cümə axşamı 9 iyul 2026 - 02:02
"Gecə yatanda yorğan üstündən düşür..." – Şəhid Ayətullah Seyid Əli Xameneinin ata məhəbbəti ilə bağlı xatirəsi

Hövzə / Şəhid Ayətullah Seyid Əli Xameneinin 69 il əvvəl müqəddəs İraq ziyarətgahlarına səfəri təkcə bir ziyarət deyildi, bu səfər onun Nəcəf Elmi hövzəsinə dərin bağlılığının başlanğıcı olmaqla yanaşı, həyatına başqa bir istiqamət verən ata məhəbbətinin də unudulmaz təcəssümü idi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xamenei haqqında yayımlanan xatirələr arasında onun müqəddəs İraq ziyarətgahlarına səfəri ilə bağlı bir xatirə də yer alıb. Bu xatirə Ayətullah Xameneinin tələbəlik illərinin başlanğıcını və elmi fəaliyyətə olan dərin marağını əks etdirir.

Şəhid Ayətullah Xamenei öz xatirəsində belə yazır:

1336-cı ilin (1957) qışında müqəddəs İraq ziyarətgahlarına səfər etdim. Bu səfərin səbəbi o idi ki, mərhum babam həyat yoldaşını və övladlarının bir neçəsini ziyarətə göndərmək istəyirdi. Anamı da həmin dəstəyə daxil etmişdi. Biz onların evində qalırdıq. Babam mənə dedi: «Ananın səfər xərcini mən ödəyirəm. Bir şərtlə ki, atan sənin yol xərcini də versin və sən də onlarla birlikdə gedəsən ki, yanlarında bir kişi olsun». Təbii ki, atamın özü ilə gəlməsi mümkün deyildi. Çünki bu, bütün ailənin gəlməsi demək idi və buna imkan yox idi.

Hər nəfərin müqəddəs ziyarətə getməsi təxminən beş yüz tümənə başa gəlirdi. Mən atama dedim, o da razılaşdı.

Bu səfər təxminən iki ay davam etdi. Xürrəmşəhr yolu ilə yola düşdük. Bu, 1324-cü ildə (1945) uşaqlıq vaxtı keçdiyimiz yol idi. Lakin həmin vaxt sərhədi gizli şəkildə, qorxu və həyəcan içində keçmişdik. Bu dəfə isə hər şey rahat idi. Avtomobillə Şələmçəyə getdik. İran və İraq sərhədində pasportlarımız yoxlanıldı və sonra heç bir çətinlik olmadan Bəsrəyə çatdıq. Bəsrədən qatarla Bağdada getdik. Bir neçə gün Kazimeyndə, bir neçə gün Kərbəlada, bir neçə həftə isə Nəcəfdə qaldıq. Sonra Samiraya gedib İrana qayıtdıq. Mən isə Nəcəfdə ailəmdən daha artıq qaldım. Ümumilikdə bizim müqəddəs ziyarət səfərimiz belə keçdi.

Bu səfərdə əsas məqsədim Nəcəf Elmi hövzəsini araşdırmaq deyildi. Lakin hövzəni gördükdən sonra orada qalmaq arzusu qəlbimdə yarandı. Gördüm ki, Nəcəf elm öyrənmək üçün əsl məkandır və mən burada qalmalıyam.

Nəcəfdə qalmağım üçün ilk növbədə atamın razılığı lazım idi. Həyat yoldaşım mənimlə idi və onu birtəhər razı sala bilərdim. Amma əsas məsələ atamın razılığı idi. Maddi təminat da problem idi. Nəcəfdə gəlir əldə etmək imkanı yox idi. Mənim də xüsusi əlaqələrim olmadığından atamın Məşhəddən mənə dəstək verməsi lazım gəlirdi. Buna görə ona bir neçə dəfə məktub yazaraq orada qalmağa icazə verməsini xahiş etdim. Lakin atam hər dəfə «olmaz, bacarmazsan» deyərək razılıq vermədi.

Mən Nəcəfdəki vəziyyəti bilirdim. Ancaq atam illərlə Nəcəfdə yaşamışdı və oradakı həyatın çətinliklərini məndən daha yaxşı tanıyırdı. Həqiqətən də o dövrdə Nəcəfdə yaşamaq çox ağır idi. Bu gün insanlar bilmir ki, həmin illərdə bir tələbənin Nəcəfdə qalması nə qədər çətin idi. Yalnız qəlbində xüsusi bir eşq olan adam buna dözə bilərdi. İstər dünya, istərsə də axirət eşqi olsun. Mənim üçün isə Nəcəfdə hər tərəfdə elm, dərs və mübahisələrin olması çox cəlbedici idi və ürəkdən orada qalmaq istəyirdim. Lakin qismət olmadı.

Atamın sonralar bizim Nəcəfə, daha sonra isə Qum şəhərinə getməyimizə razı olmamasının səbəblərindən biri də övladlarının ondan uzaq düşməsini istəməməsi idi. Bizə olan böyük məhəbbətinə görə ayrılıq ona çox ağır gəlirdi. Nəcəfdə qalmaq mümkün olmadı. Qum şəhərinə getmək üçün də çox israr etdim, nəzir verdim, Quran xətmi götürdüm. Nəhayət, Qum şəhərinə getməyin yolu açıldı. Allaha həmd olsun.

Mən Qum şəhərinə getmək istədiyim vaxt atamın buna qarşı çıxmasının səbəblərindən biri də bu idi ki, deyirdi: «Gecə yatanda üstündən yorğan sürüşür. Gərək kimsə gəlib onu yenidən üstünə örtsün». Mənə qarşı bu qədər məhəbbəti vardı.

Mənbə: Ayətullah Seyid Əli Xameneinin öz dilindən nəql olunan həyat xatirələri səhifəsi 

Ayatollaah_ir

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha