Hövzə Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei, Həzrət Əli ibn Musa ər-Rzanın (ə) şəhadətinin ildönümü münasibətilə müxtəlif təbəqələrdən olan minlərlə insanla görüşdə gündəmin mühüm məsələlərinə dair bir sıra məqamları açıqlayaraq vurğulayıb: İranın düşmənləri, xalqın, məsulların və silahlı qüvvələrin möhkəm birliyi və müqavimətindən və hərbi hücumlarda ağır məğlubiyyət yaşamalarından başa düşüblər ki, İran xalqını və İslam Respublikasını müharibə yolu ilə nə diz çökdürmək nə də itaətə məcbur etmək mümkündür.
Ali Rəhbər əlavə etdi: Məhz buna görə də indi bu məqsədi ölkə daxilində ixtilaf yaratmaqla izləyirlər. Buna qarşı isə bütün xalq, məsullar, söz və qələm sahibləri bütün gücləri ilə milli həmrəyliyin müqəddəs və möhtəşəm polad sipərini qoruyub möhkəmləndirməlidirlər.
İnqilabın Ali Rəhbəri həmçinin ABŞ-ın İran xalqına qarşı əsas düşmənçiliyinin səbəbi ilə bağlı verilən bir suala cavab olaraq bildirdi: Burada bir sual ortaya çıxır: ABŞ-ın İranla düşmənçiliyinin əsas səbəbi nədir? Bu sual asan görünə bilər, amma əslində mürəkkəb bir sualdır. Cavabı da çox mühüm və mürəkkəbdir. Bu düşmənçilik bugünün məsələsi deyil. Düz 45 ildir ki, müxtəlif şəxslər, qruplar və partiyalar vasitəsilə ABŞ hökumətləri İslam Respublikasına və əziz İran xalqına qarşı eyni düşmənçilik, eyni sanksiya və eyni təhdidləri davam etdiriblər. Bəs görəsən səbəb nədir?
Həzrət Ayətullah Xamenei qeyd etdi: Keçmişdə bu səbəbi gizlədirdilər və onu müxtəlif bəhanələr altında o cümlədən terrorizm, insan haqları, qadın məsələsi, demokratiya və s. kimi izah edirdilər. Bəzən isə açıq şəkildə və öz aləmlərində hörmətli ifadələrlə deyirdilər ki, guya İranın davranışını dəyişməsini istəyirik. Belə danışırdılar. Lakin indi ABŞ hökumətində olan məmurlardan biri bu məsələni açıq şəkildə ifşa etdi və əsl hədəfi göstərdi. Dedi ki: Bizim İranla mübarizəmizin əsl səbəbi odur ki, İran ABŞ-ın sözünə qulaq assın. Biz bir xalq olaraq bunu düzgün anlamalıyıq. Bu çox mühüm məsələdir. Onun ifadəsi mənim sözlərimdən bir qədər fərqli ola bilər. Məsələn, İran sözəbaxan olsun, itaətkar olsun və.s
Rəhbər vurğuladı: Artıq dünyada İrana qarşı elə bir dövlət, elə bir güc ortaya çıxıb ki, istəyirlər bu qüdrətli İranı bu tarixi ilə bu izzəti ilə bu xalqı ilə bu şərəfli milləti ilə onlara boyun əyib itaət eləsin. Bu isə mümkün deyil. Bax bütün bu düşmənçiliklər də məhz buna görədir.
O, sözlərinə belə davam etdi: Amerika istəyir ki, İran onun sözünə qulaq assın. İran xalqı isə belə böyük bir təhqirdən dərin şəkildə narahat olur və bu yanlış gözləntini daşıyan hər kəsin qarşısında bütün gücü ilə dayanır. ABŞ ilə niyə birbaşa danışıqlar aparmırsınız və məsələləri həll etmirsiniz - deyənlər isə yalnız zahirə baxanlardır.
İnqilab Rəhbərinin İran xalqının düşmənlərinin Avropa paytaxtlarının birində keçirdiyi toplantı barədə çıxışı da diqqətəlayiq oldu.
Həzrət Ayətullah Xamenei, İran düşmənlərinin Avropa paytaxtlarının birində keçirdikləri toplantı ilə bağlı hadisəni nəql edərək vurğulayıb: 13 iyun tarixində İrana hücum edildi. Ondan bir gün sonra yəni 14 iyunda ABŞ-ın əlaltılarından bir dəstə Avropadakı bir paytaxt şəhərində toplaşaraq İslam Respublikasının yerinə hansı hakimiyyətin gəlməli olduğu barədə müzakirələr aparmağa başladılar. Mən eşitdim ki, bu məsələni iki-üç gün əvvəl televiziyada da açıqlayıblar. Bizə isə o vaxt dərhal məlumat verildi. Bu onların İslam Respublikasının təməlini bu hücum vasitəsilə sarsıdacaqlarına, xalqı da dövlətin qarşısında dayanmağa vadar edəcəklərinə nə qədər əmin olduqlarını göstərirdi.
Ali Rəhbər əlavə etdi: O qədər arxayın idilər ki, hücumun başlanmasından cəmi bir gün sonra oturub müzakirə edirdilər ki, İslam Respublikasından sonra İranda hansı hakimiyyət, necə bir hökumət qurulmalıdır. Hətta başçını da müəyyən etmişdilər, filan şəxsin İran şahı olması barədə qərar vermişdilər. Onların İran haqqında təsəvvürü bu idi.
Ali Rəhbər qeyd etdi: Düşünürdülər ki, bu hücumla xalqla dövlət arasında uçurum yaranacaq, sistem zəifləyəcək və onlar öz çirkin və məkrli niyyətlərini həyata keçirə biləcəklər. Mən isə bir daha təkidlə deyirəm dəfələrlə də vurğulamışam. İran xalqı silahlı qüvvələrlə, dövlətlə və hökumətlə çiyin-çiyinə dayanaraq onların hamısının ağzına möhkəm bir zərbə vurdu. Bu yığıncaqda İslam Respublikasına alternativ axtaran ağılsızların arasında bir iranlı da var idi. Belə bir iranlıya lənət olsun.
Ali Rəhbər həmçinin xəbərdarlıq edərək dedi: Hamı diqqətli olsun! Onların 12 günlük müharibədəki məğlubiyyətlərindən sonra yeni planları ölkə daxilində parçalanma yaratmaq və birliyi sındırmaqdır. Əlbəttə, müxtəlif məsələlərdə fikir müxtəlifliyi və yeni düşüncələrin təqdim olunması problem deyil, lakin inqilabın əsasları və prinsipləri zədələnməməlidir.
Ali Rəhbər vurğuladı: Bu müqəddəs birlik, bu böyük həmrəylik, xalqın ürəyindən və iradəsindən doğan bu polad sipər əsla zədələnməməlidir. Allaha çox şükürlər olsun ki, bu gün bizim birliyimiz var. Xalq bu birliyi qorumalıdır. Xüsusən də ölkənin üç əsas sektorunun məsulları ki, hazırda tam həmrəylik və ittifaq içində çalışırlar. Onlar da bu birliyi qorumalıdırlar. Xalq ölkənin xidmətçilərinə dəstək göstərsin. Prezidentə dəstək olsunlar. Prezident çalışqan, fədakar və davamlı şəkildə iş aparır. Belə zəhmətkeş və sədaqətli şəxslərin qədrini bilmək lazımdır.
O, sözlərini belə davam etdirdi: Millətlə dövlətin, dövlətin müxtəlif məsulları ilə xalqın, silahlı qüvvələrlə millətin, xalqın müxtəlif təbəqələri arasında olan bu birlik mütləq bütün güclə qorunmalıdır. Bu mənim qəti tövsiyəmdir.
Sionist rejim bu gün dünyanın ən nifrət olunan rejimidir
Ali Rəhbər daha sonra vurğuladı: Bu gün bizim qarşımızda dayanan düşmən yəni sionist rejim, dünyanın ən nifrət edilən rejimidir, ən mənfur hakimiyyətidir. İnsanlar bu rejimə artıq nifrət edirlər, bir sıra dövlətlər də artıq onu qınayırlar. Hətta uzun illər boyu bu rejimi dəstəkləmiş Qərb dövlətlərinin başçıları belə bu gün onu qınayırlar. Amma bu qınama yalnız sözlədir. Sözlə qınama kifayət deyil, faydası yoxdur. Bu gün sionist rejim rəhbərlərinin törətdiyi cinayətlər mənim bildiyim qədəri ilə tarixdə misilsizdir. Uşaqları aclıq və susuzluqla öldürürlər. Yemək üçün bir yerə gələn uşaqları gülləbaran edirlər. Mənim məlumatıma görə, bu tarixdə görünməmiş bir cinayətdir. Bu çirkin əməllər artıq insanları iyrəndirib. Buna qarşı yalnız sözlə dayanmaq olmaz. Yalnız müxalif olmaqla və ya məhkum edirik deməklə iş bitmir. Hətta Fransa, İngiltərə və digər ölkələrin hökumətləri də bu gün onları qınayırlar. Amma sözlə qınama faydasızdır. Əsl yol, sionist rejimə hər cür yardım yollarının tamamilə bağlanmasıdır.
Həzrət Ayətullah Xamenei əlavə etdi: Bu gün Yəmənin şücaətli insanlarının göstərdiyi mövqe doğrudur, əsl doğru mövqe budur. Çünki sionist rejim rəhbərlərinin cinayətlərinə qarşı yeganə yol onların bütün yardım yollarının hər tərəfdən tamamilə kəsilməsidir.
Sonda İnqilabın Ali Rəhbəri vurğuladı: Biz əlbəttə İslam Respublikası üçün mümkün olan hər bir işi görməyə tam hazırıq. Allah-Təala İran xalqının çəkdiyi zəhmətlərinə və dünya haqqsevərlərinin mübarizəsinə bərəkət bəxş etsin o cümlədən bu böyük və təhlükəli virusu (sionist rejimi) kökündən məhv eləsin.
Rəyiniz