çərşənbə 21 oktyabr 2026 - 20:28
Ayətullah Xameneinin düşüncə sistemində üçüncü qadın modelinin yenidən təhlili: Nə Şərq təəssübkeşliyi, nə də Qərb modernizmi

Hövzə / Ayətullah Xameneinin düşüncə sistemində üçüncü qadın modelinin cinsiyyət aspektindən yenidən təhlilinə həsr olunmuş elmi müzakirə və təqdimat sessiyasında bu modelin antropoloji və epistemoloji əsasları, Şərq qadını və Qərb qadını modellərinin tənqidi, cinsiyyətin insan ləyaqəti ilə qarşılıqlı əlaqəsi, eləcə də cinsiyyət amilinin fərdi, ailəvi və ictimai müstəvilərdə təzahür xüsusiyyətləri araşdırılıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə tədqiqatçıların, hövzə tələbələrinin və müəllimlərinin iştirakı ilə şəhid Ayətullah Xameneinin düşüncəsində qadının üçüncü modeli anlayışının gender aspektindən yenidən təhlili mövzusunda elmi-təbliğat xarakterli elmi seminar keçirilib.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü doktor Zeynəb Tacik proqramın əvvəlində özünün Qadının üçüncü modeli anlayışının Ayətullah Xameneinin düşüncəsində gender aspektindən yenidən təhlili adlı tədqiqatını təqdim edərək bu modelin insanşünaslıq və idrak nəzəriyyəsi baxımından əsaslarının izahına toxunub və bildirib ki, aparılan yenidən təhlil göstərir ki, üçüncü model sadəcə sosial-mədəni nəzəriyyə deyil, İslam hikmətinə əsaslanan, özünəməxsus və köklü bir düşüncə sistemidir. Bu sistem tarixən üstünlük təşkil etmiş iki əsas modelə, yəni Şərq qadını və Qərb qadını modellərinə prinsipial şəkildə qarşı qoyulur.

O, tədqiqatın əsas motivasiyasının nəzəri sahədə mövcud olan boşluğa cavab vermək zərurəti olduğunu qeyd edərək deyib ki, bu məqalənin yazılmasının ən mühüm səbəbi İslam İnqilabının Ali Məqamlı sabiq Rəhbərin qadının üçüncü modeli ilə bağlı düşüncələri və çıxışları əsasında gender aspektindən yenidən təhlilin aparılmasının zəruriliyi idi. Belə ki, o, müxtəlif münasibətlərlə çıxışlarında bu anlayışı cəmiyyət üçün daha aydın şəkildə izah etməyə çalışırdı. Buna görə də həmin düşüncənin digər modellərlə müqayisədə nəzəri və praktiki model kimi izah edilə bilməsi üçün onun dəqiq və hərtərəfli təhlilinə ehtiyac vardır.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü qadının üçüncü modelini yalnız sosial, mədəni və ya siyasi nəzəriyyə kimi qəbul etməyin düzgün olmadığını vurğulayaraq əlavə edib ki, İslam İnqilabının qadın modeli şəhid İnqilab Rəhbərinin dərin baxışlarından qaynaqlanan, insanşünaslıq, Allahşünaslıq və idrak nəzəriyyəsi sahələrində köklü əsaslara malik olan bir düşüncə sistemidir. Bu model İslam hikmətinin əsaslarına və İslamın saf düşüncə xəttinə söykənir. Bu modeli digər modellərdən fərqləndirən ən mühüm məqamlardan biri qadın cinsiyyətinə münasibətdə nümayiş etdirilən yanaşmadır.

Üçüncü model insan ləyaqəti ilə gender potensialının qovuşduğu nöqtə

Zeynəb Tacik tədqiqatçılar arasında qadının üçüncü modeli ilə bağlı müxtəlif şərhlərin mövcudluğuna toxunaraq bildirib ki, bəzi tədqiqatçılar İslam İnqilabının qadınlar üçün gördüyü işin yalnız onların tapdanmış insan ləyaqətini bərpa etməkdən ibarət olduğunu düşünürlər. Bu, həqiqətin bir hissəsidir, lakin bütövlükdə həqiqəti əhatə etmir. Həmin tədqiqatçılardan üçüncü modelin əsas mahiyyətinin nədən ibarət olduğunu soruşsanız, onlar insan ləyaqətinin bərpasını önə çəkəcəklər. Lakin görünür ki, İslam İnqilabı bundan daha mühüm bir iş görüb. Bu da qadının gender xüsusiyyətləri ilə bağlı potensialının daha dəqiq və dərin şəkildə dərk edilməsidir.

O, fikirlərini davam etdirərək bildirib ki, İslamın kəlam əsaslarına görə, hikmət sahibi olan Allah müəyyən hikmət və məsləhətlər əsasında qadının varlığında bir sıra xüsusiyyətlər və potensial imkanlar yerləşdirib. Cinslər arasındakı fərqlər Allahın elmi və hikmətindən qaynaqlanır. Bu baxımdan, İslam İnqilabı həmin fərqləri nəinki inkar etməyib, əksinə, onları qəbul edib və bu imkanların mümkün olan ən yaxşı şəkildə inkişaf etdirilərək üzə çıxarılması üçün səy göstərib.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü İslam İnqilabının formalaşması prosesi ilə qadınların iştirakı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq deyib ki, İslam İnqilabının formalaşması zamanı qadınlarla inqilab arasında ikitərəfli münasibət yaranıb. Bir tərəfdən, İslam İnqilabı qadınlara xas potensial imkanları tanıyaraq onlardan düzgün şəkildə istifadə edib, digər tərəfdən isə qadınlar da məhz bu imkanları sayəsində inqilabın qələbəsində mühüm rol oynayıblar. Bu məqam İslam İnqilabının böyük banisinin, eləcə də Ali Məqamlı və şəhid İnqilab Rəhbərinin fikirlərində və çıxışlarında aydın və qabarıq şəkildə əks olunur.

Zeynəb Tacik bildirib ki, qadının üçüncü modeli çərçivəsində gender məsələsinin şəhid Rəhbərin düşüncə sisteminə əsasən araşdırılması bu sahədə ayrıca tədqiqatın aparılmasına səbəb olub. Həmin tədqiqat göstərir ki, qadın cinslər arasındakı fərqləri ilə birlikdə nəinki tanınır, həm də bu fərqlər ön plana çəkilərək onun güclü tərəfi kimi təqdim olunur. Bu əsasda məqalədə gender xüsusiyyətlərinin fərdi, ailə və ictimai müstəvilərdə necə təsnifləşdirildiyini aydınlaşdırmaq məqsədilə müvafiq çıxış və fikirlər toplanaraq sistemləşdirilib.

Şərq modelinin köklərinin araşdırılması. Tarixi alçaldılma fonunda qadın cinsiyyəti

Tacik üçüncü modelin fərqləndirici cəhətlərini daha aydın izah etmək məqsədilə Şərq qadını və Qərb qadını kimi iki tarixi modeli araşdıraraq bildirib ki, qadınlarla münasibətdə uzun illər ərzində ön planda olmuş Şərq modelinin köklərini izləmək istəsək, onun əsas ideya qaynaqlarını təhrif edilmiş dinlərdə və Qədim Yunanıstanda axtarmalıyıq.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü vurğulayıb ki, Şərq modelində qadın cinsiyyəti mahiyyət etibarilə zəiflik, naqislik, mərhəmətə möhtac olmaq və tam rasional düşüncə qabiliyyətindən məhrum olmaqla eyniləşdirilir. Belə bir yanaşmada qadının üzərinə heç bir ictimai iş və məsuliyyət qoyulmur. Çünki bu düşüncənin tərəfdarları hesab edirlər ki, ictimai işlər və məsuliyyətlər çox yüksək intellekt, fərasət və güc tələb edir. Qadının isə bu xüsusiyyətlərə malik olmadığını düşündükləri üçün onun yalnız şəxsi və özəl sahəyə yönəldilməli, hər hansı ictimai məsuliyyətdən və fəaliyyətdən kənarda saxlanılmalı olduğunu irəli sürürlər.

Zeynəb Tacik bildirib ki, fransız filosofu Jenevyev Lloydun müəllifi olduğu Ağılın kişi mahiyyəti adlı kitab fəlsəfi yanaşmaları və tarix boyu qadın cinsiyyətinə münasibətin xüsusiyyətlərini, qədim dövrdən müasir dövrədək, dolğun şəkildə əks etdirir. O qeyd edib ki, bu sahədə araşdırma aparan tədqiqatçılar həmin kitaba müraciət edə bilərlər.

O, Qədim Yunanıstan filosoflarının bəzi fikirlərindən nümunələr gətirərək bildirib ki, Sokrat insanlığın tənəzzülünün ən böyük mənbəyinin qadın olduğunu düşünürdü. Aristotel isə qadını natamam kişi və təbiətin yol verdiyi bir xətanın nəticəsi hesab edirdi. Bu modeldəki digər mühüm yanaşmalardan biri də qadınlığın fəsad törətmə mənbəyi kimi qəbul edilməsi idi. Belə ki, qadınlıq vəsvəsə, şirnikləndirmə və fəsad törətmə ilə eyniləşdirilirdi. Hətta mənəvi məsələlərin müzakirəsində belə kişiliyə üstünlük verildiyindən, kişilərin imanının təhlükəyə düşməməsi üçün qadınlar ictimai həyatdan tamamilə kənarlaşdırılmalı idilər.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü sabiq Rəhbər şəhid Ayətullah Xameneinin tarix boyu qadınlara qarşı nümayiş etdirilmiş naqis yanaşmaları və onlara rəva görülmüş zülmləri kəskin şəkildə tənqid etməsinə toxunaraq bildirib ki, Ayətullah Seyid Əli Xamenei 1361-ci hicri-şəmsi ilində qadınlarla görüşü zamanı qadının tarix boyu iki cür zülmə məruz qaldığını bəyan edib. Bu zülmlərdən biri qadının təhsil almaqdan, ictimai həyatda iştirakdan və sosial münasibətlərdə yer tutmaqdan məhrum edilməsi olub. Buna görə də birinci modeldə qadın ictimai həyatdan kənarlaşdırılmalı idi.

Qərb qadını modeli. Həzz vasitəsindən ifrat kişi təqlidçiliyinə qədər

Zeynəb Tacik daha sonra ikinci modelə, yəni Qərb qadını modelinə dair təhlilini təqdim edərək bu modeli Şərq modelinə qarşı bir reaksiya kimi səciyyələndirib və bildirib ki, bu modeldə qadın cinsiyyəti ilə bağlı iki mühüm proses baş verib. Birincisi, bəzi şərhlərdə qadın cinsiyyəti yalnız cinsi gözləntilərlə məhdudlaşdırılıb, qadın münasibətlər çərçivəsində sırf cinsi düşüncə əsasında dəyərləndirilib və kişilərin həzz alması üçün vasitəyə, yaxud müəyyən iqtisadi münasibətlərdə istifadə olunan alətə çevrilib. Feminizmin meydana çıxması və onun doğurduğu nəticələr bu məsələnin nə dərəcədə qabarıq olduğunu aydın şəkildə göstərir.

O, Qərb modelində baş verən ikinci mühüm prosesi qadınların kişiləşdirilməsi kimi səciyyələndirərək əlavə edib ki, liberal feminizmin güclü təsiri altında olan bu cərəyan qadının bərabər hüquqlara nail olması üçün getdikcə daha çox kişilərə bənzəməli olduğunu irəli sürürdü. Bu yanaşmaya görə, qadınlar kişilər kimi işləməli, düşünməli və davranmalı idilər. Belə bir baxışda qadına xas hiss və duyğular kimi xüsusiyyətlər arxa plana keçirilməli idi. Şəhid İnqilab Rəhbəri öz çıxışlarının bir çoxunda bu yanaşmanı kəskin şəkildə tənqid edirdi. Şəhid İmam Xamenei 1392-ci (1982-1983 cü illər) ildə bəyan etmişdi ki, Qərbin qadınla bağlı diskursu əsasən iki istiqamətdən ibarətdir. Birincisi, qadını kişiləşdirmək, yəni onu kişilərə bənzətmək, ikincisi isə qadını cinsi ehtiyacların ödənilməsi vasitəsinə çevirmək, yəni ondan fiziki, vizual və ya daha geniş mənada cinsi həzz almaq üçün istifadə etməkdir. Feminizm və buna bənzər digər cərəyanlar bu iki diskursun yekun nəticələridir və hər ikisi qadınlara qarşı zülm hesab olunur.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü qeyd edib ki, İslam İnqilabından əvvəl dünyada hökm sürən mühit Şərq təəssübkeşliyi və Qərb modernizmi diskursları arasında formalaşmışdı. Məhz belə bir şəraitdə Pəhləvi rejimi hicabın açılması və iranlı qadının milli və İslami kimliyinin dəyişdirilməsi kimi addımlarla, əslində, Qərb modelini həyata keçirirdi. Lakin İslam İnqilabı İslamın köklü əsaslarına və şiə məktəbinə söykənərək qadınlıq anlayışına fərqli bir şərh təqdim etdi.

Üçüncü qadın modelinin gender aspektindən təhlilinə rəhbərlik edən prinsiplər

Zeynəb Tacik qadının üçüncü modelinin gender aspektindən təhlilinə rəhbərlik edən prinsipləri izah edərək bildirib ki, birinci və əsas prinsip gender xüsusiyyətlərinin insan ləyaqəti çərçivəsində məna qazanmasıdır. Başqa sözlə, cinslər arasındakı fərqlərdən danışılarkən, əsas götürülən yanaşma dəyərləndirici və üstünlük müəyyənləşdirən yanaşma deyil. Yəni bu fərqlərə görə qadınların kişilərdən üstün və ya aşağı olduğu iddia edilmir. Üçüncü model məhz bu məqamda Şərq və Qərb modellərindən fərqlənir.

O, şəhid Ayətullah Xameneinin çıxışlarına istinad edərək bildirib ki, şəhid İmam Xamenei 1402-ci il dey ayının 6-da (2]23-cü ilin dekabr ayında) müxtəlif təbəqələrdən olan qadınlarla görüşü zamanı belə buyurub:

İslam bəzi məsələlərdə cinsiyyət amilini tamamilə nəzərə almır. Burada söhbət qadın və kişidən getmir, insanın ləyaqətindən gedir. Allah-Taala Qurani-Kərimdə buyurur:

وَ لَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ

Həqiqətən, Biz Adəm övladlarını şərəfli və hörmətli etdik. (İsra surəsi, 70-ci ayə)

Burada cinsiyyət məsələsi gündəmdə deyil. İnsan dəyərləri qadın və kişidə eynidir. İnsanın kişi cinsi ilə müqayisədə dəyər baxımından mövqeyinə gəldikdə isə, burada cinsiyyət amili qətiyyən nəzərə alınmır. Qurani-Kərimdə buyurulur:

وَ الْمُؤْمِنُونَ وَ الْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ

Mömin kişilər və mömin qadınlar bir-birinin dostu və yardımçısıdırlar. Onlar bir-birinə yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirirlər. (Tövbə surəsi, 71-ci ayə)

Bütün bu məsələlərdə mənəvi yüksəlişin mərhələləri baxımından qadınlar və kişilər uca Allah yanında eyni mövqedədirlər. Yəni nə biri digərindən mütləq şəkildə üstündür, nə də digəri birincidən. Hər ikisi bu yolda oxşar istedadlarla yaradılıb və nəticə onların öz səylərindən asılıdır. Elə qadınlar var ki, heç bir kişi onlarla müqayisə oluna bilməz. Buna görə də burada cinsiyyət amili əsas deyil.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü çıxışının davamında cinsiyyətin təsir amili olduğu və olmadığı sahələri bir-birindən ayıraraq vurğulayıb ki, üçüncü modelin düşüncə sistemində həqiqi dəyərlər, insani kamilliklər, bəşəriyyətin ən yüksək zirvəsinə çatmaq, ideallara doğru irəliləmək, elmi və ictimai tərəqqi, ölkənin idarə olunması, dini və siyasi məsuliyyətlərin qəbul edilməsi, iman, səbir, dözüm, müqavimət və elm öyrənmək məsələlərində cinsiyyət heç bir halda əsas götürülmür. Bu sahələrdə qadınlar və kişilər üçün yol tamamilə açıqdır.

Zeynəb Tacik İslam fəlsəfəsi və kəlamı baxımından insanın gender əsaslı kimliyini izah edərək bildirib ki, mən şəhid Ayətullah Xameneinin düşüncəsində qadının üçüncü modeli anlayışının gender aspektindən yenidən təhlili adlı məqaləmdə İslam fəlsəfəsi və kəlamının əsaslarından istifadə edərək göstərmişəm ki, insanın nəfsi və varlığı gender xüsusiyyətlərindən kənarda deyil. Yəni qadın bədəni ilə idarə olunan qadın bəzi məsələlərdə kişi bədəni ilə idarə olunan kişidən fərqli davranır. İslam ilahiyyatından qaynaqlanan bu baxışı Rəhbərin düşüncəsində də aydın şəkildə izləmək mümkündür.

Qadının üçüncü modeldə kimliyinin üç sahəsi. Fərdi, ailəvi və ictimai

O, üçüncü modelin dəqiq mənzərəsini təqdim etmək məqsədilə qadınların kimliyini və cinslər arasındakı fərqləri fərdi, ailəvi və ictimai olmaqla üç sahədə araşdıraraq izah edib ki, İran İslam İnqilabının şəhid Rəhbəri 1400-cü il dey ayının 6-da (2021-ci ilin dekabr ayında) keçirdiyi görüşlərdən birində qadın və kişi arasındakı fərqlərin üç əsas sahədə qruplaşdırıldığını bildirib. Bunlar mənəvi-psixoloji, fiziki və emosional sahələrdir. Qadının mənəvi-psixoloji, fiziki və emosional xüsusiyyətləri müəyyən məsələləri zəruri edir. Övlad dünyaya gətirmək və onu böyütmək qadının vəzifəsidir. Uca Allah onu bu iş üçün yaradıb və kişi bu işi görə bilməz. Kişi isə işləyir, çətinlikləri aradan qaldırır.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü fikirlərini davam etdirərək bildirib ki, şəhid Ayətullah Xameneinin baxışına görə, cinslər arasındakı fərqlər yalnız maddi bədəndən qaynaqlanmır, həm də insanın psixoloji xüsusiyyətləri, duyğuları, düşüncə tərzi və xarici aləmlə qarşılıqlı əlaqə forması ilə bağlıdır. İnsanın bu sahəsi onun insanlıq mahiyyəti ilə əlaqəli olan geniş və mühüm bir sahədir. Buna görə də qadınlar və kişilər üçün fərqli rollar müəyyən edilir, lakin bu, onlardan birinin digərindən üstün olması demək deyil.

Zeynəb Tacik qadın kimliyinin ailəvi sahəsini izah edərək bildirib ki, ailə qadının gender kimliyinin inkişafı və üzə çıxması üçün ən mühüm sahədir. İran İslam İnqilabının şəhid Rəhbərinin düşüncəsində qadın özünəməxsus gender xüsusiyyətlərinə malikdir və onun vəzifəsi ailə üzvlərinin özlərini təhlükəsiz hiss etmələrini təmin edən rahatlıq və arxayınlıq mühitini yaratmaqdır. Ailə qadının gender kimliyinin və şəxsiyyətinin inkişafı üçün ən yaxşı və ən geniş imkanlara malikdir. Yəni qadın əvvəlcə ailədə öz gender kimliyini tanımalı və inkişaf etdirməli, daha sonra ictimai fəaliyyət sahələrinə daxil olmalıdır.

O, üçüncü modelin ictimai sahəsini izah edərkən bunu digər iki modeldən, yəni Şərq və Qərb düşüncə modellərindən fərqləndirən əsas məqam kimi səciyyələndirib və əlavə edib ki, Şərq modelində qadın cəmiyyətdən tamamilə təcrid edilib. Qərb modelində isə qadının ictimai fəaliyyəti əsasən iqtisadi maraqlara xidmət edən və ona bir vasitə kimi yanaşan baxış çərçivəsində məna qazanır. Üçüncü modeldə isə qadının ictimai fəaliyyəti bir neçə mühüm xüsusiyyətə malikdir. Birinci xüsusiyyət vəzifə və məsuliyyət mərkəzli yanaşmadır. İslam İnqilabının yetişdirdiyi qadın ictimai fəaliyyətlə məşğul olarkən İslam cəmiyyəti qarşısında hansı vəzifə və məsuliyyət daşıdığını, onun məqsədlərinə necə töhfə verə biləcəyini düşünür. İkinci xüsusiyyət ictimai fəaliyyətdə iştirak edərkən qadın kimliyinin qorunub saxlanılmasıdır. Bəziləri düşünürlər ki, qadın cəmiyyətə daxil olmaq üçün özünəməxsus qadın xüsusiyyətlərini kənara qoymalı və cəmiyyətə neytral kimliklə qatılmalıdır. Lakin İran İslam İnqilabının şəhid Rəhbərinin çıxışlarında bu cür yanaşma yoxdur.

Qadın və Ailə Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü qeyd edib ki, şəhid İnqilab Rəhbəri belə buyururdu:

Qadın İslam mühitində elmi, şəxsiyyət, əxlaqi və siyasi baxımdan inkişaf edir, cəmiyyətin ən mühüm məsələlərində ön sıralarda yer alır və bütün bunlarla yanaşı, qadın olaraq qalır. Qadın olmaq qadın üçün üstünlük və fəxr mənbəyidir. Qadını qadınlara xas mühitdən, qadın xüsusiyyətlərindən və qadın əxlaqından uzaqlaşdırdıqdan sonra cəmiyyətə gətirmək fəxr ediləsi bir iş deyil.

Zeynəb Tacik daha sonra şəhid İnqilab Rəhbərinin 1384-cü hicri-şəmsi ilində söylədiyi digər fikirlərə də toxunaraq bildirib ki, o, belə buyururdu:

Qadın Uca Allahın onun varlığında əmanət olaraq yerləşdirdiyi və yalnız qadına məxsus olan qadın xüsusiyyətlərinin gücü ilə, dərin imanla birlikdə, cəmiyyətdə elə müstəsna bir rol oynaya bilər ki, heç bir kişi belə bir rolu yerinə yetirməyə qadir deyil.

O, şəhid Ayətullah Xameneinin düşüncə sistemində qadınların emosional bağlılığının ictimai müstəvidə davam etdirilməsi anlayışına toxunaraq bildirdi ki, İran İslam İnqilabının sabiq rəhbəri qadına xas emosional bağlılığı son dərəcə mühüm və fundamental açar anlayışlardan biri hesab edirdi. Onun fikrincə, bu emosional bağlılıq cəmiyyətdə də öz davamını tapmalıdır. Bu isə o deməkdir ki, qadın özünəməxsus qadın kimliyi və fərdi xüsusiyyətləri ilə yalnız cəmiyyətdə iştirak etmək imkanına malik deyil, həm də onun cəmiyyətdə iştirakı İslam cəmiyyəti üçün zərurət və güc mənbəyidir.

Üçüncü qadın modeli ləyaqət və potensialın daşıyıcısıdır

Qadın və Ailə Araşdırmaları İnstitutunun elmi işçisi vurğuladı ki, şəhid Ayətullah Xameneinin baxışında İslam İnqilabının üçüncü qadın modeli cinsə xas xüsusiyyətlərdən kənarda formalaşmır. Bu modeldə qadın həm fərdi, həm ailəvi, həm də ictimai müstəvidə rol oynayır və eyni zamanda qadın olaraq qalır. Şəhid Ayətullah Xameneinin düşüncə sistemində cinslər arasındakı fərqlər qadınlar üçün zəiflik göstəricisi deyil, əksinə, fəxr mənbəyidir. Bu yanaşma qadınlığın ya alçaldıldığı, ya da aradan qaldırılmalı olduğu modellərlə tamamilə ziddiyyət təşkil edir.

Tacik qeyd etdi ki, cinslər arasındakı fərqlər bəzi sahələrdə, məsələn, ictimai məsuliyyətin, siyasi məsuliyyətin və elmi məsuliyyətin əsas mahiyyətində mövcud deyil. Bu sahələrdə cinsiyyət heç bir fərq yaratmır və qadınla kişi eyni dərəcədə məsuliyyət daşıyırlar. Lakin öz məsuliyyətlərini yerinə yetirərkən qadın özünə xas xüsusiyyətlərindən və güclü cəhətlərindən ən yaxşı şəkildə istifadə etməlidir. Məhz bu yanaşma üçüncü qadın modelini kamil, mütərəqqi və insan fitrətinə əsaslanan bir modelə çevirir.

Üçüncü qadın modelinin cinsiyyət mərkəzli şərhinə tənqidi yanaşma

Məsləhət Sistemi Məclisinin Qadın və Ailə Komitəsinin sədri doktor Fatimə Qasəmpur İslam İnqilabının üçüncü qadın modelinin nəzəri aspektlərinin araşdırılmasına həsr olunmuş ixtisaslaşmış iclasın davamında məruzəyə əsas tənqidçi qismində münasibət bildirərkən təqdim olunmuş məqalənin qiymətləndirilməsi ilə bağlı fikirlərini açıqladı. O, ilk növbədə aparılmış elmi araşdırma səylərini yüksək qiymətləndirərək bildirdi ki, Şəhid Ayətullah Xameneinin düşüncə sistemində üçüncü qadın modelinin cinsiyyət mərkəzli şəkildə yenidən oxunması adlı məqalə mühüm və fərqləndirici xüsusiyyətlərə malikdir. Məqalənin ilk və ən müsbət xüsusiyyəti ondan ibarətdir ki, müəllif qadın məsələsinə dair şəhid rəhbərin düşüncə sisteminə tam sadiq qalmağa çalışmışdır. Başqa sözlə, o, şəhid rəhbərin qadın mövzusunda səsləndirdiyi fikirləri, işlətdiyi ifadələri və nümayiş etdirdiyi yanaşmaları müəyyənləşdirməyə, daha sonra isə onları tədqiqatın əsas sualı ilə əlaqəli şəkildə araşdırmaya cəlb etməyə səy göstərmişdir. Görünür, məqalə bu baxımdan əhəmiyyətli uğur əldə etmişdir.

O, sözlərinə davam edərək bildirdi ki, məqalənin ikinci mühüm nailiyyəti rəhbərin fikirləri və yanaşmaları ilə əlaqəli şəkildə müəyyən yenilik və sualvermə imkanını ortaya qoymasıdır. Yəni müəllif konkret bir sualla rəhbərin fikirlərinə müraciət etmiş və həmin sualın rəhbərin düşüncə sistemi çərçivəsində necə cavablandırıldığını araşdırmışdır. Müəllifin irəli sürdüyü sual belə olmuşdur: Şərq və Qərb modellərinə cinsiyyət mərkəzli yanaşma mövcud olduğu halda, bu modelləri necə yenidən nəzərdən keçirmək, onların mahiyyətini və İslam İnqilabının üçüncü qadın modelindən fərqli cəhətlərini necə müəyyənləşdirmək olar? Bu, uğurlu tədqiqat sualıdır və müəllifin müzakirəyə konkret tədqiqat istiqamətindən yanaşdığını göstərir.

Məsləhət Sistemi Məclisinin Qadın və Ailə Komitəsinin sədri məqalənin müəllifin kəlami və fəlsəfi zəmininə sadiqliyini də onun digər üstünlüklərindən biri hesab edərək bildirdi ki, burada mühüm məqam müəllifin konkret tədqiqat sualını seçərkən kəlami və fəlsəfi əsasları diqqətdən kənarda qoymamasıdır. Başqa sözlə, o, həm sualını kəlami və fəlsəfi müzakirələrə əsaslanaraq müəyyənləşdirmiş, həm də tədqiqat boyunca öz elmi fəaliyyətinin əsaslandığı zəminə və düşüncəsindəki suallara sadiq qalmağa çalışmışdır.

Tədqiqatçının öz işində araşdırma zəminindən və əsas suallarından uzaqlaşmaması son dərəcə mühüm məsələdir. Görünür, məqalə bu baxımdan da diqqətəlayiq bir konseptual çərçivə təqdim etmişdir.

Qasəmpur şəhid Ayətullah Xameneinin üçüncü qadın modeli ilə bağlı dəyərli fikirlərinin mövcudluğuna diqqət çəkərək vurğuladı ki, İran İslam Respublikasının sabiq rəhbərinin üçüncü qadın modeli haqqında çoxsaylı və olduqca dəyərli çıxışları vardır. Lakin konkret suallarla həmin fikirlərə müraciət etmək indiyədək az hallarda həyata keçirilmiş bir işdir. Bu gün İslam cəmiyyətinin əzəmətli rəhbərinin şəhid olması ilə əlaqədar hər kəsin üzərinə düşən vəzifə daha da artmışdır. Şəhid Ayətullah Xameneinin yolunun davam etdirilməsi istiqamətində mühüm və təsirli addımlardan biri sual mərkəzli yanaşma əsasında öz suallarını onun çıxışlarına yönəltmək və cavabları bu düşüncə irsindən əldə etməkdir. Hərçənd bundan sonra bəzi sualların cavabını birbaşa onun özündən almaq imkanından məhrum olmuşuq, lakin geridə çox dəyərli bir düşüncə irsi qalmışdır və bu irs bir çox suallara cavab vermək imkanına malikdir.
 

Metodoloji tənqid: Fikirlərin seçilməsi meyarı məsələsi

O, çıxışının davamında əsas tənqidini məqalənin metodoloji aspektinə yönəldərək bildirdi ki, məqalə bir neçə dəfə nəzərdən keçirilmişdir. Müəllif tədqiqat sualına cavab verərkən rəhbərin təqdim etdiyi çərçivəyə sadiq qalmağa çalışmışdır. Başqa sözlə, qadının ailə və ictimai müstəvilərdəki rolunu izah edərkən rəhbərin fikirlərində müəyyənləşdirdiyi istiqamət üzrə irəliləmək müəllif üçün mühüm olmuşdur. Bu bağlılıq məqalənin konseptual çərçivəsində tam aydın şəkildə nəzərə çarpır. Lakin diqqət yetirilməli olan məqam tədqiqat metodologiyası məsələsidir.

Məsləhət Sistemi Məclisinin Qadın və Ailə Komitəsinin sədri Qərb tədqiqat metodlarının elmi mühitdə üstünlük təşkil etməsinə diqqət çəkərək bildirdi ki, tədqiqat metodları, bir qayda olaraq, Qərbin elmi mühitində meydana gəlmiş metodlardır. Keçmişdə bu metodların bizim əsaslarımız və düşüncə irsimizlə münasibətinə daha az diqqət yetirilirdi. Bu gün də bir çox tədqiqatlar öz düşüncə irsimizdən bəhrələnmək əvəzinə, sahə və empirik tədqiqat metodlarına üz tutur, ictimai mühitdən və ayrı-ayrı şəxslərin fərdi davranışlarından çıxış edərək öz suallarına cavab tapmağa çalışır. Başqa sözlə, onların yanaşmaları daha çox mətn və nəzəri əsaslarla aydın əlaqəsi olmayan istiqamətlərə əsaslanır. Buna görə də fəlsəfə və kəlam sahəsində tədqiqat aparılarkən vəziyyət fərqli olur və bu sahələrə uyğun alternativ metodologiyanın daha ciddi şəkildə təqdim edilməsinə ehtiyac yaranır.

Qasəmpur vurğuladı ki, metodologiya üzrə bir mütəxəssis bu məqalə ilə tanış olduqda ilk növbədə belə bir sual verə bilər: Bu fikirləri seçmək üçün hansı meyarı əsas götürmüsünüz? Bu, tamamilə əsaslı sualdır və ona cavab verilməlidir. Görünür, tədqiqat metodologiyası məsələsinə daha ciddi yanaşmaq, mütəxəssislərin isə İslamın düşüncə irsinə uyğun metodlar hazırlamaq istiqamətində səy göstərmələri lazımdır. Təəssüf ki, bir çox tədqiqatlarda müşahidə olunan bu çatışmazlıq elmi xarakter daşıyır və aradan qaldırılmalıdır.

Cinsiyyət məsələsi: Qazanılmış fərqlərdən İmamiyyə baxışına qədər

O, çıxışının davamında cinsiyyət məsələsinə, qadın və kişi arasındakı fərqlərə toxunaraq bildirdi ki, təqdim olunan məqalə mühüm bir iş görmüşdür. Belə ki, müəllif cinsiyyət məsələsindən bəhs edərkən onu mühüm və ciddi araşdırma mövzusu kimi nəzərdən keçirir. Bu gün Qərb dünyasında cinsiyyət məsələsi ətrafında ciddi mübahisələr mövcuddur. Qərb sivilizasiyasının düşüncə istiqaməti, ümumiyyətlə, qadın və kişi arasında bu qədər geniş fərqlərin mövcudluğunu qəbul etmir və həmin fərqləri daha çox qazanılmış xüsusiyyətlər kimi qiymətləndirir. Yəni bu yanaşmaya görə, sözügedən fərqlər cəmiyyət, mədəniyyət və təhsil vasitəsilə formalaşır.

Məsləhət Sistemi Məclisinin Qadın və Ailə Komitəsinin sədri bildirdi ki, Qərb düşüncəsinin qarşısında müsəlman mütəfəkkirlərinin, xüsusilə də şəhid rəhbərin də təsirləndiyi İmamiyyə düşüncə məktəbinin yanaşması dayanır. Bu yanaşmaya əsasən, cinsiyyət onun ifadəsi ilə desək, ikinci dərəcəli bir məsələdir, lakin olduqca geniş təsirlərə malikdir. Cinsiyyət təbiətdə mövcuddur və təbiətdə mövcud olduğuna görə qadınla kişi arasındakı bu fərqlər təbii fərqlər hesab olunur. Buna görə də həmin fərqlər mütləq şəkildə qazanılmış xüsusiyyətlər sayıla bilməz. Əlbəttə, bəzi fərqlər tərbiyə və mədəniyyətin təsiri ilə güclənə və ya zəifləyə bilər. Lakin onların kökünü yalnız qazanılmış amillərlə izah etmək mümkün deyil.

Qasəmpur sadə bir nümunə gətirərək məsələni belə izah etdi: Mənim iki yaşlı bir qardaşım oğlu var. Özünüzə yaxın olan uşaqlarda bəzi xüsusiyyətləri müqayisə etdikdə görərsiniz ki, fərqlər hələ erkən uşaqlıq dövründən mövcud olur. Oğlan uşağının kiçik yaşlarından etibarən təbii şəkildə seçdiyi oyuncaqlardan biri avtomobildir və ona marağı özündə mövcuddur. Lakin qız uşağında da eyni marağı formalaşdırmağa çalışsanız, nəticə fərqli ola bilər. Bu, fərqlərin yalnız qazanılmış olmadığını, insanın seçimlərinin və təbii xüsusiyyətlərinin əsaslandığı sistemdə köklərə malik olduğunu göstərir.

Əlbəttə, bu, tərbiyə və mədəniyyətin rolunu nəzərə almamaq demək deyil. Əksinə, bu, qazanılmış fərqlərlə yanaşı, təbii fərqlərin də mövcudluğunu qəbul etmək deməkdir.

O, qeyd etdi ki, təqdim olunan məqalə şəhid rəhbərin fəlsəfi yanaşmasının da təsirləndiyi Molla Sədranın fəlsəfi əsasları və Mütəaliyə hikməti çərçivəsində cinsiyyətin nəfsdə müəyyən bir zəminə malik olduğunu göstərməyə çalışmışdır. Cinsiyyət nəfsdə köklərə malik olduqda onun təsirləri elə bir xarakter daşıyır ki, qadınla kişi arasındakı fərqləri yalnız qazanılmış xüsusiyyətlərlə izah etmək mümkün olmur. Bu, diqqətəlayiq bir cəhddir və görünür, məqalə bu istiqamətdə mühüm addım atmışdır.

İctimai müstəvidə fərqləndirmənin gücləndirilməsi zərurəti

Məsləhət Sistemi Məclisinin Qadın və Ailə Komitəsinin sədri vurğuladı ki, sözügedən məqalədə müəyyən bir çatışmazlıq da mövcuddur. Müəllif fərdi, ailəvi və ictimai müstəviləri bir-birindən ayırarkən bu sahələrin hər birindəki fərqləri müəyyənləşdirməyə çalışır. Lakin cinsiyyət məsələsini nəfs müstəvisində nəzərdən keçirərək qadın və kişi arasındakı fərqləri bu əsasda izah etdikdə İslam İnqilabının qadına dair düşüncə istiqaməti ilə Qərbin qadına dair düşüncə istiqaməti arasındakı fərq daha aydın görünür. Bu məqamda məqalə Şərqin qadına dair düşüncə istiqamətindən fərqlənən cəhətləri daha qabarıq şəkildə ortaya qoya bilərdi. Xüsusilə ictimai müstəvidə nəfs anlayışı ilə əlaqəli olan və həm Qərb, həm də Şərq yanaşmaları ilə fərqləri daha aydın üzə çıxara bilən xüsusiyyətlərə daha geniş diqqət yetirilməli idi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha