Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Mürtəza Mütəhhəri öz əsərlərindən birində «zalımların müstəmləkəçilik üsulları» mövzusuna toxunmuşdur. Bu mətni siz hörmətli oxucularımıza təqdim edirik.
Bəşər tarixi göstərir ki, zalım qüvvələr hər zaman bir cəmiyyəti öz hakimiyyətləri altına almaq və istismar etmək istədikdə, ilk növbədə həmin cəmiyyətin mənəviyyatını pozmağa çalışmışlar. Bu məqsədlə şəhvətpərəstlik üçün imkanlar yaratmış, insanları bu yola təşviq etmişlər.
Bu iyrənc metodun ibrətamiz nümunələrindən biri, Avropanın ən inkişaf etmiş sivilizasiyalarından sayılan və Renessansın əsas qaynaqlarından biri hesab edilən müsəlman İspaniyasında baş verən faciə olmuşdur.
Xristianlar İspaniyanı müsəlmanların əlindən almaq üçün gənc nəsil arasında əxlaqsızlıq yaratmaq yolunu seçdilər. Onlar bacardıqları qədər əyləncə, şəhvət və kef məclislərinə şərait yaratdılar, hətta ordu başçılarını və dövlət məmurlarını da bu yolla aldadaraq əxlaqsızlığa cəlb etdilər.
Nəticədə müsəlmanların iradəsi, qüvvəsi, qeyrəti, imanı və mənəvi saflığı zəiflədildi. Onlar aciz, iradəsiz, şəhvət düşkünü, içkiyə və qadınpərəstliyə meyilli bir topluma çevrildilər. Belə bir xalq üzərində qələbə çalmaq isə təbii ki, çətin deyildi.
Xristianlar 300–400 illik müsəlman hakimiyyətindən elə bir intiqam aldılar ki, tarix belə onların törətdiyi cinayətləri anmağa utanır. Həzrət İsanın təlimlərinə görə sağ üzünə zərbə dəyəndə sol üzünü çevirməli olan xristianlar, Əndəlüsdə müsəlmanların qanını su kimi axıtdılar və Çingizə rəhmət oxutdular.
Şübhəsiz ki, müsəlmanların bu məğlubiyyəti onların öz mənəvi süqutunun, Qurana və onun göstərişlərinə əməl etməmələrinin nəticəsi idi.
Bizim zamanda da harada müstəmləkəçilik addımı atılırsa, Quranda xəbərdarlıq edilən həmin məqama yönəlir: Yəni insanların ağıl və qəlblərini azdırmağa çalışır. Qəlb fəsada uğradıqda isə tək ağıl faydasız olmur, həm də insanın əl-qolunu bağlayan daha ağır bir zəncirə çevrilir.
Bu səbəbdən görürük ki, müstəmləkəçilər və istismarçılar məktəb və universitetlərin açılmasından qorxmurlar, hətta özləri də bu işdə iştirak edirlər. Lakin eyni zamanda bütün güclərini səfərbər edərək tələbə və şagirdlərin qəlbini və ruhunu korlamağa çalışırlar. Onlar çox yaxşı bilirlər ki, xəstə və mənəviyyatsız bir ruh heç bir iş görə bilməz və hər cür alçaltmaya, istismara boyun əyər.
Qurani-Kərim isə cəmiyyətin ruhunun paklığına və ucalığına həmişə xüsusi əhəmiyyət verir.
Mənbə: Ustad Mürtəza Mütəhhəri, aşinayi ba Quran (Qurani-Kərimlə tanışlıq) cild 1, s. 72–73
Rəyiniz