cümə axşamı 11 sentyabr 2025 - 17:37
İslam Vəhdəti üzrə 39-cu beynəlxalq konfransın yekun bəyanatı

Hövzə / İslam Vəhdəti üzrə 39-cu beynəlxalq konfransın yekun bəyanatında vurğulanıb: İslam ümməti elmi dialoq mədəniyyətini gücləndirməklə, ictimai həmrəylik və qəlblərin yaxınlaşdırılması vasitəsilə, həmçinin tənqidi düşüncə və praktiki inteqrasiyanı inkişaf etdirməklə, kollektiv bəsirəti, tarixi ayıqlığı və iman ilə bağlı həmrəyliyi möhkəmləndirməli, təfriqə yaradan axınların nüfuz yollarını qapamalıdır.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam Vəhdəti üzrə 39-cu beynəlxalq konfransın yekun bəyanatında vurğulanıb: İslam ümməti elmi dialoq mədəniyyətini möhkəmləndirməklə, qəlblərin yaxınlaşdırılması və ictimai həmrəylik yolu ilə tənqidi rasionalizm və praktiki həmrəyliyi inkişaf etdirməklə kollektiv bəsirəti, tarixi biliyi və imana aid olan birliyi gücləndirməli, təfriqə yaradan axınların nüfuz yollarını qapamalıdır.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

بسم الله الرحمن الرحیم

إِنَّ هَذِهِ أُمَّتُکُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّکُمْ فَاعْبُدُونِ» (أنبیاء/۹۲)

Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin!
Ənbiya surəsi, 92-ci ayə

İslam Vəhdəti üzrə 39-cu beynəlxalq konfrans, İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mübarək mövludunun 1500 illik yubileyi münasibətilə 2025-ci ilin sentyabr ayının 8-dən 10-dək (1447-ci hicri-qəməri ilin rəbiül-əvvəl ayının 15-dən 17-dək), aləmlərə rəhmət peyğəmbəri və ümmətin vəhdəti mövzusu ilə Tehranda keçirilmişdir. Konfransda İran İslam Respublikasının Prezidenti cənab doktor Məsud Pezeşkian, yüksək vəzifəli dövlət rəsmiləri, İslam aləminin görkəmli alimləri və tanınmış ziyalıları iştirak etmişdir. O cümlədən dünyanın müxtəlif ölkələrindən ibarət olan 350 tanınmış elm və fikir xadimi tədbirdə iştirak etmişdir.

Konfrans çərçivəsində 400 elmi-tədqiqat məqaləsi təqdim olunmuş, 200 onlayn məruzə isə əlavə olaraq təqdim edilərək tədbirin elmi nüfuzunu daha da artırmışdır.

Bu konfrans, İslam dünyasının sionist rejimin işğalları, amansız cinayətləri və təcavüzləri nəticəsində dərin kədər içində olduğu bir zamanda keçirilmişdir. İslam torpaqlarına ardıcıl hücumlar, müqavimət liderlərinin və komandirlərinin terror edilməsi, günahsız insanların qətliamı, işğal olunmuş ərazilərin genişləndirilməsi və ABŞ ilə Qərb dövlətlərinin bu qəsbkar rejimə hərtərəfli dəstəyi, onun İslam ümmətinə qarşı düşmən mahiyyətini daha açıq şəkildə üzə çıxarmışdır. Belə bir şəraitdə, təcavüzlərin dayandırılması və ortaq dəyərlər və hədəflərin reallaşdırılması naminə İslam ümmətinin vəhdəti, həmrəyliyi və birliyinin zəruriliyi hər zamankından daha artıq hiss olunur.

Həzrət Peyğəmbərin (s) mərhəmət dolu həyat yoluna, ən üstün əxlaqın nümunəsinə və sülh və qardaşlığın rəmzinə o cümlədən qayıdış, ədalətin, dayanıqlı sülhün və İslam ümmətinin birliyinin təmin olunmasının yeganə yoludur. Elə bu səbəbdən, İslam məzhəblərinin bir araya gəlməsi üzrə Dünya Forumu, 39-cu beynəlxalq İslam Vəhdəti konfransını “Rəh­mət Peyğəmbəri və İslam ümmətinin birliyi” mövzusunda və onun gözəl təlimlərinə əsaslanaraq təşkil etmişdir.

Konfransın yekun bəyanatında iştirakçılar aşağıdakı məqamlara xüsusi olaraq diqqət çəkmişlər: "İslam Vəhdəti” nəzəriyyəsi Qurani-Kərimin ilahi vilayət, peyğəmbərə itaət, vahid ümmət, Allahın ipinə sarılmaq, ədalətli islah, imanda qardaşlıq və şeytani çəkişmələrdən çəkinmək kimi əsas anlayışlarından qaynaqlanan ortaq dəyərlərin möhkəmliyi üzərində qurulmuşdur. Bu nəzəriyyə, həmçinin, fərqli baxışlarda üzrlü yanaşma prinsipinə, furu məsələlərdə ictihad azadlığına, ixtilaflarda ədəb və etika qaydalarına riayət olunmasına və qarşılıqlı etiqad hörmətinə əsaslanır.

Bu gün “İslam Vəhdəti” əməli müstəvidə də danılmaz bir zərurətə çevrilmiş, İslam ölkələrinin bu prinsiplərə bağlılıq və öhdəlik üzərində konsensusu formalaşmaqdadır. Demək olar ki, qırxa yaxın beynəlxalq konfransın keçirilməsindən sonra artıq müxtəlif İslam ölkələrində də oxşar adlarla vəhdət konfranslarının şahidi oluruq. Beləliklə, vahidlik bayrağını qaldıran və bu məsələyə önəm verən təkcə İran İslam Respublikası deyil. Bu gün bir çox ölkələrdə təqrib və vəhdət diskursu, təkfir və təfriqə diskursuna üstün gəlmişdir. Bu, İslam aləmi üçün misilsiz bir fürsətdir. Müxtəlif İslam məktəbləri ən rasional prinsiplərə istinad edərək beynəlxalq konfranslarda ortaq bəyanatlar qəbul edirlər. Bu dəyərli nailiyyətlər qorunmalı, öncül mövqedə dayanan İslam ölkələrinin dövlətləri təqdir olunmalı, əldə edilmiş qiymətli nəticələrə sahib çıxılmalı və yeni İslam sivilizasiyası bütün İslam ölkələrinin birgə səyləri ilə gerçəkləşdirilməlidir.

Sağlam düşüncəli, müdrik, uzaqgörən və kor təəssüblərdən uzaq, mənasız və məntiqsiz fikirlərdən uzaq şəxsiyyətlərin yetişdirilməsi İslam dünyasının alimlərinin, dini elitasının və mütəfəkkirlərinin üzərinə düşən əsas və mühüm bir vəzifədir. Sağlam düşüncəli olmaq düz yolda sabitlik, həqiqətə sadiqlik, dialoqa, yanaşı yaşamağa və konstruktiv əməkdaşlığa açıq olmaq deməkdir. Din alimləri və ziyalılar vəhy təlimlərini ağıl və əxlaq prizmasından yenidən izah etməklə İslamı bəşəriyyətə mərhəmət, insan ləyaqəti, ədalət və davamlı sülh dini kimi təqdim etməlidirlər. Onlar İslamın dəyərlərini önə çıxarmaqla, rasionalizmi izah etməklə, xurafat və təhrifləri aradan qaldırmaqla, ifratçı və təkfirçi yozumlara qarşı çıxmaqla vəhdət, həmrəylik və imanda qardaşlıq yolunu asanlaşdırırlar. Bu yolda dini elita dialoq əxlaqına, müdrik dözümlülüyə, qəlblərin yaxınlaşdırılmasına, tənqidi və ictihadi rasionalizmin gücləndirilməsinə xüsusi önəm verir ki, İslam ümməti müxtəlif məktəblər və fikri ənənələrin zənginliyi içindən mənəvi vəhdət və sivilizasion sinerji üçün yeni üfüqlərə çata bilsin. Bu yeni İslam sivilizasiyasının təməlini təşkil edir, mövcud böhranların dəf olunmasına və düşmənlərin təfriqəçi layihələrinə qarşı dayanmağa zəmin yaradır.

İslam məntiqinə görə ailə “insan həyatının mərkəzi və ilahi-əxlaqi dəyərlərin qoruyucusu” sayılır. Burada məhəbbət, iman, məsuliyyət və həmrəylik ruhu nəsildən-nəslə ötürülür. Ailə insan tərbiyəsinin ilk məktəbi, balanslı şəxsiyyətin formalaşdırıcısı və istedadların inkişaf etdiricisidir və həmişə “sarsılmaz sipər” kimi fitnə və sosial fəlakətlərə qarşı dayanan bir ocaq olmuşdur. Ailə strukturunun möhkəmləndirilməsi, gənclərin mədəni hücumlar və əxlaqi sapmalar qarşısında müdafiəsi, gələcək nəsillərə “imanda qardaşlıq, ictimai həmrəylik və vətəndaş məsuliyyəti” ruhunun ötürülməsi İslam ümmətinin davamlılığı və yeni İslam sivilizasiyasının qurulması üçün zəruridir. Qərb isə fərdçi liberalizmin təşviqi ilə ailə institutunu hədsiz həzzpərəstlik, eqoizm və sərhədsiz azadlıqlar naminə zəiflətmiş, onu kövrək və sırf müqavilə xarakterli quruma çevirmiş, emosional bağlarını və sosial məsuliyyətlərini parçalamışdır. İslam isə əksinə, “müqəddəs nikah bağı, valideynlərin ali mövqeyi, övladların ləyaqəti və ailənin dünya və axirət səadətindəki fundamental rolu” üzərində israr etməklə həm fərdin xoşbəxtliyini, həm də cəmiyyətin sağlamlığını təmin edən ali və davamlı bir model təqdim edir.

Fitnə yaratmaq və ixtilaf odunu alovlandırmaq düşmənlərin İslam ümmətinin birliyini zəiflətmək üçün istifadə etdikləri ən təhlükəli vasitədir. Qurani-Kərim fitnəni qətldən də ağır bəla adlandırır: 

«وَالفِتنَةُ أَشَدُّ مِنَ القَتل»

Fitnə qətldən daha şiddətlidir. 
Bəqərə surəsi, 191-ci ayə


 Tarix boyu müstəmləkəçilər və qlobal hegemon güclər məzhəbi və etnik ixtilaflardan faydalanmaqla müsəlmanların vahid cəbhəsinə sızmağa çalışmışlar. İslam məzhəblərinin müqəddəslərinə hörmətsizlik, təriqətçi hisslərin qızışdırılması, müqəddəs rəmzlərin təhqiri və təkfirçi damğalamalar bu təşkilatlanmış fitnələrin yalnız bir hissəsidir. Bu gün onun əlamətlərini İraq, Suriya, Yəmən, Əfqanıstan, Şimali Afrika və digər bölgələrdə müşahidə etmək mümkündür. Bu lokal böhranlar müsəlmanların can və malını hədəf alır, ümmətin mənəvi və mədəni sərvətlərini tükəndirir. Fitnə yaycılarına qarşı mübarizə sadəcə siyasi və ya müvəqqəti məsələ deyil, əksinə əxlaqi, dini və sivilizasion bir missiyadır. Ruhanilər, düşüncə elitası və ictimai liderlər İslamın mərhəmət dolu təlimlərini izah etməklə, ortaq dəyərləri ön plana çıxarmaqla, düşmənlərin zəhərli təbliğatını ifşa etməklə ümmətin sıralarını bu fitnələrə qarşı möhkəmləndirməlidirlər.

Bununla yanaşı, İslam ümməti elmi dialoq mədəniyyətini möhkəmləndirməli, ictimai qəlblərin birləşdirilməsini, tənqidi və ictihadi rasionalizmin inkişafını və əməli həmrəyliyi gücləndirməklə kollektiv bəsirəti, tarixi ayıqlığı və iman birliyini artırmalı və təfriqəçi axınların nüfuz yollarını qəti şəkildə bağlamalıdır.

Fələstin, zülmətlə dolu bir dünyada haqq və batil cəbhəsi kimi istiqamətverici bir rəmzdir. Dünyanın zalımları əl-ələ verərək bütün bəşəriyyətin gözü önündə açıq-aşkar və genişmiqyaslı soyqırım törətmişlər. Cinayətkar sionistlər tarixdəki ən qəddar şəxsləri də kölgədə qoymuşlar.
Yaponiyanın Honşu adasının cənub-qərbində yerləşən Hiroşima şəhərinə atılan atom bombasından yeddi dəfə artıq partlayıcı maddə Qəzzanın günahsız insanlarının üzərinə yağdırılmışdır. Onlar evləri, məktəbləri, xəstəxanaları və məscidləri dağıtmış, uşaqları, qadınları, qocaları, xilasediciləri və jurnalistləri şəhid etmiş, buna isə “torpağın müdafiəsi” adını vermişlər. Bu müharibə cinayəti azad ruhlu xalqları oyatmış və onları ortaq insani dəyərlər əsasında birliyə çağıraraq məzlum Fələstinin, mühasirəyə alınmış Qəzzanın müdafiəsinə, insan ləyaqətindən danışmağa, ədalət şüarını ucaldıb qlobal təhlükəsizliyin təmin olunması uğrunda mübarizəyə sövq etmişdir. Bu gün ləyaqət, ədalət və təhlükəsizlik bütün məzlumların ortaq tələbinə çevrilmiş, zalım və müstəmləkəçi gücləri ciddi sınaq qarşısında qoymuşdur. Bu həmrəyliyin mahiyyəti İslam birliyindən də üstün olub bəşəriyyət və onun dəyərləri naminə meydanda təcəlli edir. Dünya miqyasında yeni bir hadisə formalaşır və müqavimət diskursu hər keçən gün daha da genişlənir. Dünyanın məzlumları iman, səbirlilik, təqva, birlik və qəti iradəyə, ilahi vədin sadiqliyinə və sonsuz qüdrətinə arxalanaraq ədalətin öncülləri olacaq, zalımlara və müstəmləkəçilərə qalib gələrək yer üzünün varislərinə çevriləcəklər.

7 oktyabrda başlayan Əl-Əqsa Tufanının ən mühüm nailiyyəti, murdar sionist rejimin əsl simasını dünya xalqlarına ifşa etməsi və İsrailin qara planlarını üzə çıxarması olmuşdur. Bu İslam ölkələrinin sıralarını birləşdirmiş, İslam dünyasında daxili rəqabətə dair yanlış təsəvvürləri aradan qaldırmış və bütün diqqətləri ortaq düşmənə yəni sionizmə yönəltmişdir.

12 günlük düşmən təxribatı, hərçənd minlərlə günahsız insanın, o cümlədən qadın, uşaq və qocaların şəhid olması ilə böyük və əvəzolunmaz itkilərə səbəb olsa da düşmənə də görünməmiş zərbələr vurmuşdur. İşğalçı rejimin yalançı “Dəmir qübbə” əzəməti İran istehsalı raketlərin qarşısında dağılmışdır. Sionistlərin zəifliyi bütün dünyanın gözü qarşısında aşkar olmuşdur. İslam–ərəb izzəti dirçəlmiş, işğal altındakı torpaqlardan sərmayələrin qaçışı, Təl-Əviv və Hayfa reyslərinin dayandırılması, istehsal və ixracatın iflic olması, daxildə narazılıq və vahimənin artması, işğalçı mühacirlərin özlərini təhlükəsizlikdə hiss etməməsi, əks-miqrasiya prosesinin başlaması, beynəlxalq arenada etibarsızlıq, on milyardlarla dollar zərər, media müharibəsində iflasa uğramaq, münasibətlərin normallaşdırılması və “Əsrin anlaşması” layihələrinin çökməsi, habelə qlobal miqyasda işğalçı rejimə qarşı yekdil mövqeyin formalaşması və.s bütün bunlar İsrailin sürətlə tənəzzül yoluna qədəm qoyduğunu nümayiş etdirmişdir.

Konfrans iştirakçıları sionist rejimin İran, Fələstin, Livan, Yəmən, Suriya və Qətər xalqlarına hücumlarını qətiyyətlə pisləyərək bəyan edirlər: 7 oktyabrdan başlayaraq 12 günlük müharibə və sonrakı mərhələdə işğalçı rejimin təcavüzkar hücumlarına qarşı çıxmış, onun və havadarlarının vəhşiliklərini qınamış bütün İslam ölkələrinə təşəkkür və minnətdarlığımızı bildiririk. Həmçinin İslam və ərəb ölkələrini əməli addımlar atmağa, siyasi, hərbi və iqtisadi əlaqələri işğalçı rejimlə kəsməyə və Fələstin və Qəzzanın məzlum xalqına real və konkret şəkildə yardım etməyə çağırırıq.

Nəticə olaraq, konfrans iştirakçıları müqavimət şəhidlərini o cümlədən İsmayıl Həniyyə, Seyid Həsən Nəsrullah, Seyid Haşim Səfiyəddin, Yəhya Sinvar, Saleh əl-Aruri, Əhməd Qalib ər-Rəhuvi, eləcə də iranlı şəhid alimlər və sərkərdələr, habelə digər şəhidlər qarşısında ehtiramlarını ifadə edir, müqavimət yolunun davam etdirilməsini, İslam birliyinin  İslamın əziz peyğəmbəri Məhəmməd Mustafanın (s) rəhmətə əsaslanan və əxlaq üzərində qorunub saxlanılmasını vurğulayır və bütün dünya müsəlmanlarını Həzrət Peyğəmbərin (s) mövludunun 1500 illiyi münasibətilə təbrik edirlər.

Eyni zamanda, konfrans iştirakçıları İslam İnqilabının Ali Rəhbəri, Həzrət Ayətullah üzma İmam Xamenei (Allah onu qorusun) İran İslam Respublikasının dövlət rəhbərliyi, xüsusilə cənab Prezident, Dünya İslam məzhəblərinin birliyi üzrə Təşkilatın Baş katibi professor doktor Həmid Şəhriyari, Ali Şura və Təşkilatın digər fədakar əməkdaşlarına dərin təşəkkürlərini bildirirlər.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh

39-cu İslam Vəhdət Konfransı

10 sentyabr 2025

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha