çərşənbə axşamı 11 avqust 2026 - 10:42
Silahlı Qüvvələrin altı yüksək rütbəli komandanının təyin edilməsi + təyinat fərmanlarının təfərrüatları

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ayrı-ayrı fərmanlarla Silahlı Qüvvələrin altı yüksək rütbəli komandanını vəzifəyə təyin edib

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin ayrı-ayrı sərəncamları ilə Silahlı Qüvvələrin altı yüksək rütbəli komandan və rəhbərinin vəzifə və missiyaları müəyyənləşdirilib.

Bu sərəncamlara əsasən, general-mayor, pilot, SEPAH generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Kiyumərs Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin ediliblər.

Həmçinin briqada generalı Əhməd Vəhidi general-leytenant rütbəsi verilərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı vəzifəsinə təyin edilib. General-mayor Mustafa İzədi isə SEPAH Baş Komandanının müavini vəzifəsini icra edəcək.

Sərəncamların davamında SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı kontr-admiral Əli Əzmayiyə, Bəsic Təşkilatının rəhbərliyi isə Höccətül-islam vəl-müslimin Hüseyn Təibə həvalə olunub.

General-mayor Əli Abdullahinin Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Mühafizəçi general-mayor, pilot Əli Abdullahi!

Şərəfli və qürurverici şəkildə şəhid olmuş general-leytenant Seyid Əbdürrəhim Musəvinin sionist-amerikan düşməninin əli ilə şəhid olması və sizin layiqli xidmətlərinizi, dəyərli təcrübələrinizi nəzərə alaraq, Sizi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edirəm.

Aşağıdakı tələblərin maksimum səviyyədə həyata keçirilməsi gözlənilir:

1. Silahlı Qüvvələrin və xalq könüllülərinin müdafiə və təhlükəsizlik sahəsində hərtərəfli və müasir imkanlarının, hazırlıq səviyyəsinin yüksəldilməsi;

2. İran İslam Respublikası quruluşuna qarşı yönəlmiş ənənəvi və yeni hərbi, koqnitiv və hibrid təhdidlərin istənilən səviyyə və formasına vaxtında, inqilabi və təsirli cavab verilməsi imkanlarının təmin edilməsi;

3. Şəhid Ayətullah Xameneinin (Allahın ona rəhmət eləsin) uzaqgörənliyinə əsaslanaraq, Silahlı Qüvvələrin Baş Qərargahı ilə Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin tamamlanması.

Ümidvaram ki, Allah-Taalanın lütfü və İmam Zamanın (ə.f) xeyir-bərəkətli dualarının kölgəsində İslam dövlətinin bütün Silahlı Qüvvələri üçün daha böyük nailiyyətlər, müxtəlif qələbə və zəfərlər nəsib olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

General-mayor Kiyumərs Heydərinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

General-mayor Kiyumərs Heydəri!

Sizin vəzifəyə sadiq qalmanızı, layiqliyi və dəyərli təcrübələrinizi nəzərə alaraq, Baş Qərargah rəisinin təklifi əsasında sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin edirəm.

Silahlı Qüvvələrin müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsinə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin mənəvi əsaslarının və cihad ruhunun möhkəmləndirilməsinə, eləcə də Baş Qərargah rəisinin mövqeyini nəzərə almaqla hərbi qulluqçuların sosial və məişət ehtiyaclarına diqqət yetirilməsinə töhfə verməyiniz gözlənilir.

Ümidvaram ki, İmam  Zamanın (ə.f) diqqəti və duaları sizin və Silahlı Qüvvələrin bütün şəxsi heyətinin uğurlarının daha da artmasına səbəb olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

General-mayor Əhməd Vəhidinin İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Mühafizəçi general Əhməd Vəhidi!

Mühafizəçi general-leytenant Məhəmməd Pakpurun sionist-amerikan düşməninin əli ilə şərəfli və qürurverici şəkildə şəhid olması və sizin layiqli xidmətlərinizi, dəyərli təcrübələrinizi nəzərə alaraq, sizi general-mayor rütbəsi verilməklə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı vəzifəsinə təyin edirəm.

İran İslam Respublikası quruluşunun dünya imperializmi ilə strateji və taleyüklü qarşıdurma şəraitində olduğu bir zamanda aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:

1. Maksimum çəkindirmə imkanının təmin edilməsi məqsədilə bütün sahələr üzrə imkanların davamlı şəkildə və hərtərəfli inkişaf etdirilməsi, eləcə də düşmənə qarşı güclü hücum əməliyyatlarının həyata keçirilməsi üçün uzaqgörən və məqsədyönlü hazırlığın təmin olunması;

2. Keşikçilər Korpusunun təşkilatında mədəni səviyyənin yüksəldilməsi, təqvanın, bəsirətin və inqilabi ruhun bütün mühafizəçi hərbi qulluqçuların və komandirlərin daxili mahiyyəti kimi gücləndirilməsi;

3. Təşkilati iyerarxiyanın müxtəlif pillələrində mənəvi və elmi potensiala, eləcə də müasir bacarıqlara malik idarəçilik və komandanlıq sisteminin genişləndirilməsi.

Ümidvaram ki, İmam Zamanın (ə.f) duaları və şəfaətinin kölgəsində müqəddəs İran İslam Respublikasının bütün Silahlı Qüvvələrinə daha böyük uğurlar və ardıcıl qələbələr nəsib olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei


General-mayor Mustafa İzədinin İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının müavini vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Mühafizəçi general-mayor Mustafa İzədi!

Sizin öhdəliklərə sadiqliyinizi, layiqliyinizi və dəyərli təcrübələrinizi nəzərə alaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının təklifi əsasında sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının müavini vəzifəsinə təyin edirəm.

Baş Komandanın göstərişləri istiqamətində və vəzifə və missiyaların bölüşdürülməsi əsasında təşkilati hazırlıq səviyyəsinin yüksəldilməsində cihad ruhu ilə fəaliyyət göstərməyiniz gözlənilir.

Ümidvaram ki, Allah-Taalanın lütfü və İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) xeyir-bərəkətli dualarının kölgəsində İslam quruluşunun bütün Silahlı Qüvvələri üçün daha böyük uğurlar və müxtəlif qələbə və zəfərlər nəsib olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

General-mayor Əli Əzmayinin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Mühafizəçi general-mayor Əli Əzmayi!

Mühafizəçi general-leytenant Əlirza Tənqsirinin sionist-amerikan düşməninin əli ilə şərəfli və qürurverici şəkildə şəhid olması, həmçinin sizin vəzifəyə olan sədaqətiniz, layiqli və dəyərli təcrübələrinizi nəzərə alaraq və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının təklifi əsasında sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edirəm.

İslam İnqilabının meyarlarına cavab verən hərbi-dəniz qüvvələrinin formalaşdırılması məqsədilə təlim və bacarıqların, dəniz avadanlıqları və imkanlarının inkişaf etdirilməsi, döyüş qabiliyyəti və hazırlıq səviyyəsinin artırılması ilə yanaşı, məlumat üstünlüyünün gücləndirilməsi, mənəvi və bəsirət baxımından yüksəliş, şəxsi heyətin sosial və məişət ehtiyaclarına diqqət yetirilməsi, həmçinin Korpusun digər strukturları, Bəsic, İran İslam Respublikasının Ordusunun Hərbi-Dəniz Qüvvələri və digər aidiyyəti hərbi və dövlət qurumları ilə səmərəli və qarşılıqlı şəkildə gücləndirici əməkdaşlığın təmin edilməsi gözlənilir.

Ümidvaram ki, İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) diqqəti və duaları sizin və həmin qüvvənin bütün döyüşçülərinin uğurlarının daha da artmasına səbəb olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

Höccətül-islam vəl-müslimin Hüseyn Təibin İslam İnqilabı Keşikçiləri Korpusunun Məzlumların Səfərbərliyi Təşkilatının rəhbəri vəzifəsinə təyin edilməsi

Ali Baş Komandanın əmri aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Höccətül-islam vəl-müslimin Hüseyn Təib!

Mühafizəçi general-mayor Qulamrza Süleymaninin sionist-amerikan düşməninin əli ilə şərəfli və qürurverici şəkildə şəhid olması, həmçinin sizin vəzifəyə olan sədaqətiniz, layiqli və dəyərli təcrübələrinizi nəzərə alaraq və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının təklifi əsasında Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Məzlumların Səfərbərliyi Təşkilatının rəhbəri vəzifəsinə təyin edirəm.

Ölkənin yeni şərait və tələbləri nəzərə alınmaqla, İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının göstərişləri əsasında aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:

1. Güclü və vahid İranın formalaşdırılması və İslam İnqilabının qorunması istiqamətində xalqın bütün təbəqələrinin və fədakar milyonlarla insanın imkanlarından istifadə etməklə, «Hər bir iranlı – bir səfərbər» şüarının həyata keçirilməsi məqsədilə Bəsic və müqavimət mədəniyyətinin daha da dərinləşdirilməsi və genişləndirilməsi;

2. Düşmənin təhdidlərinə qarşı xalq əsaslı mübarizənin həyata keçirilməsi məqsədilə xalqın məlumat şəbəkəsinin gücləndirilməsi, zəruri bacarıq və təlimlərin bəsirətin artırılması ilə paralel şəkildə genişləndirilməsi və müasir texnologiyalardan istifadə olunması;

3. Digər hakimiyyət, dövlət və ictimai qurumlarla konstruktiv və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, məscid mərkəzli səmərəli sosial xidmətlərin genişləndirilməsi məqsədilə cihad qruplarının, müxtəlif təbəqələr üzrə Bəsic bölmələrinin və məhəllə Bəsiclərinin genişləndirilməsi;

4. Sionist-amerikan imperializmi qarşısında bütün dünyada xalqın müqavimət və davamlılığının nümunəsi kimi Bəsic mədəniyyətinin təbliğ edilməsi.

Ümidvaram ki, İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) diqqəti və duaları sizin və bütün əziz Bəsic üzvlərinin uğurlarının daha da artmasına səbəb olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha