cümə 23 oktyabr 2026 - 22:19
ABŞ-in zəifləməsinin on əsas səbəbi | İranın strateji səbir və ehtiyatlı davranış dövrü başa çatıb

Hövzə / Qum şəhərinin cümə namazının xətibi son müharibə zamanı üzə çıxan ABŞ-ın on zəif cəhətini izah edib.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi 23 oktyabr 2026-cı il tarixində Qum şəhərində yerləşən Qüds müsəllasında (namazxana, namaz qılınan yer) keçirilən cümə namazının xütbəsində bildirib ki, müasir dövrün zalım cəlladları olan Tramp və Netanyahu İran İslam Respublikasına və müqavimət cəbhəsinə müharibə diktə ediblər.

Elmi Hövzələrin rektoru çıxışını davam etdirərək vurğulayıb ki, bütün dünya müharibəyə başlayan tərəfin ilk İran olmadığını bilir. Onlar hətta danışıqlar masası arxasında olduqları vaxt belə razılaşmaları pozdular, dəyərləri tapdaladılar, İrana, İslam İnqilabına və İslam ümmətinə qarşı çıxdılar. Bu müharibə İranın istəyi ilə başlamayıb və ölkəyə zorla qəbul etdirilib. Qarşı tərəf bu müharibədə bir sıra məqsədlər güdürdü. Həmin məqsədlərdən biri İslam ümmətini və İran xalqını diz çökdürmək idi. Əvvəllər İranı diz çökdürmək və təslim olmağa məcbur etmək niyyətlərini açıq şəkildə bəyan etmirdilər, lakin bu gün artıq bunu açıq şəkildə dilə gətirirlər.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi bildirib ki, müharibə onların məhz bu məqsədləri ilə başlasa da nəticəsi bütün dünyanı heyrətə gətirib. İran xalqı və müqavimət cəbhəsi misilsiz şücaət və qətiyyət nümayiş etdirərək düşmənə qarşı dayanıb. Artıq səkkiz aydan çox vaxt keçməsinə baxmayaraq, İranı bir həftə ərzində məhv etmək məqsədilə planlaşdırılan hücumun hədəflərinə nail ola bilməyiblər. Əksinə İran xalqı 250 gecədən artıqdır ki, küçələrdə, döyüşçülərimiz isə səngərlərdə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin əmrinə hazır vəziyyətdə dayanaraq göstərişlərini gözləyirlər. Müharibənin nəticəsi məhz bundan ibarətdir.

O, çıxışında ABŞ-in gücünə də toxunaraq bildirib ki, Amerika bütün imkanlarına və qüdrətinə baxmayaraq, şüşədən tikilmiş saray və hörümçək toru kimi kövrək bir evə bənzəyir. Biz tarixi dönüş nöqtəsindəyik və bu yırtıcı varlığın qarşısında müqavimət göstərməkdən başqa yolumuz yoxdur.

Birinci zəif cəhət: Dünyada ABŞ-ə qarşı görünməmiş nifrət

Ayətullah Ərafi əlavə edib ki, analitiklərin özləri də hazırda ABŞ-in ictimai dəstəyinin və ona olan etimadın görünməmiş dərəcədə azaldığını bildirirlər. Dünyada ABŞ-ə qarşı nifrətin səviyyəsi orta hesabla 60 faizi ötüb. Bununla da ABŞ onsuz da zəif olan nüfuzuna daha ciddi zərbə vurub.

O, çıxışını davam etdirərək qeyd edib ki, özünü böyük iddialarla təqdim edən bir dövlət üçün dünyada, xüsusilə də İslam aləmində ona qarşı bu səviyyədə nifrətin mövcudluğu olduqca ağır vəziyyətdir.

İkinci zəif cəhət: ABŞ bütün imkanlarına baxmayaraq zəifdir

Ölkə üzrə Elmi Hövzələrin rektoru bildirib ki, müharibə ABŞ-in bütün hərbi donanmasına, böyük hərbi və kəşfiyyat imkanlarına baxmayaraq, asimmetrik müharibə şəraitində son dərəcə zəif və hücumlara qarşı həssas olduğunu üzə çıxarıb.

Üçüncü zəif cəhət: ABŞ-ə qarşı yeni təsir vasitələrinin üzə çıxması

Ayətullah Ərafi əlavə edib ki, əvvəllər ABŞ-in nəzərə almadığı yeni təsir vasitələri üzə çıxıb. Bunlara Hörmüz boğazı, neftin qiyməti, dünya bazarında malların qiymətləri və qlobal iqtisadiyyatın əsas yolları daxildir. ABŞ bu sahələrdə nə dərəcədə həssas olduğunu anlayıb. Bu istiqamətlərdə İranın və müqavimət cəbhəsinin imkanları isə kifayət qədər genişdir.

Dördüncü zəif cəhət: ABŞ və İsraildə daxili rəqabətin kəskinləşməsi

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi bildirib ki, onların arasındakı daxili rəqabətin bizim üçün fərqi yoxdur, çünki hamısı bir-birinə bənzəyir. Bununla belə, hazırda ABŞ və İsraildə daxili rəqabət xeyli kəskinləşib, müharibədən əvvəl mövcud olmayan ciddi siyasi qütbləşmə meydana çıxıb.

Beşinci zəif cəhət: Hücum hədəflərinin siyahısının genişlənməsi

O bildirib ki, onların hədəf siyahısı diktə edilmiş on ikinci müharibə və Ramazan ayında baş vermiş müharibə zamanı hücuma məruz qalan hədəflərin siyahısından daha genişdir. Əgər buna inanmırlarsa, yenidən hücum etməyə cəsarət tapdıqları təqdirdə, qarşılarında nə qədər geniş və zəngin hədəf siyahısının olduğunu görəcəklər. Sizin sisteminizin daxilində saatlı bombalar işə düşüb.

Hədəf siyahısının genişlənməsi son müharibədə yol verdiyiniz qanunsuz və təcavüzkar əməllərin nəticəsidir.

Altıncı zəif cəhət: Vurub qaçmaq dövrü başa çatıb

Ölkə üzrə Elmi Hövzələrin rektoru bildirib ki, bu gün ABŞ və müttəfiqləri şəhid Ayətullah Xameneinin vurub qaçmaq dövrünün başa çatması barədə bəyanatının mahiyyətini anlayıblar. İran xalqı və silahlı qüvvələri Ali Baş Komandanın əmrlərinə tabe olaraq bu mövqeyi davam etdirəcək və düşmənə yenidən ağır zərbələr endirəcək.

Yeddinci zəif cəhət: İranın strateji səbir dövrü başa çatıb

Ayətullah Ərafi İranın strateji səbir və ehtiyatlı davranış mərhələsinin başa çatdığını vurğulayaraq qeyd edib ki, qonşu ölkə amilini nəzərə alaraq müəyyən məhdudiyyətlərə riayət etmək və ehtiyatlı davranmaq dövrü artıq geridə qalıb. Bu mülahizələrə görə, sizinlə barışıq və uzlaşma siyasətini davam etdirməyəcəyik.

Səkkizinci zəif cəhət: İşğalçı İsrail rejiminin sarsılmış təməlləri

Qum şəhərinin cümə namazının xətibi bildirib ki, işğalçı İsrail rejimi zahirən Suriya və Qəzzada müəyyən uğurlar əldə etmiş kimi görünsə də, əslində onun təməlləri daha da sarsılmış vəziyyətdədir. Gələcəklə bağlı hesablamalarınızı bu rejimə arxalanaraq aparmaq düzgün deyil, çünki o, buna əsas verəcək qədər güclü deyil.

Doqquzuncu zəif cəhət: İqtisadiyyatın zərbələrə qarşı həssaslığı

Ayətullah Ərafi bildirib ki, ABŞ iqtisadiyyatı böyük olsa da, zərbələrə qarşı son dərəcə həssasdır. Üstəlik, ABŞ digər ölkələrin iqtisadiyyatlarına da zərər vurur. Dünya isə iqtisadi sistemlərin bu cür təsirlərə qarşı həssaslığından ciddi narahatlıq keçirir.

Onuncu zəif cəhət: ABŞ-ın dünya xalqlarına qarşı zülmünün ifşa olunması

Ayətullah Ərafi bildirib ki, ABŞ-ın sivilizasiya üstünlüyü iddiasından qaynaqlanan təkəbbürü, lovğalığı və xalqlara qarşı zülmü heç vaxt olmadığı qədər açıq şəkildə üzə çıxıb. Trampın təkəbbürlü bəyanatları bir sivilizasiyanın süqutunun və bir ölkənin dünya ictimaiyyəti qarşısında nüfuzunu itirməsinin göstəricisidir.

Ayətullah Ərafi fikirlərini davam etdirərək bildirib ki, müharibə zamanı ABŞ-ın bu on zəif cəhəti üzə çıxıb. O, qarşı tərəfə müraciətlə qeyd edib ki, bu gün təhdidlər səsləndirsələr də, yeni qarşıdurmaya başlamağın onlara yalnız zərər gətirəcəyini anlamalıdırlar. İran xalqı öz izzətini və əzəmətini qorumaq uğrunda müqavimət göstərməkdə, mübarizəsini davam etdirməkdə qətiyyətlidir və düşməni diz çökdürəcək.

Əsas məqamlar

Birinci: Düşmən qarşısında zəiflik nümayiş etdirmək olmaz

Rəsmilər bilməlidirlər ki, düşmən qarşısında qətiyyət və möhkəm iradə nümayiş etdirmək vacibdir. Biz böyük bir qarşıdurmanın ortasındayıq və hazırda zillətlə izzət arasında seçim etməli olduğumuz həlledici mərhələdən keçirik. Düşməni kiçik hesab etmək olmaz, onu yaxşı tanımaq lazımdır, lakin ondan qorxmaq yolverilməzdir. Bu, bizim əsas strateji prinsipimizdir.

İkinci: Bütün mümkün ssenarilər üçün zəruri tədbirlər görülməlidir

Baş verə biləcək bütün hadisələrə qarşı zəruri tədbirlər əvvəlcədən nəzərdə tutulmalıdır. İqtisadi məsələlərə və əhalinin gündəlik dolanışığına xüsusi diqqət yetirilməlidir. Həyata keçirilən tədbirlər təqdirəlayiqdir, lakin düşməni hər hansı yanlış hesablamadan və mümkün təcavüzdən çəkindirmək üçün daha güclü və hərtərəfli planlaşdırma aparılmalıdır.

Üçüncü: Milli həmrəylik və müqəddəs birlik gücləndirilməlidir

İran, İslam və İslam İnqilabının Ali Məqamlı Rəhbərinə itaət ətrafında milli həmrəylik və müqəddəs birlik möhkəmləndirilməlidir. Həmrəylik, qarşılıqlı anlaşma, yaxınlaşma və səylərin birləşdirilməsi bu günün təxirəsalınmaz zərurətidir.

Dördüncü: Silahlı qüvvələr daim hazır olmalı, xalq meydanlardakı iştirakını davam etdirməlidir

Silahlı qüvvələr daim döyüş hazırlığını qoruyub saxlamalıdır. Bununla yanaşı, meydan, meydan və yenə də meydan! Ey İran xalqı, siz meydanları öz nurunuzla işıqlandırdınız və bu əzəmətli iştirakı davam etdirdiniz. Xalqın kütləvi toplantılarda, cümə namazlarında, dini ayinlərin qorunmasında, İslam bayrağı altında birliyin nümayiş etdirilməsində, İslamın izzətinin müdafiəsində və qisas tələbinin ifadə olunmasında iştirakı bundan sonra da davam edəcək.

Azərbaycan hökumətinə xəbərdarlıq

Qum şəhərinin cümə namazının xətibi Ayətullah Əlirza Ərafi Azərbaycan hökumətinə müraciət edərək, xüsusilə hicab məsələsində ilahi dəyərlərə riayət olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, İlahi şəriətə və bütün İslam alimlərinin yekdil şəkildə qəbul etdiyi dəyərlərə zidd qərarların qəbul edilməsi, eləcə də bu qərarlar əsasında insanların təzyiq və təqiblərə məruz qalması İslam ümməti və Azərbaycan Respublikasının cəsur xalqı baxımından qəbuledilməz və təəssüf doğuran haldır.

Ayətullah Ərafi qeyd edib ki, İslam alimləri müsəlman xalqlardan ilahi dəyərlərin qorunmasını gözləyirlər. Hicab da bu dəyərlərdən biridir. Hicab qadının paklığının rəmzi, cəmiyyətin nicatının isə simvoludur. Ümid edirik ki, hicaba qarşı yönəlmiş bu yanlış siyasətə son qoyulacaq. Hicab məsələsi fundamental əhəmiyyət daşıyır və İslam dünyasının bütün qadınları onu İslam kimliyinin göstəricisi, dünya və axirət səadətinin təminatçısı kimi qəbul etməlidirlər.

Səudiyyə Ərəbistanı və Bəhreyndə alimlərin və insanların həbslərinə son qoyulmalıdır

Ayətullah Ərafi bildirib ki, regionun bəzi ölkələrində, o cümlədən Bəhreyn və Səudiyyə Ərəbistanında alimlər və gənclər uzun illər müddətinə həbs edilir. Bu ölkələrdə çoxsaylı insanların həbsdə saxlanılması mərcəi-təqlidlərin və İslam alimlərinin ciddi narahatlığına səbəb olur. O, adıçəkilən dövlətləri bu zülmə son qoymağa çağırıb. Həmçinin İslam dünyasının və İranın diplomatik qurumlarından həmin ölkələrdə həbsdə saxlanılan insanların və alimlərin azadlığa buraxılması üçün zəruri tədbirlər görmələri gözlənilir.

Həzrət Zəhranın (s.ə) şiə və sünni mənbələrindəki yüksək məqamı

Ayətullah Ərafi birinci xütbəsində həzrət Zəhranın (s.ə) şiə və sünni mənbələrindəki yüksək məqamına toxunaraq bildirib ki, şiələrlə sünnilər arasında həzrət Zəhra (s.ə) ilə bağlı müəyyən fikir ayrılıqları mövcud olsa da, onun şəxsiyyəti və fəzilətləri ilə əlaqədar çoxsaylı ortaq məqamlar vardır.

O qeyd edib ki, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının təşəbbüsü ilə bir qrup müəllim və alim tərəfindən İslam məzhəblərinin mənbələrində Peyğəmbər sünnəsi adlı kitab hazırlanıb. Kitabda şiə və sünni hədis mənbələrində yer alan, hər iki məzhəbin mötəbər mənbələrinə əsaslanan ortaq rəvayətlər toplanıb. Nəşrin yeddinci cildi məsum imamlara (ə) həsr olunub. Həmin cildin 350 səhifədən çox hissəsində 800-dən artıq şiə və sünni rəvayəti əsasında həzrət Zəhranın (s.ə) xüsusiyyətləri və fəzilətləri ətraflı şəkildə araşdırılıb.

Ölkə üzrə Elmi Hövzələrin rektoru bildirib ki, kitabda həzrət Zəhranın (s.ə) 100-dən artıq məqamı və xüsusiyyəti qeyd olunub. Bunların hamısı şiə və sünnilərin mötəbər mənbələrinə əsaslanır. Bu fakt həzrət Zəhranın (s.ə) əzəmətini və ali şəxsiyyətini, eləcə də bu sahədə sünni qardaşlarımızla aramızda çoxsaylı ortaq məqamların mövcudluğunu nümayiş etdirir.

Ayətullah Ərafi həzrət Zəhranın (s.ə) ictimai həyat tərzindən bəhs edərək bildirib ki, o, mübariz və elmli müsəlman qadının nümunəsidir. Onun həyat yolu müasir cəmiyyətdə həm qadınlar, həm də kişilər üçün örnək olmalıdır.

Qum şəhərinin cümə imamı vurğulayıb ki, həzrət Zəhranın (s.ə) həyatında elm və bilik, ibadət və mənəviyyat, ictimai fəaliyyət və tərbiyəvi rol daxili paklıq, zahiri gözəllik, hicab və iffətlə vəhdət təşkil edir. Bu xüsusiyyətlərin onun şəxsiyyətində bir araya gəlməsi həzrət Zəhranı (s.ə) bütün dünya qadınları üçün əbədi örnəyə çevirib və onu maddi dəyərlərə əsaslanan, ilahi prinsiplərdən uzaq nümunələrdən fərqləndirən bənzərsiz bir ideal kimi təqdim edib.

O, sözlərinə əlavə edərək bildirib ki, həzrət Zəhra (s.ə) ibadət mehrabında olduğu zaman onun ibadət nuru göyləri yarıb keçər, ilahi maarifin təbliği məqamında isə nitqindən elm, bilik və dərin düşüncə çağlayardı. Belə ki, Əbuzər və Salman kimi böyük səhabələr onun ətrafına toplaşardılar. Tarixi mənbələrdə qeyd olunur ki, Mədinənin yalnız qadınları deyil, kişiləri də həzrət Zəhranın (s.ə) hüzuruna gələr, ona suallar ünvanlayar və dolğun cavablar alardılar.

Ölkə üzrə Elmi Hövzələrin rektoru həzrət Zəhranın (s.ə) ailə həyatındakı və tərbiyə sahəsindəki roluna toxunaraq bildirib ki, indiyədək onun ailədə yaratdığı səmimiyyət və mənəvi mühit, elmi səviyyəsi, eləcə də tərbiyəvi bacarıqları barədə çoxsaylı nümunələr qeyd olunub.

Ayətullah Ərafi həzrət Zəhranın (s.ə) ictimai fəaliyyətindən bəhs edərək bildirib ki, o, Allah Rəsulunun (s) dayağı və vilayətin müdafiəçisi idi. Həzrət Zəhra (s.ə) hətta müharibələr zamanı da Allah Rəsuluna (s) dəstək göstərmək və mücahidlərin yaralarını müalicə etmək məqsədilə Mədinənin digər qadınları ilə birlikdə bu fəaliyyətlərdə iştirak edirdi.

Qum şəhərinin cümə imamı xatırladıb ki, bəziləri yanlış olaraq İslamda qadının yüksək və ali missiyalar həyata keçirə bilməyəcəyini düşünürlər. Halbuki həzrət Zəhranın (s.ə) şəxsiyyətində və mənəvi həyatında qadınlar və kişilər üçün örnək təşkil edən çoxsaylı ali xüsusiyyətlər təcəlli edib.

Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Ərafi bildirib ki, iffət, hicab və başqaları ilə münasibətlərdə müəyyən edilmiş sərhədlərin qorunması da həzrət Zəhranın (s.ə) səciyyəvi xüsusiyyətlərindəndir. Başqaları ilə ünsiyyətdə paklıq və ehtiyatlılıq onun ailədaxili və ictimai həyatda həyata keçirdiyi digər vəzifələrlə vəhdət təşkil edirdi. Məhz bu xüsusiyyətlər onun paklığı ilə seçilən, insanları doğru yola yönəldən böyük rəhbər kimi formalaşmasını təmin edirdi.

O, vurğulayıb ki, tarixi mənbələrdə həzrət Zəhranın (s.ə) Mədinə məscidində söylədiyi xütbə haqqında məlumatlar yer alır. Həmin məlumatlara əsasən, həzrət Zəhra (s.ə) hüzn və kədər içində, bütün bədənini örtən libasda evindən çıxaraq məscidə daxil olub. Pərdənin arxasında dayanaraq nitqinə başlayıb. Onun ilk ahı ilə bütün məclis ağlaşma və fəryad səslərinə qərq olub.

Qum şəhərinin cümə imamı bildirib ki, böhranlı şəraitdə özünü göstərən bu ictimai fəaliyyət və rəhbərlik daxili paklıq, zahiri səliqə-sahman və ilahi hüdudlara riayət olunması ilə müşayiət edilirdi. Qadınlar və qızlar məhz bu nümunədən ibrət götürməli və onu öz həyatlarında rəhbər tutmalıdırlar.

O, xüsusi olaraq vurğulayıb ki, qadının yolu nə elm, bilik və maarifdən uzaqlaşmaqdan, nə də Qərbin qarşıya qoyduğu və qadını kişilərin mənfəət və maraqlarına xidmət edən vasitəyə çevirən yanaşmadan ibarətdir. Qadının məqamı və dəyəri şəhvətpərəst insanların tamah obyektinə çevrilməkdən, özünü nümayiş etdirməklə başqalarının diqqətini cəlb etməkdən qat-qat ucadır. Çünki bu cür yanaşma qadının elmi, idraki və mənəvi cazibəsinin kölgədə qalmasına səbəb olur.

Qum şəhərinin cümə namazının xətibi bunun İslam İnqilabının qadın məsələsində irəli sürdüyü üçüncü model olduğunu qeyd edərək əlavə edib ki, həzrət Zəhra (s.ə) qadının əzəmətli məqamının alçaldılmasına yol verməməyə xüsusi diqqət yetirməklə elmi mövqeyini və mənəvi paklığını qoruyub. O, bu gün də bizim üçün canlı və örnək şəxsiyyətdir.

Ayətullah Ərafi bildirib ki, iffət və hicab adi məsələ deyil, İslamın ucaldılmış bayrağı və İslam sivilizasiyasının rəmzidir. Qadın və kişilərin naməhrəmlərlə münasibətlərində müəyyən edilmiş sərhədlərə və məhrəmlik prinsiplərinə riayət etməsi iman yolumuzun mühüm əsaslarından biridir. Hər kəs bu mühüm prinsipə lazımi diqqət yetirməlidir.

Ayətullah Ərafi bəyan edib ki, həzrət Zəhra (s.ə) üzərinə götürdüyü digər məsuliyyətlərlə yanaşı, Allah Rəsulunun (s) vəfatından sonra yaranmış böhranlı şəraitdə də qəhrəmanlıq nümayiş etdirən və hadisələrin gedişatını idarə edən bir şəxsiyyət kimi tarixə düşüb.

Mədinənin alt-üst olduğu, mövcud nizamın pozulduğu, azğınlıqların geniş yayıldığı, əksəriyyətin susduğu, cəmiyyətin fitnəyə qərq olduğu və ilahi dəyərlərin tapdalandığı bir dövrdə qəhrəman bir qadın kişilərin üzərinə düşən məsuliyyətləri öz üzərinə götürərək ön plana çıxdı.

O, sözlərinə davam edərək bildirib ki, böyük bir xanım ilahi missiyanın ağır yükünü öz çiyinlərinə götürərək ən böyük böhranları idarə edib. Həzrət Zəhra (s.ə) risalət və vilayət bayrağını ucaldıb, məruz qaldığı haqsızlıqlara və çətinliklərə dözərək böyük sapmaların qarşısını alıb, risalətin davamlılığını qoruyub və nifaqa qarşı qətiyyətlə dayanıb. Həzrət Fatimənin (s.ə) bu mövqeyi İslam tarixində misilsizdir. O, imamət və vilayətin müdafiəsi naminə mövcud siyasi qüvvələr nisbətinə təsir göstərmək və siyasi proseslərdə fəal rol oynamaq baxımından bənzərsiz şəxsiyyətdir.

Qum şəhərinin cümə imamı həzrət Zəhranın (s.ə) heyrətamiz məqamlara malik olduğunu bildirərək qeyd edib ki, şiə və sünni mənbələrində onun qiyamət günündəki məqamı haqqında çoxsaylı rəvayətlər nəql olunub. Həmin rəvayətlərdən biri də qiyamət günü həzrət Zəhranın (s.ə) karvanının əzəməti ilə bağlıdır. Rəvayətlərdə bildirilir:

Qiyamət günü ərşin ortasından bir carçı səslənər: Ey toplaşanlar! Başlarınızı aşağı salın və gözlərinizi yumun ki, Məhəmməd Peyğəmbərin(s) qızı həzrət Fatimə (s.ə) Siratdan keçsin. Bundan sonra həzrət Fatimə (s.ə) yetmiş min behişt hurisinin müşayiəti ilə ildırım sürəti ilə keçər.

Xəbərin sonu
 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha