Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, süni intellekt də daxil olmaqla müasir texnologiyaların sürətlə inkişafı fonunda, dini təbliğ məsələsində də dini təhsil ocaqlarının yeni mərhələyə qədəm qoymasının zəruriliyi gündəmə gəlmişdir. Artıq insanlar istənilən suallarına cavab tapmaq üçün birbaşa süni intellekt əsaslı söhbət botlarına (chatbotlara) müraciət edir və onların təqdim etdiyi cavabların düzgünlüyünə varmadan, elə həmin cavabla kifayətlənirlər.
Bu mövzuda Nur İslam Elmləri üzrə Kompüter Tədqiqat Mərkəzinin başçısı Höccətül-İslam vəl-müslimin Bəhrami ilə söhbət etdik.
Aşağıda həmin müsahibənin mətnini təqdim edirik:
Höccətül-İslam vəl-müslimin Cənab Bəhrami, Hövzə Xəbər Agentliyinə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Hazırda təbliğ sahəsində böyük dəyişikliklər müşahidə olunur. Real və canlı təbliğ forması artıq süni intellektlə təchiz edilmiş yeni vasitələr qarşısında dayanır və bu təbliğçiləri daha güclü edir. Bu barədə sizin baxışınız nədir?
Bəli təbii ki, bu gün süni intellekt alətlərindən yararlanan bir təbliğçi, geniş məlumat mənbələrinə çıxışı və statistik məlumatları təhlil etmək imkanı sayəsində daha təsirli təbliğ apara bilər. Lakin əsas məsələ ondan ibarətdir ki, əgər təbliği “mesajı çatdırmaq və onu dinləyicinin zehninə yerləşdirmək” kimi izah etsək, o zaman qarşı tərəfin bu alətlər vasitəsilə həyata keçirdiyi ideoloji hücum bizi məcbur edir ki, auditoriyamızın informasiya mühitini yaxından tanıyaq.
Müasir dövrün auditoriyası əsasən virtual məkanda fəaliyyət göstərir, süni intellektə etibar edir və biliklərini onlardan əldə edir. Sizcə, təbliğçinin bu məkandakı rolu necə müəyyənləşdirilməlidir?
Bu gün bizim auditoriyamız ənənəvi mesaj ötürmə mənbələrinin nüfuzunu azalmış görür və biliklərini rəqəmsal resurslardan alır. Buna görə də təbliğçi məhz həmin mühitdə olmalı və bu texnoloji alətləri mənimsəməlidir. Mənim fikrimcə, bu günkü təbliğ fəaliyyətimizin bir hissəsi ondan ibarətdir ki, həyat tərzi, dini və ictimai sahələrdə İslam prinsiplərinə əsaslanan ağıllı köməkçi sistemlər hazırlayaq. Bu köməkçilər cəmiyyət üzvlərini düzgün istiqamətə yönəltməlidirlər. Çünki ənənəvi formada mesaj ötürülməsi tədricən öz təsir gücünü itirməkdədir.
Nur İslam Elmləri Kompüter Tədqiqatları Mərkəzi bu istiqamətdə hansı addımlar atmışdır?
Biz hələ yolun başlanğıcındayıq, lakin müəyyən addımlar atmışıq. Hal-hazırda Quran və hədis üzrə süni intellekti fəaliyyətə başlamışdır. Hədis mövzulu süni intellektimiz artıq bir müddətdir istifadəyə verilib. Quran üzrə olan süni intellektimiz isə “İslam Humanitar Elmlərinin Rəqəmsal Nailiyyətləri” sərgisi ilə eyni vaxtda istifadəyə verilmişdir.
Texnologiya və təbliğ istiqamətində mərkəzinizin uzunmüddətli baxışı nədən ibarətdir?
Bizim baxışımız ondan ibarətdir ki, yaxın gələcəkdə İslam elmləri üzrə hərtərəfli bir köməkçi sistemə çıxış təmin olunsun. Bu sistem müxtəlif sahələrdə istifadəçilərin suallarına cavab verə bilsin və texnologiyanın imkanlarından istifadə etməklə İslam maarifinin dərin məzmununu daha təsirli şəkildə təqdim etsin.
Rəyiniz