Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzularından ibarət silsilə yazılar, həzrət Məhdiyə (ə.f) dair təlim və maarifin yayılması məqsədilə dəyərli və ziyalı oxuculara təqdim olunur.
Əvvəlki iki yazıda qeyd olunmuşdu ki, Hollivudun media dünyası 1990-cı ildən etibarən tədricən, lakin hiss olunan şəkildə öz əsərlərinin əsas istiqamətini xilaskarlıq və qiyamət mövzularına yönəltmişdir. Bu əsərlər və Hollivuddan kənarda çəkilmiş oxşar nümunələr arasında elələri də vardır ki, müsəlmanların gözlədiyi xilaskar, yəni həzrət Məhdi (ə.f) xüsusi məqsədlərlə hədəfə alınmışdır. Aşağıda həmin nümunələrdən yalnız bir neçəsinə toxunacağıq.
“Dune” (Qum Təpəsi) filmi
Yəhudi-sionist cərəyanının Hollivud kinosu üzərində geniş təsiri nəticəsində İslam və müsəlmanlara qarşı düşmənçilik bu sənayenin ideoloji prinsiplərindən birinə çevrilmişdir. Hollivudun bir çox filmlərində İslamın və müsəlmanların mənfi şəkildə təqdim olunduğunun şahidi oluruq. Bununla belə, bu kino sənayesinin qiyamət və İslam xilaskarı mövzusuna birbaşa müdaxiləsi əvvəllər geniş yayılmış deyildi. Əgər belə nümunələr mövcud idisə də, daha çox dolayı və işarəvi formada təqdim olunurdu.
“Dune” (Qum Təpəsi) filminin nümayişi Hollivudun İslam xilaskarı ilə bağlı yanaşmasında dönüş yaratdı və bu kinoda İslamın xilaskar obrazına qarşı açıq və aşkar hücum mərhələsinin başlanmasına səbəb oldu.
Əslində, filmin rejissoru xilaskarın zühuru ilə bağlı düşüncələrin guya uydurma olması ideyasını məqsədli şəkildə İslam xilaskarı olan “Məhdi” adı ilə əlaqələndirmişdir. Beləliklə, tamaşaçı filmdə təqdim edilən saxta və yalançı xilaskar anlayışı ilə tanış olarkən, “Məhdi” və ya “Qeybdən xəbər verən” kimi təqdim olunan obrazı həmin uydurma xilaskarın nümunəsi kimi qəbul etməyə yönləndirilir.
“Persian Gulf Inferno” (Fars Körfəzi Cəhənnəmi) kompüter oyunu
Bu kompüter oyununda uşaq “Allahu Əkbər” və “Ya Məhdi” səslərini eşidən kimi atəş açmağa təşviq olunur. Bu isə uşaqlarda İslama və müsəlmanların inandığı xilaskara qarşı nifrət hissinin formalaşmasına xidmət edir.
Bütün bunlar düşmənin uzunmüddətli məqsədlərinə nail olması üçün həyata keçirilir. Çünki o yaxşı bilir ki, cəmiyyətlər üzərində hakimiyyət qurmaq üçün əvvəlcə onların düşüncələrini ələ keçirmək lazımdır və uşaqlıq dövrü bunun üçün ən əlverişli mərhələdir.
Qərb rok musiqisi albomunda On ikinci İmam
Məhdəviyyət və İslam xilaskarı mövzularına Qərb saytlarında və media vasitələrində tez-tez rast gəlinsə də, bu mövzuya Qərb musiqisində toxunulması nadir hallardandır.
Lakin 2010-cu ildə “The Godless, The Godforsaken and the God Damned” (“Tanrını tanımayanlar, Tanrının tərk etdikləri və Tanrının lənətlədikləri”) adlı musiqi albomu yayımlandı. Həmin albomun bölümlərindən biri “The Twelfth Imam” (“On ikinci İmam”) adlanırdı.
Bu musiqi əsərində əsas mövzu həzrət Məhdi (ə.f) olduğundan, İmamın qeyb dövrü, ana bətnində danışması və Allahın izni ilə qeybətin sona çatması kimi mövzularla yanaşı, mənfi və zorakılıq xarakterli məzmunlara da yer verilmişdir. Əsərdə həzrət Məhdi (ə.f) haqqında sərt və qorxulu obraz formalaşdırmağa çalışılır, o, dağıdıcı və insanlara nəzarət edən bir qüvvə kimi təqdim olunur.
Bu musiqidə bir neçə dəfə təkrarlanan əsas fikir, İmam Zamanın (ə.f) insanların ruhlarına nəzarət etdiyi iddiasıdır.
Qeyd etmək lazımdır ki, bu musiqi BABYLON MYSTERY ORCHESTRA (Babilin Sirli Orkestri) adlı qrup tərəfindən hazırlanmışdır. Qrup rok və metal üslubunda fəaliyyət göstərir, ilahi və şeytani obrazlara istinad etməklə dini, fəlsəfi və mifoloji mövzulara toxunur, insan və ilahiyyatla bağlı dərin, bəzən isə qaranlıq məsələləri araşdırır.
Məhdəviyyət əleyhinə romanların yazılması
Qərb mediasının məhdəviyyətə qarşı fəaliyyət göstərdiyi sahələrdən biri də məhdəviyyət əleyhinə romanların yazılmasıdır. Bu tip əsərlərdə müəlliflər məhdəviyyət düşüncəsini ya qorxu mənbəyi kimi təqdim edir, ya da onu gözdən salmağa çalışaraq dünya xalqları, xüsusilə də xristianlar üçün təhlükəli bir ideya kimi qələmə verirlər.
Əczaçı olan Ceyms Parker 2006-cı ildən etibarən İslamın qiyamət və axırzamanla bağlı proqnozlarını araşdırmağa maraq göstərmişdir.
O, yeni bir roman yazmaqla məhdəviyyət əleyhinə trilogiyasını tamamlamışdır:
On ikinci İmam: Məsihin Əleyhinə Qiyam
On ikinci İmam: Əzab və Məşəqqət Başlayır
On ikinci İmam: Allahın Hökmləri (sonuncu kitab)
Parker bu kitabında da əvvəlki əsərlərində olduğu kimi roman janrından istifadə edərək on ikinci İmamın (İmam Zaman ə.f) qorxulu və sərt obrazını oxuculara təqdim etməyə çalışmışdır.
Müəllif on ikinci İmamla yəhudi cəmiyyəti arasında qarşıdurma təsvir edərək müsəlmanları və on ikinci İmamı batil cəbhə kimi təqdim edir. Onların guya açıq şəkildə edamlar həyata keçirdiyini və qeyri-İslami inanclara qarşı sərt çıxışlar etdiyini göstərir. Bunun əksinə olaraq, İshaq adlı yəhudi personaj və onun oğulları həqiqət və ədalət axtaran, dindar və öhdəliklərinə sadiq bir nəslin simvolu kimi təqdim olunur.
Qeyd edilməlidir ki, bundan əvvəl də Coel Rozenberq üç roman yazaraq müsəlmanlara və həzrət Məhdiyə (ə.f) qarşı mənfi təbliğat aparmağa çalışmışdı.
Sadalanan nümunələrdən əlavə, çoxsaylı filmlər, kitablar, romanlar, oyunlar, musiqi əsərləri və çıxışları da qeyd etmək olar. Bütün bunların ortaq məqsədi İslamın axırzaman xilaskarını dünya ictimaiyyətinə sərt, qorxulu və təhlükəli bir obraz kimi təqdim etməkdir.
Halbuki Uca Allah Qurani-Kərimin bir çox ayəsində bəşəriyyətin xilaskarı olan həmin şəxsiyyətin zühurunu, ədalətin bərqərar olacağını, zülm və fəsadın aradan qalxacağını insanlara müjdə vermişdir. Allah isə öz vədinə əsla xilaf çıxmaz.
Bu mövzuların ardı var...
Qum Elmi Hövzəsinin Məhdəviyyət İxtisas Mərkəzinin (Qərb və Məhdəviyyət qrupu) hazırladığı material əsasında, müəyyən dəyişikliklərlə...
Rəyiniz