çərşənbə axşamı 11 avqust 2026 - 19:14
«Qüreyşin Əmin» şəxsindən sivilizasiya memarına, şəhid Ayətullah Xameneinin baxışında Peyğəmbərin (s) əbədi şəxsiyyətinin formalaşması

Hövzə / İslam Peyğəmbəri (s) uşaqlıqdan səbir, məhəbbət və dərin tərbiyə ilə yetişdi, gənclik dövründə isə «Əmin» və «Sadiq» kimi tanındı. O həzrət hidayət yolunda göstərdiyi əzmkarlıqla sivilizasiya quran bir cəmiyyət formalaşdırdı və hakimiyyətin zirvəsində belə ədalət, təvazökarlıq, xalqla həmrəylik, mərhəmət və idarəçilik nümunəsi oldu.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Peyğəmbərin (s) vəfatı münasibətilə İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) şəxsiyyəti haqqında şəhid Ayətullah Seyid Əli Xameneinin baxışları əsasında səsləndirilmiş fikirləri əziz oxuculara təqdim edirik:

Qüreyşin əminindən sivilizasiya memarına: İslam Peyğəmbərinin əbədi yolu

Bu, Allahın əziz Peyğəmbərinin həyatıdır. Onun uşaqlıq dövrü, gənclik dövrü və peyğəmbərliyə seçilməsindən əvvəlki həyatı... Onun əmanətə sadiqliyi elə bir səviyyədə idi ki, onu tanıyan bütün Qüreyş və bütün ərəb tayfaları ona “Əmin” ləqəbini vermişdilər.

Onun insanlara münasibətdə ədaləti və hər kəsə ədalətli baxışı o həddə idi ki, Həcərül-Əsvədin öz yerinə qoyulması zamanı ərəb tayfaları və qəbilələri arasında mübahisə və qarşıdurma yarandıqda, onu hakim seçdilər. Halbuki o zaman hələ gənc idi. Bu, onun hər kəsə qarşı ədalətli münasibətinin göstəricisi idi və hamı bunu bilirdi. Onu doğru danışan və əmanətdar insan kimi tanıyırdılar.

Bu, onun gənclik dövrü idi. Daha sonra peyğəmbərlik dövrü başladı. Bu dövrdə onun fədakarlığı, mübarizəsi və müqaviməti özünü göstərdi. O dövrdə qarşılaşdığı və ona qarşı çıxan bütün insanlar onun əks istiqamətində hərəkət edir, ona qarşı düşmənçilik göstərirdilər.

Bütün bu təzyiqlər, Məkkədə keçən həmin on üç il... Həqiqətən, necə də ağır illər idi! Peyğəmbər dayandı və müqavimət göstərdi. Onun bu müqaviməti elə dözümlü və möhkəm müsəlmanlar yetişdirdi ki, heç bir təzyiq onlara təsir edə bilmirdi.

Bunlar bizim üçün dərsdir.

Daha sonra o, Mədinədə İslam cəmiyyətini qurdu və on ildən artıq hakimiyyət etmədi. Lakin əsrlər boyu bəşəriyyətin elm, sivilizasiya, mənəvi inkişaf, əxlaqi tərəqqi və rifah baxımından zirvəsində dayanacaq bir quruluşun əsasını qoydu. Bu, Peyğəmbərin layihələndirdiyi və təməlini qoyduğu cəmiyyət idi.

21.11.1390 — 10 fevral 2012

İslamın əziz Peyğəmbəri mənəvi xüsusiyyətləri, nuraniyyəti, qeyb aləmi ilə əlaqəsi və bizim kimilərin hətta dərk etməkdə belə aciz olduğu həmin məqam və dərəcələrindən əlavə, insan və bəşər şəxsiyyəti baxımından da fövqəladə, birinci dərəcəli və misilsiz bir insandır.

Siz Əmirəl-möminin həzrət Əli (ə) haqqında çoxlu sözlər eşitmisiniz. Elə bunu demək kifayətdir ki, Əmirəl-mömininin (ə) ən böyük sənəti Peyğəmbərin şagirdi və davamçısı olması idi.

Böyük şəxsiyyət, sonsuz imkanlara malik, əxlaqı, davranışı və rəftarı misilsiz olan bir insan peyğəmbərlər və övliyalar silsiləsinin zirvəsində qərarlaşmışdır. Biz müsəlmanlara isə həmin böyük şəxsiyyətə iqtida etmək və onu özümüzə nümunə götürmək əmr olunub. Necə ki, Allah-Taala buyurur:

«وَ لَکُمْ فِی رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ»

“Həqiqətən, Allahın Rəsulunda sizin üçün gözəl örnək vardır.”

Biz peyğəmbərə iqtida etməli və onun yolunu özümüzə nümunə götürməliyik. Bu, yalnız bir neçə rükət namaz qılmaqla məhdudlaşmır. Davranışımızda, danışığımızda, insanlarla münasibətlərimizdə və alış-verişimizdə də peyğəmbərə tabe olmalıyıq. Buna görə də əvvəlcə onu tanımalıyıq.

Peyğəmbərin ruhunun və əxlaqının tərbiyəsi: Yetimlikdən dünya rəhbərliyinə

Uca Allah həmin böyük şəxsiyyətin mənəvi və əxlaqi xarakterini elə bir mühitdə tərbiyə edib formalaşdırdı ki, o, qarşısında duran böyük əmanəti öz çiyinlərində daşıya bilsin.

İslam Peyğəmbərinin uşaqlıq dövrünə qısa nəzər salaq. Bir rəvayətə görə, o həzrətin atası onun doğumundan əvvəl, başqa bir rəvayətə görə isə doğumundan bir neçə ay sonra dünyasını dəyişmiş və Məhəmməd Peyğəmbər (s) atasını heç vaxt görməmişdir.

Həmin dövrdə Ərəbistanın şərəfli və əsil-nəcabətli ailələrində belə bir adət vardı: Uşaqlarını təmiz, əsil-nəcabətli və nəcib qadınlara tapşırardılar ki, onları səhrada, ərəb qəbilələrinin arasında böyütsünlər. Bu əziz uşağı, ailənin çırağı olan Məhəmmədi (s) də Bəni-Səd qəbiləsindən olan əsil və nəcib bir qadın – Həlimə Sədiyyəyə tapşırdılar.

Həlimə onu öz qəbiləsinin yanına apardı və təxminən altı il ərzində həmin əziz uşağa və qiymətli inciyə sahib çıxdı, ona süd verdi və tərbiyə etdi. Buna görə də Peyğəmbər (s) səhrada böyüdü.

Bəzən bu uşağı anası həzrət Aminənin yanına gətirər, anası onu görər, sonra isə yenidən geri aparardı.

Altı il sonra bu uşaq həm fiziki, həm də mənəvi baxımdan çox üstün şəkildə yetişmişdi. Fiziki cəhətdən güclü, gözəl, çevik və bacarıqlı, mənəvi baxımdan isə təmkinli, səbirli, xoş əxlaqlı, gözəl davranışlı və geniş dünyagörüşlü idi. Həmin şəraitdə həyat sürmək üçün bütün bunlar zəruri xüsusiyyətlər idi.

Beləliklə, uşaq anasına və ailəsinə qaytarıldı. Anası bu uşağı özü ilə Yəsribə apardı ki, orada vəfat edən və elə həmin yerdə dəfn olunan həzrət Abdullahın qəbrini ziyarət etsinlər.

Sonralar Peyğəmbər (s) Mədinəyə getdiyi zaman həmin ərazidən keçərkən buyurdu: “Atamın qəbri bu evdədir. Yadımdadır, atamın qəbrini ziyarət etmək üçün anamla birlikdə bura gəlmişdik.”

Geri qayıdarkən Əbva adlı yerdə anası da dünyasını dəyişdi və bu uşaq həm atasından, həm də anasından yetim qaldı.

Beləliklə, gələcəkdə bütöv bir dünyanı öz varlığının və əxlaqının imkanları daxilində tərbiyə etməli və irəli aparmalı olan bu uşağın mənəvi tutumu və potensialı gündən-günə daha da artırdı.

Ümmü Eymən onu Mədinəyə gətirdi və Əbdülmüttəlibə təhvil verdi.

Əbdülmüttəlib bu uşağa əziz canı kimi qulluq edir və qayğı göstərirdi. Əbdülmüttəlib bir şeirində deyir ki, “Mən onun üçün anası kimiyəm.”

Təxminən yüz yaşında olan, Qüreyşin başçısı, çox şərəfli və hörmətli bir şəxsiyyət sayılan bu qoca həmin uşağa o qədər məhəbbət və qayğı göstərdi ki, onda heç bir sevgi çatışmazlığı hissi yaranmadı və yarana da bilmədi.

Burada heyrətamiz məqam budur ki, bu yeniyetmə ata və anasından uzaq qalmağın çətinliklərinə dözür və bununla onun mənəvi tutumu və hazırlığı daha da artırdı. Lakin belə vəziyyətdə bəzi uşaqlarda yarana biləcək ən kiçik bir aşağılıq və ya dəyərsizlik hissi belə onda yaranmadı.

Əbdülmüttəlibin məhəbbətindən Peyğəmbərin uşaqlıqda dərin şəxsiyyətinin formalaşmasına

Əbdülmüttəlib onu o qədər əziz və hörmətli tuturdu ki, bu, hamının heyrətinə səbəb olurdu.

Tarix və hədis kitablarında qeyd olunur ki, Kəbənin yanında Əbdülmüttəlib üçün bir xalça və xüsusi oturacaq salınardı. O, orada əyləşər, oğulları və Bəni-Haşim gəncləri isə hörmət və ehtiramla onun ətrafında toplaşardılar.

Əbdülmüttəlib olmadığı və ya Kəbənin içində olduğu zaman bu uşaq gəlib həmin yerdə əyləşərdi. Əbdülmüttəlib gəldikdə Bəni-Haşim gəncləri uşağa deyərdilər: “Qalx, bu, atanın yeridir.”

Lakin Əbdülmüttəlib deyərdi: “Xeyr, onun yeri elə oradır və o, orada əyləşməlidir.”

Sonra özü kənarda əyləşər və bu əziz, nəcib və hörmətli uşağı həmin yerdə saxlayardı.

Peyğəmbərin (s) səkkiz yaşı tamam olanda Əbdülmüttəlib də dünyasını dəyişdi.

Rəvayət olunur ki, Əbdülmüttəlib vəfat edərkən özünün çox şərəfli və böyük oğlu Əbu Talibdən söz aldı və dedi: “Bu uşağı sənə tapşırıram. Mənim kimi ona himayə göstərməlisən.”

Əbu Talib də bunu qəbul etdi və onu öz evinə apardı. O, Peyğəmbərə (s) öz əziz canı kimi qayğı göstərdi.

Əbu Talib və onun həyat yoldaşı, ərəb qadınlarının igid və nəcib simalarından olan – Əmirəl-möminin Həzrət Əlinin (ə) anası – Fatimə bint Əsəd təxminən qırx il ərzində bu uca şəxsiyyətə ata-ana kimi himayə və dəstək göstərdilər.

İslam Peyğəmbəri (s) uşaqlıq və yeniyetməlik dövrünü məhz belə bir şəraitdə keçirdi.

Bu uşaqda yüksək əxlaqi keyfiyyətlər, dəyərli insan şəxsiyyəti, böyük səbir və dözüm, uşaqlıq çağında insanın qarşılaşa biləcəyi ağrı və çətinliklərlə tanışlıq onun şəxsiyyətinin böyük, dərin və bir-biri ilə sıx bağlı təməlinin formalaşmasına zəmin yaratdı.

O, hələ uşaqlıq dövründə öz iradəsi və seçimi ilə Əbu Talibin qoyunlarına çobanlıq etməyi üzərinə götürdü və çobanlıqla məşğul oldu. Bunlar onun şəxsiyyətini tamamlayan amillər idi.

Yenə öz seçimi ilə həmin uşaqlıq dövründə Əbu Taliblə birlikdə ticarət səfərinə çıxdı. Tədricən bu ticarət səfərləri təkrarlandı və nəhayət, onun gənclik dövrünə, həzrət Xədicə ilə evləndiyi vaxta və peyğəmbərlik dövrünün başlandığı qırx yaşına çatdı.

23.05.1379 — 12 avqust 2000

Peyğəmbər – həyatın kamil nümunəsi, dəvət və mübarizə yolunda müqavimətin öncülü

Uca Allah biz müsəlmanlara Peyğəmbərə tabe olmağı əmr edib. Bu itaət həyatın bütün sahələrini əhatə edir. O böyük şəxsiyyət yalnız sözlərində deyil, eyni zamanda davranışlarında, həyat tərzində, insanlarla və ailəsi ilə münasibətlərində, dostları ilə rəftarında, düşmənlər və yad insanlarla münasibətində, zəiflər və güclülərlə davranışında – bir sözlə, hər sahədə örnək və nümunədir.

İslam cəmiyyətimiz yalnız o zaman sözün həqiqi mənasında kamil İslam cəmiyyəti ola bilər ki, özünü Peyğəmbərin davranışlarına uyğunlaşdırsın. Əgər onun davranışlarını yüz faiz həyata keçirmək mümkün deyilsə – ki, belə də deyil – heç olmasa ona bənzəməyə çalışmalıyıq. İslam Peyğəmbərinin həyat yolunun əksi bizim həyatımıza hakim olmamalıdır. Biz həmin istiqamətdə hərəkət etməliyik...

Allah Rəsulunun ən mühüm işi haqq və həqiqətə dəvət etmək, bu dəvət yolunda mübarizə aparmaq idi.

Peyğəmbər öz dövrünün qaranlıq dünyası qarşısında heç vaxt təşvişə düşmədi. İstər Məkkədə tək olduğu və ya ətrafında kiçik bir müsəlman dəstəsinin toplandığı, qarşısında isə təkəbbürlü ərəb başçılarının, Qüreyşin nüfuzlu və qüdrətli şəxslərinin, sərt xasiyyətli və güclü insanların dayandığı vaxtlarda, istərsə də həqiqi mərifətdən məhrum olan geniş xalq kütlələrinin qarşısında – heç vaxt qorxuya düşmədi.

O, haqq sözünü söylədi, təkrar etdi, izah etdi, aydınlaşdırdı, təhqirlərə dözdü, çətinlikləri və əzabları öz üzərinə götürdü və nəhayət, böyük bir kütləni müsəlman edə bildi.

Daha sonra İslam dövləti qurdu və özü bu dövlətin rəhbəri kimi hakimiyyəti əlinə aldı.

Həmin dövrdə də Peyğəmbərin qarşısında müxtəlif düşmənlər və müxaliflər vardı. Bir tərəfdən Hicaz və Yəmamə səhralarında hər tərəfə səpələnmiş silahlı və vəhşi ərəb dəstələri dayanırdı. İslam dəvəti onları islah etməli idi, onlar isə buna müqavimət göstərirdilər.

Digər tərəfdən isə həmin dövrün böyük hökmdarları, dünyanın iki fövqəldövləti – İran və Roma imperiyası vardı. Peyğəmbər onlara məktublar yazdı, mübahisələr apardı, sözünü çatdırdı, hərbi yürüşlər etdi, çətinliklər çəkdi, iqtisadi mühasirəyə məruz qaldı və iş o yerə çatdı ki, Mədinə əhalisi bəzən iki-üç gün yeməyə çörək tapa bilmirdi.

Peyğəmbəri hər tərəfdən çoxsaylı təhdidlər əhatə etmişdi.

Bəzi insanlar narahat olur, bəziləri tərəddüdə düşür, bəziləri gileylənir, bəziləri isə Peyğəmbəri yumşaqlığa və güzəştə getməyə təşviq edirdilər.

Lakin Peyğəmbər dəvət və mübarizə meydanında bir an belə zəiflik göstərmədi və böyük əzmlə İslam cəmiyyətini irəli apardı, onu izzət və qüdrətin zirvəsinə çatdırdı.

Məhz həmin quruluş və cəmiyyət Peyğəmbərin dəvət və müharibə meydanlarındakı müqavimətinin bərəkəti ilə sonrakı illərdə dünyanın birinci gücünə çevrilə bildi.

05.10.1370 — 27 dekabr 1991

Peyğəmbərin ata məhəbbəti – ailədə duyğu, sevgi və ədalətin dərin vəhdəti

O, öz ailəsində də bir ata kimi duyğunun və məhəbbətin təcəssümü idi.

Belə deyil ki, biz mübarizə, səy, fəaliyyət və müharibə meydanında mübarizə aparırıq, çətinliklərə dözürüksə, o zaman duyğu, məhəbbət, yumşaqlıq və insanın təbii xüsusiyyətləri olan digər insani keyfiyyətlərdən özümüzü məhrum etməliyik. Xeyr! Peyğəmbər evinin daxilində duyğunun, məhəbbətin və coşqun hisslərin təcəssümü idi.

Bir rəvayətdə görmüşəm ki, Nur surəsinin bu ayəsi nazil olanda:

«لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُمْ بَعْضًا»

“Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın.”¹

Yəni Peyğəmbəri çağırarkən bir-birinizi çağırdığınız kimi çağırmayın. Çünki insanlar ona “Ya Məhəmməd!” deyə müraciət edirdilər, yəni Peyğəmbərin adını söyləyirdilər.

Peyğəmbərin özünün dediyinə, yaxud möminlərdən birinin dediyinə görə – indi dəqiq xatırlamıram – qərara gəlindi ki, bundan sonra Peyğəmbərə “Ya Rəsuləllah!” deyə müraciət etsinlər və onun adını çəkməsinlər.

Bir gün Peyğəmbər evə daxil oldu. Həzrət Zəhra (s.ə) atasının içəri girdiyini görən kimi, dedi: “Ya Rəsuləllah! Salam olsun sizə.” O da Peyğəmbərə Rəsuləllah kimi müraciət etdi.

Peyğəmbər qızını qucağına aldı, onu sığalladı və dedi: “Qızım, xeyr! Sən mənə ‘ata’ de, ‘Ya Rəsuləllah’ demə. Başqalarının mənə belə müraciət etməsi kimi deyil, sənin mənə ‘ata’ deməyin mənim üçün daha xoşdur.”

Peyğəmbər səfərə çıxmaq istədikdə sonuncu gördüyü insan həzrət Zəhra (s.ə) olurdu. Səfərdən qayıtdıqda isə ilk olaraq Zəhranın (s.ə) yanına gedərdi.

Bilirsiniz ki, onların evləri demək olar ki, bir-birinə bitişik idi. Yəni Peyğəmbərin evi ilə Əmirəl-möminin həzrət Əlinin (ə) evi məscidin yaxınlığında, bir-birinin yanında yerləşirdi.

İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə münasibəti də eşitdiyiniz kimi idi. Peyğəmbər minbərdə dayanıb insanlara moizə edir və onlara müxtəlif məsələləri izah edirdi. Məsələn, İmam Həsən Müctəba (ə) məscidə daxil olur, ayağı nəyəsə ilişib yıxılır və ağlamağa başlayırdı. Peyğəmbər minbərdən aşağı düşür, uşağı qucağına alır, sığallayır və sakitləşdirirdi. Sonra yenidən minbərə qalxırdı.

Bəzi rəvayətlərdə isə deyilir ki, bəzən bu uşaq Peyğəmbərin qucağında olur və Peyğəmbər onunla birlikdə minbərə çıxırdı.

Adi insanların nəzərində qəribə görünən və onların gündəlik adət-ənənələri ilə uyğun gəlməyən davranışlar idi bunlar. Bu gün belə bir davranış bəlkə də insanların təsəvvürünə uyğun gəlmir; ola bilsin, həmin dövrdə də belə deyildi. Lakin bunlar Peyğəmbərin güclü məhəbbətinin və dərin ata şəfqətinin göstəricisi idi.

Amma Peyğəmbər qızı həzrət Zəhraya (s.ə) qarşı bu qədər güclü məhəbbət bəslədiyi halda, ona deyirdi:

“Əgər eşitsəm ki, beytülmaldan olan hər hansı bir əşyanı əmanət olaraq götürüb evinə aparmısan, səni də başqaları kimi cəzalandıracağam.”

«إِنِّي لَمْ أَغْنِ عَنْكَ مِنَ اللَّهِ شَيْئًا»²

“Ey Fatimə, qızım! Qiyamət günü mən sənə Allah qarşısında heç bir fayda verə bilmərəm.”

O, övladlarına qarşı bu qədər böyük məhəbbət və sevgi bəslədiyi halda belə, əgər onların vasitəsilə hər hansı ədalət pozulacaq, hər hansı bir haqq tapdanacaq olsaydı, bunun qarşısında dayanardı.

10.08.1365 — 1 noyabr 1986

¹ Nur surəsi, 63-cü ayə.
² Bu ifadə Peyğəmbərin (s) həzrət Zəhraya (s.ə) müraciətində onun şəxsi məhəbbətin belə ilahi ədalət və haqq prinsipini dəyişdirmədiyini vurğulayır.

Peyğəmbər – çətinliklərdə xalqın dərdinə şərik, ədalət, təvazökarlıq və xalqla birgə həyat nümunəsi

Uca Allah biz müsəlmanlara peyğəmbərə tabe olmağı əmr etmişdir. Bu tabeçilik həyatın bütün sahələrini əhatə edir. O böyük şəxsiyyət yalnız sözləri ilə deyil, davranışları, həyat tərzi, eləcədə insanlarla və ailəsi ilə münasibəti, dostları ilə rəftarı, düşmənlər və  həmçinin yadlarla davranışı, zəiflər və güclülərlə münasibəti – bir sözlə, hər cəhətdən örnək və nümunədir. İslam cəmiyyətimiz o zaman həqiqi mənada kamil İslam cəmiyyəti olar ki, özünü peyğəmbərin davranışlarına uyğunlaşdırsın. Əgər onun kimi yüz faiz davranmaq mümkün deyilsə – əlbəttə ki, belə deyil – heç olmasa ona bənzəməyə çalışmalıyıq. Allah Rəsulunun həyat yolunun əksi bizim həyatımıza hakim olmamalıdır. Biz həmin istiqamətdə hərəkət etməliyik...

İslam Peyğəmbəri xalqla birlikdə yaşamaq ruhunu, insanlara məhəbbət və mehribanlığı, onların arasında ədalətin bərqərar olması üçün göstərdiyi səyləri heç vaxt unutmadı. O, xalqın özü kimi və xalqın içində yaşadı; onlarla oturub-durur, qullarla və cəmiyyətin aşağı təbəqələrindən olan insanlarla dostluq və yoldaşlıq edir, onlarla birlikdə yemək yeyir, onlarla oturur, onlara məhəbbət və mülayimlik göstərirdi. Hakimiyyət onu dəyişmədi, milli sərvət onu dəyişdirmədi. Çətinlik dövründəki davranışı ilə çətinliklərin aradan qalxdığı dövrdəki davranışı arasında heç bir fərq yox idi. O, hər zaman xalqla və xalqdan biri idi
İnsanlarla mehriban davranır və onlar üçün ədalət istəyirdi.

Xəndək döyüşündə müsəlmanlar Mədinədə demək olar ki, hər tərəfdən mühasirəyə alınmışdılar. Mədinəyə ərzaq gəlmirdi və insanların azuqəsi tükənmişdi. Elə vəziyyət yaranmışdı ki, bəzən insan iki-üç gün yeməyə heç nə tapa bilmirdi. Belə bir şəraitdə Allah Rəsulu özü düşmən qarşısında xəndək qazılmasında xalqla birlikdə iştirak edir və onlar kimi aclıq çəkirdi. Rəvayətdə bildirilir ki, həzrət Zəhra (s.ə) azyaşlı Həsən və Hüseyn üçün bir qədər un əldə edib az miqdarda çörək bişirmişdi. Lakin atasının ac qalmasına ürəyi gəlmədi.

Uşaqları üçün bişirdiyi çörəkdən bir tikə atasına apardı. Peyğəmbər buyurdu: «Qızım! Bunu haradan gətirmisən?» O dedi: «Uşaqlar üçündür». Peyğəmbər həmin tikədən bir loxma götürüb yedi. Rəvayətə görə – düşünürəm ki, bu rəvayətin sənədi də mötəbərdir – Peyğəmbər buyurdu: «Üç gündür ki, heç nə yeməmişəm!»

Beləliklə, o, xalqın özü kimi və xalqın yanında idi, onlarla mehriban və mülayim davranırdı. Bu, həm belə çətin şəraitdə, həm də çətinliklərin aradan qalxdığı, Məkkənin fəth edildiyi, düşmənlərin məğlub olduğu və hər kəsin öz yerində qərar tutduğu dövrdə belə idi.

Peyğəmbər hakimiyyətin zirvəsində – təvazökarlıq, xoş rəftar, xidmət və xalqyönümlü idarəçilik nümunəsi

Tayifin fəthindən sonra Peyğəmbərin əlinə çoxlu qənimət keçdi və o, həmin qənimətləri müsəlmanlar arasında bölüşdürürdü. Bəzi müsəlmanların imanı möhkəm idi və onlar kənarda dayanmışdılar. Digərləri isə Məkkə və Tayif ətrafındakı qəbilələrdən olan yeni müsəlmanlar idi. Onlar Peyğəmbərin (s) ətrafına toplaşıb qənimət istəyirdilər. Peyğəmbəri incidir, əhatəyə alırdılar. Peyğəmbər (s) onlara verirdi, onlar götürürdülər, amma yenə də istəyirdilər!

İş o yerə çatdı ki, peyğəmbərin çiyinlərindəki əbası belə bu kobud və sərt xasiyyətli yeni müsəlman ərəblərin əlinə keçdi! Peyğəmbər (s) burada da izzət və qüdrətin zirvəsində olmasına baxmayaraq, xalqla əvvəlki kimi mehriban, mülayim və xoş üzlə davranırdı. Xoş rəftarla səsini ucaldıb buyurdu:

«Ey insanlar! Əbamı mənə qaytarın!»

Peyğəmbərin insanlarla münasibəti belə idi. O, qullarla oturub-durar, onlarla birlikdə yemək yeyərdi. Torpağın üzərində oturub bir qrup yoxsul insanla birlikdə yemək yeyirdi.

Bir səhralı qadın oradan keçərkən təəccüblə soruşdu:

«Ey Allahın Rəsulu! Sən qullar kimi yemək yeyirsən?»

Peyğəmbər (s) təbəssüm edib buyurdu:

«Vay halına! Məndən daha çox qul olan kimdir?»

O, sadə geyinərdi. Qarşısına hansı yemək qoyulsa və hansı yemək hazır olsa, onu yeyərdi. Xüsusi bir yemək tələb etməzdi və heç bir yeməyi bəyənmədiyi üçün geri qaytarmazdı. Bütün bəşər tarixində bu cür gözəl əxlaq və davranış nümunələri misilsizdir.

Bütün bu sadə münasibətlərinə baxmayaraq, o, zahiri və mənəvi baxımdan son dərəcə təmiz və pak idi. Abdullah ibn Ömər demişdir:

«Mən Allah Rəsulundan daha səxavətli, daha çox yardım edən, daha cəsur və daha nurlu heç kimi görməmişəm.»

Peyğəmbərin insanlarla davranışı belə idi: İnsani münasibət, gözəl rəftar, xalqın özü kimi yaşamaq, təkəbbür və əzəmət nümayiş etdirməmək. Halbuki Peyğəmbərin ilahi və təbii heybəti vardı və insanlar onun hüzurunda bəzən özlərini itirirdilər. Lakin o, insanlarla mehriban və xoş əxlaqla davranırdı.

O, bir məclisdə oturarkən onun Peyğəmbər, ordu başçısı və həmin topluluğun rəhbəri olduğu bilinməzdi. Onun ictimai və hərbi idarəçiliyi ən yüksək səviyyədə idi və hər bir işlə yaxından maraqlanırdı.

Əlbəttə, həmin cəmiyyət kiçik idi; Mədinə və onun ətrafı, daha sonra isə Məkkə və bir-iki şəhərdən ibarət idi. Lakin Peyğəmbər insanların işlərinə xüsusi diqqət yetirir, hər şeyi nizamlı və sistemli şəkildə həyata keçirirdi.

Həmin bədəvi cəmiyyətdə idarəçilik, qeydiyyat, hesab-kitaba nəzarət, insanları təşviq və cəzalandırma qaydalarını tətbiq etdi.

Peyğəmbərin insanlarla ictimai münasibətdəki həyatı belə idi. Bu həyat tərzi hamımız, həm ölkənin məsul şəxsləri, həm də bütün insanlar üçün örnək və nümunə olmalıdır.

27 sentyabr 1991-ci il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha