çərşənbə 12 avqust 2026 - 15:57
Övladların namazdan uzaqlaşmasına səbəb olan amillər

Hövzə / Bir çox valideyn övladlarının tərbiyəli və gözəl əxlaqa malik olmasına baxmayaraq, namaz qılmaqda niyə səhlənkarlıq etdikləri problemi ilə qarşılaşır. Höccətül-İslam vəl-müslimin ustad Teraşiun bu problemin əsas səbəbini valideynlərin tərbiyə üsullarında və zəruri olmayan sərt davranışlarında görür.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, valideynlərin tez-tez qarşılaşdığı narahatlıqlardan biri də tərbiyəli və gözəl əxlaqa malik olmasına baxmayaraq, namaz qılmağa gəldikdə səhlənkarlıq edən uşaqlardır. Hövzə müəllimi Höccətül-İslam vəl-müslimin ustad Teraşiun bu tərbiyəvi problemin əsas səbəblərini araşdıraraq, onun aradan qaldırılması yollarını izah edib.

Sual:

“Şükür Allaha, çox tərbiyəli bir övladım var. Amma söhbət namaza gəldikdə çətinlik çəkir və namaz qılmır.”

Höccətül-İslam vəl-müslimin ustad Teraşiunun cavabı:

Övladların namazdan uzaqlaşmasına səbəb olan amillər

Bəzən valideynlər övladlarının tərbiyəli və gözəl əxlaqa malik olmalarına baxmayaraq, namaz qılmaqda səhlənkarlıq etməsindən narahat olurlar. Övladların namaza qarşı laqeydliyinin, adətən, bir neçə səbəbi olur. Bu səbəblərdən ən mühümlərindən biri valideynlərin namazın qılınma qaydasına münasibətdə həddindən artıq sərt davranmasıdır.

Namazı vaxtın əvvəlində qılmağın böyük fəziləti və savabı olduğu, bunun bəyənilən bir əməl olduğu doğrudur. Lakin elə davranmamalıyıq ki, övlad belə düşünsün: Əgər vaxt girən kimi namaz qılmağa həvəsi və əhvalı olmadı və onu bir qədər gecikdirərək qılmaq istədi, artıq həmin namazın heç bir dəyəri yoxdur. Əlbəttə, namazın fəzilətli vaxtı vardır və vaxtın başlanğıcına nə qədər yaxın qılınarsa, savabı da bir o qədər çox olar. Lakin bu məqamı övlada düzgün və uzaqgörən şəkildə çatdırmaq lazımdır.

Digər bir məqam isə namazın qılınma tərzidir. Uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, bəzən uzun müddət rüku və səcdədə qalmağa daha az səbir və həvəs göstərirlər. Belə vəziyyətdə bəzən valideynin deyəcəyi bir cümlə belə problemi həll edə bilər. Məsələn, övladımıza deyə bilərik: “Namazın vacib əməllərini yerinə yetirməyin kifayətdir.”

Doğrudur, müstəhəb əməlləri yerinə yetirmək daha çox savab və ilahi yaxınlıq qazandırır. Lakin övladın kifayət qədər vaxtı olmadıqda və ya namaz qılmağa həvəsiz olduğu zaman onu namazın əsas vacib əməllərini yerinə yetirməyə təşviq etmək, namazın uzun çəkməsindən qorxaraq ondan tamamilə uzaqlaşmasından qat-qat yaxşıdır. Biz bütün müstəhəblərin ayrı-ayrılıqda yerinə yetirilməsində, uzun qunutlarda və çoxsaylı zikrlərdə israr etməklə namazı yeniyetmə üçün çətin və yorucu bir əməl kimi göstərməməliyik.

Bundan əlavə, övladların namazın fəlsəfəsi və nə üçün qılındığı barədə məlumatlılığını artırmaq lazımdır. Diqqətli olmalıyıq ki, onların zehnində namazın mahiyyətini dəyişdirməyək. Məsələn, namazı yalnız dünyəvi məqsədlərə, o cümlədən universitetə qəbul olmaq və ya maddi uğurlar qazanmaq kimi hədəflərə çatmaq üçün bir vasitə kimi təqdim etmək olmaz. Çünki övlad həmin məqsədə çatmadıqda dindən uzaqlaşa bilər. Namaz ilahi bir vəzifə və maddi qarşılıqlı münasibətlərdən daha üstün, daha dərin bir əlaqədir.

Təəssüf ki, bir çoxumuz, böyüklər olaraq, namazın sirlərini dərindən dərk etməkdə çətinlik çəkirik. Belə olduğu halda, bu maarifi övladlarımıza çatdırmağımız daha da çətinləşir. Din alimlərimiz “Əsrarus-səlat” — “Namazın sirləri” adı ilə dəyərli əsərlər qələmə alıblar. Mərhum İmam Xomeyninin (r) əsərlərindən tutmuş ustad Qiraətinin və Ayətullah Cavadi Amulinin əsərlərinədək bu sahədə qiymətli kitablar mövcuddur. Bu əsərlərin mütaliəsi namaza baxışımızı kökündən dəyişə bilər.

Yeniyetmələr üçün də onların yaş səviyyəsinə uyğun dildə namazın sirlərini izah edən kitablar yazılıb. Məsələn, “Pərpərvaz” kitabı bu istiqamətdə faydalı ola bilər və çıxış yolu göstərə bilər.

Sonda tövsiyə olunur ki, bu sahədə motivasiya yaratmaq bacarıqlarını öyrənmək üçün tədris və maarifləndirici mənbələrdən istifadə edəsiniz. Məsələn, “Ağaze bəraye pərvaz” (Uçmaq üçün başlanğıc) kitabında övladlarda namaz qılmağa motivasiya yaratmaq üçün yüzdən çox üsul təqdim olunur və bu baxımdan çox faydalı mənbədir.

Həftədə bir neçə saatı, xüsusilə də tətil günlərində, bu cür əsərlərin mütaliəsinə ayırmaq tərbiyəvi yanaşmamızın düzgün istiqamətdə dəyişməsinə və övladlarımızın mənəvi inkişafına əhəmiyyətli təsir göstərə bilər.

Səsli faylı yükləmək üçün buraya klikləyin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha