad (ə) İmam Rzanın (ə) tək övladı idimi?
Bəzi böyük İslam alimləri, məsələn, Şeyx Müfid, İbn Şəhraşub və Şeyx Təbrisi, yalnız İmam Cavadı (ə) İmam Rzanın (ə) tək övladı hesab edirlər və bildirirlər ki, İmamın (ə) yalnız bir övladı olmuşdur.
Digər alimlər isə İmam Rzanın (ə) altı övladı olduğunu – beş oğul və bir qız – qeyd edirlər. Muhəmməd (ə) (İmam Cavad), Həsən, Cəfər, İbrahim, Həsən və Fətimə. Həmçinin bəzi tarixçilər yalnız iki övlad – Muhəmməd (ə) və Cəfər – haqqında məlumat vermişlər.
Buna baxmayaraq, etibarlı şiə mənbələri İmam Cavadın (ə) İmam Rzanın (ə) şəhadətindən sonra sağ qalan tək övladı olduğunu vurğulamışlar. Həmçinin İmam Rzanın (ə) öz sözlərinə əsaslanan etibarlı rəvayətdə belə buyurduğu qeyd olunur: “Mən yalnız bir övlad sahibi olacağam.” (2)
Altıncı sual: İmam Rza (ə) dövründə üsyan edən Ələvilər kimlər idi? Onlar 12 İmamlı şiələr idilərmi?
“Ələvilər” dedikdə, əsasən Həsəni seyidlər və Ələvi nəslindən olan bir sıra böyük şəxsiyyətlər nəzərdə tutulur ki, Abbasilərin zülmünə qarşı üsyan edirdilər. Lakin bu qruplar mütləq şəkildə İmam Rzanın (ə) itaətində olan və 12 İmamlı şiələr deyildilər. Onların çoxu Zeydilik məzhəbinə meylli idi və buna görə İmam Rzanın (ə) rəhbərliyinə tam tabe deyildilər.
Həmçinin, bu qrupun ordusu yalnız dini əqidəyə əsaslanan şəxslərdən təşkil olunmamışdı. Onların içərisində müxtəlif düşüncəyə sahib və hətta qeyri-sadiq şəxslər də var idi. Məsələn, “Zeydun-nar” («زیدالنار») – İmam Rzanın (ə) qardaşı idi; O, Bəsrədə üsyan etmişdi və camaatın evlərini və əmlakını yandırdığına görə bu ləqəblə məşhur olmuşdu. Onun hərəkətləri İmam Rza (ə) tərəfindən heç vaxt təsdiqlənməmiş və şəxsən İmamla (ə) görüş zamanı sərt şəkildə tənqid edilmişdi.
Beləliklə, tarixi mənbələrdə İmam Rza (ə) dövründə Ələvilərin üsyanı haqqında danışıldıqda, nəzərdə tutulan yalnız Abbasilərə qarşı müstəqil şəkildə üsyan edən və Ələvi nəslindən olan şəxsiyyətlərdir. Onlar İmamın (ə) tam itaətində və onun həqiqi tərəfdarları olan şiələr deyillər.
Yeddinci sual: İmam Rza (ə) dövründə Mərv (Xorasan) əhalisi hansı məzhəbə üstünlük verirdi?
İmam Rza (ə) Mərv şəhərinə, yəni İranın bu günkü Xorasan bölgəsinə köç etdikdə, bölgə əhalisinin dini məzhəbi əsasən sünni idi. İnsanlar daha çox Hənəfi məzhəbinə və ya digər sünni təriqətlərinə mənsub idilər. Şiəlik geniş yayılmamışdı və əhali Əhli-beyt (ə) maarifi ilə çox tanış deyildi.
İslam tarixçiləri, o cümlədən Təbəri, Məsudi və Belazəri, qeyd ediblər ki, həmin dövrdə Xorasan və Mərvin dini-mədəni mühiti əsasən sünni məzhəbinə aid idi. Bu vəziyyət Abbasilərin hakimiyyəti ilə birbaşa bağlı idi. Abbasilər öz hakimiyyətini möhkəmləndirmək üçün sünni məzhəbini təşviq edir və şiə cəryanının yayılmasının qarşısını alırdılar.
İmam Rzanın (ə) Mərvə gəlişi ilə bölgədə dini məzhəbin dəyişilməsində dönüş nöqtəsi qoyuldu. O, Əhli-beytin (ə) təlimlərini yayaraq şiəliyin tanıdılması və təbliğində böyük rol oynadı. İmamın (ə) dərin İslami, əxlaqi və etiqadi bilikləri əhalinin Əhli-beytin (ə) üstünlüklərini və şiəlik anlayışını daha yaxşı mənimsəməsinə şərait yaratdı.
İmam Rzanın (ə) elmi məclisləri və digər məzhəblərin alimləri ilə apardığı elmi diskussiyalar sayəsində şiəliyin həqiqəti daha geniş kütləyə çatdırıldı və insanlar haqq olan şiə məzhəbinə yönəldilər. İmam Rzanın (ə) gəlişindən sonra Mərv şəhərində şiə maarifi dairələri formalaşdı və İranın müxtəlif bölgələrindən, hətta ölkə xaricindən insanlar İmamın (ə) dərslərinə qatılmaq üçün Mərvə gəlməyə başladılar. Bu maarif qrupları sonradan bölgədə şiəliyin möhkəmlənməsində əsas rol oynadılar.
Beləliklə, İmam Rzanın (ə) Mərvə gəlişi Xorasanda və onun ətraf bölgələrində şiəliyin yayılmasında və möhkəmlənməsində əsas və həlledici rol oynamışdır, bölgədə dərin dini dəyişikliklərə səbəb olmuşdur.
Səkkizinci sual: Niyə İmam Rzanın (ə) məşhur hədisi “silsilətuz-zəhəb” adlanır?
Məşhur “silsilətuz-zəhəb” hədisi İmam Rzanın (ə) rəvayət etdiyi qüdsi (İlahi) bir hədisdir. Bu hədis, tövhid və onun şərtləri barədə məlumat verir. İmam Rza (ə) bu hədisi Nişaburdan Mərv istiqamətində hərəkət edərkən rəvayət etmişdir.
Hədisin bu adla adlandırılmasının səbəbi, onun isnad və sənəd zəncirində iştirak edənlərinin hamısının məsum şəxslər olmasıdır. Yəni, İmam Rza (ə) yeddinci İmamdan (ə), yeddinci İmam (ə) altıncı İmamdan (ə) və bu tərtiblə birinci İmama qədər davam edərək (ə), birinci İmam (ə) isə Həzrət Peyğəmbərdən (s) və Həzrət Peyğəmbər (s) Allah-Təaladan rəvayət edir. Buna görə də bu hədis “silsilətuz-zəhəb” – yəni “qızıl silsilə” adlandırılmışdır.
Bu məşhur hədis rəvayət edilən zaman, İmam Rzanın (ə) auditoriyasının əksəriyyətini sünni əhali təşkil edirdi. Hətta bəzi mənbələrə görə, hədisin rəvayət edildiyi zaman 20 mindən çox insan onu yazıb qeyd etmişdir!
İstinad edilmiş mənbələr:
- “İslam mədəniyyəti tarixi”, cild 1, səh. 140
- “Kəşful-Ğumme”, Ərbili, səh. 302
Xəbərin sonu
Rəyiniz