Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Vatikandakı səfiri Höccətül-İslam vəl-müslimin Məhəmməd Hüseyn Muxtari “Dinlərarası dialoq müstəvisində nübuvvətin təzahürü" adlı məqaləsində yazır: Dinlərarası dialoq müasir dünyada xalqların və dinlərin sülh şəraitində birgə yaşaması üçün həyatın əsas zərurətlərdən biridir. İslam Peyğəmbərinin (s) təcrübəsinə yenidən nəzər salmaq göstərir ki, o Həzrət yalnız dini rəhbər olaraq deyil, eyni zamanda bir sivilizasiya qurucusu kimi də digər dinlərin ardıcılları ilə dialoqa xüsusi diqqət yetirmişdir.
Peyğəmbərin (s) həyat yolu onu göstərir ki, o həmişə qarşılıqlı hörmət, məcburiyyətə son, ortaq dəyərlərin qorunması və insan ləyaqətinin qorunması kimi prinsiplərə sadiq olmuşdur. Tarixi nümunələr "Mədinə əhdi”, “xristian rəhbərləri ilə əlaqələr” və “Nəcran xristianları ilə mübahisələr” göstərir ki, Peyğəmbər (s) üçün dialoq müvəqqəti bir vasitə deyil, ilahi missiyanın həyata keçirilməsi və ictimai ədalətin bərpası üçün davamlı bir strategiya idi.
Bu məqalə Qurani-Kərimə əsaslanan prinsiplər və tarixi dəlillər fonunda İslam Peyğəmbərinin (s) dinlərarası dialoqa verdiyi önəmi təhlil edir və onun bu sahədəki təcrübələrinin müasir dünya üçün daşıdığı mənaları araşdırır.
Tarix boyu insan cəmiyyətlərinin əsas çağırışlarından biri müxtəlif din ardıcıllarının birgə yaşaması və qarşılıqlı münasibətlərinin tənzimlənməsi olmuşdur. Dini və mədəniyyətin müxtəlifliyi, hərçənd bəşəriyyətin mənəvi və sivilizasiya zənginliyini artırmışdır. Lakin bir çox dövrlərdə qanlı qarşıdurmalara və münaqişələrə də səbəb olmuşdur. Belə şəraitdə isə dialoq, qarşılıqlı anlaşmaya nail olmaq, gərginlikləri azaltmaq və davamlı sülhü təmin etmək üçün mühüm bir vasitə kimi xüsusi əhəmiyyət kəsb edir.
Müasir dünyada qlobal əlaqələrin genişlənməsi və “qlobal kəndin” (dünyanın əlinin içində olması) formalaşması ilə dinlərarası dialoqa ehtiyac daha da güclü şəkildə hiss olunmaqdadır. Beynəlxalq təşkilatlar, dinşünas alimlər və dini liderlər hamısı uğurlu tarixi modellərə qayıdışın zəruriliyini vurğulayırlar. Bu modellərin ən mühümlərindən biri İslam Peyğəmbərinin (s) digər dinlərlə münasibətdə ortaya qoyduğu təcrübədir.
İslam Peyğəmbəri (s) elə bir cəmiyyətdə zühur etmişdir ki, orada bir birindən böyük fərqləri olan etiqadlar mövcud idi: Mədinədə yəhudilər, Nəcran və Həbəşistanda xristianlar, Məkkədə müşriklər, hətta Ərəbistan ətrafında zərdüştilik və maniheylik kimi fəlsəfi-dini cərəyanlar fəaliyyət göstərirdi. Peyğəmbərin (s) bu qruplarla davranışı onu göstərir ki, dialoq və yaradıcı qarşılıqlı münasibət təkcə onun təbliğ strategiyasının bir hissəsi deyildi, həm də yeni formalaşan İslam dövlətinin sütunlarından birinə çevrilmişdi.
Qurani-Kərimdə dialoqun əsasları və Peyğəmbərin (s) baxışı
İslam Peyğəmbərinin (s) digər dinlərin ardıcılları ilə apardığı dialoq, sırf ictimai zərurətin nəticəsi deyil, onun vəhyə və insana dair dərin baxışından qaynaqlanırdı. Qurani-Kərim onu insanlara, missiyası qəlbləri inandırmaq olan bir peyğəmbər kimi təqdim edir, iradələri zorla əymək üçün deyil. Bu səbəbdən, Peyğəmbərin (s) həyat yolunda dialoq həmişə qarşı tərəfə mövcudiyyət səviyyəsində aşkar şəkildə müşayiət edilirdi.
Peyğəmbər (s) Nəhl surəsinin 125-ci ayəsini oxuyarkən « ادعُ إِلی سَبیلِ رَبِّکَ بِالحِکمَةِ وَالمَوعِظَةِ الحَسَنَةِ وَجادِلهُم بِالَّتی هِیَ أَحسَنُ»《Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! 》onun mənasını öz davranış üslubunda gerçəkləşdirirdi. Onun üçün dialoq mübahisədə qələbə qazanmaq vasitəsi deyildi, əksinə həqiqəti müdrik və sakit bir dillə nümayiş etdirməyin yoluydu. O, qarşısındakına bir həmsöhbət kimi yanaşırdı, heç vaxt “məğlub düşmən” kimi baxmırdı.
Peyğəmbərin (s) təcrübəsində Ali İmran surəsinin 64-cü ayəsinə əsasən « قُلْ یَا أَهْلَ الْکِتَابِ تَعَالَوْا إِلَی کَلِمَةٍ سَوَاءٍ بَیْنَنَا وَبَیْنَکُمْ » 《De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin!》ortaq bir zəminə dəvət mənası daşıyırdı. O, kitab əhli ilə dialoqda etiqadi ixtilafları ön plana çıxarmaq əvəzinə, birləşdirici nöqtə olan yeganə Allahın ibadətini əsas götürürdü. Beləliklə, onun nəzərində dialoq mübahisəli kəlam məsələləri üzərində deyil, ortaq iman əsasları üzərində qurulurdu.
Bu prinsip « لَا إِکراهَ فِی الدّینِ» 《Dində məcburiyyət (zorakılıq) yoxdur.》 (Bəqərə surəsi, 256-cı ayə) Peyğəmbərin (s) baxışında yalnız bir şüar deyil, əməli yanaşma idi. O, öz davranışları ilə göstərirdi ki, gerçək iman yalnız azadlıq mühitində çiçəklənə bilər. Buna görə də başqa din ardıcılları ilə münasibətdə heç vaxt təzyiq və məcburiyyətə yol vermirdir. Əksinə məntiqli əsaslandırma və insan şəxsiyyətinin hörmətini saxlayaraq onunla dialoqa girirdi.
Peyğəmbər (s) həmçinin Hud surəsi, 118-ci ayəsinə də fundamental bir diqqət yetirirdi. « وَلَوْ شَاءَ رَبُّکَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً » 《Əgər Rəbbin diləsəydi, insanları tək bir ümmət (millət) edərdi. 》Onun dini çoxluğa baxışı düşmənçiliklə deyil, bu müxtəlifliyi ilahi və hikmətli bir reallıq kimi qəbul etməklə xarakterizə olunurdu. Buna görə də, dialoq onun nəzərində dini müxtəlifliklə yanaşı yaşamağın, bu həqiqəti qəbul etməyin və qarşılıqlı anlaşmanın vasitəsi idi, yoxsa fərqliliklərin aradan qaldırılması deyil.
İslam Peyğəmbərinin (s) dinlərarası dialoqda əməli təcrübəsi
İslam Peyğəmbəri (s) dialoqu yalnız nəzəri müstəvidə deyil, sosial həyatda da həyata keçirdi. O, Mədinəyə hicrət etdikdə ilk addımı “Mədinə əhdnaməsini” tərtib etmək oldu. Bu sənəd təkcə siyasi bir müqavilə deyildi həm də Peyğəmbərin (s) dialoqa birgəyaşayışın təməli kimi baxışının göstəricisi idi. O, bütün tayfaların kimliyini tanıyaraq onları “vahid ümmət” adlandırdı. Onun nəzərində sağlam və dəyərli cəmiyyət elə bir toplumdur ki, burada müxtəlif dinlərin ardıcılları qarşılıqlı hörmət əsasında yanaşı yaşaya bilirlər.
Nəcran xristianları ilə görüşdə də Həzrət Peyğəmbər (s) hörmətə əsaslanan dialoqun bənzərsiz bir modelini təqdim etdi. O, aramla və məntiqli əsaslandırma ilə həqiqəti açıqlayırdı.Lakin buna baxmayaraq qarşı tərəfin şəxsiyyətinə əsla hörmətsizlik etmirdi.Hətta onlar Məscidül-Nəbidə (peyğəmbər məscidində) ibadət etmək istədikdə, Peyğəmbər (s) buna icazə verdi. Bu davranış göstərirdi ki, onun nəzərində dialoq digər dinlərə praktiki hörmətlə sıx bağlıdır. İslam cəmiyyətində məscid həm dini həm də siyasi mərkəz olduğu halda, bu addım Peyğəmbərin (s) digər dinlərə münasibətdə dözümlülük və ehtirama söykənən yanaşmasını aydın şəkildə ortaya qoyurdu. Nəcran müqaviləsi isə xristianların təhlükəsizliyini, dini azadlıqlarını və iqtisadi hüquqlarını təmin etməklə, İslamın ilk dövrlərində dini azadlığın nümunəsi hesab olunur.
Peyğəmbər (s) həmçinin Mədinənin yəhudi icmaları ilə də sosial müqavilələr bağladı. Mədinədə yəhudilərin üç əsas qəbiləsi var idi. Bəni-Qeynuqa, Bəni-Nəzir və Bəni-Qureyzə. Peyğəmbər (s) “Mədinə sənədini” imzalamaqla onların dini azadlıqlarını tanıdı və onları “vahid ümmətin” bir hissəsi kimi qəbul etdi. “Mədinə sənədi” və ya “Mədinə əhdi” İslamın ilk dövrlərinin ən mühüm siyasi-sosial sənədlərindən biri olubdur. Bu sənəd əslində, Mədinədə məskunlaşan müxtəlif tayfalar arasında bağlanmış ictimai müqavilə idi və şəhər həyatının idarə olunması üçün ortaq çərçivə müəyyən edirdi.
Müasir tədqiqatçılar, xüsusilə də siyasi nəzəriyyəçilər bu sənədi dünyanın ilk “konstitusiya nümunələrindən biri” hesab edirlər. Çünki onda siyasi, təhlükəsizlik, iqtisadi və hüquqi münasibətlərin əsas prinsipləri qeyd olunmuşdur. Bu sənəd əvvəlki beyətlərdən fərqli olaraq yalnız müsəlmanlar arasında deyil, Mədinədəki yəhudi və bəzən müşrik icmalarla da bağlanmışdı. Buna görə də onu “çoxşaxəli müqavilə” adlandırmaq olar. Sənəddə vurğulanırdı ki, bütün imzaçılar birlikdə “vahid ümmət” təşkil edirlər. Lakin hər bir tayfa öz dini kimliyini qoruyub saxlayırdı. Bu baxımdan sənəd bir növ ittifaq və sülh içində birgəyaşayışın hüquqi əsası idi. Bəzi qəbilələrin sonradan əhdə xilaf çıxmasına baxmayaraq, Peyğəmbərin (s) əsas mövqeyi hər zaman ədalətə və bağlanmış müqavilələrə sadiqliyə əsaslanırdı.
Müşriklərlə münasibətdə də Peyğəmbərin (s) davranışı əvvəlcə Məkkə dövründə səbr və dözümlülüklə müşayiət olunurdu. Mədinədə isə onların hərbi hücumları və dəfələrlə əhd pozmaları nəticəsində müdafiə müharibələri qaçılmaz olubdur. Bununla belə Məkkənin fəthi həqiqi mənada nübüvvət əxlaqının zirvəsi idi. Çünki illərlə davam edən düşmənçilik və işgəncələrə rəğmən, Peyğəmbər (s) intiqam şüarı qaldırmadı. Əksinə, bağışlama və mərhəmət elan etdi. Bu davranış sübut edirdi ki, onun sirlərində əsas meyar qəzəb və zorakılıq deyil, bağışlama, islah və ədalət idi.
Peyğəmbər (s) sünnəsində əxlaqlı və mədəni dialoqun əsasları
Peyğəmbərin (s) dialoq təcrübəsi bir neçə əsas prinsip üzərində qurulmuşdu. Birincisi, qarşılıqlı hörmət: O, heç vaxt söhbətə təhqir və kiçiltmə ilə başlamaz, həmsöhbətini həmişə insanlıq şərəfinə layiq bir mövqedən müraciət edərdi. İkincisi, insan şəxsiyyətinin qorunması: Onun baxışında insan, dinindən asılı olmayaraq, ilahi kəramət daşıyıcısı idi. Üçüncüsü, sülhpərvərlik: O, daim sülh və barış tərəfdarı idi və hətta müşriklərə də belə cavab verirdi: « لَکُمْ دِینُکُمْ وَلِیَ دِینِ »《Sizin dininiz sizə, mənim dinim də mənə!》(Kafirun surəsi, 6-cı ayə)
Dördüncüsü, həqiqət axtarışı: Peyğəmbər (s) dialoqu rəqibi məğlub etmək üçün deyil, həqiqəti üzə çıxarmaq üçün istəyirdi. Beşincisi, əhdə vəfa: O,yaxşı bilirdi ki, qarşılıqlı etimad olmadan dialoq nəticə verməyəcəkdir.Bu prinsiplər göstərir ki, İslam Peyğəmbəri (s) üçün dialoq sadəcə bir təbliğ üsulu deyil, ilahi missiyanın həyata keçməsi üçün əxlaqi və mərifət əsaslı bir yol idi.
Peyğəmbərin (s) həyat yolu onu göstərirdi ki, dialoq onun baxışında ağlın inandırılması, insan şəxsiyyətinin qorunması və barış içində cəmiyyətin qurulması vasitəsi idi. O, tarixdə dinlərarası dialoqun öncüsü idi və onun təcrübəsi bu gün üçün də ilham mənbəyidir. Dinlərarası və mədəni qarşıdurmalardan əziyyət çəkən çağdaş dünyada, İslam Peyğəmbəri (s) birgəyaşayış və qarşılıqlı hörmət nümunəsi təqdim edir. O, göstərirdi ki, dialoq siyasi məqsədlərə alət deyil, hər şeydən əvvəl əxlaqi bir həyat tərzidir. Müasir dövrdə dini fərqliliklər qaçılmaz reallıqdır və Peyğəmbərin (s) təcrübəsi göstərir ki, bu fərqlilik qarşı tərəfi aradan qaldırmaq üçün bir təhdid deyil, qarşılıqlı tanışlıq və əməkdaşlıq üçün bir fürsətdir.
Beləliklə, əgər bu gün dünyada dinlərarası dialoq İslam Peyğəmbərinin (s) vurğuladığı prinsiplərə hörmət, həqiqət axtarışı, sülhpərvərlik və insan ləyaqəti əsaslansa, münaqişələrin azalmasına, qlobal sülhün möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə səbəb ola bilər.
Müasir insan cəmiyyətləri bu gün ifratçılıq, dini müharibələr və mədəni anlaşılmazlıqlar kimi böhranlarla üz-üzədir. Peyğəmbərin (s) sünnəsinə yenidən baxmaq göstərir ki, İslam dialoq və qarşılıqlı anlaşmaya xüsusi əhəmiyyət verir. Bu isə günümüzdə dinlərarası dialoqun möhkəm əsası ola bilər.
Peyğəmbərin (s) Məkkənin fəthindəki davranışı göstərir ki, hətta hakimiyyətin zirvəsində belə, əsas prinsip bağışlama və mərhəmət olmuşdur. Bu mesaj, dini ad altında zorakılıq və terrora əl atan cərəyanlara ən güclü cavabdır.
Bu gün bir çox ölkələr müxtəlif din və məzhəblərin birgə yaşadığı məkandır. Mədinə təcrübəsi isə çoxmədəniyyətli cəmiyyətin idarə olunması üçün dəyərli bir nümunədir. Bu təcrübədə, inanc fərqlərinə baxmayaraq, cəmiyyət sosial müqavilə “Mədinə sənədi” əsasında idarə olunurdu. Bu da müasir siyasət üçün ilhamverici bir modeldir.
İslam Peyğəmbərinin (s) digər ilahi dinlərin ardıcılları ilə münasibətlərinə nəzər saldıqda görürük ki, o Həzrət ədalət, insan şəxsiyyəti, dini azadlıq və sülhsevər dialoq prinsiplərinə söykənərək, dinlərarası birgəyaşayışın əbədi modelini ortaya qoymuşdur. Müasir dünya isə mədəni və dini fərqliliklərin qaynaqlanan böhranlarla üzləşdiyi bir zamanda bu modelə qayıdışla qlobal problemlərin həllinə töhfə verə bilər. Peyğəmbərin (s) sünnəsi bizə öyrədir ki, din müharibə aləti deyil, anlaşma və həmrəylik körpüsüdür. O, öz davranışları ilə göstərdi ki, ilahi rəhmət bütün bəşəriyyəti əhatə edə bilər.
Rəyiniz