Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, son günlərdə Bəsic həftəsi münasibətilə İnqilabın Ali Rəhbərinin televiziya çıxışı çox mühüm məqamlar ehtiva edirdi. Bu çıxışın əsas mövzularından biri isə onların hər bir sahədə o cümlədən çörək, qaz, benzin və ərzaq məhsullarında israfdan çəkinməyə dair tövsiyəsi idi. Həmçinin vurğuladı ki, əgər bu qədər israf olmasa, şübhəsiz, ölkənin vəziyyəti daha da yaxşı olacaq.
Ali Rəhbərin 35 illik istəyi
Bununla belə nəzərə almaq lazımdır ki, bu tələb Ali Rəhbərin tərəfindən artıq otuz ildən çoxdur irəli sürülür. Belə ki, o həzrət 1369-cu şəmsi ilində (1990 miladi) bir görüşdə açıq şəkildə deyib:
"Cəmiyyətimiz istehlakçılıq ruhiyyəsini kənara qoymalı və Qərb mədəniyyətlərində təbliğ olunan bu kimi meyillərdən özünü xilas etməlidir... İstehlaka və dəbdəbəyə meyl kimi cahiliyyət toplumlarında artırılan bu xüsusiyyətlər İslam cəmiyyətindən kökündən çıxarılmalı idi.
İlin “İstehlak modelinin islahı” adı ilə adlandırılması
Bu mövzu ilə bağlı yazıçı və tədqiqatçı Mehdi Mollayi bildirib ki, istehlak mədəniyyətinin islahı, müxtəlif təbəqələrdən olan insanları qənaət ruhiyyəsini qorumağa və israfdan uzaq durmağa təşviq etmək, uzun illərdir Ali Rəhbərin əsas və köklü narahatlıqlarından biridir. Onun sözlərinə görə, son 35 ildə Ali Rəhbərin müxtəlif çıxış və təşəbbüslərinə qısa bir nəzər salmaq kifayət edir ki, istehlakçılıqdan çəkinmək məsələsinin təkcə son illərin hadisəsi və sanksiyaların yaratdığı təzyiqlərin nəticəsi olmadığı, əksinə, İslam İnqilabının ilk illərinə gedib çıxan bir məsələ olduğu aydın olsun. Elə bu səbəbdəndir ki, o həzrət 1371-ci ilin (1992) Novruz mesajında açıq şəkildə xalqdan istəyərək vurğulamışdır ki, istər bayram günlərində, istər ilin digər günlərində israfdan uzaq dursunlar. Ali Rəhbərin həmin açıq ifadəsi belədir:
"Mən dəfələrlə demişəm və yenə də deyirəm, xahiş edirəm ki, istehlakçılığı tərk etsinlər. İstehlak ölçülü olmalıdır, israf və həddən artıq olmamalıdır."
O əlavə edib ki, zaman keçdikcə iqtisadi təzyiqlərin və sanksiyaların artması ilə bu narahatlıq daha ciddi bir şəkil aldı. Elə bu səbəbdəndir ki, müdrik Ali Rəhbər 1388-ci ili (2009) “İstehlak modelinin islahı ili” adlandırdı və bütün xalqı və dövlət məsullarını bu məsələyə daha ciddi şəkildə diqqət yetirməyə çağırdı.
Yazıçı və tədqiqatçı daha sonra xatırladıb: Məhz bu istiqamətdə idi ki, Liderin hikmətli siyasəti ilə “müqavimət iqtisadiyyatı” anlayışı formalaşdı. Həmçinin sanksiya və düşmənçilik şəraitində belə, iqtisadi müstəqilliyə doğru irəliləyişi daxili potensiala arxalanmaq və istehlak modelini düzəltməklə həyata keçirməyi nəzərdə tutmuşdur. Maraqlı məqamlardan biri də budur ki, 1392-ci ildə (2013) müqavimət iqtisadiyyatının ümumi siyasətləri elan edildi. Həmin sənəddə “istehlak modelinin islahı, israf və lazımsız xərclərdən çəkinmək” ölkə iqtisadiyyatının əsas dayaqlarından biri kimi rəsmi şəkildə müəyyənləşdirildi. Bundan əlavə, o həzrət sonralar bu mövzu ilə əlaqədar vurğuladı ki, qənaətdən məqsəd çətinlik çəkmək deyil, düzgün, ağıllı və İslam şəriəti dediyi şəkildə istifadə etməkdir.
Həm xalq, həm də məsul şəxslər müraciət ünvanıdır
Mollayi əlavə edərək qeyd edib: Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu mövzuda Ali Rəhbərin tövsiyələrinin əsas ünvanı həm xalqdır, həm də xüsusilə məsul şəxslər. Çünki həqiqətən də, Ali Rəhbərin qənaətin əhəmiyyəti və zərurəti ilə bağlı xatırlatmaları və çıxışları xalq və cəmiyyət təbəqələrinə olduğu qədər, hər zaman və eyni dərəcədə məsul şəxslərə də yönəlib.
O əlavə edib: Bu məsələyə dair Ali Rəhbər çıxışlarınının birində belə deyib:
"Bu gün müsəlmanların beytulmalına cavabdeh olan şəxslər, beytulmalı ümumi və xalqın mənafeyinə uyğun olmayan sahələrdə xərcləməkdən çəkinməlidirlər. Bu, beytulmalın ədalətli bölüşdürülməsinin yoludur. Əgər bir məsul şəxs, Allah eləməsin, beytulmala israf etsə, ya onu şəxsi işlərə və ya dostlarına, yaxınlarına və əlaqəli şəxslərə sərf etsə bu, beytulmalın işində ədalətdən yayınmaqdır."
Bu məsələ açıq şəkildə göstərir ki, Ali Rəhbər xalqı qənaətə dəvət etdiyi kimi, özü də bu işi yerinə yetirir. Maraqlı və ibrətamiz olan isə budur ki, bir neçə ay əvvəl doktor Pezeşkiyan, Ali Rəhbərin qənaətə diqqəti barədə bir xatirə nəql edərək belə demişdi:
"Enerji təchizatı ilə bağlı problemi Ali Rəhbərə çatdıranda, növbəti görüşdə gördüm ki, otaqdakı işıqların yarısı söndürdü və dedi: Biz işıq enerjisinə qənaət edirik.
Media orqanlarının istehlakçılığı artırmadakı rolu
Yazıçı və dini tədqiqatçı Höccətül-İslam Həbib Babayi bildirib ki, cəmiyyətdə istehlakçılıq mədəniyyətini gücləndirən amillərdən biri də müasir media vasitələridir. O deyib: Virtual aləm və sosial şəbəkələr bir yana, televiziyadakı reklamların növünə nəzər saldıqda aydın olur ki, reklam çarxları və anonslar daha çox istehlakçılığın təşviqidir. Halbuki televiziya reklamlarının qayda və qanunlarının 24-cü prinsipinə əsasən, "reklam elə hazırlanıb çəkilməməlidir ki, insanlar ehtiyacdan artıq istehlaka və mövcud imkanlardan israfla istifadə etməyə təşviq olunsun."
O əlavə edib ki, Ali Rəhbərin söz və tövsiyələrinə əsasən, istehlakçılıq əgər israf həddinə çatsa, hər bir millət üçün təhlükəli xəstəliklərdən biri sayılır. Onun fikrincə, İslami həyat tərzinin əsas göstəricilərindən biri düzgün istehlak yəni qeyri-İslami istehlakçılıq ruhiyyəsinə önəm verməməkdir. Elə bu səbəbdəndir ki, düzgün və ölçülü istehlak, şükrün və bərəkətin nəzərə alınması, onların baxışında İslam mədəniyyətinin ən mühüm proqram təminatlarından biridir.
Babayi daha sonra bildirib: Ümumiyyətlə istehlakçılıq ruhunun artması milli iqtisadiyyatın taleyinə mənfi təsir göstərir. Çünki bu hal iqtisadiyyata və cəmiyyətin mədəniyyətinə ziyan vurduğu kimi, insanların psixoloji və əxlaqi həyatına da mənfi nəticələr gətirir.
Hesabat: Seyid Məhəmmədmehdi Musəvi
Rəyiniz