çərşənbə axşamı 18 noyabr 2025 - 16:02
Həzrət Zəhranın (s.ə) insanlara mühüm tövsiyəsi – Ən çətin şəraitdə belə dininə sadiq qal

Hövzə / Höccətül-İslam vəl-müslimin Əxtəri qeyd edib ki, çətinliklər qarşısında səbir və möhkəmlik, həmçinin dinə bağlılıq Həzrət Fatimənin (s.ə) tarix boyu bəşəriyyət üçün böyük həyat dərsi olubdur. Həzrət Zəhra (s.ə) İslam Peyğəmbərinin (s) vəfatından sonra yaranmış ən ağır ictimai və siyasi şəraitdə dini dəyərlərə və ilahi göstərişlərə əməl etməklə səbir kimi mühüm bir mesajı öz ardıcıllarına çatdırmışdır.

Ümumdünya Əhli-Beyt (ə) Şurasının sədri Höccətül-İslam vəl-müslimin Məhəmmədhəsən Əxtəri, Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbiri ilə müsahibəsində bildirib ki, həzrət Fatimə (s.ə) bütün bəşəriyyət üçün örnək və nümunədir. O qeyd edib ki, İslam mütəfəkkirləri və alimləri Həzrət Zəhranın (s.ə) fəzilətləri barəsində yekdil rəyə malikdirlər və buna görə də onun nümunəviliyi müəyyən bir qrupa məhdudlaşmır.

Ümumdünya Əhli-Beyt (ə) Şurasının sədri Həzrət Zəhranın (s.ə) məqamını sırf mənəvi və əxlaqi ölçülərlə məhdudlaşdırmağın doğru olmadığını bildirərək deyib: Həzrət Zəhra (s.ə) əxlaq, mənəviyyat, mədəniyyət, ictimaiyyət və siyasi sahələr də daxil olmaqla həyatın bütün yönləri üçün nümunədir.

Həzrət Fatimə (s.ə) İslam cəmiyyətində qadın və kişilər üçün kamil örnəkdir

O vurğulayıb ki, həzrət Fatimə (s.ə) öz qısa ömründə göstərdikləri həyat tərzi ilə İslam toplumunun qadın və kişiləri üçün kamil bir model təqdim etmiş və onun tərbiyə və ictimai rolunun tarix boyu heç vaxt unudulmamalı olduğunu bildirib.

Əxtəri deyib: Həzrət Fatimə (s.ə) öz davranışları, sözləri və əməli ilə göstərdi ki, insanın dini və ictimai həyatı bir-biri ilə sıx şəkildə bağlı olmalıdır. O, əxlaq və ibadət yolunu qorumaqla yanaşı, ailə məhrəmiyyətinin və izzətinin qorunmasına, saleh övlad tərbiyəsinə, xalqın və dinin hüquqlarının müdafiəsinə xüsusi əhəmiyyət verirdi.

Həzrət Fatimənin (s.ə) şəhadət günlərinin faydasından maksimum istifadə edək

Höccətül-İslam vəl-müslimin Əxtəri həzrət Fatimənin (s.ə) şəhadət günlərinin  böyük mənəvi faydasından maksimum faydalanmağın vacibliyini vurğulayaraq deyib: Bu günlər yalnız matəm günləri deyil, həm də həzrət Zəhranın (s.ə) əxlaq, tərbiyə və ictimai təlimləri üzərində dərin təfəkkür üçün mühüm bir fürsətdir. Bu məqsədlə çıxışlar, seminarlar və maarifləndirici proqramlar vasitəsilə həzrət Fatimənin (s.ə) şəhadət günlərinin  irsinin dəyərli məzmunu gənc nəslə çatdırılmalıdır.

O bildirib: Həzrət Zəhranın (s.ə) ən mühüm mesajlarından biri çətinliklər qarşısında səbir, möhkəmlik və ilahi dəyərlərə sadiqlikdir. O həzrət ən ağır şəraitdə, həm ailə, həm də cəmiyyət daxilində, insani prinsiplərə və izzətə sadiq qalmışdır ki, bu da günümüzün insanları üçün ən mühüm dərslərdəndir.

Ümumdünya Əhli-Beyt (ə) Şurasının sədri həzrət Zəhranın (s.ə) müxtəlif nəsillər üçün tərbiyəvi təsirinə toxunaraq deyib: O, əxlaq, mənəviyyat və tərbiyə prinsiplərə riayət etməklə dəyərli, balanslı bir həyat nümunəsi təqdim etmişdir. Bu gün də əgər məsuliyyətli, əxlaq sahibi və dininə bağlı gənclər yetişdirmək istəyiriksə, həzrət Fatimənin (s.ə) şəhadət günlərinin  təlimləri, elmi və analitik şəkildə onlara təqdim edilməlidir.

Əxtəri əlavə edib ki, gənc nəsil həzrət Zəhranın (s.ə) ailə idarəçiliyi, ictimai davranışı, izzəti qorumağı və cəmiyyətə təsir göstərməkdəki rolunu öyrənməklə praktiki həyat dərsləri əldə etməlidir. Bu təlimlər onların fərdi və ictimai davranışlarına yol göstərici ola və cəmiyyəti, əxlaq və ictimai sağlamlığa doğru istiqamətləndirə bilər.

Təhsil və elm ocaqlarında həzrət Fatimənin (s.ə) yoluna diqqət zəruridir

Höccətül-İslam vəl-müslimin Əxtəri əlavə edərək vurğulayıb ki, təhsil və elm müəssisələri həzrət Zəhranın (s.ə) həyatının yenidən araşdırılması və çatdırılması sahəsində əsas rol oynamalıdır. Bu istiqamətdə həyata keçirilən tədris, mədəni və tədqiqat proqramları tələbə və şagirdlərin onun şəxsiyyətini daha dərindən dərk etməsinə yardım edə bilər.

Matəm mərasimləri yalnız sinə vurma və rövzə oxuma ilə məhdudlaşdırılmamalıdır

O bildirib ki, həzrət Fatimənin (s.ə) şəhadət günlərində keçirilən məclislər dəqiq və hərtərəfli şəkildə planlaşdırılmaqla yanaşı ixtisaslaşmış seminarlar, tədris dərsləri, məqalələrin nəşri və həzrət Zəhranın (s.ə) həyatını və onun tövsiyələrini müasir dillə çatdıran rəqəmsal məzmunların hazırlanması vacibdir. Bu işlər mərasimlərin təsirini artırar və matəm ayinlərinin yalnız təkrar olunan ənənəvi formalarla məhdudlaşmasının qarşısını alar. Əza mərasimləri təkcə sinə vurma və rövzə oxuma ilə məhdud qalmamalıdır.

Ümumdünya Əhli-Beyt (ə) Şurasının sədri əlavə edərək bildirib ki, həzrət Zəhra (s.ə) həyatın bütün sahələrində səbir, müqavimət və məsuliyyət nümunəsidir. Həzrət Fatimənin (s.ə) yolunun təlimləri bu gün də insanların şəxsi, ailəvi və ictimai çətinliklərlə üzləşməsində mühüm yol göstərici ola bilər. Həzrət Fatimənin (s.ə) şəhadət günləri bu dərslərin xatırladılması üçün mühüm fürsətdir və həzrət Fatimənin (s.ə) mesajları cəmiyyətə analitik, tədris və mədəni yanaşmalarla çatdırılmalıdır.

Qadınların ictimai həyatda fəal iştirakı mümkündür

Ümumdünya Əhli-Beyt (ə) Şurasının sədri daha sonra vurğulayıb ki, qadınlar da şəri çərçivələri qorumaqla, kişilər kimi ictimai rollarda fəal iştirak edə bilərlər. Quran həmişə insanın ən üstün dəyərlərindən söhbət açdığı zaman qadınları kişilərlə yanaşı və eyni formada təqdim edir.

Höccətül-İslam vəl-müslimin Əxtəri bildirib ki, həzrət Fatimə (s.ə) öz həyatı və mübarizəsi ilə sosial, mədəniyyət, iqtisadiyyat, bəndəlik, evdarlıq, ailə idarəçiliyi, övlad tərbiyəsi və siyasi fəaliyyət sahələrində göstərmişdir ki, qadın iffət sərhədlərini və insanlıq dəyərlərini qorumaqla cəmiyyətin bütün sahələrində fəal rol oynaya bilər. O qeyd edib: İslam qadının da kişi kimi cəmiyyətin bütün sahələrində fəal və dinamik bir ünsür olmasını istəyir.

Həzrət Fatimə (s.ə) həyat tərzinin təbliğində təbliğatçıların əsas rolu

Höccətül-İslam vəl-müslimin Əxtəri, həzrət Fatimənin (s.ə.) təlimlərini və həyat tərzini təbliğ etmək üçün təbliğçilərin əsas roluna vurğu edərək bildirib: Həzrət Fatimənin (s.ə) şəhadət günləri, həzrətin həyat yolunu xalqa öyrətmək və çatdırmaq üçün ən yaxşı fürsətdir.

Sonda Ümumdünya Əhli-Beyt (ə) Ali Şurasının sədri cəmiyyətin bütün təbəqələrinin, xüsusilə qadınların, həzrət Fatimənin (s.ə) həyat tərzini özlərinə nümunə götürmələrinin vacibliyini vurğulayaraq deyib: Təbliğatçılar gənc nəsli həzrət Fatimənin (s.ə) yolu və həyatı ilə yaxından tanış etməli və bu sahədə mümkün qədər başadüşülən və asan bir dil istifadə etməlidir ki, insanları mürəkkəb terminlərlə yükləməsin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha