Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Əbəlfəzl Abbasın (ə) hərəminin məsul şəxsi və həmçinin həzrət Ayətullah Sistaninin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Seyid Əhməd Safi, həzrət Abbasin mübarək hərəminə bağlı olan "İrsin Dirçəlişi üzrə Ali Komissiya"ya ziyarət edib və heyətin müşaviri Şeyx Müslim Rəzai ilə görüşü zamanı müqəddəs Nəcəf şəhərinin Elmi hövzəsinin yaranmasının minilliyi münasibətilə keçiriləcək mərasimlərin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı Höccətül-İslam vəl-müslimin Safi "İrsin Dirçəlişi üzrə Ali Komissiya"yanın ən mühüm nailiyyətləri və həyata keçirdiyi mədəni layihələr barədə məlumat alıb.
Həzrət Ayətullah Sistaninin nümayəndəsi çıxışı zamanı müqəddəs Nəcəf şəhərinin Elmi hövzəsinin minilliyinin layiqincə qeyd olunmasının vacibliyini vurğulayaraq bildirib ki, bu hadisə minlərlə fəqih, alim və adib yetişdirən, İslam və şiə məzhəbinin dünyaya yayılmasında böyük rol oynayan bu mübarək hövzənin elm və düşüncə dəyərlərini ortaya qoyur.
Nəcəf Elmi Hövzəsinin minilliyi ilə bağlı üçüncü hazırlıq konfransı keçiriləcək
Həzrət Abbasın (ə) müqəddəs hərəminə bağlı "İrsin Dirçəlişi üzrə Ali Komissiya" ilə “Əl-Əmid” elm və düşüncə birliyi arasında Nəcəf Elmi hövzəsinin minilliyinə həsr olunmuş üçüncü hazırlıq konfransı ilə bağlı koordinasiya iclası keçirilib.
“On üçüncü və on dördüncü əsrlərdə Nəcəf Elmi hövzəsində dil və ədəbiyyat irsi” mövzusunda keçiriləcək konfransın gələn ilin dekabr ayında, Ərəb dili günü ilə eyni vaxtda baş tutacağı bildirilib.
Şeyx Müslim Rəzainin rəhbərlik etdiyi iclasda elmi konfransın uğurla keçirilməsi üçün təşkilati proqramlar müzakirə olunub.
Bu toplantılar Nəcəf Elmi hövzəsi alimlərinin min il ərzində göstərdiyi elmi xidmətlərin tanıdılması məqsədilə keçirilir.
İmam Kazim (ə) Kolleci ilə birgə əməkdaşlıq müzakirə olunub
"İrsin Dirçəlişi üzrə Ali Komissiya"yanın nümayəndə heyəti müqəddəs Nəcəf şəhərində yerləşən İmam Kazim (ə) Kollecini də ziyarət edib və “Elmi hövzənin minilliyi” konfransının hazırlıqları barədə fikir mübadiləsi aparıb.
Görüşdə konfransın elm və mədəniyyət məqsədlərinə uyğun şəkildə uğurla keçirilməsi üçün ortaq əməkdaşlıq yolları araşdırılıb. Həmçinin universitet və akademik qurumların bu mühüm tədbirdə iştirakının gücləndirilməsi vurğulanıb.
Tərəflər Şeyx Miqdad Siyuri barədə ayrıca elmi toplantının keçirilməsi barədə də razılığa gəliblər. Həmin toplantıda onun həyatı və elmi fəaliyyəti araşdırılacaq.
Səfərin sonunda nümayəndə heyəti kollecin kitabxanasına bir sıra elmi əsərlər hədiyyə edib. Bu addım tələbə və tədqiqatçıların elmi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.



Rəyiniz