Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal Cəmiyyətə Doğru” adlı və İmam Məhdi (ə.f) mövzularına həsr olunmuş məhədviyyat mühazirələri toplusu siz dəyərli oxuculara təqdim olunur.
Zühur zamanı baş verəcək mühüm hadisələrdən biri rəcət, yəni imanlı və təqvalı şəxslərin yenidən dünyaya qayıdışıdır ki, bu da şiə məzhəbinin qəti etiqadlarından sayılır.
Rəcətin mənası
“Rəcət” söz baxımından “qayıdış” deməkdir. Dini terminologiyada isə ilahi höccətlərin, məsum imamların (ə), həmçinin həqiqi möminlərin, kafirlərin və münafiqlərin yenidən dünyaya qayıtmasına deyilir. Yəni onlar Allahın əmri ilə bir daha dirildilir və bu dünyaya geri dönürlər. Bu hadisə qiyamət mənzərəsinin öncədən göstərilməsi üçün qiyamətdən öncə elə bu dünyada baş verəcəkdir.
Rəcətin fəlsəfəsi
Doğrudur, insanların mükafat və cəzalarının əsas məkanı axirət aləmidir. Lakin Allah-Təala öz iradəsi ilə bu mükafat və cəzaların bir qisminin bu dünyada da həyata keçməsini istəmişdir.
Bu barədə İmam Baqir (ə) buyurur:
«... أَمَّا اَلْمُؤْمِنُونَ فَیُنْشَرُونَ إِلَی قُرَّةِ أَعْیُنِهِمْ وَ أَمَّا اَلْفُجَّارُ فَیُنْشَرُونَ إِلَی خِزْیِ اَللَّهِ إِیَّاهُمْ ...» (بحارالانوار، ج ۵۳، ص ۶۴)
«… Möminlər sevinc və göz aydınlığına qovuşmaları üçün yenidən dirildiləcək, günahkarlar isə Allahın onları rüsvay etməsi üçün dirildilib dünyaya qaytarılacaqlar…» (Biharul-ənvar, c. 53, s. 64)
Möminlər yenidən geri dönəcəklər ki, izzət tapsınlar və gözləri nurlansın. Fasiqlər isə ona görə qayıdacaqlar ki, Allah-Təala onları zəlil və rüsvay etsin.
Rəcətin digər bir faydası isə möminlərin İmam Zamana (ə.f) yardım etmək səadətindən bəhrələnmələridir.
Məsələn, İmam Zamana (ə.f) üçün nəql olunan ziyarətlərdən birində ona belə deyirik:
«... مَوْلاَیَ فَإِنْ أَدْرَکَنِیَ اَلْمَوْتُ قَبْلَ ظُهُورِکَ فَإِنِّی أَتَوَسَّلُ بِکَ وَ بِآبَائِکَ اَلطَّاهِرِینَ إِلَی اَللَّهِ تَعَالَی وَ أَسْأَلُهُ أَنْ یُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ یَجْعَلَ لِی کَرَّةً فِی ظُهُورِکَ وَ رَجْعَةً فِی أَیَّامِکَ لِأَبْلُغَ مِنْ طَاعَتِکَ مُرَادِی وَ أَشْفِیَ مِنْ أَعْدَائِکَ فُؤَادِی ...» (بحارالانوار، ج ۹۹، ص ۱۱۶)
«… Mövlam! Əgər sənin zühurundan öncə ölüm məni haqlasa, mən sənin və pak ata-babalarının vasitəsilə uca Allahdan istəyirəm ki, Məhəmməd peyğəmbərə (s) və onu pak ailəsinə salavat göndərsin və zühur dövründə mənə bir qayıdış, sənin zamanında bir rəcət (geri dönüş) nəsib etsin ki, itaətində arzuladığım məqama yetişim və qəlbimi Allah düşmənlərinin rüsvaylığı və məhv edilməsi ilə sakitləşdirim…»
(Biharul-ənvar, c. 99, s. 116)
Rəcətin mövqeyi
Rəcət, şiə məzhəbinin qəti və mütləq etiqadlarındandır və onun əsas dayağı onlarla Qurani-Kərim ayəsi, həmçinin peyğəmbər
(s) və məsum imamlar (ə) tərəfindən nəql olunan yüzlərlə hədislərdir.
Böyük hədis alimi mərhum Şeyx Hür Amili “Əl-iqazu minəl-həcəti bil-burhani alə-rəcəti” adlı kitabının sonunda belə yazır:
«فقد ذکرنا فی هذه الرسالة من الأحادیث والآیات والأدلّة ما یزید علی ستمائة وعشرین ولا أظنّ شیئاً من مسائل الاُصول والفروع یوجد فیه من النصوص أکثر من هذه المسألة.»
«Bu risalədə rəcət barəsində altı yüz iyirmidən çox hədis, ayə və dəlil qeyd etmişik. Mən hesab etmirəm ki, üsul və mühüm məsələlərinin hər hansı birində bu qədər çox mətn və dəlil mövcud olsun.»
Bu müzakirələrin ardı var....
Mənbə: "Negine afərineş" kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz