Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi tərəfindən Ramazan ayında baş vermiş müharibənin vəziyyəti və ruhanilərin vəzifələri ilə bağlı hazırlanmış strateji-təhlili bəyanatı aşağıda təqdim olunur:
«إِنْ تَنْصُرُوا اللَّهَ یَنْصُرْکُمْ وَیُثَبِّتْ أَقْدَامَکُمْ»
“Əgər siz Allaha (Onun dininə) yardım etsəniz, O da sizə yardım edər və ayaqlarınızı möhkəmləndirər.” — Məhəmməd surəsi, 7-ci ayə.
Ramazan ayında baş vermiş müharibənin başlamasından altı aydan çox vaxt keçdiyi, düşmənin İran İslam Respublikasının qüdrətli hərbi, asayiş, təhlükəsizlik, hərbi və mülki qüvvələrindən ağır zərbələr aldığı, müqavimət meydanına səfərbər olmuş xalqın isə hegemonluq sistemi qarşısında 200 gündən artıq müddətdə müqavimət və dayanıqlıq göstərdiyi bir şəraitdə, üçüncü hibrid müharibənin vəziyyəti hazırda olduqca mürəkkəb, həssas və taleyüklü mərhələyə çatıb.
Düşmən hibrid müharibə meydanında çıxılmaz vəziyyətə düşərək iqtisadi sanksiyaları genişləndirmək və iqtisadi mühasirəni daha da gücləndirmək, həyasızlıq və çılpaqlığı yaymaq, virtual məkanda genişmiqyaslı koqnitiv və mədəni hücumlar həyata keçirmək, məsul şəxslər və xalq arasında çaşqınlıq və yanlış hesablamalar yaratmaq, ixtilafları qızışdırmaq, ölkə daxilində və sərhədlərdən kənarda fəaliyyət göstərən müxalif və silahlı qüvvələri dəstəkləmək yolu ilə terror və hərbi hücum üçün zəruri zəmin yaratmağa çalışır.
Bunun qarşılığında İran İslam Respublikası da hərbi çəkindiricilik gücünü artırmaq, müdafiə strategiyasından hücum strategiyasına keçmək, ölkə daxilində və xaricində fəaliyyət göstərən müxalif və silahlı qrupları müəyyənləşdirərək məhv etmək, Hörmüz boğazına nəzarəti ələ keçirmək, Yəmənin müqavimət cəbhəsini fəallaşdırmaq və həmçinin Babül-Məndəb boğazına nəzarət etməklə Qərbin iqtisadi həyat damarını öz nəzarətinə götürüb, ABŞ, İsrail və Avropa iqtisadiyyatını problemlə üz-üzə qoyub.
İran və Yəmənin Hörmüz və Babül-Məndəb boğazlarına nəzarəti nəticəsində yaranan iqtisadi təzyiqi, Avropa ölkələrinin bu müharibədə ABŞ-ı müşayiət etməməsi, ərəb ölkələrinin ABŞ-a olan etimadının zəifləməsi, ABŞ-ın məğlubiyyətinin və Trampın müharibədə qələbə qazandığına dair iddialarının yalan olduğunun aşkara çıxması, Trampın xalq və elita arasında populyarlığının kəskin şəkildə azalması, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatın 100 yerinə seçkilərin bu il 12 Aban (3 noyabr) tarixində keçirilməsinin yaxınlaşması və bu seçkilərin Tramp hökumətinin öz proqramlarını həyata keçirmək imkanlarına həlledici təsir göstərəcəyi nəzərə alınaraq, bütün bu məsələlər fonunda indi elə bir nöqtəyə gəlib çatmışıq ki, düşmən öz qərarını verməlidir: O ya İranın şərtlərini qəbul edib, rüsvayçı şəkildə bu bataqlıqdan özünü xilas etməlidir, ya da müharibəyə daxil olmalıdır. Bu halda isə İranın qüdrətli hərbi qüvvələrindən və şücaətli xalqından sarsıdıcı və təsəvvürəgəlməz zərbələr alacaq.
Şübhəsiz ki, bu qarşıdurmada Allaha təvəkkül etməklə, Allahın dininə yardım yolunda səbir və dözüm göstərməklə qələbə bizimlə olacaq. Bu, Qurani-Kərimdə bəyan edilən ilahi sünnə və Allahın qəti vədidir:
«إِنَّ الَّذِینَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَیْهِمُ الْمَلَائِکَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِی کُنْتُمْ تُوعَدُونَ.»
“Şübhəsiz ki, «Rəbbimiz Allahdır» deyib, sonra doğru yolda sabitqədəm olanların üzərinə mələklər nazil olar və deyərlər: «Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan Cənnətlə sevinin!»” — Fussilət surəsi, 30-cu ayə.
«وَلَیَنْصُرَنَّ اللَّهُ مَنْ یَنْصُرُهُ»
“Şübhəsiz ki, Allah Ona yardım edənlərə yardım edəcəkdir.” — Həcc surəsi, 40-cı ayə.
«إِنَّ اللَّهَ مَعَ الصَّابِرِینَ»
“Şübhəsiz ki, Allah səbir edənlərlədir.” — Bəqərə surəsi, 153-cü ayə.
Elmi hövzələr dinin qorunması üçün səngərlər, dinin təbliği, izahı və bərqərar edilməsi yolunda bayraqdarlar kimi, Müqəddəs Müdafiə Həftəsi və yeni tədris ilinin başlanması, eləcə də ölkənin hər yerində tələbə və ruhanilərin yeni elmi və ictihad fəaliyyətləri dövrünün başlanması ilə eyni vaxta təsadüf edən bu həssas tarixi mərhələdə mühüm vəzifələr daşıyırlar. Bu vəzifələr barədə aşağıda bəhs edəcəyəm.
1. Elmi hövzələrin və ruhanilərin müdafiə və müqavimət cəbhəsinin ön sıralarında iştirakının davam etdirilməsi
Elmi hövzələr və ruhanilər Ramazan ayında baş vermiş müharibənin ilk günlərindən etibarən, həmişə olduğu kimi, böyük mərcəi-təqlidlərin (Allah-Təala onları qorusun), İslam İnqilabının Ali Məqamlı Rəhbərinin (Allah-Təala onu qorusun), elm və din böyüklərinin, böyük İran xalqının və müqavimət cəbhəsinin ilhamı ilə İslamın, İnqilabın, eləcə də dövlətin və həmçinin milli varlığın müdafiəsinin ön sıralarında iştirak ediblər. Onlar səfərbər olmuş xalqla çiyin-çiyinə meydanda və küçələrdə iştirak edərək dini maarifin, xüsusilə müqavimət, cihad və şəhadət sahəsində təbliği və izahı, eləcə də mömin və inqilabçı nəslin yetişdirilməsi istiqamətində fəaliyyət göstərərək misilsiz rol oynayıblar. Bu iştirak “Bəlağül-Mubin” Qərargahının rəhbərliyi altında daha böyük qüvvə ilə, daha mütəşəkkil şəkildə və tələbə və ustadların iştirakı ilə bütün təbliğ, media və meydan, habelə küçə cəbhələrində davam etdirilməlidir.
2. Xalqın səfərbərliyinin davam etdirilməsi və genişləndirilməsi istiqamətində səylərin ikiqat artırılması
“Bəlağül-Mubin” Qərargahı Elmi hövzələrin Ali Şurasının, hövzənin ali qurumlarının, eləcə də təbliğat və mədəniyyət qurumlarının əzm və iradəsindən meydana gəlib və hövzənin fəaliyyət istiqamətini, öz rolunu və hövzə missiyasını həyata keçirmək yolunu davam etdirməlidir.
İki yüz gündən artıqdır ki, səfərbər olmuş xalq Qurani-Kərimin «قُلْ إِنَّمَا أَعِظُکُم بِوَاحِدَةٍ أَن تَقُومُوا لِلَّهِ مَثْنَی وَفُرَادَی» ayəsinə əməl etmək, Aşura hərəkatından və İslam İnqilabının dərslərindən ilham almaq istiqamətində ayağa qalxıb və küçələrdə, hibrid müharibənin müxtəlif meydanlarında özünün coşqulu, bəsirətli və mücahidlik ruhu ilə müşayiət olunan iştirakı sayəsində düşməni ümidsizliyə salıb, onun məkrli planlarını puça çıxarıb.
“De: «Sizə yalnız bir öyüd verirəm: Allah üçün iki-iki və tək-tək ayağa qalxın...»” — Səba surəsi, 46-cı ayə.
Bu dirçəliş İslamın ilk dövrünü və iman, səbir və müqavimət sayəsində dünya nizamını dəyişdirən Peyğəmbər səfərbərliyini xatırladır. Bu gün də həmin ilahi sünnə təkrarlanır:
«سُنَّةَ اللَّهِ فِی الَّذِینَ خَلَوْا مِن قَبْلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِیلًا»
“Bu, əvvəllər gəlib-getmişlər barəsində Allahın sünnəsidir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.” — Fəth surəsi, 23-cü ayə.
Möhtərəm hövzə əhli və hörmətli ruhanilər əvvəlki kimi xalqın yanında və xalqla birlikdə meydanlarda geniş və fəal iştirak etməklə aşağıdakı tədbirləri həyata keçirməlidir:
- Səfərbərliyin və müqavimətin Qurani-Kərimə əsəslanan əsaslarını, ilahi yardım, imtahan və saflaşdırma sünnələrini izah etmək, müqavimət cəbhəsinin qəhrəmanlığı və qələbəsini sənədlərə əsaslanan və əsaslandırılmış şəkildə işıqlandırmaq, suallara və şübhələrə cavab vermək, bunun üçün minbər, incəsənət, media və müasir texnologiyalardan, eləcə də cəlbedici üsullardan istifadə etmək.
- Virtual məkanda geniş və fəal iştirak etmək, səfərbərlik və müqavimət diskursunun yayılması, eləcə də müxalif diskurslara məntiqli və təsirli hücum və şübhələrə cavab vermək istiqamətində mücahidlik ruhu ilə səy göstərmək.
- Bu ilahi səfərbərliyi Uca Allaha dua və yalvarışın ruha həyat bəxş edən ətri ilə qarışdırmaq.
- Bəsirəti artırmaq, anlayışları dərinləşdirmək, bu müqəddəs səfərbərlik daxilində ixtilaf və sapmaların yaranmasının qarşısını almaq və ümummilli həmrəyliyi İslam İnqilabının Ali Məqamlı Rəhbərinin ətrafında qoruyub saxlamaq.
3. Virtual məkanda effektiv fəaliyyət: Düşmənin əsas koqnitiv müharibə meydanı
Virtual məkan bu gün insanların həyatında tamhüquqlu bir reallıqdır və gündən-günə genişlənir. İslam İnqilabının şəhid Ali Məqamlı Rəhbəri dəfələrlə bu məkanın “qanunauyğun şəkildə idarə olunmasının” və ölkə üçün bir fürsətə çevrilməsinin zəruriliyini vurğulayıb.
Acı reallıq bundan ibarətdir ki, virtual məkanda dünyanın rəqəmsal həyatına ondan az ölkə hökmranlıq edir və bu yolla öz dəyər çərçivələrini başqalarına qəbul etdirirlər. Düşmən bu reallığı dərk edərək koqnitiv müharibəni əsas döyüş meydanı kimi seçib. Mütəxəssislərin ifadə etdiyi kimi, bu müharibə hərbi müharibədən dəfələrlə daha təhlükəlidir. Çünki onun hədəfi insanların qəlbləri və zehnləridir.
Virtual məkanda qanunauyğun idarəçiliyin olmaması və Milli İnformasiya Şəbəkəsinin mövcud olmaması, düşmənin dinə və iffətə qarşı genişmiqyaslı məzmun istehsalına qarşı yüksək səviyyəli dini və inqilabi məzmun çatışmazlığı, media və virtual məkan savadlılığının zəif olması, virtual məkanda passiv iştirak, düşmənin yanlış hesablamalar və şübhə, narahatlıq, ixtilaf, imanın və milli iradənin zəiflədilməsi məqsədi daşıyan psixoloji və koqnitiv müharibəsinə etinasızlıq, xalqın nailiyyətlərinin və müqavimətinin dürüst şəkildə işıqlandırılmasında zəiflik virtual məkanın əsas zərərli cəhətləri və mühüm çağırışlarından bəziləridir. Buna görə də aşağıdakı strategiya və siyasətlərin əziz tələbələr, ruhanilər və təbliğatçılar tərəfindən nəzərə alınması və xüsusi diqqət mərkəzində saxlanılması zəruridir:
- Dini mənafelər və əziz xalqın, eləcə də iqtisadi fəalların real maraqları nəzərə alınmaqla, virtual məkanda qanunauyğun idarəçiliyin təmin edilməsi üçün xalq arasında tələb formalaşdırmaq. Bunu İslam İnqilabının Ali Məqamlı Rəhbərinin vurğuladığı məsələlərə istinad etməklə, onun mahiyyətini, zəruriliyini, nəticələrini və bərəkətlərini izah etmək və azadlıqların, habelə insanların hüquqlarının qanun çərçivəsində qorunmasını təmin etmək məqsədilə dini və inqilabi zərurət kimi təqdim etmək.
- Düşmənin şübhə yaymasına və yalan xəbərlər yaymasına qarşı mübarizə aparmaq məqsədilə tələbələr, ustadlar və hövzə fəallarından ibarət hövzə daxilində «Kiber cəbhə» yaratmaq.
- Media və virtual məkan savadlılığının artırılması, eləcə də düşmənin koqnitiv müharibə və psixoloji əməliyyatlarının texnikalarının öyrənilməsi istiqamətində səylər göstərmək.
- Gənc nəslə uyğun dil və formatda yüksək səviyyəli dini və inqilabi məzmun istehsal etmək və gündəmdə olan şübhələrə cavab vermək.
- Fəal və hücum xarakterli iştirak göstərmək, Qərbin dünyapərəst və hegemon mədəniyyətini, eləcə də onun fəsadlı rəhbərlərini tənqid etmək.
- Həqiqətlərin izah edilməsi, ümid yaradılması, müqavimətin və İslam sisteminin nailiyyətlərinin nümayiş etdirilməsi yolu ilə düşmənin psixoloji müharibəsinə qarşı mübarizə aparmaq.
4. Milli birlik və həmrəyliyin qorunması
Son iki yüz gündə xalqı baş verən hadisələrin güclü küləkləri qarşısında möhkəm saxlayan amil İslam, dini dəyərlər, vəliyyi-fəqih, İslam hökmləri və şəriəti, İnqilabın idealları və milli maraqlar ətrafında milli birlik və həmrəylik olub. Bu, siyasi meyllərdən, etnik mənsubiyyətdən, dillərdən və siyasi zövqlərdən daha üstün olan, hamını «لا إله إلا الله» bayrağı və İslamın varlığının müdafiəsi altında bir araya gətirən müqəddəs birlikdir.
Bu birlik «وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعًا وَلَا تَفَرَّقُوا» ayəsinin təcəssümü və «إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ» həqiqətinin nümunəsidir.
Düşmənlə üz-üzə qarşıdurmadan ümidini üzmüş ABŞ–sionist düşmən bütün imkanlarını parçalanma yaratmağa yönəldib: etnik, dini və siyasi ixtilafları qızışdırmaq; daxili etirazları şişirtmək; gələcəyə dair mənfi təsəvvür yaratmaq; xalqı İslam sistemindən uzaqlaşdırmağa çalışmaq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri dəfələrlə xəbərdarlıq edib ki, «düşmən xalqla məsul şəxslər, eləcə də müxtəlif təbəqələr arasında uçurum yaratmağa çalışır» və «birlik düşmənin fitnələrinə qarşı mübarizənin ən mühüm silahıdır». Belə bir şəraitdə Elmi hövzələr cəmiyyətin dini və əxlaqi istinad mənbəyi kimi bu müqəddəs birliyin qorunması və yaşadılması istiqamətində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
- Birliyi Qurani-Kərim və rəvayətlər əsasında dini vacib və strateji zərurət kimi izah etmək, ayələrə, eləcə də Peyğəmbərin (s) və İmam Əlinin (ə) sirəsinə istinad etməklə «vahid ümmət» diskursunu gücləndirmək.
- Parçalanma yaratmaq cəhdlərinə qarşı mübarizə aparmaq və İslamın ortaq dəyərlərini izah etmək məqsədilə hövzə alimlərinin və İslam məzhəblərinin böyük şəxsiyyətlərinin müştərək cəbhəsinin formalaşdırılması istiqamətində səy göstərmək.
- Yeni meydana çıxan ehtiyaclara və parçalanma yaradan şübhələrə sistemli şəkildə cavab vermək.
- Siyasi və fraksiya xarakterli ixtilafları qızışdırmaqdan çəkinmək və hamını müştərək düşmən qarşısında həmrəyliyə dəvət etmək.
- Birlik və müqavimət arasındakı qırılmaz əlaqəni izah etmək və bunun düşmənin koqnitiv və psixoloji müharibəsində uğursuzluğa düçar edilməsindəki rolunu açıqlamaq.
- Etnik və dini bölgələrdə təbliğatçıların fəal iştirakını təmin etməklə həmrəyliyi gücləndirmək və parçalanma yaratmağa yönəlmiş fitnələrin zərərsizləşdirilməsinə çalışmaq.
5. İffət və hicabın təbliği və təşviqi: Ailə düşmənin mədəniyyət hücumu qarşısında müdafiə səngəri
Səfərbər olmuş xalqın sərt müharibə meydanında dastanlar yazdığı bir şəraitdə ABŞ–sionist düşmən hərbi cəbhələrdə uğursuzluğa düçar olaraq yumşaq cəbhəni, koqnitiv müharibəni və mədəniyyət hücumu əsas meydan kimi seçib. Bu müharibənin məqsədi ailənin təməlini dağıtmaq və cəmiyyətdə əxlaqi sərbəstliyi yaymaqdır. Çünki düşmən haqlı olaraq anlayıb ki, ailə cəmiyyətin təməli və əsas hüceyrəsi, eləcə də İslam İnqilabının ən böyük dayağıdır. İslam İnqilabının şəhid Ali Məqamlı Rəhbəri açıq şəkildə buyurub: «Hicab açmaq həm şəri baxımdan haramdır, həm də siyasi baxımdan haramdır» və xəbərdarlıq edib ki, «düşmən bu işə plan və proqramla daxil olub, biz də plan və proqramla hərəkət etməliyik».
Düşmənin hicabsızlığı və iffətdən uzaq davranışı normallaşdırmaq üçün zəhərli məzmunların hazırlanması və onların virtual məkan, peyk kanalları və düşmən mövqeli media vasitəsilə yayılması, cəmiyyətdə iffətə zidd davranış və çılpaqlığın nümayiş etdirilməsi üçün fəsad törədən şəxslərin muzdla cəlb edilməsi, fəsad və əxlaqsızlığın yayılması üçün mərkəzlərin yaradılması və dəstəklənməsi istiqamətində apardığı təşkilatlanmış fəaliyyət; mədəni fəaliyyətin və iffət və hicab sahəsində bütün mədəniyyət qurumları tərəfindən əlaqələndirilmiş və planlı şəkildə məntiqli izah və inandırıcı diskursun formalaşdırılması işinin boşluğu; hicabsızlıq və iffətdən uzaq davranış sahəsində qəbul edilmiş siyasət və qanunların icrasına lazımi diqqət və səyin göstərilməməsi. Ailənin iffət və həyanın tərbiyə olunduğu ilk və ən mühüm ocaq kimi roluna yetərincə diqqət yetirilməməsi, hicabın cəmiyyətin psixoloji təhlükəsizliyi ilə əlaqəsinə və onun əxlaqi və sosial böhranların qarşısının alınmasındakı roluna etinasızlıq, hicab, qadın azadlığı və Qərb modelləri ilə bağlı gündəmdə olan şübhələrə cavab verməkdə zəiflik bu sahənin ən mühüm çağırışlarından bəziləridir.
Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq, möhtərəm hövzə və ruhanilər aşağıdakı strategiya və tövsiyələri diqqətdə saxlamalıdır:
- Qərb qadın modelini məntiqli və əsaslandırılmış şəkildə tənqid etmək, ayə və rəvayətlərə, eləcə də İslam İnqilabının şəhid Ali Məqamlı Rəhbərinin bu barədə çıxışlarına istinad etməklə müsəlman qadın modelini izah etmək.
- Hicabı dini, əqli və sosial zərurət kimi hərtərəfli və inandırıcı şəkildə izah etmək, gənc nəslə uyğun dildən və müasir vasitələrdən istifadə etmək.
- Ailələrin əməkdaşlığı ilə məscid və məktəbin iffət və həyanın təşviq olunduğu mərkəzlər kimi rolunu gücləndirmək.
- Hicab, iffət, ailə və Qərb modelinin tənqidi ilə bağlı incəsənət və ədəbiyyatın dili ilə yüksək səviyyəli media məzmunu hazırlamaq.
- Hicabın açılması siyasətinin İnqilab düşmənləri tərəfindən idarə olunan siyasi və təhlükəsizlik aspektlərinin arxasında dayanan həqiqətləri ifşa etmək və bu məcburi çağırışın düşmənlə əlaqəsini izah etmək.
- Hicab və iffətlə bağlı siyasət və qanunların icrası, ailənin təməlinin möhkəmləndirilməsi, eləcə də çılpaqlıq və fəsadın yayılmasında düşmənə xidmət edən amillərə qarşı tədbir görülməsi istiqamətində xalq arasında tələb formalaşdırmaq.
- Yaxşılığa dəvət və pislikdən çəkindirməni şəfqət və mərhəmətlə həyata keçirmək, sərt davranışdan və cəmiyyətdə gərginliyin yaradılmasından çəkinmək.
- Hörmətli qadınları bu mədəniyyət meydanında rol oynamağa, hövzə və universitetlərdə fəaliyyət göstərən dindar qadınların, eləcə də pak və iffətli qızların bu səhnədə daha fəal olmasına dəvət etmək.
6. İnflyasiya, məişət və iqtisadi təzyiqlər
ABŞ və sionist düşmən illər əvvəl hərtərəfli iqtisadi müharibəyə başlayıb və İslam İnqilabının Ali Məqamlı şəhid Rəhbəri də illər əvvəl bununla mübarizə aparmaq üçün müqavimət iqtisadiyyatı strategiyasını müəyyənləşdirərək, onunla bağlı siyasətləri elan edib. Üçüncü məcburi və hibrid müharibədə də düşmən sanksiyaları gücləndirmək və genişləndirmək, eləcə də dəniz blokadası tətbiq etmək yolu ilə ölkə iqtisadiyyatına və insanların məişətinə maksimum təzyiq göstərməyə çalışır.
Bu şəraitdə möhtərəm hökumət, xidmət göstərən qurumlar və hakimiyyət qolları müharibə şəraitində ərzaq, enerji və ölkə iqtisadiyyatı, habelə insanların məişəti üçün zəruri olan digər ehtiyaclar sahəsində çatışmazlıqların qarşısının alınması və iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində mücahidlik xarakterli, təsirli və təqdirəlayiq səylər göstəriblər. Lakin pul, bank, maliyyə bazarları, valyuta məzənnəsinin liberallaşdırılması və bəzi əsas malların qiymətlərinin artırılması ilə bağlı bəzi makroiqtisadi siyasətlərə yenidən baxılmalıdır. Həmçinin iqtisadi korrupsiyada iştirak edən şəxslərə və mövcud şəraitdə iqtisadi imtiyazlardan istifadə edərək öz sərvətlərini mümkün qədər artırmağa çalışan şəxslərə qarşı qətiyyətli tədbirlər görülməlidir.
Çünki bu məsələlərin bəziləri düşmənin sanksiyaları və dəniz blokadası ilə yanaşı, inflyasiyanın kəskin artmasına və insanların məişəti üzərində dözülməz təzyiqin yaranmasına səbəb olub. Belə ki, hazırda illik inflyasiyanın müvafiq dövrlə müqayisədə göstəricisi 89 faizdən çoxa çatıb və ərzaq məhsulları, içkilər, geyim, enerji və benzinin qiymətlərində əhəmiyyətli artım baş verib.
Belə bir şəraitdə hövzə alimləri və möhtərəm ruhaniyyət aşağıdakı strategiyalar çərçivəsində fəaliyyət göstərməlidirlər:
- Əhalinin aztəminatlı təbəqələrinin yaşadığı məhəllələrdə iştirak etmək, borc verən xeyriyyə fondları yaratmaq, xeyriyyəçiləri müəyyənləşdirmək və insanların ləyaqətini qorumaq şərtilə məişət yardımlarını bölüşdürmək yolu ilə xalqla praktiki həmrəylik nümayiş etdirmək.
- Yoxsulluq və ayrı-seçkiliklə mübarizədə Peyğəmbərin (s) və İmam Əlinin (ə) sirəsinə istinad etməklə iqtisadi ədaləti və hökumətin əsas malların təmin edilməsində vəzifələrini fiqhi və Qurani əsaslarla izah etmək.
- Makroiqtisadi siyasətlərin islahı, insanların məişət vəziyyətinin nəzərə alınması və şəhid Ayətullah Seyid Əli Xameneinin, eləcə də İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müqavimət iqtisadiyyatı ilə bağlı tövsiyələrinin həyata keçirilməsi istiqamətində səy göstərmək və əməkdaşlıq etmək.
- Ayə və rəvayətlərdən istifadə etməklə səbir və müqavimət, fədakarlıq, həmrəylik və yardımlaşmaya çağırmaq, israf, mal-dövlətin boş yerə sərf edilməsi və tələf edilməsindən çəkinməyi, istehlakda mötədilliyə riayət etməyi və müharibə şəraitinə uyğun məişət xərclərinin planlaşdırılmasını tövsiyə etmək.
- Düşmənin iqtisadi müharibədəki planını izah etmək, bu cəbhədə iqtisadi cihadın zəruriliyini açıqlamaq və bu müharibədə təslim olmağın bədəlini müqavimət və mübarizənin bədəlindən daha ağır olduğunu izah etmək.
- Xalqın suallarına cavab vermək və çətin şəraitdə İslam həyat tərzini izah etmək üçün iqtisadi fiqh üzrə ixtisaslaşmış təbliğatçıların fəaliyyətini daha da genişləndirmək.
- Düşmənin çəkindiriciliyi tam təmin edilənədək müharibənin davam etdirilməsini və Hörmüz boğazının qorunub saxlanılmasını izah etmək və dəstəkləmək.
Ramazan ayında baş vermiş müharibənin başlamasından yeddi ay sonra İran İslam Respublikasının hegemon Amerika ilə qarşıdurması ən mürəkkəb və həssas qarşıdurma meydanlarından birinə çevrilib. şəhid Ayətullah Seyid Əli Xamenei açıq şəkildə buyurub: «Mövcud vəziyyətdə ABŞ hökuməti ilə danışıqlar aparmaq milli maraqlarımıza heç bir kömək etmir, bizim üçün heç bir faydası yoxdur və heç bir zərəri də bizdən dəf etməyəcək». O, həmçinin vurğulayıb ki, bu danışıqların «ölkə üçün böyük zərərləri var və bəlkə də bu zərərlərin bəziləri kompensasiyaolunmaz ola bilər». O, «Böyük Şeytan» ifadəsi ilə Amerikanın etibar edilməyən bir düşmən kimi mahiyyətini müəyyən edib. Son bir ilin təcrübəsi və «ABŞ-ın diplomatik prosesə dəfələrlə xəyanət etməsi» tam çəkindiriciliyin təmin olunması üçün müqavimətin zəruriliyini bir daha ortaya qoyur. Davamlı sülh üçün zəruri şərt kimi tam çəkindiriciliyin təmin edilməsi strateji prinsipdir.
İranın raket, pilotsuz uçuş aparatları, elektron müharibə və hələ təqdim edilməmiş bəzi sahələrdə əldə etdiyi müdafiə və hücum nailiyyətləri, Hörmüz boğazının idarə edilməsinin İranın əlində olması, səfərbər olmuş ümmətin coşqulu iştirakı və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin uzaqgörən və qüdrətli rəhbərliyi bir tərəfdən, düşmənin siyasi, sosial, mədəni, iqtisadi və hərbi sahələrdə zəifləməsi isə digər tərəfdən bu əsas strategiyanın israrla davam etdirilməsi üçün zəruri zəmin yaradıb.
Bu sahədə strateji tövsiyələr:
- Düşmənlə qüdrətli şəkildə danışıqlar aparmağın və dialoqun fiqhi və Qurani-Kərim əsaslarını izah etmək; kafirlər və müşriklərlə danışıqlarda Peyğəmbərin (s) və İmam Əlinin (ə) sirəsinə istinad etmək və «izzətli danışıqlar» ilə «zillət içində təslim olmaq» arasındakı fərqi izah etmək. Qurani-Kərimin bu ayəsinə əsaslanmaqla: «وَلَن یَجْعَلَ اللَّهُ لِلْکَافِرِینَ عَلَی الْمُؤْمِنِینَ سَبِیلًا» — «Allah kafirlərə möminlərin üzərində heç bir yol verməyəcəkdir.» — Nisa surəsi, 141-ci ayə.
- Çəkindiricilik ilə sülh arasındakı qırılmaz əlaqəni izah etmək. Necə ki, Qurani-Kərim buyurur: «وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَیْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّکُمْ» — «Onlara qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini və öz düşməninizi qorxudasınız...» — Ənfal surəsi, 60-cı ayə. Çəkindiricilik sülhün müqəddiməsidir, onun alternativi deyil.
- Müdafiə sahəsində əldə edilmiş nailiyyətləri qürurla işıqlandırmaq; İranın raket, pilotsuz uçuş aparatı və dəniz qüvvələri sahəsindəki nailiyyətlərini Qurani-Kərimin buyurduğu «وَمَا رَمَیْتَ إِذْ رَمَیْتَ وَلَکِنَّ اللَّهَ رَمَی» — «Sən atmadın, atdığın zaman Allah atdı.» — Ənfal surəsi, 17-ci ayə ifadəsinə istinad etməklə ilahi qüdrətin «nişanələri» kimi izah etmək.
- Hörmüz boğazının «tarixi fürsət» və misilsiz «qüdrət amili» kimi mövqeyini izah etmək və onun uzaqgörənlik və izzətlə qorunmasının zəruriliyini vurğulamaq.
- Danışıqlar, sanksiyalar və müqavimətlə bağlı şübhələrə cavab vermək məqsədilə siyasi fiqh və beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış təbliğatçıların xalqın toplantılarında daha fəal iştirakını təmin etmək.
- ABŞ-ın şeytani mahiyyətini bu ölkənin tarixi xəyanətlərinə – 28 Mordad çevrilişindən, səkkizillik müharibədən, Təbas çevrilişindən, sərnişin təyyarəsinə hücumdan, davamlı sanksiyalardan, son iki müharibədən tutmuş Qəzza və regiondakı cinayətlərədək – istinad etməklə ifşa etmək və izah etmək ki, «Amerika bütün bu illər ərzində İrana zərbə vurmağa, onun zəngin resurslarına nəzarəti ələ keçirməyə və həmçinin İranı udmağa çalışıb. Bütün bu hallarda isə amerikalı düşmən rüsvayçı şəkildə məğlubiyyətə uğrayıb».
Sonda Müdafiə Həftəsini yad edir, birinci, ikinci və üçüncü məcburi müharibələrdə şəhid olan pak və mələkut aləminə məxsus şəhidlərin, xüsusilə İnqilabın şəhid İmamının ruhuna salam və salavat göndərirəm. Yeni tədris ilinin başlanması münasibətilə təbriklərimi çatdırır və təhsillə bu məcburi və hibrid müharibənin gecə küçə toplantılarında və meydanlarında fəal iştirakın bir araya gətirilməsinin vacibliyini vurğulayıram.
Uca Allahdan İslamın, İranın, İslam ümmətinin və həmçinin müqavimət cəbhəsinin qələbəsini, şərəfli İran xalqının, cəsur milli qüvvələrin, şəhid Ayətullah Seyid Əli Xamenei (Allah ona rəhmət eləsin) və bütün İslam şəhidlərinin izzət və başıucalığını diləyirəm. Həmçinin Allahın salamı onun sonuncu Peyğəmbərinə (s), hidayət imamlarına və ilahi övliyalara, xüsusilə vəsilərin sonuncusu həzrət İmam Zamana (ə.f) olsun.
«وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ إِنَّ اللَّهَ عَزِیزٌ حَکِیمٌ»
«Qələbə yalnız Allah tərəfindəndir. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.» — Ali-İmran surəsi, 126-cı ayə.
Əlirza Ərafi
(23 sentyabr 2026)
Rəyiniz