Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumatına görə, rəqəmsal dövrdə elm, ünsiyyət və dini təbliğat arasındakı sərhədlər dəyişmişdir. Texnologiyanın ən mühüm nailiyyətlərindən biri kimi süni intellekt hazırda dini məzmunun istehsalında və dini mesajların ötürülməsində həlledici rol oynayır. Bununla belə, sual yaranır: Dinin təbliğ olunması üçün hələdə minbərdən çıxıb danışmaq lazımdır.?
Bu mövzu ilə bağlı Qum Universitetinin rektoru Höccətül-İslam vəl-müslimin Əhməd Hüseyn Şərifi ilə söhbət etdik. Həmin müsahibənin tam mətnini təqdim edirik:
Son illərdə süni intellekt rəqəmsal mühitin müəyyənedici hadisələrindən birinə çevrilmişdir. Sizcə, bu texnologiyanın dini təbliğ sahəsinə daxil olması hansı təsirləri yarada bilər?
Əslində, süni intellekt cəmiyyətin dərk olunması və auditoriya davranışının təhlilində böyük bir dönüş yaratmışdır. Əvvəllər ictimai rəyin öyrənilməsi və insanların narahatlıqlarının müəyyənləşdirilməsi üçün sorğulardan və fərdi müsahibələrdən istifadə olunurdu. Lakin bu gün cəmiyyəti tanımaq üçün ən dəqiq və şəffaf mənbə süni intellektin təhlil etdiyi rəqəmsal məlumatlardır.
Məsələn, bir dini təbliğ mərkəzi istifadəçilərin internetdəki davranışlarını, axtarış metodlarını və sosial şəbəkələrdəki fəaliyyətlərini analiz etməklə, hər bir bölgədə insanların düşüncə tərzini və ehtiyaclarını dərindən anlaya bilər. Bu məlumatlar göstərir ki, müxtəlif şəhər və yaş qruplarında o cümlədən yeniyetmələrdən böyüklərə qədər hansı mövzular gündəmdədir, insanlar nələr barədə düşünür və hansı məlumatları axtarırlar. Belə bilgilər təbliğ planlaşdırması üçün son dərəcə dəyərlidir.
Qeyd etdiniz ki, bu məlumatlar təbliğ istiqamətini dəyişə bilər. Süni intellektin təbliğ prosesinin özündə də təsirli bir vasitə olması mümkündürmü?
Bəli, tamamilə belədir. Süni intellekt təkcə auditoriya təhlili üçün deyil, həm də təbliğatçının öz işi üçün güclü bir vasitədir. Bu gün elə proqramlar mövcuddur ki, onlar “hədislərlə dialoq” və ya “təfsirlərlə dialoq” aparmaq imkanı yaradır. Təbliğatçı bu sistemlərdən istifadə etməklə istənilən mövzu üzrə geniş və etibarlı mənbələrə çıxış əldə edə, az vaxt ərzində həmin mövzu haqqında daha dərin və dəqiq anlayışa sahib ola bilər.
Bu təbliğatçını birtərəfli baxışdan uzaqlaşdırır; məsələn o, bir hədisi təcrid olunmuş şəkildə deyil, onlarla digər rəvayət və təfsirlə əlaqəli şəkildə təhlil edə bilir. Bu isə təbliğin elmi səviyyəsini və məzmununun dərinliyini artırır.
Belə demək olarmı ki, süni intellekt ənənəvi minbərlə yanaşı, dini təbliğ üçün yeni bir istiqamət açmışdır?
Bəli, ənənəvi minbər hələ də öz müqəddəs yerini və bərəkətini qoruyur və mütləq şəkildə saxlanmalıdır. Lakin bununla yanaşı, artıq “rəqəmsal və virtual minbərlər” formalaşıb. Bu minbərlərin auditoriyası daha geniş, müxtəlif və intellektual baxımdan daha fərqlidir. Virtual məkanda səsləndirilən bir söz təkcə nəsillər boyu qalıcı olmur, həm də qlobal səviyyəyə çıxır o cümlədən dünyanın hər yerindən insanlar onu görə və ondan faydalana bilirlər.
Buna görə də belə bir minbər daha dərindən elmi araşdırma, daha çox dəqiqlik və qlobal baxış tələb edir. Rəqəmsal məkanlarda təbliğ sadəcə mesaj ötürmək deyil, eyni zamanda dünya miqyasında bir dialoqa girmək deməkdir.
Dini təbliğ edən şəxslər üçün beynəlxalq sahədəki əsas çətinliklərdən biri dil məhdudiyyətidir. Süni intellekt bu sahədə necə kömək göstərə bilər?
Bu süni intellektin ən böyük nemətlərindən biridir. Müasir süni intellekt əsaslı tərcümə alətləri o qədər inkişaf edib ki, bir şəxs yalnız fars dilində danışmaqla İslam və ya İslam İnqilabı ideyalarını bir neçə canlı dünya dilində hətta özü həmin dilləri bilməsə belə ifadə edə bilər. Süni intellekt axıcı və dəqiq tərcümə təqdim edir ki, bu da İslam və inqilab mesajlarının dünyanın ən ucqar nöqtələrinə qədər sürətli və geniş şəkildə yayılmasına imkan verir.
Ümumiyyətlə süni intellektin gələcəkdə dinin təbliğ olunmasında olan rolunu necə qiymətləndirirsiniz?
Süni intellekt təkcə yardımçı vasitə deyil, həm də müasir dünyada dini təbliğatın dönüş nöqtəsini formalaşdıran əsas platformadır. Auditoriyanın təhlilindən tutmuş məzmunun hazırlanmasına, tərcüməyə və virtual mühitdə istifadəçilərlə qarşılıqlı əlaqəyə qədər bütün bu proseslər bu gün təbliğatçının xidmətindədir.
Bu texnologiyadan ağıllı şəkildə istifadə, dini təbliğatın dərinləşməsinə, mesajın daha dəqiq çatdırılmasına və dini düşüncə ilə müasir insan arasında qlobal əlaqənin qurulmasına səbəb ola bilər.
Süni intellektin təbliğ sahəsinə daxil olması, diqqətdən kənarda qoyulmamalı olan tarixi bir fürsətdir.
Xəbərin sonu
 
             
                
Rəyiniz