cümə 24 oktyabr 2025 - 18:45
Məhdəviyyət mövzuları (18) | İmam Mehdi (ə.f) hökumətinin hədəfləri

Hövzə / İnsan bədən və ruh olmaqla iki ünsürdən ibarətdir və onun ehtiyacları da maddi və mənəvi olmaqla iki hissəyə bölünür. Buna görə də kamilliyə nail olmaq üçün insanın hər iki istiqamətdə ölçülü və məqsədyönlü bir hərəkət yolu tutması zəruridir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, “İdeal cəmiyyətə doğru” adlı Məhdəviyyət müzakirələri silsiləsi siz dəyərli ziyalıların ixtiyarına təqdim olunur. Bu silsilənin məqsədi, İmam Zaman (Allah-taala onun zühurunu tezləşdirsin) aid olan təlim və maarifləri yaymaqdır.

Bütün varlıq aləminin yaradılış məqsədi insanın kamilliyə çatması və bütün kamilliklərin mənbəyi olan uca haqqa yaxınlaşmasıdır. Bu ali məqsədə nail olmaq üçün isə lazımi vasitə və imkanların yaradılması zəruridir. İmam Zamanın (ə.f) qlobal hökuməti də məhz bu məqsədlə insanı Allaha yaxınlaşdıracaq şəraitin formalaşdırılması və bu yolda olan maneələrin aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəkdir.

İnsan bədən və ruh olmaqla iki ünsürdən ibarətdir. Onun ehtiyacları da maddi və mənəvi olmaqla iki qisimə bölünür. Buna görə də kamilliyə nail olmaq üçün hər iki istiqamətdə ölçülü, məqsədyönlü və düşünülmüş addımlar atmaq zəruridir. Həmçinin “ədalət” ilahi hakimiyyətin ən böyük bəhrəsi olaraq insanın həm maddi, həm də mənəvi inkişafının sağlam şəkildə davam etməsinin təminatçısıdır.

Beləliklə, İmam Mehdinin (ə.f) hökumətinin məqsədləri iki əsas istiqamətdə toplanır:

1. Mənəvi kamalın bərpası və inkişafı


2. Ədalətin bərqərar edilməsi və yayılması

Mənəvi İnkişaf

İlahi höccətin hökumətindən uzaq qalmış insan həyatında mənəviyyat və mənəvi dəyərlər hansı mövqedə olmuşdur?
Bəşəriyyətin daim mənəvi tənəzzülə uğradığı, nəfsani istəklərə və şeytani vəsvəsələrə tabe olmaqla həyatın gözəlliklərini unudub, onları öz əlləri ilə şəhvət və tamah qəbiristanlığında basdırdığı aydın deyilmi?!

Qısası bu gün mənəviyyat insan həyatında son nəfəsini çəkməkdədir. Dünyanın bir çox bölgələrində və insanların çoxunda ondan heç bir iz qalmamışdır.

İlahi höccətin sonuncusu olan İmam Mehdi (ə.f) bu vəziyyəti dəyişdirmək, insanın daxilində sönməkdə olan mənəviyyat ocağını yenidən alovlandırmaq üçün zühur edəcəkdir. Onun hökuməti insanlara həqiqi həyatın şirinliyini daddıracaq və xatırladacaq ki, uca yaradanın insan üçün müəyyən etdiyi həyat məhz bu cür mənəvi və nurani bir həyat olmuşdur.

Qurani-Kərim bu barədə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ

Ey iman gətirənlər! Sizi, həyat verən şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərin dəvətini qəbul edin! 
(Ənfal surəsi, 24-cü ayə)

Beləliklə, mənəvi həyat, insanı heyvanlardan fərqləndirən əsas ünsür və onun varlığının ən mühüm hissəsidir. İmamın hakimiyyəti dövründə bu tərəf tam mənada dirçələcək, insani dəyərlər həyatın bütün sahələrində yenidən canlanacaq və çiçəklənəcəkdir.


Ədalətin bərqərar edilməsi

Bəşər tarixinin ən dərin və sağalmaz yarası zülm və ədalətsizlik olmuşdur. İnsan cəmiyyətləri əsrlər boyu hüquqlarının tapdanmasının acısını yaşamış, maddi və mənəvi nemətlər heç vaxt ədalətli şəkildə bölüşdürülməmişdir.
Daim toxların yanında aclar, sarayların kölgəsində isə səfil və evsiz insanlar yaşamışdır. İnsan həmişə ədalətin bərqərar olacağı günü həsrətlə gözləmişdir.

Bu uzun ədalət intizarının sonu, İmam Mehdinin (ə.f) mübarək hökuməti olacaqdır. O, dünyanın ən böyük ədalətli rəhbəri və saleh imamı kimi, ədaləti bütün kainata və həyatın bütün sahələrinə yayacaqdır.

Bu barədə çoxsaylı rəvayətlərdə müjdələr verilmişdir. İmam Hüseyn (ə.) buyurur:

لَوْ لَمْ یَبْقَ مِنَ اَلدُّنْیَا إِلاَّ یَوْمٌ وَاحِدٌ لَطَوَّلَ اَللَّهُ عَزَّ وَ جَلَّ ذَلِکَ اَلْیَوْمَ حَتَّی یَخْرُجَ رَجُلٌ مِنْ وُلْدِی فَیَمْلَأَهَا عَدْلاً وَ قِسْطاً کَمَا مُلِئَتْ جَوْراً وَ ظُلْماً کَذَلِکَ سَمِعْتُ رَسُولَ اَللَّهِ صَلَّی اَللَّهُ عَلَیْهِ وَ آلِهِ یَقُولُ. (کمال‌الدین، ج ۱، ص ۳۱۷)

 «Əgər dünyanın ömründən yalnız bir gün belə qalmış olsa, Allah-Təala həmin günü o qədər uzadacaq ki, mənim nəslimdən olan bir kişi (zühur edəcək) o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və haqq ilə dolduracaq. Bu sözləri mən Allah Rəsulundan (s) eşitmişəm.


(Kamalud-din, c.1, s.317)

Bundan əlavə, çoxsaylı digər rəvayətlər də İlahi vədin sonuncu yerinə yetiricisi olan İmam Mehdinin (ə.f) ədalət dolu hökumətindən, zülm və haqsızlığın kökündən aradan qaldırılmasından bəhs etmişdir.

İmam Mehdinin (ə.f) hökuməti insanın mənəvi dirçəlişini təmin edən, ədaləti bərqərar edən və bəşəriyyəti həqiqi kamala yönəldən ilahi bir cəmiyyətin təcəssümüdür.

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha