Hövzə Xəbər Agentliyinin məlumatına görə, mürəkkəb və bir-birinə sıx bağlı sosial media mühitində biz elə bir fenomenin şahidi oluruq ki, burada ənənə ilə müasirlik, dindarlıqla yeni həyat tərzləri, şəxsi ifadə ilə auditoriya cəlb etmək arasındakı sərhədlər getdikcə daha da solğun və naməlum hala gəlmişdir.
Bu fenomenin ən diqqətçəkən təzahürlərindən biri, həyat tərzlərini nümayiş etdirərkən dini simvolları məsələn, hicabı cəmiyyətin bir hissəsinin mövcud norma və dəyərləri ilə ziddiyyət təşkil edə bilən elementlərlə, o cümlədən evdə it saxlamaqla birləşdirən bloqerlərin fəaliyyəti və bunun geniş maraq doğurmasıdır.
Belə hallar, bu bloqerlərin motivasiyası, onların istehsal etdikləri məzmunun xüsusilə gənc nəsil üzərində təsiri, habelə bu cür nümunə göstərmələrin mədəni və dini nəticələri ilə bağlı ciddi suallar doğurur.
Bu mövzunu çoxşaxəli və analitik baxışla araşdırmaq üçün psixoloq və dini tərbiyə üzrə mütəxəssis Höccətül-İslam Məhəmməd Zərifi ilə söhbət etdik.
Hövzə Xəbər Agentliyinə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk.
Sizin fikrinizcə, bəzi bloqerlərin, cəmiyyətin müəyyən hissəsinin dəyərləri ilə ziddiyyət təşkil edən (məsələn, hicabla evdə it saxlamağın birləşdirilməsi kimi) xüsusi həyat tərzini nümayiş etdirməkdə əsas motivasiyası nədir?
Bu, daha çox şəxsi ifadə tərzidirmi, yoxsa izləyici cəlb etmək və gəlir əldə etmək üçün hesablanmış bir strategiyadır?
Bismillahir-Rahmənir-Rahim
Bloqerlərin motivasiyalarını təhlil edərkən, xüsusilə də həyat tərzində dini və müasir elementləri birləşdirənləri nəzərə alanda, birtərəfli yanaşmadan çəkinmək lazımdır.
Biz bir-birinə qarışmış müxtəlif motivasiya qatları ilə qarşı-qarşıyayıq. Bu davranışların mərkəzində insanın əsas ehtiyaclarından biri görünmək və qəbul edilmək arzusu dayanır ki, virtual mühit bu ehtiyacı daha da gücləndirir. Hər “layk” və hər şərh dərhal psixoloji mükafat effekti yaradır.
Çox vaxt bu şəxslər fəaliyyətlərinə sadəcə özlərini ifadə etmək və gündəlik həyatlarını bölüşmək niyyəti ilə başlayırlar. Lakin sosial şəbəkələrin əsas məntiqi yəni mübahisəli və diqqətçəkici məzmuna daha çox mükafat verən alqoritmlər bu prosesi tədricən dəyişir. Beləliklə, şəxsi ifadə getdikcə hesablanmış bir strategiyaya çevrilir.
Bir-birinə zidd görünən iki elementi məsələn, ənənəvi dindarlığın simvolu olan hicabı və fiqhimizdə və mədəniyyətimizdə müəyyən məhdudiyyətləri nəzərə alınan evdə it saxlamağı bir araya gətirmək izləyicidə maraq oyatmaq və reaksiyaya səbəb olmaq üçün “ideal formula”dır. Bu, izləyicinin zehnində bir növ idrak qarışıqlığı (kognitiv dissonans) yaradır və onu reaksiya verməyə vadar edir istər müsbət, istər mənfi. Məhz həmin reaksiyalar Instagramda gəlir əldə etmə mexanizminin əsas mənbəyinə çevrilir.

Daha dərin bir baxışla, bu fenomeni keçid mərhələsində olan bir cəmiyyətdə kimlik axtarışının bir forması kimi qiymətləndirmək olar. Bu şəxslər ənənə ilə müasirlik arasında körpü salmağa çalışırlar.
Lakin əsas problem ondadır ki, bu körpü çox vaxt simvollara əsaslanan səthi bir yanaşmadır, dərin intellektual müzakirə və yenidən düşünmədən uzaqdır.
Beləliklə, hicab sadəcə üslubun bir parçasına, din isə zövqə uyğun seçilən elementlər toplusuna endirilir. Halbuki modernlik vahid, tam və mütləqən qəbul olunmalı bir paket deyil ki, din onunla uyğunlaşmağa məcbur qalsın. Əksinə, din yeni yaranan hadisələri qiymətləndirən meyar olmalıdır, onların içində ərimək üçün deyil.
Şəxsi və maliyyə motivasiyaları ilə başlanan bu yol bəzən fərqi özü də istəmədən daha böyük mədəniyyət ssenarilərində oyunçuya çevirir. Bu zaman həmin şəxs, istəyərək və ya istəməyərək, mədəni və dini strukturların zəiflədilməsini hədəfləyən bir “pazl”ın parçasına çevrilə bilər.
Bu bloqerləri və onların zahirdə ziddiyyətli görünən həyat tərzlərini izləmək gənc auditoriyanın hansı ehtiyacını ödəyir?
Bu fenomen birbaşa olaraq gənc nəslin bir neçə dərin psixoloji ehtiyacına cavab verir. Əgər tələb olmasa, təklif də yaranmaz. Bugünkü gənc əlçatmaz ideal modellərdən uzaqlaşaraq, daha real və özünə bənzər nümunələr axtarır.
Bloqerlər isə adi, lakin bir qədər daha cazibədar və uğurlu görünən bir həyat nümayiş etdirərək bu boşluğu doldururlar. Onlar auditoriya ilə yarı-sosial bir əlaqə qururlar. Bundan əlavə, bu həyat tərzi, ailənin ənənəvi dəyərləri ilə qloballaşmış müasir mədəniyyət arasında qalan gəncin kimlik narahatlığına sadə və müvəqqəti bir “ağrıkəsici” cavabdır.
Bu bloqerlərin verdiyi mesaj isə budur: “Seçim etməyə ehtiyac yoxdur, hər ikisinə sahib ola bilərsən!” Lakin bunun nə qədər uyğun və məqbul olub-olmadığı barədə gənci dərin düşünməyə sövq etmirlər. Bununla yanaşı, onların dəbdəbəli həyatını izləmək bəzən əyləncə və gündəlik həyatın yorucu reallıqlarından qaçış vasitəsinə çevrilir.
Dini baxımdan isə bu, “asan din” ehtiyacına yanlış bir cavabdır: insanı inkişaf etdirmək əvəzinə, onun istehlakçı həyat tərzini təsdiqləyən fərdiləşdirilmiş bir din modeli.
Belə bir izləmənin gənclərin kimlik formalaşmasına və həyat tərzinə təsiri nə dərəcədədir? Bu bloqerlərin əvvəllər az görünən davranış və üslublarının, qeyri-adekvat davranışların normallaşmasına təsiri necə ola bilər?
Bu nümunələrin gənclərin kimlik formalaşmasına təsiri son dərəcə dərin ola bilər. Gəncin kimliyi yumşaq bir xəmir kimidir – ətrafdakı modellər onun formasını müəyyənləşdirir. Belə məzmunların davamlı izlənməsi bloqerin dəyərlərini, arzularını və həyat tərzini auditoriyanın şüuraltısına yerləşdirir və dini kimliyi də bilik və prinsiplərə əsaslanan bir anlayışdan çıxarıb, sosial şəbəkə davranışlarına və zahiri təzahürlərə endirir.
Lakin bəlkə də ən təhlükəli nəticə adətləşdirmə və qadağaların aradan qaldırılmasıdır.
Əgər bir qeyri-adekvat davranış, hətta dini baxımdan qadağan olunmuş bir əməl, milyonlarla izləyicisi olan məşhur bir şəxs tərəfindən cazibədar və adi şəkildə təqdim edilirsə, zamanla həmin əməl cəmiyyətin gözündə dəyərini itirir.
Bu proses nəticəsində hüdudlar pozulur: normal ilə anormal, dini baxımdan isə “məruf” (yaxşı) ilə “münkər” (pis) arasındakı sərhədlər getdikcə solğun və qeyri-müəyyən olur.

Bəzi şəxslər iddia edirlər ki, bu bloqerlər dini öz şəxsi nəzərləri əsasında yenidən şərh edir və onu müasir həyatla uyğunlaşdırırlar. Sizin psixoloq və dini mütəxəssis kimi bu iddiaya münasibətiniz necədir?
Bloqerlərin dini yenidən şərh etdikləri və müasir həyatla uyğunlaşdırdıqları iddiası zahirdə intellektual görünsə də, mahiyyət baxımından ciddi düşünməyi tələb edir. Burada dini yenilikçiliklə – yəni dövrün tələblərinə elmi və metodoloji şəkildə cavab axtaran yanaşma ilə, şəxsi meyillərə əsaslanan və dinin özəyini parçalayaraq fərdi zövqlərə uyğunlaşdıran yanaşma arasında fərq qoymaq lazımdır.
Bizim sosial media mühitində daha çox gördüyümüz, ikinci yanaşmadır. Fərd əvvəlcə öz şəxsi həyat tərzini və arzularını əsas götürür, sonra isə dinin bəzi parçalarını seçərək ona dini don geyindirir.
Psixoloji baxımdan bu, bir müdafiə mexanizmidir. Belə ki, dini kimliyini qorumaqla yanaşı, dinin müəyyən prinsipləri ilə ziddiyyət təşkil edən müasir həyat tərzini də saxlamaq istəyən şəxs, bu uyğunsuzluğu azaltmaq üçün dini fərdiləşdirməyə çalışır.
Lakin bu proses dini yenilikçilik deyil, əslində, dinin şəxsi zövqlərə uyğunlaşdırılması və onun məcburiyyət və islahat gətirici mahiyyətindən məhrum edilməsidir.
Sizin bu mühitdə fəaliyyət göstərən bloqerlərə, onların gənc izləyicilərinə və ailələrə əsas mesajınız nədir?
Mənim bloqerlərə mesajım budur: sizin minlərlə gəncin zehninə və ruhuna təsiriniz böyük bir insani və dini məsuliyyətdir. Bu populyarlıq bir əmanətdir. Zəhmət olmasa, bir anlıq “layk” və “follower” məntiqindən uzaqlaşın və düşünün: siz izləyicinizin beyninə hansı toxumu səpirsiniz?
Siz həqiqi mənəviyyatı təbliğ edirsiniz, yoxsa dini libas geyinmiş istehlakçılığı? Çox diqqətli olmaq lazımdır. İddia etmirik ki, bütün bu fəaliyyətlər xüsusi məqsədlər üçün şüurlu şəkildə həyata keçirilir, amma unutmaq olmaz ki, bu tip məzmun, istənilmədən də olsa, cəmiyyətimizin mədəni və dini əsaslarını zəiflətmək istəyənlərin oyun meydanına çevrilə bilər.
Gənc izləyicilərə müraciətim isə budur: əziz dostlarım, virtual dünya parlaq bir vitrindir, lakin həyatın özü deyil. Həqiqi xoşbəxtlik daxili aramlıqda və mənəvi inkişafdadır, “layk”ların sayında yox. Məzmunu kor-koranə istehlak etməyin, analiz edin, düşünün və kimliyinizi davamlı dəyərlər üzərində qurun.
Ailələrə tövsiyəm budur: övladlarınızla söhbət edin, amma sorğu-sual və təzyiq kimi yox. Çox vaxt qadağa qoymaq inadkarlıq doğurur. Əksinə, Sokrat üsulu ilə dialoq qurmaq lazımdır: hazır cavab vermək əvəzinə, ağıllı suallar vasitəsilə övladın düşünməsini təmin edin.
Məsələn, onunla birgə oturaraq soruşa bilərsiniz: “Səncə, bir insanın həyatında bu qədər sevinc və mükəmməllik gerçək ola bilərmi?” və ya “Niyə o, məhz bu anı paylaşmağı seçib?” Bu suallar gəncə media savadlılığı, tənqidi təhlil bacarığı və yaradıcı düşünmə qabiliyyəti qazandırır.
Ən vacibi isə, özünüz övlad üçün orijinal, səmimi və mənalı bir dini həyat nümunəsi olun. Çox zaman gənclərin bloqerlərə və “hicab stilistlərinə” marağının kökündə ailədəki emosional və psixoloji boşluqlar dayanır ki, bunları valideynlər doldurmalıdır.
Dini dünyagörüşə malik izləyicilərə hansı tövsiyəniz var? Onlar belə bloqerlərlə qarşılaşdıqda çaşqınlıq və inanc şübhəsi yaşamamaları üçün əsas meyarları nədən ibarət olmalıdır?
Dini auditoriyada çaşqınlıq yaşayanlar üçün bu hal tamamilə təbii və onların dini vicdanının sağlamlığını göstərən bir hissdir.
Həll yolu, Quranın möhkəm prinsiplərinə və Əhli-Beytin (ə) qətiyyətlə təsdiqlənmiş həyat yoluna qayıdışdır. İmanınızı insanların dəyişkən davranışları üzərində qurmayın. İnsanla onun davranışı arasında fərq qoymaq lazımdır; bir şəxsi hörmətə layiq bilmək olar, lakin onun həyat tərzini dini nümunə kimi qəbul etmək məcburiyyət deyil.
Nümunəni müəyyənləşdirməyin meyarı izləyici sayı deyil; meyar təqva, dərin bilik və əməl ilə sözün Quran və Sünnə ilə uyğunluğudur.
Həqiqi nümunə odur ki, sizi Allahı xatırlamağa vadar etsin, yoxsa son dəb geyimləri xatırlatmağa deyil.
Ruhanilərin və dini yönümlü, təsirli gənc simaların sosial media məkanında bu fenomenlə mübarizədə rolu nədir? Onlar alternativ nümunələr təqdim edə bilərlərmi?
Onların rolu həyati əhəmiyyət daşıyır, lakin bunun üçün strateji baxışın yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Passiv mövqe və yalnız tənqid etmə dövrü artıq geridə qalıb. Ruhanilər və gənc dini simalar aktiv və yaradıcı iştirakla, dinin orijinal, cazibədar və müasir bir təqdimatını ortaya qoymalıdırlar. Elə bir təqdimat ki, dinin sevinc, dinamizm və uğurla ziddiyyət təşkil etmədiyini göstərsin. Bu barədə mənim eyni agentliyə verdiyim müsahibə də mövcuddur ki, istinad etmək olar.
Onlar yeni media vasitələrinin dilini və alətlərini öyrənməli, dərin məzmunları müasir və cazibədar formalarda təqdim etməlidirlər. Çünki bu, əslində bir rəvayət müharibəsidir. Əgər biz öz həqiqi və dərin hekayəmizi cəlbedici şəkildə təqdim edə bilmiriksə, təbii ki, səthi və istehlakçı yönümlü hekayələr meydanı ələ keçirəcək. Bu, bütün mədəni və dini qayğı daşıyanların üzərinə düşən böyük məsuliyyətdir.
Rəyiniz