Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Möhsün Rzayi xarici “Rossiya Al-Yum” kanalının jurnalistinin suallarını cavablandırıb.
O bildirib ki, ABŞ ilə aparılan danışıqlarda əsas problem Donald Trampın qeyri-sabit mövqeyi və ziddiyyətli açıqlamalarıdır ki, bu da İranın ABŞ-yə olan etimadsızlığını daha da artırır.
General-mayor Möhsün Rzayi “danışıqlar hazırda hansı mərhələdədir?” sualına cavabında qeyd edib ki, hazırda mesajlar Pakistan vasitəsilə tərəflər arasında ötürülür, lakin danışıqlarda hələ də qeyri-müəyyənliklər mövcuddur. Onun sözlərinə görə, Tramp danışıqların qaydalarına əməl etmir və həddindən artıq tələb irəli sürür, halbuki danışıqlar şəffaf olmalıdır.
İqtisadi koordinasiya şurasının katibi həmçinin “Trampın İranın razılıq istəməsi ilə bağlı iddiaları doğrudurmu?” sualına cavabında deyib ki, İran danışıqlarda ciddi mövqe sərgiləyir, lakin öz müdafiəsində daha da ciddidir və zəif mövqedən çıxış etmir. Onun sözlərinə görə, İran bu danışıqlarda ABŞ-nin vədlərinə sadiq qalmamasını, qanunsuzluqlarını və xalqların hüquqlarını pozmasını dünya ictimaiyyətinə göstərib.
O əlavə edib ki, İran yalnız beynəlxalq hüquq çərçivəsində öz hüquqları tanındığı halda razılaşmaya gedə bilər və Trampın qeyri-sabitliyi və İsrailin təsiri səbəbindən razılaşmaya nikbin yanaşmır.
General-mayor Möhsün Rzayi Hörmüz boğazı ilə bağlı suala cavabında vurğulayıb ki, bu boğaz İranın nəzarətindədir və orada heç bir geri addım atılmayacaq. Onun sözlərinə görə, Hörmüz boğazı ticarət üçün açıqdır, lakin hərbi məqsədlər və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər üçün bağlanmış hesab olunur.
O əlavə edib ki, danışıqlar nəticə verməzsə, İran “dəniz mühasirəsini” qəbul etməyəcək və buna qarşı ciddi addımlar atacaq.
Nüvə proqramı ilə bağlı suala cavabında isə Rzayi bildirib ki, İran uranın zənginləşdirilməsindən geri çəkilməyəcək, çünki bu, ölkənin beynəlxalq hüquq çərçivəsindəki haqqıdır və enerji, kənd təsərrüfatı və tibb sahələrində mühüm rol oynayır. O vurğulayıb ki, zənginləşdirilmiş materiallarla bağlı qərarı yalnız İran özü verəcək və heç bir təzyiqi qəbul etməyəcək.
Sonda o qeyd edib ki, İran özünün dondurulmuş maliyyə vəsaitlərinin azad olunmasında israrlıdır və həmçinin özünün istər birbaşa, istərsə də dolayı yolla müharibə zərərlərinin kompensasiyasının ödənilməsini tələb edir.
General-mayor Möhsün Rzayi “razılaşma üçün aydın perspektiv mövcuddurmu və ABŞ tərəfinin iddia etdiyi kimi razılaşma yaxındırmı?” sualına cavabında bildirib ki, tətbiq olunan mühasirə demokratiyaya xəyanət idi və tərəflər atəşkəsi uzadaraq məhz bu mühasirəni tətbiq etməyə çalışıblar. Onun sözlərinə görə, danışıqların nəticəsi tamamilə ABŞ tərəfinin davranışından asılıdır və Trampın “razılaşma yaxındır” deməsi kifayət deyil.
O, “İranın razılaşma üçün əsas şərtləri nələrdir?” sualına cavabında qeyd edib ki, ABŞ əvvəlcə İranın bütün maliyyə vəsaitlərini tam şəkildə azad etməlidir, sanksiyalar ləğv olunmalıdır, mühasirə tam dayandırılmalıdır, ABŞ qüvvələri regiondan çıxmalıdır və eyni zamanda İsrail məcbur edilməlidir ki, geri çəkilsin və bölgədəki siyasi sərhədləri tanısın, həmçinin Livan, Suriya və digər ərazilərdən çəkilsin.
İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandiri “ABŞ tərəfindən atəşkəsin tez-tez pozulması və İranın strategiyası” barədə suala cavabında bildirib ki, hazırda Fars körfəzində “isti atəşkəs” vəziyyəti hökm sürür və ABŞ-nin hər hansı addımı İran tərəfindən bir neçə dəfə güclü cavabla qarşılanacaq. O, əlavə edib ki, İran və ABŞ arasında həqiqi atəşkəs mövcud deyil və İran müharibəni elə şəkildə başa çatdıracaq ki, bu, ən azı 50 il İran və Fars körfəzi üçün təhlükəsizliyi təmin etsin.
Onun sözlərinə görə, İran “nə müharibə, nə sülh” vəziyyətini qəbul etmir. Müdafiə doktrinasına əsasən, İran heç kimə hücum etmir, lakin hücum edilərsə, cavab “ağır və peşmanedici” olacaq. O, əlavə edib ki, İran əvvəl də belə cavabları verib və ABŞ İran xalqının hüquqlarını tanımasa, ciddi şəkildə cəzalandırılacaq.
General-mayor Möhsün Rzayi daha sonra Livandakı atəşkəs vəziyyətinə toxunaraq bildirib ki, hazırkı vəziyyət əsl atəşkəs deyil və atəşkəs yalnız bütün Livan ərazisində tam şəkildə icra oluna bilər. Onun sözlərinə görə, İsrail tam şəkildə geri çəkilməlidir və mövcud vəziyyət “saxta atəşkəs” xarakteri daşıyır.
“Livan şəraitində Hizbullahın mövqeyi nədir?” sualına cavabında o, Hizbullahın Livanı müdafiə etmək gücündə olduğunu vurğulayıb və qeyd edib ki, İsrail tam geri çəkilməyənə və tam atəşkəs bərqərar olunmayana qədər Hizbullah mövqeyindən geri çəkilməyəcək. O əlavə edib ki, onlar müstəqil qərar verirlər, lakin İranın fikrincə Hizbullah tam müdafiə gücünə malikdir və ABŞ ilə İsrail Livan məsələsində ciddi səhv hesablamalar aparır. Onun sözlərinə görə, vəziyyət davam edərsə, Hizbullah yaxın gələcəkdə İsrailə ağır zərbələr endirəcək.
İranın ali məsləhət qurumunun üzvü general-mayor Möhsün Rzayi, “son hadisələr fonunda İran ilə Körfəz ölkələri arasında qarşılıqlı etimadı necə bərpa etmək olar?” sualına cavabında bildirib ki, Körfəz regionu ölkələri eyni coğrafiyada yaşayan bir ailə kimidir və mövcud ixtilaflar həll edilə biləndir.
Onun sözlərinə görə, 8 illik müharibədən sonra, baxmayaraq ki, həmin dövrdə bəzi Körfəz ölkələri Səddam Hüseyni dəstəkləmişdi, İran yaxşı niyyət nümayiş etdirərək keçmişi bağışladı və region ölkələri ilə münasibətlərini həmişə dostluq və qardaşlıq prinsipləri üzərində qurdu. O əlavə edib ki, ABŞ regiondan çıxarıldıqdan sonra ölkələr arasında daha geniş əməkdaşlıq mümkündür və regional təhlükəsizlik də yerli ölkələrin özləri tərəfindən təmin edilməlidir. Rzayi həmçinin “Ramazan ayında baş vermiş müharibə” dövründə İranın yalnız ABŞ-nin maraqlarına aid hədəflərə hücum etdiyini qeyd edib.
General-mayor Möhsün Rzayi, “Körfəz ölkələrində mülki ərazilərin hədəf alınması ilə bağlı iddialara cavabınız nədir?” sualına münasibət bildirərək deyib ki, Küveyt hava limanına hücum iddiası ilə bağlı yayılan görüntülər İranın məsuliyyətini göstərmir, çünki İran əməliyyatlarını qaranlıq saatlarda və müəyyən məsafələrdən həyata keçirir. Onun sözlərinə görə, İran hər zaman düşmən hədəflərinə hücum etdiyini açıq şəkildə bəyan edir və əgər ABŞ kimi güclü bir dövləti hədəfə aldığını elan edirsə, daha kiçik ölkələrə hücumunu gizlətməz. Buna görə də Küveyt hava limanına hücumun İran tərəfindən həyata keçirildiyi iddialarını rədd edib.
General-mayor Möhsün Rzayi “Rusiya və Çin mövqeləri” barədə suala cavabında isə Rusiya və Çin prezidentlərinin BMT Təhlükəsizlik Şurasındakı müsbət mövqelərinə və İspaniya kimi bəzi ölkələrin və bir sıra beynəlxalq media orqanlarının “tarixin doğru tərəfində dayandıqlarına” görə təşəkkür edib. O bildirib ki, ABŞ-nin apardığı müharibə yalnız İranı deyil, bütün regionu və hətta dünyanı hədəf alıb və bu müharibənin təsirləri qlobal iqtisadiyyat və bazarlarda açıq şəkildə görünür.
General-mayor Möhsün Rzayi, ABŞ və Avropanın İran daxilində narazılıq və qarışıqlıq yaratmaq cəhdlərinə münasibətdə deyib ki, Qərb İran xalqını və dövlət sistemini düzgün tanımır. Onun sözlərinə görə, İran 9 gün rəhbərsiz idarə olunub və bu, ölkədə dövlət sisteminin möhkəmliyini göstərir. O əlavə edib ki, İran xalqı uzaqgörəndir və artıq Qacar və Pəhləvi dövrlərinə qayıtmaq istəmir.
General-mayor Möhsün Rzayi həmçinin İran Ali Rəhbərinin ictimai görünməməsi ilə bağlı suala cavabında bildirib ki, bu, müvafiq təhlükəsizlik qurumlarının qərarıdır. O vurğulayıb ki, Ali Rəhbər son dərəcə cəsur bir şəxsdir, 8 illik müharibədə iştirak edib və hazırda da ölkənin idarə olunmasında fəal şəkildə öz vəzifəsini yerinə yetirir.
Rəyiniz