Hövzə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin idarəetmə mərkəzinin fədakar əməkdaşlarının altıncı “Xatirə Gecəsi” tədbiri 29 sentiyabr 2025-ci il tarixində müqəddəs müdafiə Bağ-Muzeyində keçirilib. Tədbirdə fədakar əməkdaşlar və onların ailə üzvləri iştirak edib, Elmi Hövzələrin təlim və tərbiyə üzrə müavini höccətül-İslam vəl-müslimin Məhəmməd Alimzadə Nuri, həmçinin Qum şəhəri üzrə Ruhani və Tələbə Bəsic Təşkilatının rəhbəri höccətül-İslam Mehdi Coşqanian çıxış ediblər. Mərasim, Elmi Hövzələr üzrə Ruhani şəhidlər nərkəzinin bəsic qurumu tərəfindən təşkil olunub.
İslam naminə fədakarlıq: Ön cəbhədən arxa cəbhəyədək
Altıncı “Xatirə gecəsi” tədbirində xüsusi qonaq qismində çıxış edən höccətül-İslam vəl-müslimin Məhəmməd Alimzadə Nuri, İmam Xomeyninin (rəhmətullah əleyh) kəlamlarına istinad edərək vurğuladı: “İmam Xomeyni (r) inqilabın əvvəllərində buyurmuşdur: Hər kəs İslam üçün bacardığı hər bir işi görsün. Bu ifadə bir din aliminin söyləyə biləcəyi ən mühüm və ən strateji kəlamdır.
Müdafiə dövründə fədakarlığın müxtəlif təzahürləri
Elmi Hövzələrin təlim və tərbiyə üzrə müavini həmin dövrün fədakarlıq nümunələrini açıqlayaraq əlavə etdi: “Müqəddəs müdafiə illərində İslam naminə fədakarlıq yalnız döyüş meydanında olmaqla məhdudlaşmırdı. Bir qrup döyüşçü silahla ön cəbhədə dayanırdı, bəziləri arxa cəbhədə topxana və təminat bölmələrində xidmət edirdi, kimisi əsgərlərə yemək bişirirdi, sürücülər çətin yollarla texnika və ləvazimat daşıyırdılar, hətta bir çox xanımlar döyüşçülərin geyimlərini yuyur və ya maliyyə dəstəyi üçün vəsait toplayırdılar. Hər kəs gücü çatan qədər İslama xidmət edirdi.
İmam Hüseynin (ə) məktəbində əsl dindarlıq
O, bu düşüncənin Aşura qiyamından qaynaqlandığını bildirərək dedi: İmam Hüseyn (ə) İslam naminə bütün sərvətini və varlığını fəda etdi. Dinə bağlılığın ruhu İslama fədakarlıqdan ibarətdir və məhz bu həqiqəti İmam Xomeyni (rəhmətullah əleyh) da daim vurğulamışdır.
Hər bir sahədə İslama xidmət
Alimzadə Nuri sözlərinə belə davam etdi: “İslama xidmət yalnız hərbi meydanda deyil. Bəzi alimlər o cümlədən şəhid Fəxrizadə və Tehrani Müqəddəm elm sahəsində, şəhid Səlimani, Himmət, Bakiri, Xərrazi, Höccəci və Çamran kimi komandirlər döyüş meydanında bir çox həkimlər tibbdə, hətta evdar qadınlar övlad tərbiyəsində və ailə xidmətində mühüm rol oynadılar. Hər bir şəxs öz imkan və potensialına uyğun şəkildə İslama böyük xidmətdə iştirak edə bilər.
Əhali məsələsi və şiə ümmətinin gələcəyi
Höccətül-İslam Alimzadə Nuri Ali Rəhbərin əhali ilə bağlı qayğılarına toxunaraq dedi: Bu gün İslama xidmətin mühüm sahələrindən biri də doğumun təşviqi və İslam ümmətinin əhalisinin möhkəmləndirilməsidir. Çoxsaylı övlad yetişdirərək onları İslamın böyüklüyü üçün tərbiyə edən şəxs, döyüş meydanında fədakarlıq göstərən mücahid kimidir. Tarix boyu şiə ümmətinin bu istiqamətdəki hərəkəti böyük nəticələrə səbəb olmuşdur. Lakin hazırda əhalinin azalması təhlükəsi ilə üz-üzəyik və hər kəs bu məsələ qarşısında məsuliyyət hiss etməlidir.
İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi
O, insanın haqq və batil arasındakı tarixi mübarizədə həqiqi mövqeyini tanımasının zəruriliyini vurğulayaraq qeyd etdi: “İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi İslam yolunda dayanmaq və fədakarlıqdan başqa bir şey deyildir. Bu bütün ilahi peyğəmbərlərin yoludur və onların çoxu bu yolda şəhadətə çatmışdır.
Haqq və batil arasında tarix boyu baş vermiş mübarizələr
Höccətül-İslam vəl-müslimin Alimzadə Nuri vurğuladı ki, İslam uğrunda mübarizə yalnız birbaşa döyüş illəri ilə məhdudlaşmır: Biz tarixi və mədəni bir qarşıdurmanın içindəyik. Bu peyğəmbərlərin cəbhəsi ilə şeytani qüvvələrin cəbhəsi arasında tarix boyu davam edən mübarizədir. Bu yolda hər kəs öz mövqeyini müəyyən etməli və Ali Rəhbərin dəfələrlə vurğuladığı kimi müqavimətin fədakarlıq mənasına gəldiyini dərk etməlidir.
Şəhidlərin nümunəvi həyat tərzi
O, daha sonra kəşfiyyat komandiri şəhid Mahmud Niknamın həyatına toxunaraq qeyd etdi: Bu böyük məqam sahibi şəhid gün ərzində cəmi iki-üç saat istirahət edir, bütün varlığını İslamın xidmətinə sərf edirdi.
Nuri həmçinin şəhid Peyam Niknamın həyatından danışaraq əlavə etdi: O, Tehranın şimalında imkanlı bir ailədən idi, lakin tezliklə anladı ki, rifah və rahatlıq ruhiyyəsi cihad meydanında kifayət deyil. Buna görə özünü ən ağır hərbi təlimlərdə və təhlükəli sınaqlarda yoxlayaraq lüks və asayişin əsarətindən xilas olmağa çalışdı. Hətta tikanlı məftilləri öz əlləri ilə qıraraq nəzakətpərəstlik və zəifliyə qarşı mübarizə aparırdı.
Müqavimət ruhunun qorunması
Elmi Hövzələrin təlim və tərbiyə üzrə müavini vurğuladı: “Fədakarlıq və müqavimət ruhu, dinin həqiqəti və iman prinsiplərinin əsasıdır. Lakin din yalnız qəhrəmanlıq və həyəcan dolu anlarla məhdudlaşmır. Bu gün hər zamankından çox həmin ruhun qorunmasına və gücləndirilməsinə ehtiyacımız var.
O, İmam Hüseynin (ə) qiyam fəlsəfəsinə və Əhli-beytin (ə) yoluna istinad edərək dedi: “İslamın qorunması və yayılması üçün şəxsi mənafelərdən keçmək, gündəlik həyatda fədakarlıq və özündən keçmə ruhunu təcrübəyə çevirmək zəruridir.
Din yolunda fədakarlığın zəruriliyi
Bu hövzə alimi əlavə etdi: Həqiqət naminə ayaqda qalan o igidlərdən bir çoxu həyatlarını fəda etdilər. Biz də öyrənməliyik ki, bəzən yuxudan, yeməkdən, təhlükəsizlikdən, şəhər və evdən, sosial mövqedən, hətta iş təminatından belə keçməliyik ki, İslama xidmət edə bilək.
İslama xidmət ümumi bir məsuliyyətdir
O, sözlərinə belə davam etdi: Hər kəs bacardığı qədər cəmiyyətin islahı və İslama xidmət üçün addım atmalıdır. Bu dinə bağlılığın həqiqəti və İmam Hüseynin (ə) qiyamının fəlsəfəsidir. İmam Hüseyn (ə) ilə yanaşı bütün məsum imamlar (ə) da İslamı qorumaq və tövhid ruhunu bəşəriyyətə yaymaq üçün çalışmışlar.
Şiəlik – vilayət bayrağı ilə tarixi hərəkət
Höccətül-İslam vəl-müslimin Alimzadə Nuri qeyd etdi: Şiə gərək tarix yolunda Əmirəl-möminin (ə) vilayəti ilə İslamı bütün dünyaya tanıtmalıdır. Bu yolda mən də siz də fəda olmalıyıq ki, şiə məktəbi və Həzrət Peyğəmbərin (s) bayrağı aləmdə ucalaraq əks-səda versin.
Aşura – gündəlik həyatın təcrübəsi
O, əlavə etdi: Aşura hadisəsi gündəlik həyatımızda təcrübə edilməlidir. Biz nəfsani arzularımızdan, yuxu və yeməkdən, mal-dövlətdən, məqam və mövqedən keçməliyik ki, varlığımız İslam yolunda sərf olunsun. Bu özündən keçmə təcrübəsi bizi səadətə və şəhadətə yaxınlaşdırır.
Xəbərin sonu







Rəyiniz