şənbə 4 oktyabr 2025 - 22:50
Snapback: Sivilizasiyalararası münaqişə yanaşmasının bir halqası / İran və İslam ümmətinin həssas tarixi mərhələdə üç strategiyası

Hövzə/ Qum şəhərinin cümə namazının xətibi dedi: ‘Snapback’ (sanksiyaların bərpası mexanizmi) Amerikanın və Qərbin istəkbarçı (hegemon) dairələri tərəfindən sivilizasiyaların toqquşması yanaşmasının bir zəncir halqasıdır. İran xalqı və İslam ümməti ayıq-sayıq olmalıdırlar.

Höze Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının Elmi Hövzələrinin rektoru Ayətullah Əlirza Ərəfi 1404-cü ilin Mehr ayının 11-də (3 oktyabr 2025) Qum şəhərinin Qüds  məscidində qılınan  cümə namazında xütbə oxuyaraq Qurani-Kərimin bu ayəsinə işarə etdi:
 «یَـٰٓأَیُّهَا ٱلَّذِینَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسلِمُونَ»
«Ey iman gətirənlər! Allahdan, Ona layiq olduğu şəkildə qorxun və yalnız müsəlman olduğunuz halda ölün.»

Ayətullah Ərəfi buyurdu: “Bu ayə iki mühüm məqamı bəyan edir. Birinci məqam budur ki, təqvanın dərəcələri və mərtəbələri vardır. Təqvanın başlanğıcı günahdan çəkinmək və vacib əməlləri yerinə yetirməkdir. Lakin təqva yolu durğunluq və dayanmaq məqamı deyil. İnsanın kamalı ondadır ki, təqvanın pillələrini bir-bir qət etsin. Həqiqi təqvaya nail olmaq üçün səy göstərmək lazımdır. Baxışlarımız təqvanın zirvələrinə və qaynaqlarına yönəlməlidir.

O, sözünə davam edərək qeyd etdi: İkinci məqam təqvada davamlılıq və sabitqədəmliyin zərurətidir. İlahi yolda sabit qalmaq, əbədi səadətin əsas şərtidir. Çünki bu yolda bəzən insan büdrəyə və təqva yolundan uzaqlaşa bilər. Buna görə də, insan daim özünü qoruyub, təqvasını davam etdirməlidir.

Ayətullah Ərəfi daha sonra Həzrət Məsumənin (s.ə) vəfatının ildönümünə toxunaraq dedi:

Həzrət Məsumə (s) elə bir pak xanımdır ki, Qum şəhərinə, İrana və bəşəriyyətə ruh bəxş etmişdir. O, Xorasan ocağı ilə yanaşı, İran xalqının elmi, mənəvi və cihadi hərəkətinin mərkəzinə çevrilmişdir. İslamda qadının məqamı budur ki, bir qadın bir şəhərin ruhuna çevrilə bilər. Hövzə elmlərinin, cihadın və inqilabın mənəvi qaynağı Həzrət Məsumənin (s.ə) fədakarlığıdır və bu, qadının uca məqamının ən bariz nümunəsidir.

Qum şəhərinin cümə imamı əlavə etdi: Həzrət Məsumə (s.ə) ‘Allah yolunda hicrət edəndir.’ O, qardaşı İmam Rzaya (ə) qovuşmaq məqsədilə Allah yolunda hicrət etdi Lakin yolun ortasında vəfat etdi və ya şəhid oldu. Qum elm, cihad, mənəviyyat və əxlaq şəhəri  onun dəfn yeri oldu. Həzrət Məsumənin (s.ə) müqəddəs hərəmi hidayət çırağıdır. Bu, bir qadın üçün həm idraki, həm də mədəni baxımdan mərkəzi və təməl roldur. Hər kəs onun həyatından ilham almalıdır.

O daha sonra bəyan etdi: İslam baxışına görə qadın şəhvətpərəstlərin arzusunun əsiri deyil. Əksinə qadın Həzrət Xədicə, Həzrət Fatimə (s.ə), Həzrət Zeynəb və Həzrət Məsumə (s.ə) kimi yüksək məqamlı, imanlı və cəsur bir şəxsiyyətdir. Qadının ictimai, əxlaqi və ailəvi rolu İslamda bu cür müəyyənləşdirilmişdir və biz bu rolu qorumağa borcluyuq Hamımız bilməliyik ki, bu sivilizasiya dəyəri və qadının bənzərsiz mövqeyi İslam İnqilabı sayəsində yenidən təqdim və dirçəldilmişdir.

Ayətullah Ərəfi, müqavimət hərəkatı lideri şəhid Seyid Həsən Nəsrullah, Seyid Haşim Səfiəddin və müqavimət şəhidlərinin şəhadətinin ildönümü münasibətilə bildirdi:

Şəhid Seyid Həsən Nəsrullah dövrümüzün möcüzəsi, müqavimətin böyük sərkərdəsi və dirənişin canlı rəmzi idi O, bütün İslam aləmi, müqavimət cəbhəsi və İran xalqı üçün böyük bir fəxr və ilham mənbəyi idi.

İran İslam Respublikasının Elmi Hövzələrinin rektoru Ayətullah Əlirza Ərəfi bildirdi: Polis ölkənin təhlükəsizliyinin təmin edilməsində  son müqəddəs müdafiədən başlayaraq çox ağır vəzifələr yerinə yetirmiş və çoxlu şəhidlər vermişdir. Ümidvarıq ki, bu qüvvə sabitqədəm, sağlam və ilahi əmrlərə, Ali Baş Komandanlığın rəhbərliyinə arxalanaraq bütün sosial, mədəni və mənəvi sahələrdə öz vəzifələrini uğurla icra edəcəkdir.

O əlavə etdi: Aydiyatı qurumlar mədəni məsələlərdə ciddi vəzifələr daşıyır. Günahı kiçiltmək özü bir günahdır. Hadisələr qarşısında ilahi dəyərlərə, hicaba, təmkinə və idarə, ev və cəmiyyətdə qorunmalı olan mühüm dəyərlərə laqeyd yanaşmaq yolverilməzdir. Bunlar həm məsul şəxslərin, həm də xalqın gözü qarşısında kiçildilə bilməz.

Ayətullah Ərəfi vurğuladı: İlahi sərhədləri və qırmızı xətləri aşmaq günahdır və biz günah qarşısında həssas olmalıyıq. Təbii ki, hərəkət zamanı şərtlərə və qaydalara riayət edilməlidir, lakin günah qarşısında sakit qalmaq özü bir günahdır. Dəyərlərə biganə münasibət böyük zərərlərə səbəb olur. Xüsusilə Qum şəhərində daha çox diqqət, maarifləndirmə, çağırış və həssaslıq göstərməliyik.

O əlavə etdi: Bu gün İran, region və İslam dünyası tarixin ən həssas dövrlərindən birindədir. Bu dövr dünya tarixi, region tarixi, İslam dünyası və İran tarixi üçün dönüş nöqtəsidir. Allahın düşmənləri və dünya istikbarçıları yeni xaç yürüşü kimi savaşlar təşkil etmiş və imperializm bütün sərhədləri aşmışdır.

Qum şəhərinin cümə namazının xətibi əlavə etdi: ABŞ rəhbərliyi bildirir təslim olun. Halbuki Liviyanın və digər yerlərin taleyi gözümüzün önündədir. Sivilizasiyalar müharibəsi onların strateji niyyət və məqsədləri üçün zəmin yaradır. Onlar çalışıblar ki, dünyada, Yaxın Şərqdə və Qərbi Asiyada yeni bir güc meydana gəlməsin və İslam dünyasında nəfəs alacaq bir güc formalaşmasın. Bu, böyük bir bəladır.

O bildirdi: Ərəb və müsəlman xalqlar dərk etməlidirlər ki, əgər bu gün ayıq olmasalar və meydanda düzgün iştirak etməsələr, ağır və acı bir məğlubiyyət onların taleyini gözləyir. Yalnız o halda xilas mümkündür ki, ağılla vəziyyəti anlayıb, birlikdə olsunlar və boş və şərə məruz qalan hədələrə qarşı dayansınlar.

İran İslam Respublikasının Elmi Hövzələrinin rektoru dedi: Onlar sizə deyirlər ki, raket, hərbi güc, müdafiə qabiliyyəti, müstəqil siyasət və iqtisadiyyata malik olmamalısınız siz alçaldılmış və onlara bağlı qalmalısınız ki, bəlkə nisbətən bir rahatlıq əldə edəsiniz.

O, Sionist rejimin dirəniş karvanına qarşı davranışına işarə edərək bildirdi: Onlar özlərinin insan hüquqlarından danışdıqları heç bir meyara əməl etmirlər. Heç bir insani norma onlar üçün önəm daşımır və bütün insanlıq, ilahi və beynəlxalq qaydaları ayaqlar altına alıblar. Qəzza düşmənlərin sonsuz qəddarlığının və bir millətin əzabının canlı sərgisidir.

Xətib əlavə etdi: ‘Snapback’  yəni sanksiyaların avtomatik bərpası mexanizmi də eyni sivilizasiyalar müharibəsi yanaşmasının zəncir halqalarından biridir və Amerikanın və Qərbin istikbarçı dairələrinin üstünlüyünə xidmət edir. İran xalqı və İslam ümməti ayıq-sayıq olmalıdır.

O vurğuladı: Düşmənlər bilməlidirlər ki, onlar bəlkə bəzi səngərləri ələ keçirə bilərlər, amma nəhayət sığınacaq və qalxan Allahın və Allah yolunda cihad edənlərin əlindədir. İnşaallah, möhkəm təməlləri və qətiyyətli sıraları ilə İran və İslam ümməti müqavimət göstərəcək, onların hücumlarını geri atacaq və məğlub edəcəklər.

İran və İslam ümməti üçün üç əsas strategiya

Qum şəhərinin cümə namazının xətibi bildirdi: İslam ümməti və böyük İran xalqı bu həssas tarixi məqamda üç əsas məsələni xüsusi diqqətlə nəzərə almalıdır. Birinci məqam idarəedici, sosial və siyasi savaş sahəsində dözümlülüyün artırılmasıdır. Biz dözümlülüyü yüksəltməli və qarşılaşdığımız çətinlikləri səbrlə qəbul etməliyik. Həyatımızı hədəfə alan düşmən qarşısında öz gücümüzü artırmalıyıq.

O əlavə etdi: İkinci məqam dayanıqlı iqtisadiyyatın möhkəmləndirilməsi, xalqın yaşayışına diqqət yetirilməsi və ümmət olaraq iqtisadi gücü qoruyarkən eyni zamanda müdafiə qabiliyyətini də saxlamaqdır. Üçüncü məqam isə mədəniyyət və siyasətdə müqavimət, ağıllı və inqilabi diplomatiya vasitəsilə düşmənə qarşı durmaqdır.


Ayətullah Ərəfi vurğuladı: Müqavimət yolu yeganə xilas yoludur. Bir addım geri çəkilsək, düşmən yüz addım irəli gedəcək. Onlar yanmış torpaqlar və iflas etmiş xalqlar axtarır.


Nəhcül-Bəlağə: İslam düşüncəsinin əsas simvolu

Ayətullah Ərəfi xütbənin birinci hissəsində Nəhcül-Bəlağə ilə bağlı qeyd etdi: Nəhcül-Bəlağə həm əsaslı, həm də mərkəzi mövqeyə malikdir, lakin biz bu kitabın dəyərini tam qiymətləndirməmişik.  İslam İnqilabının Ali Rəhbəri də bu kitabla yaxınlığın əhəmiyyətinə xüsusi diqqət yetirmişdir.

Xətib bildirdi: Nəhcül-Bəlağə İslam düşüncəsinin ən önəmli simvollarından biridir və Əmirəl-möminin Əlidən (ə) bizə çatmış ən böyük mənəvi və idraki irs nümunələrindən biridir. Nəhcül-Bəlağədə təxminən min danışıq üç hissədə xütbələr, məktublar və qısa sözlər  toplanmışdır, lakin İmam Əlinin (ə) sözləri və hədisləri sünni və şiə mənbələrində on dəfə çoxdur.

O qeyd etdi: Nəhcül-Bəlağə İmam Əlinin (ə) irsindən seçilmiş bir nümunədir. Bu kitab Seyid Rəzi adlı böyük alim, mütəfəkkir, ədib və fiqhçi tərəfindən seçilib toplanmışdır. Seyid Rəzi, Seyid Murtəzanın qardaşıdır. Bu iki qardaş şiə tarixinin möhtəşəm nümayəndələri və Əhli-Beyt (ə) bilik və hədislərinin nəsillərə ötürülməsində əsas vasitəçilərdir.

Ayətullah Ərəfi vurğuladı: Nəhcül-Bəlağə çox dəqiq, gözəl və hesablanmış seçmədir, elmi yanaşma, ədəbi üslub və hərtərəfli baxışla İmam Əlinin (ə) on minlərlə kəlamından hazırlanmışdır. Bu səbəbdən bu kitab rəvayət ədəbiyyatında yüksək mövqeyə malikdir.

O əlavə etdi: İmam Əlinin (ə) sözlərini sahabələrin çoxluğuyla müqayisə etsək, bu müqayisə yer ilə səma arasındakı fərq kimidir. Hamı müqəddəs kəlamın Quran və Peyğəmbərin (s) kəlamından sonra olan üstünlüyünü, əzəmətini və qüdrətini qəbul edir.

İmam Əlinin (ə) kəlamının kəmiyyət və keyfiyyət baxımından üstünlüyü

İran İslam Respublikasının Elmi Hövzələrinin rektoru Ayətullah Əlirza Ərəfi bildirdi: İmam Əlinin (ə) kəlamı digər sahabilərin sözləri ilə müqayisədə kəmiyyət baxımından üstündür. Peyğəmbərin (s) sahabilərinin adı təxminən min nəfər kimi qeyd olunmuşdur. İmam Əlidən (ə) isə on minlərlə kəlam nəql edilmişdir ki, bu, bütün digər səhabilərin sözləri ilə müqayisə olunmayacaq qədər böyükdür. Məsələn, xəlifələrdən yalnız təxminən 500 kəlam nəql edilmişdir.

O əlavə etdi: İmam Əlinin (ə) kəlamının keyfiyyəti də müqayisə olunmazdır. Peyğəmbər (s) İmam Əli (ə) haqqında buyurmuşdur:
«أنَا مَدینَهُ العِلمِ وعَلِیٌّ باب‌ها
‘Mən elmin şəhəriyəm və Əli də  onun qapısıdır.’
Hər kəs saf biliyə can atır və qəlbini ilahi həqiqətlərə bağlayırsa, bu kəlam onu peygəmbər və ilahi biliklərin dənizinə aparır. İmam Əlinin (ə) sözlərinin keyfiyyəti, Quran və Peyğəmbərin kəlamı istisna olmaqla, heç bir yerdə bu qədər dərinlik, əzəmət və geniş ilahi bilik mənbəyini təqdim etmir.

Ayətullah Ərəfi qeyd etdi: Xristian, sünni və şiə mütəfəkkirlərdən çoxu İmam Əli (ə) və Nəhcül-Bəlağəni tərifləyiblər. Məsələn, Corc Cordaq deyir: ‘Ey dünya, kaş gücünü toplayıb hər əsrə bir Əli bəxş edərdin.’
Xristian yazıçı Cəbran Xəlil isə bildirir:
‘Mənim fikrimcə, Əbu Talib oğlu ilk şəxs idi ki, dünyanın ruhu ilə əlaqə qurdu və onunla birləşdi.’


Nəhcül-Bəlağənin xüsusiyyətləri

Fəsahat və bəlağət

Ayətullah Ərəfi bildirdi: Nəhcül-Bəlağənın ən diqqətçəkən xüsusiyyətlərindən biri nadir fəsahat və bəlağətidir. Bu kitab yaradıcı kəlamın zirvəsi, yaradılmış kəlamın üstüdür. Ərəb dilində ən gözəl və cazibədar ədəbi parçalar Nəhcül-Bəlağədə toplanmışdır.

Dərin düşüncə

O əlavə etdi: Nəhcül-Bəlağənın ikinci xüsusiyyəti dərinlik və məntiqi zənginliyidir. Yalnız Nəhcül-Bəlağənin Tövhid hissəsi belə onun dərin düşüncə və saf biliyi nümayiş etdirir.

Əhatəlilik

Ayətullah Ərəfi dedi: Nəhcül-Bəlağənin üçüncü xüsusiyyəti biliklərin əhatəliliyidir. İslamın əsas prinsipləri və yüksək düşüncəsi bu kitabda aydın şəkildə təsvir olunmuşdur. İslam düşüncəsinin sistemliliyi və hərtərəfli təqdimatı burada gözəl şəkildə əks olunmuşdur.

İmam Əlinin (ə) hökumət dövrünə aid olması

Xətib bildirdi: Bu böyük irs İmam Əlinin (ə) hakimiyyəti dövrünə aiddir. O, həm hökmdar, həm rəhbər, həm də müharibə komandanı və cəmiyyətin idarəçisi olduğu halda belə, bu yüksək kəlamları və dərin hidayətləri xalqla paylaşmışdır.

Cəmiyyətşünaslıq və psixologiya

Ayətullah Ərəfi yekun olaraq əlavə etdi: Nəhcül-Bəlağədə siyasi cəmiyyətşünaslıq, sosial və siyasi psixologiya, həmçinin idarəçilik sahəsində mühüm nəzəriyyələr sistemi öz əksini tapmışdır.

Xəbər sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha