Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, İslam Elmləri Kompüter Araşdırmaları Mərkəzinin texniki məsələləri üzrə müavini, eyni zamanda Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə paytaxt Tehranda İmam Xomeyni (r) adına müsəllada (namazgah) keçirilən beynəlxalq Qurani-Kərim sərgisində “Süni intellekt və rəqəmsal Quranşünaslıq” silsiləvi iclaslarının üçüncü toplantısında çıxış edərək, qlobal dil modellərinin çağırışlarını izah edib. O, təfsir sahəsində dəqiq istinad imkanına malik, 77 faiz dəqiqlik göstəricisi olan sistemlərin hazırlandığını açıqlayıb.
O, analitik təqdimatında mərkəzin İslam irsinin rəqəmsallaşdırılması sahəsində nailiyyətlərini şərh etməklə yanaşı, qlobal geniş dil modellərinin əsas problemlərini təhlil edib və Nur nərkəzinin tədqiqatçılar üçün ağıllı, dəqiq və ən əsası etibarlı vasitələrin hazırlanması istiqamətində strategiyalarını təqdim edib.
İslam elmlərinin rəqəmsallaşdırılması
İslam Elmləri Kompüter Araşdırmaları Mərkəzinin texniki məsələləri üzrə müavini, eyni zamanda Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə çıxışının əvvəlində mərkəzin missiyasını vurğulayaraq bildirib: Nur mərkəzi informasiya texnologiyalarında baş verən inkişaf və yeniliklərlə daim ayaqlaşmağı öz vəzifəsi hesab edir. Bu illər ərzində süni intellektin transformativ və geniş tətbiq imkanlarına malik sahə olduğunu nəzərə alaraq, yeniliklərin hazırlanmasında bu istiqaməti diqqətdən kənarda saxlamamışıq. Bu fəaliyyətlər həm proqram təminatı sahəsində, həm də elmi mühitin formalaşdırılması, təlim və İslam elmlərində texnologiyadan istifadə istiqamətində tədqiqatçıların uyğunlaşdırılması sahəsində aparılıb. Məqsədimiz elmi ictimaiyyətin müxtəlif təbəqələrini o cümlədən, mərcə və alimlərdən tutmuş mütəfəkkir və tələbələrə, həmçinin tədqiqatçılara qədər bu texnologiyalarla tanış etmək, onların potensialları ilə tanış olmaq və hazırkı çətinlikləri dərk etmələrinə şərait yaratmaq olub.
O, Nur mərkəzinin rəqəmsal Quranşünaslıq sahəsində əvvəlki nailiyyətlərini izah edərək bildirib ki, mərkəzdə çoxsaylı Quran sahəsi üzrə müxtəlif elmlər hazırlanıb. Onların ən mühümü 400-dən artıq şiə və sünni təfsirini (2000-dən çox cilddə), həmçinin 30 dildə 150-dən artıq tərcüməni özündə birləşdirən geniş Quran bazasıdır. Xarici ziyarətçilərin dediklərinə görə, bu platforma ölkədə ən böyük və ən unikal Quran məzmunun bazası hesab olunur.
Bütün bu proqramların arxa planında məzmunun yaradılması və elmi xidmətlərin göstərilməsi üçün 50-dən artıq klassik süni intellekt imkanından istifadə olunub. Qurandakı sözlərin avtomatik morfoloji və sintaktik təhlili, 140 min cild kitabda ayələrin avtomatik etiketlənməsi, strukturlaşdırılmış morfoloji-sintaktik axtarış, sözlərin ağıllı indeksləşdirilməsi və ayələrin leksik oxşarlıq əsasında müqayisəsi kimi vasitələr uzun və maddiyyata bağlı tədqiqat proseslərini çox qısa müddətdə mümkün edib.
Bundan əlavə, təxminən üç milyon səhifədən ibarət məqalə və 55 min cild çap olunmamış kitabdan mətnin çıxarılması, eləcə də Qurani-Kərimin 60-dan çox fars tərcüməsi ilə sözbəsöz uyğunlaşdırılması kimi fundamental xidmətlər texnologiyanın sayəsində həqiqi elmi mənbələri “qapalı vəziyyətdən” çıxararaq tədqiqatçıların istifadəsinə verib.
Alqoritmlərin illüziya və qərəzinin ifşası
Rəbiizadə çıxışının digər hissəsində generativ süni intellekt və geniş dil nümunələri dövrünə daxil olunduğunu deyib. O, yerli proqramların hazırlanmasının zəruriliyini vurğulayaraq bildirib: Xarici alqoritmlər mövcud olduğu halda niyə İslam yönümlü proqramlar hazırlayırıq? Cavab bu nümunələrin fundamental problemlərində gizlidir. Ən mühüm çətinliklərdən biri “hallüsinasya” yəni reallığa uyğun olmayan məlumatların yaradılmasıdır.
Məsələn, xarici süni intellektlərdən birinə “Vaqiə” surəsində olan hər hansı bir kəlmə barədə sual verdikdə, düzgün sözləri tamamilə səhv ünvanlarla, həmçinin həmin surədə mövcud olmayan ayələrə istinad edərək təqdim edir. Başqa bir süni intellekt isə mötəbər müəllif adları və daxili elmi bazalara istinad edərək bir sıra elmi məqalələr siyahısı təqdim etmişdi. Lakin onların heç biri real olaraq mövcud deyildi. Bu cür “fantaziya nəticəli ” cavablar tədqiqatçının etimadını tamamilə sarsıdır.
Digər mühüm problem isə qərəzdir. Belə proqramlar bəzən istiqamətlənmiş və seçilmiş məlumat kütləsi əsasında öyrədildiyi üçün nəticələrində yanlış, səthi və ya müəyyən məzhəb və baxışa meyilli məzmun yer ala bilər. Bu kimi hallar yerli ehtiyaclara uyğunlaşdırılmış, etibarlı və sənədli proqramların hazırlanmasını daha da zəruri edir ki, təşəbbüs etibarlı və istinadlı sistemlərin əlində olsun.
Rəqəmsal Quran köməkçisinin istifadəyə verilməsi
Nur mərkəzinin texniki məsələlər üzrə müavini bu çətinliklərlə cavab olaraq hazırlanmış “Qurani-Kərim təfsirləri ilə intellektual dialoq sistemini” təqdim edərək bildirib: Keçən ilin noyabrında istifadəyə verilmiş bu sistem tədqiqatçılara 2000 cilddən artıq təfsir kitabı ilə keyfiyyətli və sənədli şəkildə dialoq qurmaq imkanı yaradır.
Sistemin əsas üstünlüklərindən biri zəngin məzmun bazası və fars və ərəb dillərində cavabvermə imkanlarıdır. Ənənəvi axtarışdan fərqli olaraq, sistem yalnız məlumatı tapmaqla kifayətlənmir, eyni zamanda nəticələri təhlil edir, qruplaşdırır və müxtəlif baxışları təqdim edir.
Onun xarici proqramlarla müqayisədə ən mühüm üstünlüyü birbaşa istinad və mənbə göstərməsidir. Hər bir iddia üçün kitabın adı, cildi və səhifəsi dəqiq şəkildə göstərilir ki, istifadəçi bir kliklə məlumatı yoxlaya bilsin. Arxa plandakı proses istifadəçi sualının təhlili, onun semantik genişləndirilməsi, ən uyğun sənədlərin seçilməsi və sonda generativ süni intellekt vasitəsilə vahid, analitik cavabın formalaşdırılmasından ibarətdir.
Aparılan qiymətləndirmələr göstərib ki, sistemin Quranşünaslıq üzrə ixtisaslaşmış sahədə dəqiqlik göstəricisi 77 faizdən artıqdır. Halbuki eyni sahədə oxşar xarici proqramların dəqiqliyi təxminən 40 faiz səviyyəsindədir.
Yeni vasitələrin yaradılması ilə müasir tədqiqatçıya dəstək
Rəbiizadə gələcəyə baxışını izah edərkən bu sistemi daha böyük bir məchulun parçası kimi təsvir edərək bildirib: Biz yeni funksiyalar həmçinin ayələrdə mənalı axtarış, səsli yoxlanış və hər ayəyə aid təfsir fikirlərinin intellektual xülasəsi üzərində işləyirik. Son məqsədimiz bu sistemi digər oxşar layihələrlə birləşdirərək, məsələn, «İntellektual hədis dialoqu», «Fəqihlik mətnləri ilə dialoq» və «Tarixi intellektual sistem», vahid bir «İslam elmləri üzrə intellektual köməkçi» yaratmaqdır ki, bütün tədqiqatçı ehtiyaclarını qarşılaya bilsin. Bu məqsəd üçün güclü hesablama infrastrukturu, emal edilmiş məzmun və qabaqcıl alqoritmlər tələb olunur.
O əlavə edib: Bəzi insanlar süni intellektin insanın yerini alacağından narahatdırlar. Biz hələ o mərhələdə deyilik, amma bir həqiqət var. Süni intellektlə təchiz olunmuş insanlar, bu alətlərə hakim olmayan tədqiqatçıların yerini tutacaqlar. Bu da İslam elmlərində bu imkanlardan istifadə etməyin vacibliyini artırır.
Sessiya sual-cavab və fikir mübadiləsi ilə başa çatdı.
Qeyd edək ki, qlobal səviyyədə generativ süni intellekt mövzusunda həyəcan artarkən, “Süni İntellekt və Rəqəmsal Quran Tədqiqatı” üzrə ixtisaslaşmış sessiyalar İslam elmlərinin ən həssas bilik sahəsində bu texnologiyanın qiymətləndirilməsi və gələcək perspektivlərinin araşdırılması üçün platformaya çevrilib.
Dördüncü sessiya isə şənbə, 28 fevral (9 esfend) tarixində “Quran konseptlərinin izahı üçün məqsəd yönümlü süni intellekt” mövzusunda elmi iş və təqdimatlar ilə davam edəcək. Bu sessiyada Elm və Sənaye Universitetinin professoru Dr. Bəhruz Minayi çıxış edəcəkdir.

Nur mərkəzinin texniki məsələlər üzrə müavini, Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə

Nur mərkəzinin texniki məsələlər üzrə müavini, Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə

Nur mərkəzinin texniki məsələlər üzrə müavini, Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə

Nur mərkəzinin texniki məsələlər üzrə müavini, Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə

Nur mərkəzinin texniki məsələlər üzrə müavini, Süni İntellekt Laboratoriyasının direktoru Əhməd Rəbiizadə
Rəyiniz