Ayətullah Ərafi: "Elmi hövzələrin beynəlxalq diskursunun gücləndirilməsi zərurət təşkil edir" \"Hövzə qlobal miqyasda rol oynamalıdır"
Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak etmişdir
Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, ölkənin elmi hövzələr üzrə rəhbəri Ayətullah Əlirza Ərafi, Hövzələrin İdarəetmə Mərkəzinin direktorlar şurasında çıxış edərək Malayziyada keçirilən “Bəşəri münaqişələrin həllində dini liderlərin rolu” mövzusunda II Beynəlxalq Konfransda iştirakı barədə məruzə edib. O bildirib: “Biz üç gün, çərşənbə, cümə axşamı və cümə günləri Malayziyada olduq. Bu müddətdə bir sıra proqramlar təşkil olundu və mən onların əsas məqamlarına qısaca toxunmaq istəyirəm.”
Ayətullah Ərafi: “Malayziyada alimlər və ziyalılarla görüşlərdə İslam dünyasının birliyi və mədəni fəaliyyətlər müzakirə olundu”
Hövzələrin Ali Şurasının üzvü bildirib ki, səfər çərçivəsində keçirilən proqramlardan biri də Hövzə məzunları assosiasiyası ilə görüş oldu. Bu görüşdə Malayziyadakı elmi, mədəni və İslami məsələlər müzakirə edildi. Mədəniyyət və təbliğat sahəsindəki fəaliyyətlərlə bağlı tövsiyələr səsləndirildi, həmçinin elmi inkişafın, İslam dünyasının vəhdətinin və Malayziya dövlətinin mənafeyinin qorunmasının vacibliyi vurğulandı.
Elmi hövzələrin rəhbəri əlavə edib ki, Malayziyanın bir qrup alimi, mütəfəkkiri və ziyalısı ilə keçirilən toplantıda da mühüm mövzular müzakirə olundu, regional və dini məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüş iştirakçıları İran İslam Respublikasının İsrailə qarşı mövqeyini yüksək qiymətləndirərək, öz fikirlərini və təkliflərini bölüşdülər.
Ayətullah Ərafi qeyd etdi ki, səfərin əsas proqramı olan konfransda təqribən 54 ölkədən minə yaxın alim, ziyalı və mütəfəkkir, həmçinin xristianlar və buddistlər də daxil olmaqla digər dinlərin nümayəndələri də iştirak etmişlər.
Ayətullah Ərafi: “Alimlərin əsas vəzifəsi İslam dünyasında vəhdəti möhkəmləndirmək və ədalətsizliyə qarşı dayanmaqdır”
O əlavə edib ki, konfrans beş iclasdan ibarət olub və onların ikisinə İran sədrlik edib. Sessiyalardan birinə professor Mobəlleği rəhbərlik edib. Yekun iclasa isə Ayətullah Ərafi özü sədrlik edərək həm mövqelərini açıqlamış, həm də çıxışlara dair irad və düzəlişlərini təqdim etmişdir.
Elmi hövzələrin rəhbəri toplantıda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunaraq bildirib: “Alimlərin iki mühüm vəzifəsi var: birincisi, məzhəb daxilində, İslam ümməti arasında, hətta dinlər arasında vəhdəti möhkəmləndirmək; ikincisi isə zülm və ədalətsizliyə qarşı dayanmaq və ədaləti müdafiə etməkdir. Bu iki vəzifə alimlərin fəaliyyətinin əsasını təşkil edir və İslam İnqilabının diskursu da bunu qlobal müstəvidə vurğulayır.”
Ayətullah Ərafi: “Qəzza xalqının müqaviməti və sionistlərin zülmü bir medalın iki üzüdür”
Ayətullah Əlirza Ərafi çıxışında bildirib ki, Qəzza məsələsində iki mühüm məqam diqqətə çatdırılıb: bir tərəfdə Qəzza xalqının və müqavimət cəbhəsinin dözüm və dirənişi, digər tərəfdə isə sionistlərin saysız-hesabsız zülmü və mənəvi dəyərlərin süqutu dayanır. Onun sözlərinə görə, işğalçı rejimə münasibətdə bizim dövlətin mövqeyi fərqlidir: “Biz heç vaxt saxta, xalqın həqiqi seçkiləri ilə formalaşmayan dövlətləri qəbul etmirik. Fələstinlilərin seçki iradəsinə hörmət olunmalı, əks halda isə müqavimət və həqiqi cihad əsas prinsip sayılır.”
O əlavə edib ki, konfransda səkkiz maddədən ibarət tələblər irəli sürülüb və onların ciddi şəkildə izlənilməsi zəruridir.
Mədəni İnqilabın Ali Şurasının üzvü konfransda İranın roluna da toxunaraq deyib ki, Malayziyanın baş naziri çıxışında İranın regional məsələlərdə oynadığı rolu xüsusi qeyd edib.
Ayətullah Ərafi bildirdi ki, toplantının kənarında Malayziya, Səudiyyə Ərəbistanı, Misir rəsmiləri, eləcə də Malayziyanın bir sıra partiya və siyasi hərəkatlarının nümayəndələri ilə görüşlər keçirilmişdir. Bu görüşlər İranın elmi, dini və hövzə sahəsindəki yenilikləri barədə fikir mübadiləsi aparmaq üçün münasib fürsət yaratmışdır.
Elmi hövzələrin rəhbəri İslam birliyinin, ortaq fiqhi və fəlsəfi müzakirələrin əhəmiyyətini vurğulayaraq deyib: “Biz ortaq nöqtələrə söykənməliyik ki, həmrəylik və birliyimiz daha da güclənsin; həm də öz mövqelərimizi və İslam İnqilabının diskursunu dünyaya təqdim edə bilək.”
O, bölgədəki diskurs dəyişikliklərinə və hövzələrin roluna diqqət çəkərək əlavə edib: Ərəbistanda fəaliyyət göstərən “Rabitul-Əlam” (“رابطه العالم” yaxud, Muslim World League) kimi qurumlarda diskurs dəyişikliyi bizim üçün də bir fürsətdir. Bununla yanaşı, sekulyar meyllərin və Qərbyönlü düşüncələrin artdığını da nəzərdən qaçırmaq olmaz.”
Ayətullah Ərafi: “Elmi hövzələrimiz beynəlxalq müstəvidə daha fəal olmalı və İslam dünyasında düşüncə istehsalının öncülü kimi çıxış etməlidirlər”
Ayətullah Əlirza Ərafi alimlər və dini qurumlar arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Bu səfərdə gördük ki, Malayziyanın baş naziri və İran heyətinin digər üzvləri çox yaxşı münasibətlər qurdular və bu, gələcək əməkdaşlıqlar üçün imkan yaratdı.”
O vurğulayıb ki, hövzələr yeni şəraitdə daha çox diskurs quruculuğu və intellektual ədəbiyyat istehsalına yönəlməlidirlər: “Bu sahədə ciddi çatışmazlıqlar var. Halbuki hövzə dini və elmi bir institut kimi həqiqi İslam düşüncəsinin mahiyyət və məzmununu istehsal etməkdə və yaymaqda öncül olmalı, İslam dünyasında aparıcı rol oynamalıdır.”
Elmi Hövzələrin rəhbəri əlavə edib: “Bizim kəlam, fiqh, hədis, təfsir və humanitar elmlər sahəsində geniş tədqiqatlarımız və tanınmış alimlərimiz var. Lakin media və beynəlxalq müstəvidə fəal iştiraka hələ də geniş ehtiyac duyulur. İranın elmi və fiqhi nailiyyətləri beynəlxalq səviyyədə daha çox tanıdılmalı, hövzə isə dünya forumlarında daha fəal iştirak etməlidir. Əlbəttə, İslamın uca təlimlərini, Əhli-beyt (ə) maarifini və İslam elmlərini təqdim etmək böyük işdir və beynəlxalq mühitə uyğun peşəkar fəaliyyətə ehtiyac var. Bu sahədə zəifliyimiz mövcuddur və fədakarlıqla çalışmaq lazımdır.”
Ayətullah Ərafi bəzi ölkələrin siyasətlərində baş verən yeni dəyişikliklərə də diqqət çəkərək bildirib: “Bu dəyişikliklər həm böyük fürsət, həm də ciddi təhlükədir. Əgər biz öz siyasətimizi düzgün tənzimləməsək, çox şey itirə bilərik. Çünki onlar sürətlə irəliləməkdədirlər və İranın mövqeyini çətin duruma sala bilərlər.”
O əlavə edib ki, İranla Malayziya arasındakı münasibətlər güclüdür və bu, konfransda İran heyətinin təsir imkanlarını artırıb: “İslam İnqilabının mövqeləri bu tədbirdə yaxşı şəkildə təqdim olundu. Lakin elmi hövzələrimiz beynəlxalq iştiraklarını və təsir güclərini artırmalıdırlar. Bu, hazırda hövzənin ən mühüm prioritetlərindəndir.”
Ayətullah Ərafi həmçinin İran heyətinə göstərilən səmimi münasibətdən söz açaraq deyib: “Səfər və görüşlərdə, baş nazirdən tutmuş digər heyətlərə qədər hər kəs İranı hörmətlə qarşıladı. Hətta hava limanında da ölkəmizin mövqeyi və nüfuzuna görə sərnişinlər heyətimizə xüsusi ehtiram göstərdilər. Bu isə İslam dünyasında müqavimətə dəstəyin və İranın inqilabi mövqelərinin geniş əks-sədasının göstəricisidir.”
O həmçinin qeyd edib: “Təəssüf ki, İranın elmi hövzələri beynəlxalq müstəvidə lazımi qədər tanınmır və onlar barədə məlumat çox azdır. Bəzi qurumların da qlobal diskurs quruculuğu və elmi-fikri iştirak gücü yetərli deyil. Bu problem uzun illərdir ki, mövcuddur. İrəliləyiş və təsir üçün ciddi sərmayə və güclü proqramlaşdırma zəruridir.”
Elmi hövzələr dünya miqyasında tanınmalıdırlar
Elmi Hövzələrin ölkə üzrə rəhbəri, ayətullah Əlirza Ərafi dini elmi hövzələrin beynəlxalq səviyyədə fəal və dərin iştirakının əhəmiyyətli olduğunu vurğulayıb. O, bildirib ki, qlobal dil və diskursa uyğun elmi məhsulların hazırlanması və sistemli proqramlaşdırma hövzənin həyati prioritetlərindəndir. Bu addımlar həm dünya, həm də ölkə daxilində hövzənin təsir gücünü artırmaq üçün vacibdir. Hövzə beynəlxalq müstəvidə rol oynamalıdır.
Ayətullah Əlirza Ərafi qeyd edib: “Bu gün müsəlman aləmi ciddi narahatlıq içindədir və beynəlxalq diskursda elmi hövzələrin geniş iştirakı üçün təcili ehtiyac var. Bizim dəqiq və dərin nəzəriyyələrimiz mövcuddur, lakin onları beynəlxalq dil və digər məktəblərlə müqayisəli şəkildə təqdim etməkdə zəifliklərimiz var. Məsələn, kəlam, fiqh və təfsir sahəsində nəzəriyyələrimizi sünni və digər müxtəlif məzhəblərin nəzəriyyələri ilə müqayisəli şəkildə təqdim etməyi bacarmalıyıq. Bu imkanlar və nailiyyətlər üsul, fiqh və digər sahələrdə çox qiymətlidir və düzgün təqdim olunsa, təsir gücü yüksək olar.”
O əlavə edib ki, hövzələr müqayisəli, adaptiv və elmi yenidənqurma yolu ilə beynəlxalq diskurs təqdim etməyə yönəlməlidirlər. Bu isə milli səviyyədə təsdiqlənmiş geniş proqram və strateji plan tələb edir. Ayətullah Ərafi bu sahədə başladılan təşəbbüsləri alqışlayıb, lakin qeyd edib ki, bu kifayət deyil və daha əsaslı, koordinasiyalı işlər görülməlidir. Qərara alınıb ki, tezliklə geniş və əhatəli bir plan hazırlansın.
Ayətullah Ərafi sonda belə vurğulayıb: “Elmi hövzələr dünya miqyasında tanınanda və güclü, təsirli diskurs təqdim etdikdə, bu, daxili sahələrə, yəni ölkənin siyasətinə, iqtisadiyyatına və mədəniyyətinə də müsbət təsir göstərəcək. Hövzə bu imkanlardan istifadə etməli, yüksək iradə və düzgün proqramlaşdırma ilə İslam diskursunu dünyaya təqdim etməlidir.”
Xəbərin sonu
Rəyiniz