Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Xamenei bu görüşdə Silahlı Qüvvələrin sərt (fiziki) hazırlığını onların silah gücünün artırılması, təşkilati, struktur və yaşayış şəraitinin yaxşılaşdırılması kimi izah edərək əlavə etdi:
Sərt hazırlığla yanaşı, yumşaq hazırlıq da son dərəcə önəmlidir — yəni şəxsin öz məqsədinə və missiyasına iman bəsləməsi, yolunun haqq olduğuna inamı. Bu sahədə isə düşmənin bu inancı zədələmək üçün ciddi səyləri var.
O, İslam Respublikasının İslami və müstəqil kimliyini bu düşmənçiliyin əsas səbəbi kimi göstərdi və belə davam etdi:
Düşməni qıcıqlandıran təkcə ‘İslam Respublikası’ adı deyil. Onları əsəbiləşdirən budur ki, bir ölkə müsəlman, müstəqil və öz kimliyinə sahib olmaq istəyir və izzətini qorumaq üçün başqasına bel bağlamır.
İnqilab Rəhbəri beynəlxalq zorlama siyasətlərinə və onların ikili standartlarına toxunaraq dedi:
Bu güc mərkəzləri özlərinin ən dağıdıcı və dəhşətli silahlarla təchiz olunmasını qanuni sayır, lakin digər ölkələrin müdafiə sahəsində irəliləməsini qeyri-qanuni hesab edirlər.
O əlavə etdi:
Silahlı Qüvvələrdə iman, inam, iradə, cəsarət və Allaha təvəkkül maksimum səviyyədə olmalıdır. Çünki tarix boyu bu keyfiyyətlərdən məhrum olmuş gurultulu ordular məğlubiyyətlə üzləşmişdir.
Ayətullah Xamenei, cəmiyyətdəki yumşaq hazırlığın qorunması və gücləndirilməsinin müxtəlif qurumların, o cümlədən radio və televiziya və digər təbliğat orqanlarının ciddi çalışmasına bağlı olduğunu bildirərək əlavə etdi:
Sevindirici haldır ki, bu gün ölkə təkcə sərt hazırlıq baxımından deyil, həm də yumşaq güc sahəsində keçmişlə müqayisədə çox irəliləmişdir. Bunun nümunəsi, yüzlərlə və minlərlə imanlı və motivasiyalı gəncin mübarizə tələb edən meydanlarda iştirak etmək üçün göstərdiyi qeyri-adi həvəsdir.
Həzrət Ayətullah Xamenei, İranın gündən-günə artan tərəqqisinin düşmənlərin qəzəbinə və onların media kampaniyalarına səbəb olduğunu bildirərək dedi:
Onlar öz arzularını reallıq kimi təqdim edir və bu xəbərləri ictimaiyyətə sırımağa çalışırlar. Bu təbliğatın qarşısını almaq üçün düzgün planlaşdırma və mübarizə aparmaq vacibdir.
Ayətullah Xamenei vurğulayaraq dedi:
İslam Respublikası hərəkət və inkişaf baxımından yaxşı bir durumda yerləşir. Əlbəttə, bəzi aydın iqtisadi çətinliklər də mövcuddur ki, onların həlli üçün mütləq çalışmaq lazımdır. Ancaq bu problemləri digər məsələlərlə qarışdırmaqla, hətta düşmənlərin belə təqdirinə səbəb olan bu möhtəşəm tərəqqiləri görməzdən gəlmək olmaz.
İnqilab Rəhbəri həmçinin yeni ili Silahlı Qüvvələrin bütün üzvlərinə və onların ailələrinə təbrik edərək, hərbçilərin missiyalarını yerinə yetirməsində həyat yoldaşlarının və ailələrinin dəyərli dəstəyinə görə təşəkkürünü bildirdi.
Görüşün əvvəlində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri, 1403-cü ildə (2024–2025) İranda və regionda baş verən hadisələrə toxunaraq, Fələstin məsələsində qlobal oyanışa, Qəzza və Livan xalqlarının sionist rejimin cinayətlərinə qarşı göstərdiyi tarixi müqavimətə diqqət çəkdi və müqavimət şəhidlərinin və komandirlərinin xatirəsini ehtiramla andı.
General Baqeri qeyd etdi ki, Silahlı Qüvvələrin fəaliyyətləri və proqramlarına aşağıdakılar daxildir:
Müdafiə gücünün və çəkindirici qabiliyyətin artırılması,
Müasir silah və avadanlıqların istehsalı,
Çoxsaylı və keyfiyyətli hərbi təlimlərin keçirilməsi,
Bütün hərbi qüvvələr arasında tam koordinasiya,
Ölkənin inkişafı və abadlaşdırılmasına yardım,
Hərbi sahə ilə diplomatiya arasında sinergiyanın təmin edilməsi,
Və ilin şüarının həyata keçirilməsi istiqamətində dövlətlə əməkdaşlıq.
O, həmçinin ölkənin cənab prezidentinə müdafiə sektoruna verdiyi dəstəyə görə təşəkkürünü bildirərək dedi:
Silahlı Qüvvələr xalqın dəstəyi ilə tam hazırlıq vəziyyətindədir və düşmənlərin pis niyyətlərinin həyata keçməsi yalnız onların arzusunda qalacaq.
Rəyiniz