Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Təmiz dialoq başlığı altında İslam İnqilabının mütəfəkkirlərinin seçilmiş fikirləri maraqlananların diqqətinə təqdim olunur və bu sırada Şəhid Mürtəza Mütəhhərinin "Sadə həyat tərzi və təmtəraqdan çəkinmək" mövzusundakı fikirləri dərc ediləcək.
Həzrət Rəsuli-Əkrəmin (s) xüsusiyyətlərindən biri onun sadə və təmtəraqsız yaşaması, sadə danışması və sadə yemək yeməsi idi.
Eyni zamanda həmişə təmiz, səliqəli və ətirli olmağa ciddi şəkildə riayət edirdi, çox sadə və təmtəraqsız geyinərdi. Onun həyat prinsiplərindən biri sadəlik və təmtəraqdan uzaq olmaq idi.
Rəsuli-Əkrəm (s) məclisində heç vaxt üstünlük və aşağılıq fərqlərinin olmasına yol verməzdi.
Xüsusilə tapşırırdı ki, səhabələr və dostları dairəvi şəkildə otursunlar ki, məclisdə yuxarıda və ya aşağıda oturmaq fərqi olmasın.
Ümumiyyətlə təmtəraqlı həyata bağlı qalmaq, ruhi kiçikliyə və şəxsiyyət çatışmazlığına işarədir.
Bəzi insanlar öz daxilində bir növ alçaqlıq (kiçiklik, natamamlıq) hiss edirlər və sonra bu hissi kompensasiya edərək başqalarının gözündə özlərinə şəxsiyyət qazandırmaq istəyirlər.
Bu cür insanlar adətən özlərini bir sıra süni qayda-qanunlara əməl etməyə məcbur edirlər. Halbuki həqiqi alim insanların elmi dərəcələri və elmi şəxsiyyətləri onların doğruluğuna şəhadət verir və özlərini göstərməyə, təzahür etməyə ehtiyac duymurlar.
Əksinə bu baxımdan geridə qaldıqlarını hiss edən insanlar daha çox titullara, adlara və özlərini göstərməyə (təmtərağa) əhəmiyyət verirlər.
Mənbə: Ustad Mütəhhəri, Hikmətlər və nəsihətlər, cild 1, səh. 90–93 (xülasə ilə)
Rəyiniz