Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, İmam Cəfər Sadiq (ə) adına 83-cü müstəqil döyüş-təbliğatçı ruhanilər briqadasının komandiri Höccətül-İslam vəl-müslimin Məcid Müntəzirzadə, 4 noyabr (şəmsi tarixi ilə 13 aban) və Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü münasibətilə Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib: 4 noyabr (şəmsi tarixi ilə 13 aban) dünya imperializminə qarşı milli mübarizə günüdür və İran xalqının dünya imperializminə qarşı mübarizəsində dönüş nöqtəsi hesab olunur.
O, bu günün tarixi əhəmiyyətinə toxunaraq əlavə edib: “İslam İnqilabı dövründə və inqilabın qələbəsindən sonra biz daha möhtəşəm bir inqilabın, daha üstün bir hərəkətin şahidi olduq. Bu da dünya imperializminə qarşı mübarizə idi. Əgər biz İslam İnqilabını imperializmin nökərlərinə qarşı mübarizə kimi qəbul etsək, o zaman casus yuvasının ələ keçirilməsi həmin nökərlərin ağalarına qarşı mübarizənin təcəssümüdür.”
İmam Cəfər Sadiq (ə) adına döyüş-təbliğatçı ruhanilər briqadasının komandiri “nəyə görə casus yuvası ələ keçirildi?” sualına cavab verərkən deyib:
“Bəzi ölkələrin ifadəsi ilə ‘Amerika səfirliyi’ adlandırılan, lakin əslində əsas fəaliyyəti məlumat toplamaq və bu məlumatları Amerikaya ötürmək olan casus yuvası nəyə görə ələ keçirildi? Biz bu suala belə cavab veririk: ABŞ-ın İrandakı casus yuvası sadəcə bir səfirlik deyildi, o, ABŞ-ın İslam İnqilabına qarşı çevriliş əməliyyatlarının mərkəzi idi.”

O, bu mərkəzin fəaliyyətlərini izah edərək bildirib: Amerika casus yuvasında yalnız mühüm məlumatların toplanması deyil, həm də İslam İnqilabına, dövlətə, İran xalqına və İran rəsmilərinə qarşı planların hazırlanması, proqramlaşdırılması və əməliyyatların həyata keçirilməsi baş verirdi. Buna görə də həmin yerin ələ keçirilməsi və fəthi İslam İnqilabı prosesində görülməli olan ən vacib işlərdən biri idi və bu vəzifə Allahın lütfü ilə yerinə yetirildi.
Höccətül-İslam vəl-müslimin Müntəzirzadə İmam Xomeyninin (r) bu böyük hadisə ilə bağlı bənzətməsinə işarə edərək deyib: İmam Xomeyni (r) bu əməli birinci inqilabdan daha üstün saymış və onu “ikinci inqilab” yəni birinci inqilabdan daha böyük və dəyərli inqilab adlandırmışdır. Buna görə də biz bu hadisəni böyük bir iftixar kimi qəbul edirik.
O, bu tarixi addımın özünəməxsus xüsusiyyətlərini qeyd edərək bildirib: Ən mühüm məqamlardan biri budur ki, o dövrdə dünyada heç kəs öz ölkəsində Amerikanın mənafeyinə qarşı çıxmağa cürət etmirdi. Lakin İslam İnqilabı və onun inqilabi siması göstərdiyi qürur, qətiyyət və inqilabi ruh sayəsində bu işi həyata keçirdi və Amerikanın üzünə sərt bir zərbə endirdi.
İmam Cəfər Sadiq (ə) adına döyüş-təbliğatçı ruhanilər briqadasının komandiri bu hadisənin nəticələrinə toxunaraq əlavə edib: ABŞ həmin casusların İslam Respublikası tərəfindən 444 gün saxlanıldığı müddət ərzində onların azad olunması üçün çoxsaylı cəhdlər göstərdi o cümlədən fitnə, təhdid, rüşvət, hətta Təbəs və Noje hərbi çevriliş cəhdləri də bu məqsədlə həyata keçirildi. Bu məsələnin nə qədər mühüm olduğunu göstərir. Amerika burada öz nüfuz və hörmətini itirdi, onun güc və hegemonluq təsəvvürü dünya ictimaiyyətinin gözündə sarsıldı.
O, bu hadisənin əldə olunan nailiyyətlərinə də toxunaraq vurğulayıb: İran İslam Respublikası artıq hegemon sistemə və dünya imperializminin mərkəzi olan Amerikaya qarşı duran qüdrətli bir dövlət və güclü bir inqilab kimi tanındı. Bu böyük bir qürur mənbəyidir. Bu yol bu gün də davam edir. Biz hər il bu günü “Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü” kimi qeyd edirik və xalqımız meydanlarda, əlində qaldırılmış yumruqları ilə Amerikaya qarşı etirazını nümayiş etdirir, onu dünyanın hər yerində fitnə-fəsadın mənbəyi hesab edir.
Höccətül-İslam vəl-müslimin Müntəzirzadə bəzi şəxslər niyə bu gün ABŞ səfirliyinin ələ keçirilməsini səhv hesab edir və bunu ABŞ-la düşmənçiliyin başlanğıcı kimi dəyərləndirirlər? sualına cavab verərək deyib: Təəssüf ki, o dövrdə casus yuvasının ələ keçirilməsində fəal iştirak etmiş bəzi şəxslər indi bu addımı düzgün saymır və bildirirlər ki, guya bu Amerikanın bizə düşmən olmasına səbəb olub. Yəni belə düşünürlər ki, ABŞ-ın İran xalqına düşmənçiliyi o vaxtdan başlayıb. Bu mövqe dəyişikliyini təhlil etdikdə demək olar ki, həmin şəxslər psixoloji və idrak müharibəsində düşmənin təsiri altına düşüblər. Düşmən çoxlu səylər göstərib ki, onların ən mühüm vasitələrindən biri hibrid müharibə və idrak müharibəsidir. Bu təbliğatlar o qədər təkrarlanıb ki, həmin insanların düşüncələrinə təsir göstərərək onların əvvəlki inanc və baxışlarını şübhə altına alıb, nəticədə onlar yeni, yanlış mövqelər tutublar. Bu əslində düşmən qarşısında ruhən təslim olmaq deməkdir.
Briqada komandiri bu şəxslərlə bağlı yekun fikrini belə ifadə edib: Əlbəttə, belə şəxslərin sayı çox azdır və biz inqilabın əsas yolundan bu kimi azsaylı insanların mövqelərinə görə dönməyəcəyik. Bizim üçün meyar bu şəxslərin indiki vəziyyətidir. İnqilab düşüncəsi və cəbhə ruhunu bu gün də qoruyub saxlayan insanlar bizim üçün əsas ölçüdür. Düşmənin təzyiqi və qorxusu qarşısında rəng dəyişənlər isə nə inqilabın, nə də İslamın meyarı sayıla bilməzlər.
Höccətül-İslam vəl-müslimin Müntəzirzadə çıxışının sonunda vurğulayıb: Bizim üçün meyar, ABŞ və dünya imperializmi qarşısında heç vaxt təslim olmayan, qətiyyətlə duran, qüdrətli mövqelər sərgiləyən İslam İnqilabının Ali Rəhbəri Silahlı Qüvvələrin Ali Baş Komandanının möhkəm və ədalətli mövqeyidir. Mən qəhrəman, fədakar və hər zaman meydanda olan şəhidlər diyarı İran xalqından xahiş edirəm ki, Dünya İmperializminə Qarşı Milli Mübarizə Günündə meydanlarda iştirak etsinlər və bir daha öz qüdrətlərini dünya imperializminə göstərsinlər.
Xəbərin sonu
Rəyiniz