çərşənbə 21 oktyabr 2026 - 20:28
İslam əxlaqının üç əsas prinsipi | Azadlıq, qeyrət və şücaət

Hövzə | Ayətullah Cavadi Amuli cəmiyyətin təhlükəsizliyinin və izzətinin qorunmasının, eləcə də döyüşçülərə dəstək göstərilməsinin vacibliyini vurğulayaraq deyib: Döyüşçü xidmət və gözətçilik vəzifəsini yerinə yetirdiyi zaman daim ayıq-sayıq olmalıdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah üzma Cavadi Amulinin həftəlik əxlaq dərsi bu gün, 21 oktyabr 2026-cı il səhər saatlarında Qum şəhərində yerləşən Məscidül-Əzəmdə əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə keçirilib.

Ayətullah Cavadi Amuli dərs zamanı Əmirəl-möminin İmam Əli (ə) tərəfindən xüsusi vurğulanan bir sıra əxlaqi prinsiplərə toxunaraq üç əsas prinsipi, o cümlədən azadlıq və azad ruhiyyəyə sahib olmağı, qeyrət və mərdliyi, eləcə də döyüş meydanında şücaət göstərməyi izah edib. O, mövcud şəraitə diqqət çəkərək, xüsusilə cəmiyyətin təhlükəsizliyinin və nüfuzunun qorunması, eləcə də döyüşçülərə dəstək göstərilməsi baxımından bu təlimlərə diqqət yetirməyin vacibliyini vurğulayıb.

O, İslamın etiqad və hökmlərlə yanaşı, çoxsaylı əxlaqi prinsipləri də ehtiva etdiyini, bu prinsiplərdən bəzilərinə daha çox diqqət yetirildiyi halda, digərlərinin isə kifayət qədər izah olunmadığını bildirərək deyib: Əmirəl-möminin İmam Əlinin (ə) nurani kəlamlarında bəzi əxlaqi prinsiplər xüsusi olaraq vurğulanıb. Bunlara azadlıq və azad ruhiyyəyə sahib olmaq, qeyrət və mərdlik, eləcə də döyüş meydanında şücaət göstərməklə bağlı göstərişlər daxildir.

Azadlıq və azad ruhiyyəyə sahib olmaq korrupsiya, mənimsəmə və qiymətlərin süni şəkildə artırılması ilə uzlaşmır

Ayətullah Cavadi Amuli azadlıq və azad ruhiyyəyə sahib olma prinsipini izah edərkən Əmirəl-möminin İmam Əlinin (ə) hikmətli kəlamına istinad edib. Həmin kəlamda buyurulur:



«أَلَا حُرٌّ یَدَعُ هَذِهِ اللُّمَاظَةَ لِأَهْلِهَا؟ إِنَّهُ لَیْسَ لِأَنْفُسِکُمْ ثَمَنٌ إِلَّا الْجَنَّةَ، فَلَا تَبِیعُوهَا إِلَّا بِهَا.»

Tərcüməsi: Məgər bu qalıqları öz sahiblərinə buraxacaq azad bir insan yoxdurmu? Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur. Elə isə onları yalnız Cənnət müqabilində satın.

O, “luməzə” sözünün mənasını izah edərək bildirib: Lumazə dişlərin arasında qalan yemək qırıntısıdır. İmam Əli (ə) buyurur: Görəsən, bu qalıqları öz sahiblərinə buraxan və onların ardınca getməyən azad bir insan tapılarmı?

Ayətullah Cavadi Amuli bu təlimi ictimai həyata tətbiq edərək vurğulayıb: İnsan başqalarının əldən-ələ keçirdiyi və faydalandığı şeylərin ardınca getməməli, öz həyatını başqalarından qalan qalıqlar üzərində qurmamalıdır. İmam Əli (ə) buyurur: Hansı azad düşüncəli insan əvvəlki nəsillərin nöqsan və çatışmazlıqlarını araşdırmaz?
Korrupsiya, sui-istifadə, mənimsəmə və bu kimi əməllər həmin nöqsanlardır.!Azad insan maddi mənfəət əldə etmək üçün belə davranışlara əl atmamalıdır.

O, qiymətlərin süni şəkildə artırılması, mənimsəmə və maliyyə sui-istifadələri də daxil olmaqla, bir sıra iqtisadi və sosial problemlərə toxunaraq qeyd edib: Azad ruhluluq mənimsəmə, korrupsiya və qiymətlərin süni şəkildə artırılması ilə uzlaşmır. İnsan düzgün yolla və öz zəhməti hesabına yaşamalı, öz varlığının dəyərinin özünü alçaq və yanlış işlərə satmaqdan qat-qat yüksək olduğunu bilməlidir.

Ayətullah Cavadi Amuli azadlıq və azad ruhiyyəlik mövzusunun İslam əxlaqında müstəqil bir bölmə olduğunu vurğulayaraq xatırladıb: Dini hökmlərin və müstəhəb əməllərin hər birinin öz yeri olduğu kimi, azadlıq da düzgün şəkildə izah edilməli olan əsas məsələlərdən biridir.

"Qeyrət və mərdlik” şəxsi və ictimai toxunulmazlığın qorunması və təcavüzə qarşı müqavimət göstərilməsidir

Ayətullah Cavadi Amuli çıxışının davamında qeyrət və mərdliklə bağlı rəvayətlərə toxunaraq bildirib: Rəvayət mənbələrində şəxsi və ictimai toxunulmazlığın müdafiəsinin, eləcə də silahlı hücumun qarşısının alınmasının vacibliyi vurğulanıb. Lakin dini təlimlərin bu bölməsinə digər bəzi mövzular qədər diqqət yetirilməyib.

O, İmam Sadiq (ə) və İmam Baqirdən (ə) insanın canına və malına qəsd etmək niyyəti ilə onun toxunulmazlıq sahəsinə daxil olan şəxs haqqında nəql edilmiş rəvayətlərə istinad edərək bildirib ki, bu rəvayətlərdə təcavüzkara qarşı müdafiə xüsusi olaraq vurğulanır. İmam Sadiqin (ə) buyurduğu hədis belədir:



«اللص یدخل علی فی بیتی یرید نفسی و مالی قال اقتله فأشهد اللَّه و من سمع أن دمه فی عنقی»

Tərcüməsi: Oğru evimə girərək canıma və malıma zərər vurmaq istəyir. İmam Sadiq (ə) buyurdu: Onu öldür. Allahı və bu sözləri eşidən hər kəsi şahid tuturam ki, onun qanının məsuliyyəti mənim üzərimdədir.

Digər rəvayətdə isə belə buyurulur:

«فاقتلوه فما دخل علیک فعلی»

Tərcüməsi: Onu öldür. Onun sənə qarşı etdiyi əməlin məsuliyyəti mənim üzərimdədir.

Ayətullah Cavadi Amuli bu rəvayətləri izah edərək bildirib: Əgər silahlı bir yadelli evinə daxil olub canına və malına zərər vurmaq istəyirsə, onu öldür. Onun qanının məsuliyyəti mənim üzərimdədir. Qeyrət və mərdlik budur.

O, məsum imamlardan (ə) nəql olunan rəvayətlərə toxunaraq qeyd edib ki, bu rəvayətlərdə hücum və təcavüz qarşısında müdafiə məsuliyyəti açıq şəkildə ifadə olunur. Buna görə də qeyrət və mərdlik İslam əxlaqının mühüm mövzularından biridir və bu barədə daha geniş danışılmalıdır.

Ayətullah Cavadi Amuli ABŞ və İsrail rejiminin İran ərazisinə qarşı zorakı təcavüzünə toxunaraq bu təlimlərin mövcud şəraitdə xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, ölkənin toxunulmazlığının qorunmasının və bu iki tərəfin açıq təcavüzünə qarşı müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.

O, qeyrətin yad ünsürlərin uzaqlaşdırılması, yadellilərin şəxsi və ictimai toxunulmazlıq sahəsinə daxil olmasına imkan verilməməsi və təcavüzə qarşı çıxılması mənasını daşıdığını bildirərək qeyd edib: Namaz, oruc, həcc və digər dini hökmlər, eləcə də müstəhəb əməllər haqqında geniş danışıldığı kimi, qeyrət və mərdliklə bağlı təlimlər də daha ətraflı izah edilməlidir. Çünki bu rəvayətlər insanın özünün və cəmiyyətin toxunulmazlığını qorumaq məsuliyyəti kimi ictimai həyatın mühüm məsələlərindən birinə aiddir.

Döyüş meydanında şücaət və sərhədlərin qorunması zamanı döyüşçülərin ayıq-sayıqlığının vacibliyi

Ayətullah Cavadi Amuli çıxışının üçüncü hissəsində Əmirəl-möminin İmam Əlinin (ə) döyüşçülərlə bağlı göstərişlərinə və döyüş meydanında ayıq-sayıq olmağın zəruriliyinə toxunub. O, Nəhcül-bəlağə kitabının 11-ci məktubuna istinad edərək Əmirəl-möminin İmam Əlinin (ə) bu təlimlərinin mövcud şərait baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, ölkənin müdafiəsi üçün döyüş meydanında xidmət edən döyüşçülərin səylərini və müqavimətini yüksək qiymətləndirərək deyib: Döyüş meydanında olan bu əzizlər elə bir şəraitdə xidmət edirlər ki, düşmən hər an hücuma keçə bilər. Buna görə də onlar daim ayıq-sayıq olmalı, müdafiə hazırlığını qorumalı və hər an döyüşə hazır olmalıdır. Bizim onlar haqqında dəfələrlə «Allahın salamı ona olsun» deməyimizin səbəbi də budur. İmamına bu şəkildə yardım edən hansı səhabə var?!

Ayətullah Cavadi Amuli Əmirəl-möminin İmam Əlinin (ə) Nəhcül-bəlağə kitabının 11-ci məktubunda döyüşçülərə verdiyi tövsiyəyə toxunaraq aşağıdakı ifadəyə istinad edib:

«وَ لَا تَذُوقُوا النَّوْمَ إِلَّا غِرَاراً أَوْ مَضْمَضَةً»

Tərcüməsi: Yalnız ehtiyacınız olan qədər yatın. Bacardığınız qədər az yatın.


O bildirib ki, İmam Əli (ə) döyüşçülərə zəruri ehtiyac həddini aşmadan, yalnız qısa müddət yatmağı tövsiyə edir. Oruc tutan insan suyu ağzına alıb qarqara edə bildiyi, lakin onu udmadığı kimi, döyüşçü də keşik çəkdiyi və mövqeyini qoruduğu zaman qəflətə qapılmamalı, ayıq-sayıqlığını daim saxlamalıdır.

Ayətullah Cavadi Amuli bu göstərişin döyüşçülərin keşikçilik vəzifələrinə və müdafiə sahəsində daşıdıqları məsuliyyətə aid olduğunu vurğulayaraq qeyd edib: İnsan gecə-gündüz istirahət etmədən yaşaya bilməz və yorğunluq da təbii haldır. Lakin döyüşçü məsuliyyət daşıdığı və keşik çəkdiyi zaman əlini silahdan çəkməməli, yuxunun və qəflətin ona üstün gəlməməsi üçün diqqətli olmalıdır. Belə şəraitdə istirahət elə təşkil edilməlidir ki, müdafiə üçün zəruri olan hazırlıq və ayıq-sayıqlıq itirilməsin.

Həzrət İbrahimi (ə) örnək götürmək: Bütpərəstliyə qarşı mübarizə və düşmən qarşısında müqavimət

Allah buyurur:

فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيم

İbrahimin dininə tabe olun!

(Ali İmran surəsi, 95-ci ayə)

Ayətullah Cavad Amuli çıxışının digər hissəsində Ali İmran surəsi, 95-ci ayəsinə toxunaraq həzrət İbrahimin (ə) həyat yolunu örnək götürməyin vacibliyini vurğulayıb.

O, həzrət İbrahimin (ə) bütpərəstliyə qarşı mübarizəsinə və bütləri sındırmasına toxunaraq bildirib: Qurani-Kərim İslam ardıcıllarını həzrət İbrahimin (ə) dininə tabe olmağa dəvət edir. Çünki buyurur ki, siz İslamı qəbul etdikdə, peyğəmbər nəslindən və əsil-nəcabətli bir ailədən olduğunuzu dərk etməlisiniz. Siz həzrət İbrahimin (ə) nəslindən və onun övladlarındansınız. Həzrət İbrahim (ə) bütpərəstlik qarşısında dayandığı və balta ilə bütlərə qarşı mübarizə apardığı kimi, siz də baltanı əlinizə almalı və bütləri sındırmalısınız.

Ayətullah Cavadi Amuli bu təlimi müasir şəraitlə əlaqələndirərək bildirib: Həzrət İbrahim (ə) baltayla bütlərə qarşı mübarizə apardı. Bu gün isə mövcud şəraitə uyğun olaraq, raket kimi zəruri vasitə və imkanlardan istifadə etməklə düşmənə qarşı mübarizə aparmaq lazımdır. Həzrət İbrahim (ə) bütpərəstlik qarşısında müqavimət göstərdiyi kimi, onun ardıcılları da dinlərini, izzətlərini və müstəqilliklərini qorumaq yolunda müqavimət göstərməli və qətiyyət nümayiş etdirməlidirlər.

Ayətullah Cavadi Amuli çıxışının sonunda İran xalqı, döyüşçülər, alimlər və cəmiyyətə xidmət edən bütün şəxslər üçün dua edib. O, uca Allahdan hamını Əhli-beytin (ə) inayətinə şamil etməsini, İran xalqına dünya və axirətdə izzət, kəramət, şərəf və səadət bəxş etməsini diləyib.
 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha