Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Yəmən Ali Siyasi Şurasının müşaviri Məhəmməd Tahir Ənəm bu gün «Əl-Məsirə» telekanalına müsahibəsində bildirib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində milyonlarla insanın iştirakı olduqca mühüm siyasi və ictimai mesaj verdi və Qərbin illərdir yaydığı – guya İranda İslam Respublikasına qarşı geniş xalq narazılığı mövcuddur, yaxud iranlılar öz strateji seçimlərindən imtina edərək sionist rejimlə normallaşma layihəsinə qoşulmaq istəyirlər – kimi iddiaları tamamilə puça çıxardı.
Ənəm qeyd edib ki, İranın paytaxtı Tehranda və Qum şəhərində şahidi olduğumuz misilsiz xalq iştirakı xalqın İslam Respublikası və onun siyasi layihəsi ilə nə dərəcədə sıx bağlı olduğunu nümayiş etdirdi.
O bildirib ki, milyonlarla iranlı böyük hüzn anında küçələrə çıxaraq öz rəhbərinə sədaqətini və Şəhid Ayətullah Seyid Əli Xameneinin təcəssüm etdirdiyi yol və məfkurəyə bağlılığını ifadə etdi. Bu isə Qərb mediasının illər boyu yaydığı bütün iddialara verilən praktik cavabdır.
O əlavə edib ki, bu mənzərə İran cəmiyyətinin mahiyyətini də üzə çıxardı. Belə ki, ölkə daxilində müəyyən siyasi və ya ictimai fikir ayrılıqları mövcud olsa da, söhbət dövlətin suverenliyindən, müstəqilliyindən və xarici təhdidlərə qarşı mübarizədən gedəndə bu fərqlər aradan qalxır və cəmiyyətin bütün təbəqələri vətəni və milli seçimlərini müdafiə etmək üçün birləşirlər.
Yəmən Ali Siyasi Şurasının müşaviri vurğulayıb ki, ABŞ və sionist rejimin İrana qarşı son təcavüzü planlaşdırılanın əksinə nəticə verdi. Bu hücum ölkə daxilində həmrəyliyin daha da möhkəmlənməsinə səbəb oldu və daha geniş iranlı kütlələrini mülki əhalini, həyati əhəmiyyətli obyektləri və ölkənin infrastrukturunu hədəf alan hücumlar qarşısında dövlət və Silahlı Qüvvələrin ətrafında birləşməyə sövq etdi.
Məhəmməd Tahir Ənəm bildirib ki, əvvəllər bəzi daxili siyasətlərlə bağlı fərqli mövqelərə malik olan qruplar da bu təcavüzdən sonra ümummilli mövqeyə qoşuldular. Çünki onlar anladılar ki, hücumlar təkcə hökuməti və ya rəhbərliyi deyil, İran dövlətinin bütün dayaqlarını, ölkənin suverenliyini və milli potensialını, o cümlədən dinc nüvə obyektlərini, xidmət və hərbi infrastrukturunu hədəfə alıb.
O vurğulayıb ki, milyonlarla insanın dəfn mərasimində iştirakı İranın daxili cəbhəsinin möhkəmliyini ortaya qoydu və ABŞ-la sionist rejimin öz strategiyalarını əsaslandırdıqları hesablamaları iflasa uğratdı. Onlar düşünürdülər ki, hərbi təzyiqlər və rəhbərlərin hədəfə alınması daxildə parçalanmaya və siyasi sistemin zəifləməsinə səbəb olacaq.
Yəmən Ali Siyasi Şurasının müşaviri qeyd edib ki, bu dəfn mərasiminin verdiyi mesajlar İranın sərhədlərini aşaraq göstərdi ki, xarici təcavüzə məruz qalan xalqlar daha çox birlik nümayiş etdirir və milli institutlarının ətrafında daha sıx birləşirlər. Bu isə düşmənlərin müharibə, siyasi təzyiq və media kampaniyaları vasitəsilə məqsədlərinə çatmasını daha da çətinləşdirir.
Məhəmməd Tahir Ənəm sonda bildirib ki, İranın şahid olduğu bu misilsiz xalq səhnəsi qarşıdurma tənliklərində mühüm dönüş nöqtəsidir. Bu hadisə sübut etdi ki, İran cəmiyyətini daxildən parçalamaq planı xalqın həmrəyliyi qarşısında uğursuzluğa düçar oldu və İslam Respublikası bu mərhələdən daha güclü, daha birlik içində və qarşıdakı çağırışlara qarşı daha möhkəm çıxıb.

Məhəmməd Tahir Ənəm
Rəyiniz