çərşənbə 23 sentyabr 2026 - 20:58
Ümid edirik ki, Nəvvaf Səlam və D.r Məsud Pezeşkianın görüşü Livan və İran xalqlarının mənafeyi naminə münasibətlərin gücləndirilməsinə və əməkdaşlığın inkişafına gətirib çıxaracaq

Hövzə / «Livan Müsəlman Alimlər Birliyi» Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları çərçivəsində Livanın Baş naziri Nəvvaf Səlam ilə İran Prezidenti Dr. Məsud Pezeşkian arasında yaxın zamanda baş tutacaq görüşü təqdirdə layiq hesab edib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, “Livan Müsəlman Alimlər Birliyi” Himayəçilik Şurasının üzvləri arasında keçirilən toplantıda daxili və beynəlxalq səviyyələrdə baş verən prosesləri müzakirə edib və yayımladığı bəyanatda vurğulayıb: Sionist düşmən Livana qarşı cinayətkar təcavüzlərini davam etdirməkdə gündən-günə daha da israr edir və bu, milli suverenliyin, eləcə də bütün beynəlxalq pakt və qanunların açıq şəkildə pozulmasıdır. Düşmən “əl-Mənsuri” və “Sərbin” qəsəbələrinə artilleriya hücumları həyata keçirib, tətiyə hazır silahlardan istifadə etməklə çadırlar və Sərbin istiqamətində atəş açaraq yoxlama əməliyyatı aparıb. Bütün bunlar düşmənə məxsus pilotsuz uçuş aparatlarının Livanın hava məkanını pozması ilə eyni vaxtda baş verib. Bu mənzərə təcavüzün davam etdiyini və beynəlxalq qətnamə və sazişlərə hər hansı şəkildə riayət edilmədiyini göstərir.

Sionist təcavüzləri: Hərbi hücumlardan və infrastrukturun hədəfə alınmasından daha geniş

Bəyanatda bildirilir: Cənub kəndlərində baş verənləri yalnız ayrı-ayrı hərbi təcavüzlərlə məhdudlaşdırmaq olmaz. Bu hadisələr torpağı, insanı və yaddaşı hədəfə alan, sərhəd kəndlərini zərər çəkmiş və yaşayış üçün yararsız ərazilərə çevirməyə çalışan sistemli sionist siyasət çərçivəsində baş verir. Düşmən yalnız evləri, obyektləri, infrastrukturu və kənd təsərrüfatı torpaqlarını hədəfə almaqla kifayətlənmir, həm də Cənub kəndlərinin memarlıq və tarixi xüsusiyyətlərini qəsdən aradan qaldırmağa, insanların yaddaşını və milli kimliyini özündə yaşadan irsi, qədim evləri və tarixi nişanələri dağıtmağa çalışır.

Bəyanatın davamında deyilir: Kəndlərin dağıdılması, torpaqların qazılıb alt-üst edilməsi, əkin sahələrinin yandırılması və insanların dolanışıq mənbələrinin hədəfə alınması sakinlərin məcburi köçürülməsinə və onların öz torpaqlarına qayıtmasının qarşısının alınmasına yönəlmiş açıq cəhddir. Bu, sakinlərin kökündən çıxarılması, məkanın xüsusiyyətlərinin dəyişdirilməsi və onun tarixinin silinməsinə əsaslanan sionist siyasətin təkrarlanmasıdır. Bununla belə, Livanın müdafiəsi uğrunda böyük fədakarlıqlar göstərmiş Cənub əhalisi öz torpaqlarında və kəndlərində möhkəm dayanacaq və sionist müharibə maşını onların iradəsini sındıra, yaxud onları köklərindən qopara bilməyəcək.

Əl-Əqsa məscidində təxribat xarakterli addımlar qarşısında Yəmənin mövqelərinə dəstək

Bəyanatda, həmçinin “Yəmənin çağırışı”na – ərəb və İslam ölkələrinin rejimlərini düşmənin baş naziri Benyamin Netanyahunun müqəddəs Əl-Əqsa məscidinin ətrafında yerləşən Buraq divarının tunellərinə daxil olması qarşısında praktiki və vahid mövqe tutmağa çağırmasına – dəstək ifadə olunub. Bu addım bütün dünyadakı müsəlmanların hisslərinə qarşı yeni və təxribatçı cinayət, Qüdsün və onun İslam və xristian müqəddəsliklərinin kimliyinə zərər vurmaq məqsədilə yəhudiləşdirmə reallıqlarını zorla qəbul etdirmək cəhdi kimi qiymətləndirilib. Həmçinin qeyd olunub ki, bu addımın təhlükəli xarakteri ərəb və müsəlmanlar tərəfindən vahid mövqe nümayiş etdirilməsini tələb edir. Bu mövqe yalnız pisləyən bəyanatlarla məhdudlaşmamalı, Əl-Əqsa məscidinin qorunması və sionistlərin artan təcavüzlərinin dayandırılması üçün fəal siyasi, diplomatik və hüquqi fəaliyyətə çevrilməlidir.

BMT Baş Assambleyasının kuluarında Livan və İran münasibətlərinin gücləndirilməsinə ümid

“Livan Müsəlman Alimlər Birliyi”, həmçinin Livanın baş naziri doktor Nəvvaf Səlam ilə İran Prezidenti doktor Məsud Pezeşkian arasında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları çərçivəsində yaxın zamanda keçirilməsi gözlənilən görüşü alqışlayıb və bildirib: Ümid edirik ki, bu görüş qarşılıqlı hörmət və ortaq maraqlar əsasında iki ölkə arasında münasibətlərin gücləndirilməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək və nəticədə Livan və İran xalqları bundan faydalanacaq. Biz, həmçinin hər hansı fikir ayrılığının həlli vasitəsi kimi xarici təzyiq və müdaxilələrdən uzaq, birbaşa və məsuliyyətli dialoqun aparılmasını tələb edirik.

Çünki həmin təzyiq və müdaxilələr Livanın qardaş və dost ölkələrlə balanslaşdırılmış münasibətlər qurmasının qarşısını almağa çalışır.

Bəyanatda, həmçinin “Nyu-York meri Zəhran Məmədani”nin Benyamin Netanyahunu “müharibə cinayətkarı və Fələstin xalqına qarşı dəhşətli soyqırımın memarı” adlandırdığı mövqeyə dəstək ifadə olunub. Bu mövqe sionist cinayətləri ilə bağlı qlobal məlumatlılığın artmasının göstəricisi və Fələstin xalqına qarşı törədilən cinayətlərin ört-basdır edilməsi üçün siyasi və media səylərinin artıq həqiqəti gizlətmək iqtidarında olmadığının sübutu kimi qiymətləndirilib.

Sionistlərin müharibə cinayətlərinə qarşı beynəlxalq hüquqi tədbirlərin görülməsi tələbi

Bəyanatın sonunda “Livan Müsəlman Alimlər Birliyi” beynəlxalq ictimaiyyəti bu mövqeləri Netanyahunun və digər məsul şəxslərin müharibə cinayətləri və soyqırıma görə məsuliyyətə cəlb olunması istiqamətində praktiki tədbirlərə çevirməyə çağırıb və vurğulayıb ki, cinayətkarlar siyasi dəstəyin hansı səviyyədə olmasından asılı olmayaraq, qanundan və beynəlxalq ədalətdən üstün tutulmamalıdırlar.

Ümid edirik ki, Nəvvaf Səlam və D.r Məsud Pezeşkianın görüşü Livan və İran xalqlarının mənafeyi naminə münasibətlərin gücləndirilməsinə və əməkdaşlığın inkişafına gətirib çıxaracaq

Livan Müsəlman Alimlər Birliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha