şənbə 30 may 2026 - 21:22
Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini bildirib ki, ABŞ və İsrailin İran və Livana qarşı apardığı təcavüzkar müharibə öz məqsədlərinə çata bilməyərək uğursuzluqla nəticələnib

Hövzə \ Şeyx Əli əl-Xətib İsrailin təcavüzünə qarşı mövqenin sabit prinsiplərini vurğulayaraq, bu mövqenin əsas istiqamətlərini açıqlayıb. O, İsrail qüvvələrinin tam çıxarılması, sakinlərin öz evlərinə geri qayıtması, dağıdılmış bölgələrin yenidən bərpasına başlanması, əsirlərin azad edilməsi və müdafiə strategiyası üzrə dialoqun aparılmasının zəruri olduğunu bildirib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini Şeyx Əli əl-Xətib çıxışı zamanı İsrail təcavüzü qarşısında mövqenin dəyişməz prinsiplərinə, o cümlədən işğalçı qüvvələrin tam çıxarılması, sakinlərin öz yurdlarına qayıtması, yenidənqurma prosesinə başlanılması, əsirlərin azad edilməsi və müdafiə strategiyası ilə bağlı dialoqun aparılmasının zəruriliyinə diqqət çəkib.

Şeyx Əli əl-Xətib bildirib: Bu gün müharibələrin şiddətləndiyi, beynəlxalq təzyiqlərin artdığı, ABŞ və İsrailin region xalqlarına qarşı siyasi və təhlükəsizlik sahələrində yeni reallıqları zor gücü, terror və hədələrlə qəbul etdirməyə çalışdığı bir vaxtda biz arzu edirdik ki, bu bayramı bütün şəhərlərimizdə, kəndlərimizdə, evlərimizdə və məscidlərimizdə keçirək. Lakin ilahi təqdir belə oldu ki, insanları və yaşayış məntəqələrini hədəfə alan İsrailin davamlı təcavüzü nəticəsində bu ağır sınaqla üzləşək.

Bu, uca Allahın bizim səbir və dözümümüzü zülm və təcavüz qarşısında sınadığı ilk hadisə deyil. Siz səbir göstərmisiniz, bu gün də səbir göstərirsiniz və alçalmağı qəbul etməyən izzət və ləyaqəti qorumaq naminə ən qiymətli can və malınızdan fədakarlıq edirsiniz.

O əlavə edib: Bu, elə bir müqavimətdir ki, onun mücahidləri Allah yolunda canlarını fəda edərək bu ləyaqəti müdafiə ediblər. Onlar düşmənə ağır zərbələr endiriblər və bu zərbələr düşməni təhdid və qorxu siyasətinə əl atmağa vadar edib. Halbuki maddi qüvvələr balansı onun xeyrinədir və bəzi şəxslər də bizi buna görə qınayırlar. Lakin bizim mənəvi və ilahi hesablamalarımızda bu amilin heç bir dəyəri yoxdur.

Həzrət İmam Hüseyn (əleyhis-salam) Kərbəla hadisəsində böyük Əməvi ordusunun çoxluğuna əhəmiyyət vermədi və uca şüarı belə oldu:

 “Allaha and olsun ki, sizə zillət əli verməyəcəyəm və qullar kimi qarşınızda təslim olmayacağam.”


Biz həzrət İmam Hüseynin (əleyhis-salam) və onun mübarək babası həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) yolundayıq. Buna görə də qətlin, dağıntının, soyqırımın və məcburi köçkünlüyün ən dəhşətli formalarını həyata keçirən bu vəhşi azğınlıq qarşısında nə zəlil ola, nə də əsarəti qəbul edə bilərik.

Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini Şeyx Əli əl-Xətib bildirib ki, artıq hər kəsə aydındır ki, ABŞ və İsrailin İran İslam Respublikasına və Livana qarşı apardığı təcavüzkar müharibə öz əsas məqsədlərinə, o cümlədən İran dövlətinin devrilməsinə və Livandakı müqavimətin məhv edilməsinə nail ola bilməyib.

O qeyd edib ki, hazırda ABŞ administrasiyası razılaşmanın əldə olunmasına maneələr yaradır ki, ölkə daxilində ictimai rəyə və siyasi rəqiblərinə qarşı özünü qalib tərəf kimi təqdim edə bilsin. İsrail tərəfi də baş nazirinin siyasi rəqibləri qarşısında qələbə görüntüsü formalaşdırmaq məqsədilə eyni yanaşma ilə həddindən artıq tələblər irəli sürür.

Şeyx əl-Xətib əlavə edib: Lakin bizim nəzərimizdə bu müharibənin həqiqi mənzərəsi maddi və keçici hesablamalardan daha genişdir. Bu hadisələr bizə müstəmləkəçi və ideoloji xarakter daşıyan tarixi qarşıdurmaları xatırladır. Belə görünür ki, hazırda onun dayandırılması istiqamətində müəyyən səylər göstərilsə də, bu qarşıdurmanın uzun müddət davam etməsi ehtimalı mövcuddur.

Bu çərçivədə Livan məsələsi gözlənilən razılaşmanın qarşısında duran əsas maneələrdən biri kimi görünür. Çünki İsrail bu dosyenin açıq qalmasında israr edir. Halbuki İran İslam Respublikası Livan məsələsini mümkün razılaşmanın əsas bəndlərindən biri hesab edir.

Məhz buna görə biz İranın bu prinsipial mövqeyinə görə təşəkkürümüzü bildiririk. Arzu edərdik ki, Livan dövləti də bu məsələdə eyni mövqedən çıxış etsin və heç bir təsir vasitəsi olmadan nəticəsiz uzanacağı ehtimal olunan danışıqlara daxil olmasın.

Şeyx Əli əl-Xətib daha sonra bildirib: Son günlər şahidi olduğumuz İsrail eskalasiyası açıq şəkildə göstərir ki, düşmən rəhbərliyi regionda müharibənin dayandırılmasına yönəlmiş hər cür təşəbbüsə qarşı qəzəb içindədir. Artıq aydın olub ki, sionist rejimdə hakimiyyətdə olan komanda, İsraildə seçkilərin yaxınlaşdığı bir vaxtda, daxili siyasi böhrandan çıxış yolu tapmaq üçün bu müharibənin davam etməsini istəyir.

Məsələnin ironik tərəfi isə budur ki, düşmən birtərəfli atəşkəs tələb edir, yəni yalnız müqavimət qüvvələrinin atəşkəsə riayət etməsini istəyir. Necə ki, son on beş ay ərzində də belə bir vəziyyət yaşanıb. Bizim qənaətimizə görə isə bu baş verməyəcək. Atəşkəs ya hamı üçün olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Çünki bizim öldürülməyimizə və evlərimizin dağıdılmasına icazə verilməsi, eyni zamanda düşmən ordusuna cavab verilməsinin qadağan edilməsi qəbuledilməzdir.

Hər halda, bir daha heç bir güzəşt və geri çəkilməni qəbul etməyən əsas prinsiplərimizi vurğulayırıq:

Birincisi, Livan ərazilərindən tam və hərtərəfli çıxışın təmin olunması

İkincisi, insanların öz şəhərlərinə, kəndlərinə və evlərinə qayıtması;

Üçüncüsü, dağıdılmış bölgələrin yenidən qurulması;

Dördüncüsü, İsrail həbsxanalarında saxlanılan bütün əsirlərin azad edilməsi;

Beşincisi isə andiçmə nitqi və hökumət bəyanatı əsasında müdafiə strategiyasının müəyyənləşdirilməsi məqsədilə milli dialoqun başlanmasıdır.”

Şeyx əl-Xətib çıxışının sonunda deyib: Əziz qardaşlar! Bu mübarək günlərdə hamını Həcc və Qurban bayramının dəyərlərindən, o cümlədən səbir, təvazökarlıq, fədakarlıq, əməkdaşlıq və dünyapərəstlikdən uzaq olmaq kimi ali mənəvi prinsiplərdən ilham almağa çağırırıq.

Eyni zamanda, ölkənin bütün bölgələrində məcburi köçkün vəziyyətinə düşmüş qardaşlarımıza daha çox həmrəylik göstərməyə, onlara dəstək olmağa və yardım əlimizi uzatmağa dəvət edirik. Çünki böhran uzandıqca ehtiyaclar da bütün sahələrdə artır.

Uca Allahdan diləyirik ki, bu bayramı Livan xalqına, xüsusilə müsəlmanlara təhlükəsizlik, qələbə, sabitlik, xeyir və bərəkətlə yenidən nəsib etsin.

Livan Şiələrinin Ali İslam Şurasının sədr müavini bildirib ki, ABŞ və İsrailin İran və Livana qarşı apardığı təcavüzkar müharibə öz məqsədlərinə çata bilməyərək uğursuzluqla nəticələnib

Şeyx əl-Xətib

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha